Kontentə keç

Mündəricatı göstər

Daş kitabə: «Yəhva Səbaüt Həqav oğlu Həqafa lənət etsin»

Bilirsiniz?

Bilirsiniz?

Bir qədim kitabə Müqəddəs Kitabın dəqiqliyini necə təsdiq edir?

YERUSƏLİMDƏ, Müqəddəs torpaqlar muzeyində b. e. ə. 700—600-cü illərə aid daş kitabə var. Bu daş İsraildə, Həbrunun yaxınlığında cəsədlərin qoyulduğu mağaradan götürülüb. Daşın üzərinə belə sözlər həkk olunub: «Yəhva Səbaüt Həqav oğlu Həqafa lənət etsin». Bu kitabə Müqəddəs Kitabın dəqiqliyini necə təsdiq edir? Bundan görünür ki, Müqəddəs Kitabın yazıldığı dövrdə ibrani hərfləri ilə YHVH kimi yazılan Allahın adı Yehova yaxşı tanınırdı və insanlar adi danışıqda bu adı çəkirdi. Cəsədlərin qoyulduğu mağaralardakı digər yazılar da göstərir ki, mağaralarda görüşüb danışan və gizlənən insanlar divarda tez-tez həm Allahın adını yazırdılar, həm də tərkibində Allahın adının müxtəlif formaları olan şəxs adlarını.

Corciya universitetində çalışan Dr. Reyçel Nabulsi bu yazılarla bağlı deyir: «YHVH adının belə tez-tez istifadə olunması diqqətəlayiq məqamdır... [Müqəddəs Kitabda] yazılanlar və kitabələr İsrailin və Yəhudanın həyatında YHVH-nın mühüm yer tutduğunu göstərir». Bu, Müqəddəs Kitabla uzlaşır. Orada Allahın adı ibrani hərfləri ilə YHVH formasında minlərlə dəfə rast gəlinir. Bəzən şəxs adlarının tərkibində də Allahın adı olurdu.

Daşın üzərində yazılmış «Yəhva Səbaüt» ifadəsi «ordular Allahı Yehova» deməkdir. Buradan da görmək olar ki, təkcə Allahın adı yox, həmçinin «ordular Allahı Yehova» ifadəsi də Müqəddəs Kitabın yazıldığı dövrdə geniş istifadə olunurdu. Bu fakt həm də təsdiq edir ki, Müqəddəs Kitabda «ordular Allahı Yehova» ifadəsi boş yerə istifadə olunmayıb. Müqəddəs Kitabın Tövrat hissəsində bu ifadəyə təxminən 280 dəfə rast gəlinir, əsas da Əşiyanın, Ərəmyanın və Zəkəriyyənin kitablarında.