Kontentə keç

Mündəricatı göstər

Onisim və Jeraldin

Doğma yurdlarına qayıdanlar bolluca nemət alır

Doğma yurdlarına qayıdanlar bolluca nemət alır

İNKİŞAF etməkdə olan ölkələrdən Qərb ölkələrinə köçmüş xeyli dindaşımız öz doğma yurdlarına qayıdıb. Yehovaya və insanlara məhəbbətdən irəli gələrək onlar təbliğçilərə tələbat olan ərazilərə köçüb (Mət. 22:37—39). Bu bacı-qardaşlar hansı qurbanları verib və hansı nemətləri alıb? Bunu bilmək üçün gəlin Afrikanın qərbində yerləşən Kameruna köçənlərdən danışaq.

«“BALIQ” TUTMAQ ÜÇÜN DOĞRU YERDƏYƏM»

Onisim adlı bir qardaş 1998-ci ildə doğma yurdu olan Kamerundan başqa ölkəyə köçmüşdü. O, 14 il qürbətdə yaşamışdı. Bir dəfə ibadət görüşündə natiq təbliğ işi ilə bağlı bir nümunə çəkmişdi: «İki dost fərqli yerlərdə balıq tutursa və biri o birindən daha çox balıq tutursa, az balıq tutan adam dostunun yanına, balığın çox olduğu yerə getməz?»

Bu nümunə Onisimi düşündürdü. O istədi ki, məcazi balığın bol olduğu Kameruna qayıdıb yerli təbliğçilərə kömək etsin. Amma tərəddüd içində idi. Fikirləşirdi ki, bu qədər il qürbətdə yaşayandan sonra doğma yurduna öyrəşə biləcək? Bunu müəyyən etmək üçün Onisim altı aylıq Kameruna getdi. 2012-ci ildə isə ora bir dəfəlik köçdü.

Onisim deyir: «Mən isti havaya və fərqli həyat şəraitinə uyğunlaşmalı oldum. Yenidən ibadət evindəki bərk skamyalara öyrəşməli idim. Amma diqqətimi yığıncağa daha çox cəmlədikcə, — o, gülümsəyərək qeyd edir, — rahat oturacaqlarla bağlı xatirələrimi yavaş-yavaş unutmağa başladım».

2013-cü ildə Onisim Jeraldin adlı bir bacı ilə ailə həyatı qurdu. Jeraldin də doqquz il Fransada yaşayandan sonra Kameruna qayıtmışdı. Bu ər-arvad Yehovanın işini həyatlarında hər şeydən üstün tutduqları üçün hansı nemətləri aldı? Onisim deyir: «Biz Padşahlıq Müjdəçiləri Məktəbində oxuduq, hal-hazırda Beyteldə xidmət edirik. Ötən il yığıncağımızdan iyirmi nəfər vəftiz olundu. Hiss edirəm ki, “balıq” tutmaq üçün doğru yerdəyəm» (Mark 1:17, 18). Jeraldin əlavə edir: «Təsəvvür etdiyimdən də çox nemət almışam».

RUHANİ ÖVLADLARA SAHİB OLMAĞIN GƏTİRDİYİ SEVİNC

Cudit və Sam-Kastel

Cudit Birləşmiş Ştatlara köçmüşdü. Amma xidmətini genişləndirməyin həsrətində idi. O deyir: «Kameruna ailəmi ziyarətə gedirdim. Hər dəfə oradan qayıdanda ağlayırdım. Çünki Müqəddəs Kitab dərsinə başladığım insanları qoyub gəlməli olurdum». Lakin Cudit Kameruna qayıtmağa tərəddüd edirdi. O, yaxşı gəlirli işdə işləyirdi və bunun sayəsində Kamerunda yaşayan atasının müalicə xərclərini ödəyə bilirdi. Amma o, Yehovaya güvəndi və Kameruna köçdü. Cudit etiraf edir ki, bəzən Birləşmiş Ştatlardakı rahat həyatı üçün darıxırdı. O, Yehovaya dua edirdi ki, uyğunlaşmağa ona kömək etsin. Rayon nəzarətçisi və arvadının Cuditi ruhlandırmalarının da ona çox köməyi dəymişdi.

