Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 47

Daima düzəlməyə çalışın

Daima düzəlməyə çalışın

«Nəhayət, qardaşlar, bundan sonra da sevinin, düzəlməyə çalışın» (2 KOR. 13:11).

NƏĞMƏ 54 «Yol budur»

İCMAL *

1. Mətta 7:13, 14 ayələrinə əsasən, biz hansı səfərə çıxmışıq?

HAMIMIZ yol gedirik. Məqsədimiz Yehovanın rəhbərliyi altında olacaq yeni dünyaya çatmaqdır. Hər gün çalışırıq ki, həyata aparan bu yoldan sapmayaq. Amma İsa demişkən, bu yol ensizdir və bu yolda yerimək bəzən çətin olur. (Mətta 7:13, 14 ayələrini oxuyun.) Qeyri-kamil olduğumuz üçün asanlıqla bu yoldan sapa bilərik (Qal. 6:1).

2. Bu məqalədə nəyi müzakirə edəcəyik? (« Təvazökar olun, addımlarınızı düzəldin» adlı çərçivəyə baxın.)

2 Həyata aparan ensiz yoldan sapmamaq üçün düşüncə və hərəkətlərimizi düzəltməyə hazır olmalıyıq. Həvari Bulus Korinfdəki dindaşlarını təşviq edirdi ki, düzəlməyə davam etsinlər (2 Kor. 13:11). Bu məsləhət bizə də aiddir. Bu məqalədə müzakirə edəcəyik ki, Müqəddəs Kitab və yetkin dostlarımız addımlarımıza düzəliş etməyə və həyata aparan yoldan sapmamağa necə kömək edə bilər. Həmçinin öyrənəcəyik ki, Yehovanın təşkilatından gələn göstərişlərə uyğun davranmaq nə zaman çətin ola bilər. Görəcəyik ki, təvazökar olmağımız hərəkətlərimizdə düzəlişlər edərkən Yehovaya xidmətdə sevincimizi itirməməyə necə kömək edəcək.

QOY ALLAHIN KƏLAMI SİZƏ DÜZƏLİŞ ETSİN

3. Allahın Kəlamı sizə necə kömək edə bilər?

3 Fikirlərimizi və hisslərimizi təhlil etməyə çalışanda bir az müşkülə düşürük. Çünki ürəyimiz xaindir və onun bizi hansı yola apardığından baş açmaq çətindir (Ərm. 17:9). Biz çox asanlıqla yanlış fikirlərə aldana bilərik (Yaq. 1:22). Ona görə də özümüzü təhlil etmək üçün Allahın Kəlamına üz tutmalıyıq. Allahın Kəlamı bizim daxilən necə insan olduğumuzu, ürəyimizin düşüncə və niyyətlərini üzə çıxarır (İbr. 4:12, 13). Allahın Kəlamı bir növ rentgen aparatı kimidir, daxilimizdəkiləri görməyə kömək edir. Amma Müqəddəs Kitabın və Yehovanın təyin etdiyi səlahiyyətli şəxslərin verdiyi məsləhətin xeyrini görmək üçün təvazökar olmalıyıq.

4. Talut padşahın qürurlandığını nə göstərir?

4 Talut padşahın hadisəsi göstərir ki, təvazökarlıq çatışmayanda nələr baş verir. Talut padşah o qədər qürurlanmışdı ki, düşüncə və hərəkətlərinə düzəliş etməli olduğunu hətta ürəyində belə qəbul etmirdi (Zəb. 36:1, 2; Həb. 2:4). Talutun bu cür insan olduğu Yehova ona konkret göstəriş verən zaman üzə çıxdı. Yehova ona demişdi ki, əmaliqələri məğlub edən zaman o necə davranmalıdır, amma o itaət etmədi. Sonra İşmuil peyğəmbər bu məsələ ilə bağlı Talutla açıq danışanda o, səhvini boynuna almadı. Əksinə, elə də ciddi səhv etmədiyini deyərək və başqalarını günahlandıraraq özünə bəraət qazandırdı (1 İşm. 15:13—24). Talut əvvəl də belə davranmışdı (1 İşm. 13:10—14). Təəssüf ki, o, ürəyinin qürurlanmasına yol vermişdi. Talut düşüncəsini düzəltmədi, ona görə də Yehova onu tənbeh edib, rədd etdi.

