Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 49

Dirilmə — gerçək ümid!

Dirilmə — gerçək ümid!

«Allahın həm salehləri, həm də qeyri-salehləri dirildəcəyinə ümid edirəm» (HƏV. 24:15).

NƏĞMƏ 151 Yehova çağıracaq

İCMAL *

1, 2. Allahın sadiq bəndələrinin hansı möhtəşəm ümidi var?

ÜMİD. İnsan həyatında onun rolu danılmazdır. Hərə bir ümidlə yaşayır: kimisi xoşbəxt nikaha sahib olmaq, kimisi uşaqlarını sağlam böyütmək, kimisi də ciddi xəstəlikdən sağalmaq ümidi ilə. Məsihilər də eyni şeylərin arzusundadırlar. Amma bizim ümidimiz bununla məhdudlaşmır. Biz gələcəkdə əbədi yaşayacağımıza və ölən əzizlərimizi yenidən görəcəyimizə ümid edirik.

2 Həvari Bulus demişdi: «Allahın həm salehləri, həm də qeyri-salehləri dirildəcəyinə ümid edirəm» (Həv. 24:15). O, dirilməyə ümid etdiyini deyən ilk insan deyildi. Əyyub peyğəmbər də bu haqda danışmışdı. O əmin idi ki, Allah onu yada salacaq və yenidən həyata qaytaracaq (Əyy. 14:7—10, 12—15).

3. Nəyə görə 1 Korinflilərə 15-ci fəsil bizim üçün əhəmiyyətlidir?

3 «Ölülərin dirilməsi» məsihi etiqadının ibtidai təlimlərindən, başqa sözlə, bünövrəsini təşkil edən təlimlərdən biridir (İbr. 6:1, 2). Həvari Bulus dirilmə mövzusu barədə 1 Korinflilərə 15-ci fəsildə danışır. Şübhəsiz ki, onun sözləri birinci əsrdəki məsihiləri çox ruhlandırmışdı. Bu fəsildə yazılanlar, dirilməyə nə qədər müddətdir ümid etməyimizdən asılı olmayaraq, bizi də ruhlandıra və ümidimizi gücləndirə bilər.

4. Ölən əzizlərimizin diriləcəyinə ümid etməyə hansı əsasımız var?

4 İsa Məsihin dirilməsi ölən əzizlərimizin diriləcəyinə ümidimizin özəyidir. Həvari Bulus korinflilərə müjdəni təbliğ edərkən İsanın dirilməsi barədə də danışmışdı (1 Kor. 15:1, 2). Bulus demişdi ki, əgər məsihi həmin dirilməyə inanmırsa, onun imanı mənasızdır (1 Kor. 15:17). İsa Məsihin dirilməsinə imanımız ölülərin diriləcəyinə ümidimizin əsasını təşkil edir.

5, 6. 1 Korinflilərə 15:3, 4 ayələri bizim üçün hansı mənanı kəsb edir?

5 Həvari Bulus dirilmə mövzusu haqda yazmağa başlayarkən elə ilk sözlərdən üç həqiqəti vurğulamışdı: 1) «Məsih bizim günahlarımızdan ötrü öldü»; 2) o «dəfn edildi» və 3) «Müqəddəs Yazılarda deyildiyi kimi, üçüncü gündə dirildi». (1 Korinflilərə 15:3, 4 ayələrini oxuyun.)

6 İsa Məsihin ölümünün, dəfninin və dirilməsinin bizim üçün hansı əhəmiyyəti var? Əşiya peyğəmbərlik etmişdi ki, Məsih işıqlı dünyadan yox ediləcək və ölümü şər bəndələrin yanında olacaq. Bundan əlavə, Əşiya peyğəmbər demişdi ki, Məsih «çoxlarının günah yükünü» daşıyacaq. Məsih canını fidyə verərkən bu peyğəmbərliyi yerinə yetirdi (Əşy. 53:8, 9, 12; Mət. 20:28; Rom. 5:8). Beləliklə, İsa Məsihin ölümü, dəfni və dirilməsi bizə möhkəm ümid verir ki, biz günahın və ölümün pəncəsindən qurtulacağıq və ölən əzizlərimizi yenidən görəcəyik.

ÇOXLU ŞAHİDİN ŞAHİDLİYİ

7, 8. İsanın dirildiyinə məsihiləri nə əmin edir?

7 Ölülərin diriləcəyinə əmin olmaq üçün, ilk növbədə, İsanın dirildiyinə əmin olmalıyıq. Bəs nəyə görə əmin ola bilərik ki, Yehova İsa Məsihi diriltmişdi?

