Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

İsa Məsih nə zaman Baş Kahin təyin olundu və yeni əhd nə zaman qüvvəyə mindi?

Sübutlar göstərir ki, İsa eramızın 29-cu ilində vəftiz olunanda Baş Kahin oldu. Bunu haradan bilirik? İsa vəftiz olunanda özünü Allahın «iradəsini» təmsil edən qurbangahda qurban gətirmək üçün təqdim etdi (Qal. 1:4; İbr. 10:5—10). Bu simvolik qurbangah İsa vəftiz olunduğu andan mövcud oldu. Buna görə ruhani məbədin də həmin andan etibarən mövcud olduğu məntiqəuyğundur. Ruhani məbəd isə İsanın fidyə qurbanlığı əsasında pak şəkildə Yehovaya ibadət etməyimizi mümkün edən hər şeyi təmsil edir. Qurbangah həmin ruhani məbədin əsas hissəsidir (Mət. 3:16, 17; İbr. 5:4—6).

Böyük ruhani məbəddə baş kahin də olmalı idi. Buna görə də Yehova İsanı «müqəddəs ruhla və qüvvə ilə məsh etdi» (Həv. 10:37, 38; Mark 1:9—11). Bəs necə əmin ola bilərik ki, İsa Məsih ölüb dirilməmişdən əvvəl Baş Kahin təyin olundu? Musanın Qanunu altında xidmət edən Harunun və ondan sonrakı baş kahinlərin nümunəsinə nəzər salanda buna əmin oluruq.

Qanunda deyilirdi ki, çadırdakı Ən müqəddəs yerə, sonralar isə məbəddəki Ən müqəddəs yerə yalnız baş kahin girə bilərdi. Ən müqəddəs yer Müqəddəs yerdən pərdə ilə ayrılırdı. Baş kahin yalnız Kəffarə günündə pərdədən içəri, yəni Ən müqəddəs yerə girə bilərdi (İbr. 9:1—3, 6, 7). Harun və ondan sonrakı baş kahinlər çadırdakı pərdədən içəri girməzdən əvvəl baş kahin kimi məsh olunurdular. Deməli, İsa Məsih də ölüb, sonra «pərdəni, yəni bədənini arxada qoyub» göylərə qalxmazdan əvvəl Yehovanın ruhani məbədində Baş Kahin təyin olunmalı idi (İbr. 10:20). Bu səbəbdən həvari Bulus İsa haqqında danışarkən demişdi ki, o, «baş kahin kimi» gəldi, sonra «insan əli ilə qurulmamış və... daha böyük və mükəmməl çadıra girdi» və «düz göyə daxil oldu» (İbr. 9:11, 24).

Bəs yeni əhd nə zaman qüvvəyə mindi? İsa göyə qalxıb öz kamil insan həyatını bizim uğrumuzda təqdim edəndə yeni əhdin qüvvəyə minmə prosesi başladı. Yeni əhdin qüvvəyə minməsi üçün hansı mərhələlər lazım idi?

İlk öncə İsa Yehovanın hüzuruna gəldi. Sonra İsa öz qurbanlığının dəyərini Yehovaya təqdim etdi. Sonda isə Yehova İsanın axıdılan qanının dəyərini qəbul etdi. Bu üç mərhələni keçməyincə yeni əhd qüvvəyə minmədi.

Müqəddəs Kitabda yazılmayıb ki, Yehova İsanın qurbanlığının dəyərini dəqiq nə vaxt qəbul etdi. Buna görə də yeni əhdin qüvvəyə mindiyi dəqiq vaxtı deyə bilmərik. Lakin biz bilirik ki, İsa Əllinci gün bayramından on gün əvvəl göyə qalxdı (Həv. 1:3). Bu on gün ərzində, hansısa bir məqamda o öz qurbanlığının dəyərini Yehovaya təqdim etdi və Yehova da onu qəbul etdi (İbr. 9:12). Yeni əhdin artıq qüvvədə olduğu Əllinci gün bayramında aydın şəkildə göründü (Həv. 2:1—4, 32, 33). Aydın idi ki, həmin vaxt yeni əhd artıq fəaliyyətdə idi.

Deməli, Yehova İsanın axıdılan qanının dəyərini qəbul edəndən və məsh olunmuş məsihiləri yeni əhdə daxil edəndən sonra yeni əhd qüvvəyə mindi. O vaxtdan bu əhd Baş Kahin olan İsa Məsihin vasitəçiliyi ilə fəaliyyətə başladı (İbr. 7:25; 8:1—3, 6; 9:13—15).