5. Talutdan hansı ibrəti götürürük?

5 Talutdan ibrət götürmək üçün növbəti sualların üzərində düşünməliyik: «Allahın Kəlamındakı hansısa məsləhəti oxuyarkən özümə bəraət qazandırmaq meyilim var? Elə də ciddi səhv etmədiyimi düşünürəm? Etdiyim hərəkətə görə başqasını günahlandırıram?» Bu sualların hansınasa müsbət cavab verdiksə, deməli, düşüncəmizə düzəliş etməliyik. Əks halda, ürəyimiz elə qürurlanar ki, Yehova bizdən üz döndərər (Yaq. 4:6).

6. Talut padşahla Davud padşah arasında hansı fərq var idi?

6 Gəlin Talut padşahla xələfi Davud padşah arasındakı fərqə baxaq. Davud «Yehovanın qanunundan» həzz alırdı (Zəb. 1:1—3). O bilirdi ki, Yehova həlimləri xilas edir, amma məğrurlara qarşı durur (2 İşm. 22:28). Buna görə də Davud Allahın qanununun onun düşüncəsini düzəltməsinə izin verirdi. O yazmışdı: «Mənə nəsihət verən Yehovaya şükürlər olsun! Gecələr ürəyim də məni islah edir» (Zəb. 16:7).

ALLAHIN KƏLAMI

Yolumuzdan sapanda Allahın Kəlamı bizi xəbərdar edir. Təvazökarıqsa, Müqəddəs Kitabın səhv düşüncəmizi düzəltməsinə izin verəcəyik (7-ci abzasa baxın)

7. Təvazökarıqsa, nə edəcəyik?

7 Həlim, təvazökar olsaq, izin verəcəyik ki, biz səhv yola qədəm qoymazdan öncə Allahın Kəlamı səhv düşüncəmizi düzəltsin. Allahın Kəlamı, sanki bir səs kimi deyəcək: «Yol budur. Bu yolla get». Bu yoldan sağa və ya sola dönsək, o bizi xəbərdar edəcək (Əşy. 30:21). Yehovaya qulaq asmağın bizə xeyri çoxdur (Əşy. 48:17). Misal üçün, hər hansı insanın bizə düzəliş etməsinin gətirdiyi dilxorçuluq hissini yaşamayacağıq. Bundan əlavə, bizimlə övladı kimi davrandığını başa düşdüyümüz üçün Yehovaya yaxınlaşacağıq (İbr. 12:7).

8. Yaqub 1:22—25 ayələrinə əsasən, Allahın Kəlamını güzgü kimi necə istifadə edə bilərik?

8 Allahın Kəlamı güzgü kimidir. (Yaqub 1:22—25 ayələrini oxuyun.) Adətən hər gün evdən çıxmazdan öncə güzgüyə baxırıq. Beləcə, başqaları bizi görməmiş özümüzdə lazımi düzəlişlər edirik. Eynilə, hər gün Allahın Kəlamını oxuyanda görürük ki, hansısa sahədə düşüncəmizə düzəliş etməliyik. Bəziləri evdən çıxmazdan öncə hər səhər günün ayəsini oxumağın köməyi dəydiyini deyir. Onlar oxuduqları fikirlər haqda düşünürlər. Sonra isə gün boyu Allahın Kəlamındakı məsləhətləri tətbiq etməyə çalışırlar. Bundan əlavə, biz hər gün Müqəddəs Kitabı oxumalı və oxuduqlarımız üzərində düşünməliyik. Bəlkə də, bu çox sadə görünür, amma həyata aparan ensiz yoldan sapmamağa kömək edəcək ən vacib şeylərdən biridir.

