Kontentə keç

Mündəricatı göstər

Təyinatınıza can yandırın!

Təyinatınıza can yandırın!

TƏSƏVVÜR EDİN, dostunuzdan ruhlandırıcı məktub almısınız. Özünüzü necə hiss edərdiniz? Timuti həvari Bulusdan bu cür məktub almışdı. Bu məktub Müqəddəs Kitabda Bulusun Timutiyə yazdığı ikinci məktubdur. Yəqin ki, Timuti dostunun ona yazdığı bu məktubu rahat oxumaq üçün sakit bir yerə çəkilmişdi. Ola bilsin, Timuti fikirləşirdi: «Görəsən Bulus necədir? Görəsən təyinatımla bağlı mənə hansısa məsləhət yazıb? Bu məktub mənə xidmətimi icra etməyə və başqalarına dayaq olmağa necə kömək edəcək?» Görəcəyimiz kimi, Timuti həm bu sualların cavabını tapdı, həm də çoxlu dəyərli şeylər öyrəndi. Amma indi gəlin bu məktubdakı bir neçə əsas məsləhətə nəzər salaq.

«HƏR ŞEYƏ DÖZÜRƏM»

Məktubun elə ilk sözlərindən Timuti Bulusun, dəyərli dostunun onu nə qədər çox istədiyini hiss edir. Bulus ona «əziz balam» deyə müraciət edir (2 Tim. 1:2). Timuti bu məktubu təxminən eramızın 65-ci ilində almışdı. Həmin vaxtı o, 30 yaşlarında olsa da, artıq təcrübəli ağsaqqal idi. O, Bulusla on ildən çox əməkdaşlıq etmişdi və ondan çox şey öyrənmişdi.

Sözsüz ki, Timuti Bulusun sınaqlara sədaqətlə sinə gərdiyini biləndə çox ruhlanmışdı. Bulus Romada həbsdə idi, onu ölüm gözləyirdi (2 Tim. 1:15, 16; 4:6—8). Timuti Bulusun cəsarətini onun növbəti sözlərindən görürdü: «Hər şeyə dözürəm» (2 Tim. 2:8—13). Bulusun möhtəşəm dözüm nümayiş etdirməsi Timutini möhkəmləndirmişdi. Onun nümunəsi bizi də möhkəmləndirə bilər.

«ALDIĞIN ƏNAMI ALOVLANDIR»

Bulus Timutini təşviq edirdi ki, Allaha xidmətdə ona verilən təyinatını qiymətləndirsin. Bulus Timutinin Allahdan aldığı ənamı alovlandırmasını istəyirdi (2 Tim. 1:6). O burada «ənam» kimi tərcümə olunan xarizma sözünü istifadə etmişdi. Bu yunan sözü, əsasən, insana qazanmadığı və ya layiq olmadığı halda, verilən bəxşişə aid işlənir. Timuti yığıncaqda xüsusi xidməti icra etmək üçün seçilərkən bu ənamı almışdı (1 Tim. 4:14).

Bulus bu ənamla bağlı Timutini nəyə təşviq edirdi? Yəqin Timuti məktubda «ənamı alovlandır» sözlərini oxuyarkən ağlına evdə yanan ocaq gəlmişdi. Bəzən ocaq sönüb, közü qalırdı. Yenidən ocağın gur yanması və daha çox istilik verməsi üçün közü alovlandırmaq lazım idi. Bir lüğətdə deyilir ki, Bulusun istifadə etdiyi yunan sözü (anazopireo) «yenidən yandırmaq, alışdırmaq, ocağı qızışdırmaq» mənasını verir. Məcazi mənada bu söz «fəaliyyət üçün yenidən canlanmaq» deməkdir. Yəni Bulus Timutiyə, bir növ, belə deyirdi: «Təyinatına can yandır!» Yəqin razılaşarsınız ki, bu gün biz də eyni şeyi etməliyik. Xidmətimizi icra etmək üçün bütün gücümüzü səfərbər etməliyik.