Ötən illərə boylanaraq Cudit deyir: «Üç il ərzində dörd ruhani övlada sahib olmağın gətirdiyi sevinci daddım». Cudit əri Sam-Kastellə birgə xüsusi öncül kimi xidmət etməyə başladı, hal-hazırda onlar rayon xidmətindədir. Bəs Cuditin atasının müalicəsi necə oldu? Onlar atasını başqa ölkədə xəstəxanaya yerləşdirdilər, bu xəstəxana atasının əməliyyat xərclərini öz üzərinə götürdü. Çox şükür ki, əməliyyat uğurlu keçdi.

YEHOVANIN DƏSTƏYİNİ GÖRÜRLƏR

Karolin və Viktor

Viktor adlı qardaş Kanadaya köçmüşdü. «Gözətçi qülləsi» jurnalında ali təhsillə bağlı məqaləni oxuyandan sonra öz təhsili barədə fikirləşdi. O, universiteti yarımçıq qoyub, qısa müddətli texniki təlim kurslarına getdi. O deyir: «Bu mənə tez bir zamanda iş tapmağa və çoxdandır etmək istədiyim öncül xidmətinə başlamağa imkan yaratdı». Sonra Viktor Karolin adlı bir bacı ilə ailə qurdu, onlar Kameruna qonaq getdilər. Orada filialı ekskursiya edən vaxt qardaşlar onları təşviq etdi ki, Kamerunda xidmət etmək haqqında düşünsünlər. Viktor deyir: «İmtina etmək üçün səbəbimiz yox idi. Biz artıq sadə həyat sürürdük və bu dəvəti qəbul edə bilərdik». Baxmayaraq ki, Karolinin səhhətində bəzi problemlər var idi, onlar köçmək qərarına gəldi.

Viktor və Karolin Müqəddəs Kitaba marağı olan insanlara kömək etmək üçün öncül xidmətinə başladılar. Bir müddət onlar yığdıqları pulun hesabına dolandılar. Sonra isə bir neçə aylığına Kanadada işlədilər. Bunun hesabına geri Kameruna qayıdıb öncül xidmətlərini davam etdirdilər. Bəs onlar hansı nemətləri aldılar? Onlar Padşahlıq Müjdəçiləri Məktəbinə dəvət aldılar, xüsusi öncül kimi xidmət etdilər, indi isə tikintidə xidmət edirlər. Viktor deyir: «Rahat həyatımızı geridə qoymağımızın sayəsində Yehovanın dəstəyini gördük».

İNSANLARA VƏFTİZ OLUNMAĞA KÖMƏK ETMƏYİN GƏTİRDİYİ SEVİNC

Stefani və Alen

2002-ci ildə Alen qardaş Almaniyada universitetdə oxuyurdu. O, «Gənclər, həyatınızı nəyə həsr edəcəksiniz?» adlı bukleti oxuyandan sonra qarşısına yeni məqsədlər qoydu. 2006-cı ildə o, Xidməti Təkmilləşdirmə Məktəbini keçdi və doğma yurdu Kameruna təyin olundu.

Kamerunda Alen yarımgünlük iş tapdı. Sonra maaşı daha yüksək olan iş tapdı. Lakin bu iş onun çox vaxtını alırdı. Alen bütün diqqətini öncül xidmətinə ayıra bilmədiyi üçün narahat idi. Buna görə də ona xüsusi öncül kimi xidmət etmək təklif olunanda tərəddüd etmədən razılaşdı. Hətta müdiri onun maaşını artıracağını desə də, o, qərarından dönmədi. Sonralar Alen uzun illər Fransada yaşamış Stefani adlı bacı ilə ailə qurdu. Bəs bacı Kameruna köçəndə hansı çətinliklərlə üzləşmişdi?