YETKİN DOSTLARINIZA QULAQ ASIN

YETKİN DOSTLAR

Yetkin məsihi dostlar bizi mehribancasına xəbərdar edə bilər. Minnətdarsınız ki, dostunuz cəsarətini toplayıb sizinlə danışıb? (9-cu abzasa baxın)

9. Dostumuz bizə nə vaxt düzəliş etməli ola bilər?

9 Heç olub ki, sizi Yehovadan uzaqlaşdıracaq bir yola addım atasınız? (Zəb. 73:2, 3). Bu zaman yetkin dostunuz cəsarətini toplayıb sizə səhvinizi göstəribsə, onu dinləyib, məsləhətinə əməl etmisiniz? Belə etmisinizsə, düz davranmısınız və yəqin ki, dostunuzun etdiyi xəbərdarlığa görə ona minnətdar olmusunuz (Məs. 1:5).

10. Dostunuzun sizə düzəliş etməsinə necə münasibət göstərməlisiniz?

10 Allahın Kəlamında deyilir: «Dostun vurduğu yara sədaqətindəndir» (Məs. 27:6). Nəyə görə belə demək olar? Gəlin belə bir nümunəyə baxaq: Təsəvvür edin ki, maşın yolunu keçmək üzrəsiniz və birdən telefon fikrinizi yayındırır. Siz sağa-sola baxmadan yolu keçməyə başlayırsınız. Bu zaman dostunuz qolunuzdan tutub sizi səkiyə dartır. Elə bərk tutur ki, qolunuz göyərir, ancaq o, cəld hərəkət etdiyi üçün sizi maşın vurmur. Qolunuz günlərlə ağrısa da, dostunuzdan incimərsiniz. Əksinə, sizi xilas etdiyi üçün ona minnətdar olarsınız. Eynilə, dostunuz deyirsə ki, hərəkətləriniz və ya danışığınız Yehovanın saleh normalarına uyğun deyil, əvvəl-əvvəl bu sizi incidə bilər. Ancaq onun məsləhəti xətrinizə dəyməsin, ona acıqlı qalmayın. Bu, axmaqlıq olardı (Vaiz 7:9). Əksinə, minnətdar olun ki, dostunuz cəsarətini toplayıb sizinlə danışıb.

11. Dostun məsləhətini rədd etməyə nə səbəb ola bilər?

11 Dostun məsləhətini rədd etməyə nə səbəb ola bilər? Qürur. Qürurlu insanlar «qulaqlarına xoş gələni eşitmək» istəyir. Onlar həqiqətə qulaq asmır (2 Tim. 4:3, 4). Özlərini başqalarından daha ağıllı, daha vacib hesab edir. Lakin həvari Bulus yazmışdı: «Özü bir şey olmaya-olmaya, özü haqqında yüksək fikirdə olan insan özünü aldadır» (Qal. 6:3). Süleyman padşah bu vəziyyəti çox gözəl vurğulamışdı. O yazmışdı: «Kasıb, amma ağıllı cavan daha məsləhət qəbul etməyən qoca, səfeh padşahdan yaxşıdır» (Vaiz 4:13).

12. Qalatiyalılara 2:11—14 ayələrinə əsasən, həvari Butrus bizim üçün hansı nümunəni qoyub?

12 Gəlin həvari Butrusun nümunəsinə baxaq, görək həvari Bulus başqalarının yanında ona səhvini göstərəndə o, necə davranmışdı. (Qalatiyalılara 2:11—14 ayələrini oxuyun.) Butrus diqqətini məsləhətin verilmə tərzinə və harada verildiyinə cəmləyib Bulusdan inciyə bilərdi. Amma Butrus hikmətli insan idi. O, məsləhəti qəbul etdi və Bulusa qarşı kin saxlamadı. Əksinə, sonralar Bulusu əziz qardaşım adlandırmışdı (2 But. 3:15).