«BU GÖZƏL ƏMANƏTİ QORUYUB SAXLA»

Timuti əziz dostunun məktubunu oxuya-oxuya xidmətini icra etməyə kömək edəcək başqa bir ifadəyə rast gəlir. Məktubda Bulus yazırdı: «Daxilimizdə yaşayan müqəddəs ruhun köməyi ilə bu gözəl əmanəti qoruyub saxla» (2 Tim. 1:14). Söhbət hansı əmanətdən gedir? Timutiyə nə əmanət olunmuşdu? Öncəki ayədə Bulus «sağlam sözlər», yəni Müqəddəs Yazılardakı həqiqət haqqında danışırdı (2 Tim. 1:13). Timuti, Məsihin xidmətçisi kimi, bu həqiqəti həm yığıncaq daxilində, həm də yığıncaqdan kənarda təbliğ etməli idi (2 Tim. 4:1—5). Həmçinin o, Allahın sürüsünü otarmaq üçün ağsaqqal kimi təyin olunmuşdu (1 But. 5:2). Timuti ona verilən əmanəti, yəni təbliğ etməli olduğu həqiqəti qorumaq üçün Yehovanın müqəddəs ruhuna və Kəlamına güvənməli idi (2 Tim. 3:14—17).

Bu gün bizə də başqalarına müjdələdiyimiz həqiqət əmanət olunub (Mət. 28:19, 20). Bu möhtəşəm həqiqəti qiymətləndirdiyimizi necə göstərə bilərik? Daim dua etməklə və Müqəddəs Kitabı dərindən mütaliə etməyi vərdişə çevirməklə (Rom. 12:11, 12; 1 Tim. 4:13, 15, 16). Ola bilsin, bizim əlavə məsuliyyətlərimiz var, məsələn, ağsaqqalıq, tamvaxtlı xidmətçiyik. Bu cür dəyərli təyinatların bizə əmanət olunması təvazökar olmağa, Allahın köməyinə ehtiyac duyduğumuzu dərk etməyə təşviq etməlidir. Bəs bu əmanəti necə qoruya bilərik? Onu qiymətləndirməklə və Yehovanın köməyinə arxalanmaqla.

ÖYRƏNDİKLƏRİNİ «SADİQ ADAMLARA ƏMANƏT ET»

Timutinin təyinatına gördüyü işi başqalarına öyrətmək də daxil idi. Elə buna görə də Bulus Timutiyə demişdi: «Məndən eşitdiyin... şeyləri sadiq adamlara əmanət et ki, onlar da təlim vermək üçün yararlı olsunlar» (2 Tim. 2:2). Bəli, Bulus bu sözlərlə Timutiyə xatırladırdı ki, öyrəndiyi hər bir şeyi qardaşlara öyrətsin. Bu gün də məsihi yığıncağındakı hər bir nəzarətçi eyni şeyi etməyə çalışır. Yaxşı nəzarətçi ona həvalə olunan işlə bağlı bildiklərini gizlətmir, əksinə, bildiyi hər bir şeyi öyrədir ki, başqaları da bu işi görə bilsin. O narahat deyil ki, birdən həmin adam ondan artıq bilər, ondan daha qabiliyyətli olar. Buna görə də nəzarətçi əsas şeyləri öyrətməklə kifayətlənmir, çünki istəyir ki, başqaları da dərrakəyə, bəsirətə yiyələnsin, yəni yetkin məsihi olsun. Beləcə, təlim verdiyi «sadiq adamlar» yığıncağa daha çox fayda gətirəcək.

Şübhəsiz, Bulusun aldığı məktub Timuti üçün çox qiymətli idi. Yəqin ki, Timuti bu məktubu dönə-dönə oxumuşdu. Oradakı məsləhətləri öz təyinatında bacardığı qədər tətbiq etməyin yollarını düşünürdü.

Biz də bu məsləhətlərə uyğun yaşamaq istəyirik. Bunu necə edə bilərik? Aldığımız ənamı alovlandırmalıyıq, bizə həvalə olunan əmanəti qoruyub saxlamalıyıq və təcrübəmizi, biliyimizi başqaları ilə bölüşməliyik. Onda Bulusun da Timutiyə dediyi kimi, xidmətimizi tam yerinə yetirə biləcəyik (2 Tim. 4:5).