Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 50

«Ölülər necə diriləcək?»

«Ölülər necə diriləcək?»

«Ey ölüm, hanı qələbən? Ey ölüm, hanı neştərin?» (1 KOR. 15:55).

NƏĞMƏ 141 Həyat bir möcüzə

İCMAL *

1, 2. Nəyə görə göylər həyatına dirilmə bütün məsihiləri maraqlandırmalıdır?

BU GÜN Yehovanın xidmətçilərinin əksəriyyəti yer üzündə yaşamaq ümidinə sahibdir. Lakin məsh olunmuş məsihilərin yer üzündə qalan hissəsi göylər həyatına diriləcəklərinə ümid edir. Onlar üçün göydə həyatlarının necə olacağı çox maraqlıdır. Bəs nəyə görə yer üzündə yaşamaq ümidinə malik olanlar üçün də bu maraqlı olmalıdır? Görəcəyimiz kimi, göylər həyatına dirilmə yer üzündə əbədi yaşamağa ümid edənlər üçün də bol nemətlərə yol açır. Buna görə də sahib olduğumuz ümiddən asılı olmayaraq, göylər həyatına dirilmə hamımız üçün əhəmiyyət kəsb etməlidir.

2 İsanın birinci əsrdəki bəzi şagirdləri Allahın ilhamı ilə göylər həyatına dirilmə ümidi barədə yazmışdı. Həvari Yəhya qeyd etmişdi: «İndi biz Allahın övladlarıyıq, amma gələcəkdə necə olacağımız hələ bəlli deyil. Bircə onu bilirik ki, O zühur edəndə biz Onun kimi olacağıq» (1 Yəh. 3:2). Deməli, məsh olunmuşlar ruhani bədən alıb göyə qalxandan sonra necə olacaqlarını bilmirlər. Amma onlar bu mükafatlarını alanda Yehovanı həqiqi mənada görəcəklər. Müqəddəs Kitabda göylər həyatına dirilmə hər təfsilatına qədər yazılmasa da, həvari Bulusun yazdıqlarına əsasən müəyyən təsəvvürümüz yarana bilər. «Məsih bütün hökumətləri, hakimiyyətləri və iqtidarı», o cümlədən «axırıncı düşmən olan ölümü» məhv edəndə məsh olunmuşlar onun yanında olacaq. Hər şey İsaya tabe ediləndən sonra o və hakimiyyət şərikləri Yehovaya tabe olacaqlar (1 Kor. 15:24—28). Bu necə də möhtəşəm olacaq! *

3. 1 Korinflilərə 15:30—32 ayələrindən göründüyü kimi, Bulusun dirilməyə olan imanı ona necə kömək etmişdi?

3 Bulusun dirilməyə imanı ona müxtəlif sınaqların öhdəsindən gəlməyə kömək etmişdi. (1 Korinflilərə 15:30—32 ayələrini oxuyun.) O, korinflilərə yazmışdı: «Hər gün ölümlə üz-üzə dururam». Həmçinin o yazmışdı ki, Efesdə vəhşi heyvanlarla qarpışıb. Ola bilsin, o, Efes arenasında həqiqi heyvanlarla vuruşmasını nəzərdə tuturdu (2 Kor. 1:8; 4:10; 11:23). Yaxud, ola bilsin, Bulus ona düşmən kəsilən yəhudilərin və başqalarının onunla vəhşi heyvan kimi davrandıqlarını nəzərdə tuturdu (Həv. 19:26—34; 1 Kor. 16:9). İstənilən halda, Bulus həyati təhlükələrlə üzləşmişdi. Amma buna baxmayaraq, o, gələcəyə nikbin baxışını qoruya bilmişdi (2 Kor. 4:16—18).

Bir ailə fəaliyyətimizin qadağan olunduğu ərazidə yaşayır, buna baxmayaraq, onlar ibadətlərini davam etdirirlər, tam iman edirlər ki, Allah gələcəkdə onlara gözəl nemətlər verəcək (4-cü abzasa baxın)

4. Dirilmə ümidi bu gün məsihilərə necə güc verir? (Üz qabığındakı şəklə baxın.)

4 Biz çox təhlükəli bir dövrdə yaşayırıq. Bəzi bacı-qardaşlar cinayətkarlığın qurbanı olub. Digərləri müharibə şəraitində yaşayır, həyatları qaşla-göz arasındadır. Bir başqaları isə fəaliyyətimizin məhdudlaşdırıldığı və ya qadağan olunduğu ərazilərdə yaşayır. Xidmət etdiklərinə görə onlar istənilən vaxt azadlıqlarını və ya həyatlarını itirə bilərlər. Hər şeyə rəğmən, bütün bu bacı-qardaşlarımız Yehovaya ibadətdən qalmır. Onlar bizim üçün böyük örnəkdir. Əmindirlər ki, hal-hazırda həyatlarını itirsələr də, Yehova onlara gələcəkdə qat-qat gözəl həyat bəxş edəcək. Bunu bilmək onlara qorxuya üstün gəlməyə kömək edir.