13. Məsləhət verərkən hansı məqamları nəzərə almalıyıq?

13 Əgər dostunuza düzəliş etməyi lazım bilirsinizsə, nələri nəzərə almalısınız? Dostunuzla danışmazdan əvvəl özünüzdən soruşun: «Mən “həddən artıq saleh” deyiləm ki?» (Vaiz 7:16). Həddən artıq saleh insan başqalarını Yehovanın yox, öz normaları əsasında mühakimə edir və çox da mərhəmətli olmur. Bu haqda fikirləşəndən sonra, yenə də düşünürsünüzsə ki, dostunuzla danışmalısınız, onda problemin nə olduğunu tam müəyyən edin və suallar verərək ona səhvini görməyə kömək edin. Diqqətli olun ki, dediklərinizin Müqəddəs Kitab əsası olsun, unutmayın, dostunuz sizə yox, Allaha hesabat verəcək (Rom. 14:10). Allahın Kəlamındakı hikməti əldə rəhbər tutun və kiməsə məsləhət verəndə İsa kimi şəfqətli olun (Məs. 3:5; Mət. 12:20). Bu nəyə görə vacibdir? Çünki biz başqaları ilə necə rəftar ediriksə, Yehova da bizimlə elə rəftar edəcək (Yaq. 2:13).

ALLAHIN TƏŞKİLATININ GÖSTƏRİŞLƏRİNƏ ƏMƏL EDİN

ALLAHIN TƏŞKİLATI

Təşkilat Allahın Kəlamındakı məsləhətlərə əməl edə bilməyimiz üçün videolar, nəşrlər təqdim edir və ibadət görüşləri təşkil edir. Rəhbərlik Şurası təbliğ işinin təşkili ilə bağlı vaxtaşırı dəyişikliklər edir (14-cü abzasa baxın)

14. Allahın təşkilatı bizi nə ilə təmin edir?

14 Yehova təşkilatının yer üzü hissəsi vasitəsilə bizə həyata aparan yolda bələdçilik edir. Bu təşkilat Allahın Kəlamındakı məsləhətlərə əməl edə bilməyimiz üçün videolar, nəşrlər təqdim edir və ibadət görüşləri təşkil edir. Öyrəndiyimiz bütün biliklər tamamilə Müqəddəs Kitaba əsaslanır. Rəhbərlik Şurası təbliğ işinin ən yaxşı şəkildə icra olunması üçün qərar qəbul edəndə müqəddəs ruha bel bağlayır. Buna baxmayaraq, şura təbliğ işinin təşkili ilə bağlı verdiyi qərarı vaxtaşırı nəzərdən keçirir. Nəyə görə? Çünki «bu dünyanın səhnəsi dəyişir» və Allahın təşkilatı dəyişən vəziyyətə uyğunlaşmalıdır (1 Kor. 7:31).

15. Bəzi təbliğçilər hansı çətinliklə üzləşir?

15 Allahın təşkilatı Müqəddəs Kitab təlimlərinə yeni izahatlar gətirəndə və ya əxlaq məsələlərinə dair göstərişlər verəndə biz bunu tərəddüd etmədən qəbul edirik. Bəs əgər təşkilat həyatımızın digər sahələrinə təsir edəcək dəyişikliklər edirsə, biz necə münasibət göstərəcəyik? Məsələn, son illərdə ibadət evlərinin tikintisi və qulluğu üçün lazım olan vəsaitlərin qiyməti kəskin şəkildə artıb. Buna görə də Rəhbərlik Şurası qərar verdi ki, bir ibadət evindən daha çox yığıncaq istifadə etsin. Bu dəyişiklik nəticəsində yığıncaqlar birləşdirilib və bəzi ibadət evləri satılıb. Əldə olunan pul ibadət evinə daha çox tələbat olan ərazilər üçün ayrılır. Sizin yaşadığınız ərazidə ibadət evi satılıbsa və yığıncaqlar birləşdirilibsə, ola bilsin, yeni vəziyyətə uyğunlaşmaq sizin üçün çətindir. Bəzi təbliğçilər yığıncaqlara getmək üçün daha uzun yol qət etməli olur. Bir başqaları ibadət evinin tikintisində və qulluğunda böyük zəhmət çəkdikləri üçün ibadət evinin satılmasına pis ola bilər. Düşünə bilərlər ki, vaxtları və gücləri hədər gedib. Buna baxmayaraq, onlar bu dəyişikliyi dəstəkləyirlər və buna görə tərifə layiqdirlər.