8 İsanın dirildiyinə çoxları şahid olmuşdu (1 Kor. 15:5—7). Həvari Bulus ilk şahid kimi Kifanın, yəni Butrusun adını çəkir. Butrusun dirilən İsanı gördüyünü bir qrup şagird də demişdi (Luka 24:33, 34). Bundan əlavə, İsa diriləndən sonra onu on iki həvari də görmüşdü. Daha sonra Məsih «eyni vaxtda beş yüzdən çox qardaşa» görünmüşdü. Ola bilsin, bu, Cəlilədə baş tutan sevindirici görüş zamanı olmuşdu. Bu haqda Mətta 28:16—20 ayələrində yazılıb. İsa həmçinin Yaquba görünmüşdü. Görünür, bu, əvvəllər İsanın Məsih olduğuna inanmayan qardaşı Yaqub idi. İsanın dirildiyini görəndən sonra Yaqub ona iman gətirmişdi (Yəh. 7:5). Qeyd edək ki, həvari Bulus təxminən eramızın 55-ci ilində korinflilərə bu məktubu yazanda İsanın dirildiyinə şahid olanların çoxu hələ sağ idi. Beləcə, kimdəsə şübhə olardısa, həmin etibarlı, canlı şahidlərdən soruşa bilərdi.

9. Həvarilərin işləri 9:3—5 ayələrində oxuduğumuz kimi, Bulus İsanın dirildiyinə hansı əlavə sübutu gətirə bilmişdi?

9 İsa Bulusun özünə də görünmüşdü (1 Kor. 15:8). Bulus (Şaul) Dəməşqə gedən yolda dirilmiş İsanın səsini eşitmişdi və görüntüdə onun səmavi calalını görmüşdü. (Həvarilərin işləri 9:3—5 ayələrini oxuyun.) Bulusun başına gələn bu hadisə İsanın dirilməsinin uydurma olmadığına daha bir sübut idi (Həv. 26:12—15).

10. İsa Məsihin dirildiyinə əminliyi həvari Bulusu nəyə təşviq edirdi?

10 Bulus bir zamanlar məsihiləri təqib etdiyinə görə onun şahidliyi bəziləri üçün böyük əhəmiyyət daşıyırdı. Bulus İsanın dirildiyinə əmin olandan sonra başqalarını da buna əmin etmək üçün əlindən gələni etmişdi. O, İsanın öldüyünü, daha sonra dirildiyini təbliğ edərkən döyülmüş, zindana düşmüş və gəmi qəzasına uğramışdı (1 Kor. 15:9—11; 2 Kor. 11:23—27). Bulus İsa Məsihin dirildiyinə o qədər əmin idi ki, bu həqiqəti müdafiə etmək uğrunda hətta ölümü belə gözə almışdı. Doğrudan da, ilk məsihilərin şəhadəti bizi əmin edir ki, İsa Məsih dirilib. Bu, gələcəkdə ölülərin diriləcəyinə imanımızı daha da artırır.

HƏVARİ BULUS YANLIŞ DÜŞÜNCƏLƏRİ TƏKZİB EDİR

11. Korinfdəki bəzi məsihilərin dirilmə ilə bağlı yanlış düşüncədə olmasına nələr səbəb ola bilərdi?

11 Yunan şəhəri olan Korinfdə yaşayan bəzi məsihilərdə dirilmə ilə bağlı yanlış düşüncələr var idi. Hətta onların bəziləri «dirilməni inkar edir»di. Nəyə görə? (1 Kor. 15:12). Başqa yunan şəhərində, Afinada filosoflar İsanın dirildiyi fikrinə rişxənd edirdilər. Ola bilsin, bu cür düşüncə Korinf şəhərinə də ayaq açmışdı (Həv. 17:18, 31, 32). Bir başqa məsihilər isə düşünürdü ki, dirilmə məcazi mənadadır. Yəni günahlı olduğuna görə «ölü» hesab olunan insan, məsihi olanda «dirilir». Səbəb nə olursa olsun, onların dirilməyə inanmaması o demək idi ki, imanları puçdur. Çünki əgər Allah İsanı diriltməyibsə, onda fidyə ödənilməyib və hamı günahlı qalıb. Deməli, dirilmənin gerçək olmadığını düşünənlərin ümidi gerçək deyildi (1 Kor. 15:13—19; İbr. 9:12, 14).

12. 1 Butrus 3:18, 22 ayələrinə əsasən, İsanın dirilməsi o vaxta qədər olan dirilmələrdən nə ilə fərqlənirdi?

12 Bulus şəxsən bilirdi ki, «Məsih dirilib». Bu dirilmə o vaxta qədər olan dirilmələrdən üstün idi. Çünki həmin insanlar yenidən ölmüşdülər. Həvari Bulus İsa haqda demişdi ki, o, «ölüm yuxusundan qalxan ilk nübardır». Hansı mənada? O, ruhani varlıq kimi dirilən ilk insan idi, həmçinin insanlar arasından göyə qaldırılan ilk varlıq da o idi (1 Kor. 15:20; Həv. 26:23; 1 Butrus 3:18, 22 ayələrini oxuyun).