5. Hansı yanlış düşüncə dirilməyə olan imanımızı zəiflədə bilər?

5 Bulusun dövründə bəziləri belə düşünürdü: «Əgər ölülər dirilmirsə, “gəlin yeyib-içək, onsuz da sabah öləcəyik”». Bulus bacı-qardaşları xəbərdar edirdi ki, özlərini bu cür yanlış düşüncədən qorusunlar. Əslində, bu cür düşüncə Bulusun yaşadığı dövrdən də əvvəl var idi. Bəlkə də, o, israillilərin yanlış düşüncəsini əks etdirən Əşiya 22:13 ayəsini sitat gətirmişdi. İsraillilər Allaha məhəbbətlərini möhkəmləndirmək əvəzinə, zövq-səfa dalınca qaçırdılar. İsraillilər, bir növ, «beş günlük dünyadır» prinsipi ilə yaşayırdı. Bu düşüncə hətta bu gün də insanlar arasında geniş yayılıb. Amma Müqəddəs Kitabda yazıldığı kimi, onların bu əhvali-ruhiyyəsi başlarına bəla açdı (2 Saln. 36:15—20).

6. Dirilmə ümidi dost seçimimizə necə təsir etməlidir?

6 Təbii ki, Yehovanın ölüləri dirildəcəyi bizim dost seçimimizə də təsir etməlidir. Korinfdəki qardaşlar ehtiyatlı olmalı idilər ki, dirilməni inkar edən insanlarla oturub-durmasınlar. Bu bizə də aiddir. Fikri-zikri kef çəkməkdə olan insanlarla dostluq etməyin axırı yaxşı qurtarmayacaq. Bu cür insanlar məsihi baxışımızı və davranışımızı korlaya bilər. Hətta onlar məsihini Allahın nifrət etdiyi əməllərə sürükləyə bilərlər. Ona görə də Bulus bərk-bərk tapşırmışdı: «Ayılın, saleh işlər görün, günah işləməyin» (1 Kor. 15:33, 34).

ÖLÜLƏR NƏ CÜR BƏDƏNDƏ DİRİLƏCƏK?

7. 1 Korinflilərə 15:35—38 ayələrinə əsasən, dirilmə ilə bağlı bəzilərində hansı suallar yarana bilər?

7 1 Korinflilərə 15:35—38 ayələrini oxuyun. Başqalarında dirilməyə şübhə yaratmaq istəyən insan soruşa bilər: «Ölülər necə diriləcək? Onların nə cür bədəni olacaq?» Yaxşı olar ki, Bulusun bu suallara necə cavab verdiyinə baxaq. Çünki bu gün insanların ölümdən sonrakı həyatla bağlı müxtəlif fikirləri var. Bəs Müqəddəs Kitabda bu haqda nə deyilir?

Bulus toxum və bitki nümunəsi əsasında göstərdi ki, Allah dirilən insanlara müvafiq bədən verməyə qadirdir (8-ci abzasa baxın)

8. Göylər həyatına dirilməni başa düşməyə hansı nümunə kömək edə bilər?

8 İnsan öləndə bədəni çürüyür, amma Kainatı heç nədən xəlq edən Allah ölən insanı dirildib, ona münasib bədən verməyə qadirdir (Yar. 1:1; 2:7). Bulus nümunə əsasında göstərdi ki, insanı diriltmək üçün Allaha insanın əvvəlki bədəni lazım deyil. Götürək adi bitki toxumunu. Toxum torpağa əkiləndən sonra cücərir və yeni bitki yaranır. Yetişən bitki balaca toxumdan tamamilə fərqlənir. Bulus bu nümunə ilə göstərdi ki, Yaradan dirilən insana münasib bildiyi bədəni verə bilər.

9. 1 Korinflilərə 15:39—41 ayələrində bədən müxtəlifliyi ilə bağlı nə deyilir?

