Kontentə keç

Mündəricatı göstər

Qoy gözəl dünya sizə də nəsib olsun!

Cənnət yaxındır!

Cənnət yaxındır!

Allah yer üzünü yaradıb ki, saleh insanlar orada əbədiyyən ömür sürsünlər (Zəbur 37:29). O, Adəmlə Həvvanı Ədən adlı gözəl bağda məskunlaşdırmışdı və tapşırmışdı ki, onlar və gələcək nəsilləri torpağı becərsinlər, ona qulluq etsinlər (Yaradılış 1:28; 2:15).

Bu gün dünya Allahın niyyət etdiyi Cənnətə qətiyyən bənzəmir. Lakin Allah niyyətindən dönməyib. Bəs O bu niyyətini necə gerçəkləşdirəcək? Əvvəlki məqalələrdən öyrəndiyimiz kimi, Allah Yer kürəsini məhv etməyəcək. Əksinə, saleh insanları orada məskun edəcək. Görəsən, Allahın vədləri yerinə yetəndə yer üzündə həyat necə olacaq?

Dünyanı bir hökumət idarə edəcək

Allahın göydə qurduğu yeni hökumət tezliklə bütün bəşəriyyət üzərində hakimiyyət sürəcək. O zaman Yer kürəsində insanlar xoşbəxt, əmin-amanlıq içində yaşayacaq, hamı sevdiyi işlərlə məşğul olacaq. Allah İsa Məsihi bu hökumətin başçısı təyin edib. Bu gün bir çox rəhbərlər xalqın qeydinə qalmır. İsa Məsih isə insanların rifahı üçün çalışacaq. O, məhəbbətlə hakimiyyət sürəcək, xeyirxah, rəhmli və ədalətli Padşah olacaq (Əşiya 11:4).

Dünyada birlik hökm sürəcək

İnsanlar arasında milliyyətinə, etnik mənşəyinə görə parçalanma olmayacaq. Bütün bəşəriyyət bir ailə kimi birləşəcək (Vəhy 7:9, 10). Yer üzündə yaşayan insanlar həm Allahı sevəcək, həm də bir-birinə can deyib, can eşidəcək. Onlar əl-ələ verib Allahın Adəmlə Həvvaya verdiyi tapşırığı yerinə yetirəcəklər, yəni bütün dünyanı cənnətə çevirəcəklər (Zəbur 115:16).

İnsanla təbiət arasında harmoniya olacaq

Allahın Padşahlığı yer üzərində hakimiyyət sürməyə başlayanda Allah təbiət qüvvələrini idarə edəcək, təbii fəlakətlər olmayacaq (Zəbur 24:1, 2). İsa Məsih yer üzündə yaşayanda bir dəfə güclü fırtınanı asanlıqla yatırmışdı. Bununla da göstərmişdi ki, Allahın ona verdiyi güclə nələr etməyə qadirdir (Mark 4:39, 41). Məsihin hakimiyyəti altında heç kəs təbii fəlakət qorxusu ilə yaşamayacaq. Həmçinin insanla təbiət arasında harmoniya bərpa olunacaq (Huşə 2:18).

Mükəmməl sağlamlıq və qida bolluğu olacaq

Hamı tam sağlam olacaq. İnsanlar nə xəstələnəcək, nə qocalacaq, nə də öləcək (Əşiya 35:5, 6). Ədən bağında olduğu kimi ətraf aləm təmiz olacaq, göz oxşayacaq, torpaq bol məhsul verəcək, heç kəs heç nədən korluq çəkməyəcək (Yaradılış 2:9). Qədimdə Allahın xalqının yaşadığı İsrail torpağında olduğu kimi, Cənnətdə də hamı «doyunca çörək yeyəcək» (Lavililər 26:4, 5).

Əsl sülh və təhlükəsizlik olacaq

Allahın hakimiyyəti altında bütün insanlar sülh içində yaşayacaq. Hamı bir-birinə qarşı xeyirxah olacaq, heç kəs haqsızlıq etməyəcək. Müharibələr olmayacaq, heç kim səlahiyyətindən sui-istifadə etməyəcək, hamının güzəranı xoş olacaq. Müqəddəs Kitab vəd edir: «Hər kəs öz meynəsinin, öz əncir ağacının altında oturacaq, onları qorxudan olmayacaq» (Mikə 4:3, 4).

Hər kəsin rahat evi olacaq, hamı sevdiyi işlə məşğul olacaq

Hər ailənin öz evi olacaq. Heç kəs evini itirmək qorxusu ilə yaşamayacaq. İnsanlar gördüyü hər işdən zövq alacaq. Allahın Kəlamında deyildiyi kimi, Cənnətdə yaşayanlar «nahaq yerə əlləşməyəcək», yəni zəhmətinin bəhrəsini görəcək (Əşiya 65:21—23).

Hamı ən ali təhsili alacaq

Müqəddəs Kitab vəd edir: «Dünya başdan-başa Yehova barədə biliklə dolacaq» (Əşiya 11:9). Cənnətdə insanlar Yaradanımız Yehovanın sonsuz hikmətindən elm alacaq və Onun yaratdıqları barədə öyrənəcək. Onlar biliklərindən silah düzəltmək, yaxud başqalarına zərər yetirmək məqsədilə istifadə etməyəcəklər (Əşiya 2:4). Əksinə, bir-biri ilə yola getməyi və Yer kürəsini qorumağı öyrənəcəklər (Zəbur 37:11).

Əbədi həyat

Allah Yer kürəsini elə yaradıb ki, yaşadığımız hər gün bizə zövq versin. O, insanların yer üzündə əbədi yaşamasını istəyir (Zəbur 37:29; Əşiya 45:18). Bu əzəli niyyətini yerinə yetirmək üçün Allah «ölümü əbədilik məhv edəcək» (Əşiya 25:8). «Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq», — deyə Müqəddəs Kitab vəd edir (Vəhy 21:4). Allah bütün insanlara, həm bu zalım dünyanı məhv edərkən xilas etdiyi kəslərə, həm də Cənnətdə dirildəcəyi sonsuz sayda insana əbədi yaşamaq imkanı verəcək (Yəhya 5:28, 29; Həvarilərin işləri 24:15).

Artıq indidən bütün dünyada milyonlarla insan Allahın Padşahlığının hakimiyyəti altında yaşamağa hazırlaşır. Bu insanlar günahlı olsalar da, əllərindən gələni edirlər ki, Allahın razılığını qazanıb, yeni dünyada yaşasınlar. Bunun üçün onlar Yehova Allah barədə və Onun uğrumuzda qurban verdiyi İsa Məsih barədə bilik alırlar (Yəhya 17:3).

Bu şər dünyanın sonunda sağ qalmaq və Allahın vəd etdiyi gözəl dünyada əbədi yaşamaq üçün daha nə etmək lazımdır? Yehovanın Şahidlərindən biri ilə «Əbədi xoşbəxt həyat!» nəşri vasitəsilə Müqəddəs Kitabı pulsuz öyrənin.