KİMLƏR «HƏYATA QOVUŞACAQ»?

13. Həvari Bulus Adəmlə İsa arasındakı hansı fərqi göstərmişdi?

13 Bir nəfərin ölümünün milyonlarla insana həyat verməsi necə mümkündür? Həvari Bulus bu suala məntiqli cavab vermişdi. O, Adəmin ucbatından bəşəriyyətin başına nələr gəldiyi və ondan fərqli olaraq, Məsihin sayəsində nələr mümkün olacağını vurğulamışdı. Adəmlə bağlı yazmışdı ki, «ölüm insan vasitəsilə» gəlib. Adəm günah işləməklə həm özünü, həm də nəslini bəlaya saldı. Biz indiyə kimi onun itaətsizliyinin əzabını çəkirik. Ondan fərqli olaraq, Allahın Məsihi diriltməsi sayəsində ölülərin dirilmək imkanı olacaq! «Ölülərin dirilməsi də insan», yəni İsa vasitəsilədir. Həvari məntiq yürüdərək deyir: «Necə ki Adəmin ucbatından hamı ölür, Məsihin sayəsində də hamı həyata qovuşacaq» (1 Kor. 15:21, 22).

14. Adəm diriləcək? İzah edin.

14 Həvari Bulus «Adəmin ucbatından hamı ölür» deyəndə kimləri nəzərdə tuturdu? O, Adəmin nəslini nəzərdə tuturdu. Onlar Adəmdən günahı və qeyri-kamilliyi miras aldıqları üçün ölümə məhkumdurlar (Rom. 5:12). Adəm «həyata qovuşacaq» insanların sırasında deyil. Fidyə qurbanlığı onun günahlarını örtmür, çünki o, kamil olduğu halda, bilərəkdən Allaha qarşı itaətsizlik etmişdi. Adəmə İsanın gələcəkdə «keçi» adlandıracağı insanlara kəsiləcək hökm kəsilib, yəni əbədi məhv (Mət. 25:31—33, 46; İbr. 5:9).

İsa Məsih göylər həyatına dirilən ilk şəxs idi (15 və 16-cı abzaslara baxın) *

15. «Hamı həyata qovuşacaq» deyiləndə kimlər nəzərdə tutulur?

15 Diqqət yetirdinizsə, Bulus yazmışdı ki, «Məsihin sayəsində də hamı həyata qovuşacaq» (1 Kor. 15:22). Həvari Bulus bu məktubu Korinfdəki məsihilərə, göylər həyatına diriləcək məsh olunmuşlara yazmışdı. Bu məsihilər «Allahın ayırdığı, Məsih İsa ilə vəhdətdə olan, müqəddəs olmaq üçün çağırılmış» şəxslər idilər. Həmçinin o, həmin məsihiləri «Məsihin ölən davamçıları» adlandırmışdı (1 Kor. 1:2; 15:18; 2 Kor. 5:17). Başqa bir məktubda Bulus yazmışdı ki, İsanın «ölümünə bənzər bir ölümdə onunla birləşmişiksə, mütləq onun dirilməsinə bənzər bir dirilmədə də onunla birləşəcəyik» (Rom. 6:3—5). İsa ruhani varlıq kimi dirilib göyə qalxmışdı. Deməli, onunla vəhdətdə olan hər kəsi, yəni bütün məsh olunmuş məsihiləri eyni şey gözləyir.

16. Bulus İsanı «ilk nübar» adlandırmaqla nəyi nəzərdə tuturdu?

16 Bulus yazmışdı ki, Məsih «ölüm yuxusundan qalxan ilk nübardır». Unutmayaq ki, İlazər də daxil olmaqla, İsaya qədər dirilənlərin hamısı yer üzündə yaşamaq üçün dirilmişdi. Lakin İsa ruhani varlıq kimi dirilən və əbədi həyat alan ilk şəxs idi. Onu israillilərin məhsul biçini zamanı Allaha təqdim etdikləri ilk nübara bənzətmək olar. Həmçinin Bulus İsanı «ilk nübar» adlandırmaqla demək istəyirdi ki, İsadan sonra da göylər həyatına dirilənlər olacaq. Həvarilər və «İsa ilə vəhdətdə» olan digər məsh olunmuşlar vaxtı çatanda İsa kimi göylər həyatına dirildilər.

17. İsa ilə vəhdətdə olanlar göylər mükafatını nə zaman aldılar?