9 1 Korinflilərə 15:39—41 ayələrini oxuyun. Bulus qeyd edir ki, yaradılışda böyük müxtəliflik mövcuddur. Məsələn, mal-qaranın, quşların, balıqların bədəni bir-birindən fərqlənir. O, səmada günəş və ayın da bir-birindən fərqləndiyini deyir, həmçinin qeyd edir ki, «ulduz da ulduzdan calalı ilə fərqlənir». Düzdür, biz bu fərqi adi gözlə görə bilmirik, amma alimlər onlara müxtəlifliklərinə görə fərqli-fərqli adlar verib. Məsələn, qırmızı nəhəng ulduzlar, ağ cırtdan ulduzlar və günəş tipli sarı ulduzlar. Bundan əlavə, Bulus deyir: «Səmavi varlıqlar və yerdəki varlıqlar vardır». Hansı mənada? O mənada ki, yer üzündə yaşayanların cismani bədəni var, göydə yaşayanların isə mələklərdə olduğu kimi ruhani bədəni var.

10. Göylər həyatına dirilənlər hansı bədəni alacaq?

10 Görün sonra Bulus nə yazır: «Eləcə də dirilmə. Çürüyən bədən əkilir, çürüməz bədən qalxır». Bildiyimiz kimi, insan öləndə bədəni çürüyür və torpağa qayıdır (Yar. 3:19). Bəs necə ola bilər ki, insan «çürüməz bədən»də dirilsin? Bulus yer üzündə yaşamaq üçün dirilən insanları, məsələn, İlyasın, Əlyəsənin və İsanın diriltdiyi insanları nəzərdə tutmurdu. O, göylər həyatı üçün ruhani bədəndə dirilən insanlardan danışırdı (1 Kor. 15:42—44).

11, 12. İsa öləndən sonra hansı bədəndə dirildi və eyni şey məsh olunmuşlarla necə baş verir?

11 İsa yer üzündə yaşayanda onun cismani bədəni var idi. Amma diriləndə o, «həyat verən ruhani varlıq oldu» və göyə qayıtdı. Eynilə də, məsh olunmuş məsihilər ruhani varlıq kimi dirilirlər. Bulus izah edir: «Biz torpaqdan yaradılmışın surətində olduğumuz kimi, göydən gələnin də surətində olacağıq» (1 Kor. 15:45—49).

12 Bulus dirilmə ilə bağlı izahatının ən vacib hissəsinə gəlib çatır. Diqqət yetirmək vacibdir ki, İsa cismani bədəndə dirilməmişdi. Bulus aydın şəkildə qeyd edir: «Cismani bədən [göyə] Allahın Padşahlığına girə bilməz» (1 Kor. 15:50). Həvarilər və digər məsh olunmuş məsihilər ətdən və qandan olan çürüyən bədənlə göylər həyatına dirilə bilməzdilər. Bəs dirilmə nə vaxt olacaqdı? Bulus onların ölən kimi yox, gələcəkdə diriləcəyini demişdi. O, «Korinflilərə birinci məktub»u yazanda İsanın bəzi davamçıları artıq «ölüm yuxusuna» getmişdi. Məsələn, həvari Yaqub (Həv. 12:1, 2). Digər həvarilər və məsh olunmuşlar isə bir müddət sonra «ölüm yuxusuna» getdilər (1 Kor. 15:6).

ÖLÜM ÜZƏRİNDƏ QƏLƏBƏ

13. İsa Məsihin hüzurunun əlamətinə nələr daxildir?

13 Həm İsa, həm də Bulus gələcəkdə tarixdə olacaq mühüm dövrdən — Məsihin hüzurundan danışmışdı. Məsihin hüzuru dövrünün əlamətləri müharibələr, zəlzələlər, xəstəliklər və digər qlobal hadisələr olacaqdı. Müqəddəs Kitabda yazılmış bu peyğəmbərliyin 1914-cü ildən bəri yerinə yetdiyini görürük. Əlamətin başqa bir vacib hissəsi də var. İsa demişdi ki, Allahın Padşahlığı haqqındakı müjdə «xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mət. 24:3, 7—14). Bulus qeyd etmişdi ki, həmçinin «Ağanın hüzuru zamanı... ölüm yuxusuna» gedən məsh olunmuş məsihilərin dirilməsi baş verəcək (1 Salon. 4:14—16; 1 Kor. 15:23).