16. Koloslulara 3:23, 24 ayələrindəki məsləhətə əməl etmək sevincimizi qorumağa necə kömək edəcək?

16 Nə ediriksə Yehova üçün etdiyimizi və Onun Öz təşkilatına rəhbərlik etdiyini unutmasaq, sevincimizi qoruyacağıq. (Koloslulara 3:23, 24 ayələrini oxuyun.) Davud padşah bizə gözəl nümunə qoyub. O, məbədin tikintisinə ianə edərkən demişdi: «Mən kiməm, xalqım kimdir ki, Sənə belə bəxşişlər verək? Hər şeyi bizə Sən vermisən, Sənin əlindən aldığımızı Sənin Özünə qaytarırıq» (1 Saln. 29:14). Biz də ianə edəndə Yehovanın bizə verdiklərini Onun Özünə qaytarırıq. Buna baxmayaraq, Yehova Onun işi naminə vaxtımızı, gücümüzü və vəsaitimizi sərf etməyimizi çox qiymətləndirir (2 Kor 9:7).

HƏYATA APARAN ENSİZ YOLDA YERİYİN

17. Addımlarınıza düzəliş etmək lazım gələndə, nə üçün ruhdan düşməməlisiniz?

17 Həyata aparan ensiz yoldan sapmamaq üçün hamımız addımbaddım İsa Məsihin izi ilə getməliyik (1 But. 2:21). Əgər görsəniz ki, addımlarınıza düzəliş etmək lazımdır, ruhdan düşməyin. Əslində, bu ona dəlalət edir ki, siz Yehovanın göstərdiyi yolla getmək istəyirsiniz. Unutmayın ki, Yehova bizim hal-hazırda qeyri-kamil olduğumuzu bildiyi üçün İsanın nümunəsini kamil şəkildə izləməyimizi gözləmir.

18. Məqsədimizə çatmaq üçün nə etməliyik?

18 Gəlin nəzərimizi gələcəyə cəmləyək. Düşüncə və hərəkətlərimizə düzəliş etməyə hazır olaq (Məs. 4:25; Luka 9:62). Təvazökar qalaq, bundan sonra da sevinək, düzəlməyə çalışaq (2 Kor. 13:11). Əgər belə davransaq, «məhəbbət və sülh Allahı» bizimlə olacaq. Onda biz nəinki mənzilbaşına çatacağıq, ora getdiyimiz yol boyunca sevinc duyacağıq.

NƏĞMƏ 34 Kamillik yolunda yeriyək

^ abz. 5 Bəzilərimizə düşüncəmizdə və hərəkətlərimizdə düzəliş etmək çətin ola bilər. Bu məqalədə izah olunacaq ki, nəyə görə bəzi sahələrdə müəyyən dəyişikliklər etməliyik və bu zaman sevincimizi necə qoruya bilərik.

^ abz. 76 ŞƏKLİN İZAHI: Cavan qardaş səhv qərar verdiyi və bunun altını çəkdiyi haqqında danışır. Yaşca böyük qardaş (sağda) ona məsləhət verməyin lazım gəlib-gəlmədiyini müəyyən etmək üçün sakitcə qulaq asır.