Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Məsəllər 24:16 ayəsində deyilir: «Saleh yeddi dəfə yıxılar, yenə qalxar». Bu ayədə söhbət insanın dəfələrlə günah etməsindən və buna baxmayaraq, Allahın onu bağışlamasından gedir?

Xeyr, ayənin mənası bu deyil. Bu ayədə insanın ard-arda problemlərlə üzləşməsi və ona dözməsi nəzərdə tutulur.

Gəlin ayənin kontekstinə baxaq: «Salehin evi yanında xaincəsinə pusqu qurma, onun yurdunu viran qoyma. Saleh yeddi dəfə yıxılar, yenə qalxar, şər adamı isə müsibət birdəfəlik yıxar. Düşmənin yıxılanda sevinmə, o büdrəyəndə ürəyin şadlanmasın» (Məs. 24:15—17).

Bəziləri hesab edir ki, 16-cı ayə insanın dönə-dönə günah etsə də, Allahın onu bağışlamasına aiddir. İki Britaniya din xadimi yazır ki, «həm qədimdə, həm də müasir dövrdə vaizlər bu ayəni» məhz bu cür izah edirdilər. Onların təbirincə, bu cür izah o deməkdir ki, «yaxşı insan... ciddi günahlar işləsə də, Allaha məhəbbəti ki itməyib, hər dəfə tövbə edəndə, sanki yenidən qalxır». Bu cür izahat günahından əl çəkmək istəməyən insana xoş gələ bilər. O elə düşünə bilər ki, dəfələrlə günah işləsə də, Allah onu həmişə bağışlayacaq.

Amma 16-cı ayənin əsl mənası bu deyil.

16 və 17-ci ayələrdəki «yıxılmaq» feli ibrani dilində müxtəlif vəziyyətlərdə istifadə oluna bilər. Bu söz hərfi mənada işlənir. Məsələn, öküzün yolda yıxılması, kiminsə damdan yıxılması, qüllələrin yıxılması (Qan. 22:4, 8; Əşy. 30:25). Həmçinin bu sözün növbəti ayədəki kimi, məcazi mənası da var: «Məni zərblə itələdilər ki, yıxılım, amma Yehova dadıma yetişdi» (Zəb. 118:13; Məs. 11:5, 14; 17:20).

Lakin görün professor Edvard Plamptri nə deyir: «İbrani dilində “yıxılmaq” sözü heç vaxt günaha aid işlənməyib». Buna görə də başqa bir alim 16-cı ayəni belə izah edir: «Allahın xalqı ilə pis rəftar etmək, mənasızdır, boş yerədir. Çünki onlar sağ qalacaq, şər insanlar isə yox!»

Bütün bunlar göstərir ki, Məsəllər 24:16 ayəsindəki «yıxılmaq» sözü insanın günah işləməsinə aid deyil. Burada insanın dəfələrlə çətinliklərlə üzləşməsindən söhbət gedir. Yaşadığımız bu şər dünyada saleh insanın sağlamlığında problemlər olur və ya digər çətinliklərlə üzləşir. Hətta o, dövlət tərəfindən amansız təqiblərə tuş gəlir. Lakin o etibar edə bilər ki, Allah ona dayaq olacaq və bunlara tab gətirməyə ona kömək edəcək. Düşünün: «Məgər vəziyyətin Allahın xidmətçilərinin xeyrinə qurtardığına az şahid olmusunuz?» Biz növbəti sözlərə əminik: «Yehova yıxılanlara dayaq olur, qəddi əyilənləri ayağa qaldırır» (Zəb. 41:1—3; 145:14—19).

Saleh insanın ürəyinə rahatlıq verən başqalarının başına bəlaların gəlməsi deyil. Əksinə, onun ürəyinə təsəlli verən odur ki, «Allahdan qorxanlar xeyir tapacaq, çünki onlar Allahdan qorxurlar» (Vaiz 8:11—13; Əyy. 31:3—6; Zəb. 27:5, 6).