17 Bulusun korinflilərə məktub yazdığı vaxt Məsihlə vəhdətdə olanların göylər həyatına dirilməsi hələ başlamamışdı. Bulus gələcəkdə baş verəcək dirilmə haqda danışırdı. O demişdi: «Hər kəs öz növbəsində diriləcək: ilk nübar Məsih, sonra Məsihin hüzuru zamanı ona məxsus olanlar» (1 Kor. 15:23; 1 Salon. 4:15, 16). Biz Məsihin hüzuru zamanında yaşayırıq. Ölən həvarilər və digər məsh olunmuş məsihilər göylər mükafatını almaq və İsanın «dirilməsinə bənzər bir dirilmədə» onunla birləşmək üçün onun hüzurunadək gözlədilər.

ÜMİDİMİZ GERÇƏKDİR!

18. a) Nəyə görə deyə bilərik ki, göylər həyatına dirilmədən sonra başqa bir dirilmə də olacaq? b) 1 Korinflilərə 15:24—26 ayələrinə əsasən, göydə hansı hadisələr cərəyan edəcək?

18 Bəs Məsihlə birgə göydə yaşamaq ümidinə malik olmayan sadiq məsihilər haqda nə demək olar? Onların da dirilməyə ümidi var. Müqəddəs Kitabda deyilir ki, göylər həyatına dirilən Bulus və digərləri «ilk dirilmə» zamanı diriləcəklər (Filip. 3:11). Bu onu göstərir ki, növbəti dirilmə də var. Bu, Əyyubun gələcəkdə baş verəcəyinə ümid etdiyi dirilmədir (Əyy. 14:15). «Məsih bütün hökumətləri, hakimiyyətləri və iqtidarı» yox edəndə Məsihə «məxsus olanlar» onunla birlikdə göydə olacaq. O həmçinin «axırıncı düşmən olan ölümü məhv edəcək». Əlbəttə ki, miras alınmış ölümün göylər həyatına dirilənlərin üzərində artıq heç bir hökmü olmayacaq. Bəs digər insanlarla nə baş verəcək? (1 Korinflilərə 15:24—26 ayələrini oxuyun.)

19. Yer üzündə yaşamağa ümid edənləri nə gözləyir?

19 Bəs yer üzündə yaşamağa ümid edənləri nə gözləyir? Bulusun sözləri onlara ümid verə bilər: «Allahın həm salehləri, həm də qeyri-salehləri dirildəcəyinə ümid edirəm» (Həv. 24:15). Aydındır ki, qeyri-saleh insan göylərə daxil ola bilməz. Deməli, bu sözlər göstərir ki, gələcəkdə yer üzündə dirilmə olacaq.

Dirilmənin olacağına əmin olsaq, xoşbəxt gələcəyə ümidimiz olacaq (20-ci abzasa baxın) *

20. Öyrəndikləriniz ümidinizi necə möhkəmləndirdi?

20 Bəli, həm salehlərin, həm də qeyri-salehlərin dirilməsi olacaq! Yer üzündə yaşamaq üçün dirilənlərə orada əbədi yaşamaq imkanı veriləcək. Bu vədin gerçəkləşəcəyinə etibar edə bilərsiniz! Əgər yaxınınızı itirmisinizsə, bu ümid sizə təsəlli verə bilər. Onların Məsih və məsh olunmuşlar «min il ərzində Məsihlə birlikdə padşahlıq edəcəklər»i vaxt diriləcəklərinə ümid edə bilərsiniz (Vəhy 20:6). İşdir, minillikdən qabaq həyatınızı itirsəniz, gələcəkdə diriləcəyinizə əmin ola bilərsiniz. Ümidimiz «məyusluq gətirməz» (Rom. 5:5). Bu ümid sizi möhkəmləndirməyə, Allaha xidmətdən əldə etdiyiniz sevincə sevinc qatmağa qadirdir. 1 Korinflilərə 15-ci fəsildən öyrəndiklərimiz bununla bitmir. Növbəti məqalədə bəzi məqamlara da diqqət yetirəcəyik.

NƏĞMƏ 147 Əbədi həyat vədi

^ abz. 5 1 Korinflilərə 15-ci fəsildə dirilmə mövzusu işıqlandırılır. Nəyə görə bu mövzu bizim üçün önəmlidir? İsa Məsihin dirildiyinə nəyə görə əmin ola bilərik? Bu məqalədə həm bu, həm də digər sualların cavabı araşdırılır.

^ abz. 56 ŞƏKLİN İZAHI: İsa göyə qaldırılan ilk şəxs idi (Həv. 1:9). Sonralar bəzi şagirdləri də, məsələn, Tomas, Yaqub, Lidiya, Yəhya, Məryəm və Bulus da göylər həyatı üçün dirildi.

^ abz. 58 ŞƏKLİN İZAHI: Qardaş uzun illər birgə xidmət etdiyi istəkli həyat yoldaşını itirib, amma əmindir ki, o diriləcək. Qardaş Yehovaya sədaqətlə xidmət etməyə davam edir.