Stefani deyir: «Səhhətimdə bəzi xırda problemlər və allergiya yarandı. Amma mən müntəzəm müalicə götürdüm və yaxşılaşdım». Bu ər-arvad göstərdikləri dözümün qarşısında mükafatlarını aldılar. Alen deyir: «Keyt adlı ucqar bir kənddə təbliğ etməyə gedəndə orada bir neçə nəfər Müqəddəs Kitab dərsi keçmək istədi. Sonra biz onlarla telefon vasitəsilə Müqəddəs Kitab dərsi keçdik. Onlardan ikisi vəftiz olundu və orada təbliğçilərdən ibarət qrup yarandı». Stefani əlavə edir: «İnsanlara kömək edib onların vəftiz olunduğunu görməkdən böyük sevinc ola bilməz. Burada xidmət etdiyimiz müddətdə bu sevinci dəfələrlə dadmışıq». Hal-hazırda Alen və Stefani rayon xidmətindədir.

«BİZ NƏ LAZIM İDİ ONU DA ETDİK»

Leons və Jizel

Jizel İtaliyada tibb məktəbində oxuduğu dövrdə vəftiz olunub. Jizelə Müqəddəs Kitab dərsi keçən öncül ər-arvad sadə həyat sürürdü və bu ona böyük təsir bağışlamışdı. Jizel də istəyirdi ki, xidmətdə daha çox iş görsün. Beləcə, məktəbi qurtarana yaxın öncül xidmətinə başladı.

Jizelin arzusu idi ki, Kameruna qayıdıb Yehovaya xidmətdə çox iş görsün. Amma bu addımı atmaq onun üçün heç də asan deyildi. O deyir: «İtaliyada yaşamaq hüququndan məhrum ediləcəkdim və buradakı dostlarımdan, ailəmdən ayrı düşəcəkdim». Hər şeyə rəğmən 2016-cı ilin may ayında Jizel Kameruna qayıtdı. Sonra o, Leons adlı bir qardaşla ailə qurdu. Onlar filialın məsləhəti ilə Kamerunun təbliğçilərə böyük tələbat olan Ayos şəhərinə köçdü.

Ayosda yaşayış necə idi? Jizel deyir: «Tez-tez elə olurdu ki, həftələrlə işıq yanmırdı. Telefonumuzun batareyasını doldura bilmirdik deyə çox vaxt sönülü olurdu. Mən ocaq qalayıb, yemək bişirməyi öyrəndim. Gecələr bulaq başında adamların az olduğu vaxt əl arabası və fənər ilə su gətirməyə gedirdik». Onlar nəyin sayəsində bu çətinliklərə dözə bildi? Jizel deyir: «Yehovanın ruhu, yoldaşımın dayağı, ailəmizin və dostlarımızın mənəvi, yeri gələndə, maddi dəstəyi bizə dözməyə kömək etdi».

Jizel doğma yurduna qayıtdığı üçün xoşbəxtdir? «Bəli. Zərrə qədər də peşman deyiləm», — deyə o bölüşür: «Əvvəl-əvvəl bir az çətin idi, ruh düşkünlüyü keçirirdik. Amma bunların öhdəsindən gələndən sonra ikimiz də başa düşdük ki, ən düz qərarı vermişik. Yehovaya etibarımız möhkəmləndi və Ona daha da yaxın olduq». Leons və Jizel Padşahlıq Müjdəçiləri Məktəbində oxudular və hal-hazırda müvəqqəti xüsusi öncül kimi xidmət edirlər.

Balıqçılar çoxlu balıq tutmaq üçün cəsarətlə müxtəlif çətinliklərə sinə gərirlər. Eynilə, doğma yurduna qayıdan müjdəçilər də xoş xəbərə hay verən səmimi insanlara kömək etmək üçün çoxlu qurbanlar verirlər. Sözsüz ki, Yehova bu zəhmətkeş təbliğçilərin Onun adına göstərdikləri məhəbbəti heç vaxt unutmayacaq (Nəh. 5:19; İbr. 6:10). Əgər siz də qürbətdə yaşayırsınızsa və doğma yurdunuzda təbliğçilərə tələbat varsa, geri qayıda bilərsiniz? Qayıtmaq qərarını versəniz, bolluca nemətlər alacaqsınız (Məs. 10:22).