14. Məsihin hüzuru zamanı ölən məsh olunmuşlarla nə baş verir?

14 Bu gün məsh olunmuş məsihilər yer üzündəki həyatlarını başa vuran kimi göylər həyatına dirilirlər. Bu, Bulusun 1 Korinflilərə 15:51, 52 ayələrində yazdığı sözlərdə əks olunub: «Biz hamımız ölüm yuxusuna getməyəcəyik, ancaq hamımız dəyişəcəyik. Bir an içində, bir göz qırpımında, axırıncı kərənay çalınanda dəyişəcəyik». Bulusun bu sözləri indi yerinə yetir! Məsihin bu qardaşları diriləndə böyük sevinc duyacaq, həmişə ağaları ilə birlikdə olacaqlar (1 Salon. 4:17).

«Bir göz qırpımında» dəyişən kəslər Məsihlə birlikdə pislərə qarşı vuruşacaq (15-ci abzasa baxın)

15. «Bir göz qırpımında» dəyişən kəslər hansı işləri görəcək?

15 Müqəddəs Kitabda «bir göz qırpımında» dəyişən kəslərin görəcəyi işlərdən danışılır. İsa onlara deyir: «Atam mənə hakimiyyət verdiyi kimi, mən də qalib gələnə və yolumu axıra qədər davam etdirənə xalqlar üzərində hakimiyyət verəcəyəm. O, xalqlara dəmir çomaqla çobanlıq edəcək, onlar saxsı qab kimi sınıb çilik-çilik olacaqlar» (Vəhy 2:26, 27). Rəhbərləri kimi, onlar da əllərində dəmir çomaq xalqlara çobanlıq edəcək (Vəhy 19:11—15).

16. Çoxlu sayda insan ölüm üzərində necə qələbə çalacaq?

16 Məsh olunmuş məsihilər göylər həyatına diriləndə ölüm üzərində qələbə çalır (1 Kor. 15:54—57). Beləcə, onlar Armageddon müharibəsində pislərin üzərində çalınan qələbədə iştirak edə biləcək. Milyonlarla kişi və qadın böyük müsibətdən sağ çıxıb, yeni dünyada yaşayacaq (Vəhy 7:14). Bu insanlar ölüm üzərində çalınacaq digər qələbənin şahidi olacaq. Keçmişdə ölmüş milyardlarla insanın dirilməsini görəcəklər. Bu möhtəşəm qələbə zamanı yaşanan sevinci təsəvvür edirsiniz? (Həv. 24:15). Yehovaya tamamilə sadiq qalan kəslər Adəmdən miras alınan ölüm üzərində də qələbə çalacaqlar. Onların əbədi yaşamaq imkanı olacaq.

17. 1 Korinflilərə 15:58 ayəsinə əsasən, bu gün biz nə etməliyik?

17 Bu gün sağ olan hər bir məsihi Bulusun dirilmə ilə bağlı korinflilərə yazdığı təsəlliverici sözlərə görə minnətdar olmalıdır. Bulusun məsləhətinə əməl edərək, Rəbbin işində çox çalışmaq üçün bizim əsaslı səbəblərimiz var. (1 Korinflilərə 15:58 ayəsini oxuyun.) Əgər biz sədaqətlə fəal şəkildə bu işdə iştirak etsək, gələcəkdə xoşbəxt həyatda yaşamaq imkanımız olacaq. Həmin vaxt həyatımız təsəvvür edə biləcəyimizdən də möhtəşəm olacaq! Onda əmin olacağıq ki, Rəbbin işində çəkdiyimiz zəhmət hədər deyilmiş.

NƏĞMƏ 140 Nəhayət, sonsuz həyat!

^ abz. 5 1 Korinflilərə 15-ci fəslin ikinci hissəsində dirilmə ilə bağlı bəzi təfsilatlar yer alır. Xüsusilə də məsh olunmuş məsihilərin dirilməsi ilə bağlı. Lakin Bulusun yazdıqları yer üzündə yaşamaq ümidi olanlar üçün də əhəmiyyət kəsb edir. Bu məqalədən görəcəyik ki, dirilməyə olan ümid bu gün həyatımıza necə təsir göstərməlidir və o, xoşbəxt gələcəyə necə qapı açır.

^ abz. 2 Bu saydakı «Oxucuların sualları» rubrikasında Bulusun 1 Korinflilərə 15:29 ayəsində yazdığı sözlər izah olunur.