Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 5

Hər kişinin başı Məsihdir

Hər kişinin başı Məsihdir

«Hər kişinin başı Məsih,.. Məsihin başı isə Allahdır» (1 KOR. 11:3).

NƏĞMƏ 12 Uca Allah Yehova

İCMAL *

1. Əksər vaxt kişilərin arvad-uşağı ilə rəftarına nə təsir edir?

BAŞÇILIQ. Sizin üçün bu nə deməkdir? Bəzi kişilərdə bu məfhum adət-ənənənin, ailədə gördüklərinin təsiri altında formalaşır. Görün Avropada yaşayan Yanita bacı nə deyir: «Mənim yaşadığım ərazidə insanlarda belə bir düşüncə kök salıb ki, qadın kişidən aşağıdır və ona qulluqçu kimi yanaşmaq lazımdır». Birləşmiş Ştatlarda yaşayan Luk adlı qardaş deyir: «Bəzi atalar oğullarını öyrədir ki, qadın göründü bəsdir, səsi çıxmamalıdır, onun fikri önəmli deyil». Yehova ailə başçılarının arvadlarına bu cür yanaşmasını istəmir. (Mark 7:13 ayəsi ilə əlaqələndirin.) Bəs kişi yaxşı ailə başçısı olmağı necə öyrənə bilər?

2. Ailə başçısı nəyi bilməlidir və nəyə görə?

2 Yaxşı ailə başçısı olmaq üçün, əvvəla, ər bilməlidir ki, Yehova ondan nə gözləyir. O həmçinin bilməlidir ki, Yehova başçılıq quruluşunu nəyə görə təsis edib və bu sahədə Yehovadan, İsa Məsihdən nə öyrənə bilər. Bəs nəyə görə ailə başçısı bütün bunları bilməlidir? Çünki Yehova ailə başçılarına müəyyən səlahiyyət verib və gözləyir ki, bu səlahiyyətlərindən düzgün istifadə etsinlər (Luka 12:48b).

BAŞÇILIQ NƏDİR?

3. 1 Korinflilərə 11:3 ayəsindən başçılıqla bağlı nə öyrənirik?

3 1 Korinflilərə 11:3 ayəsini oxuyun. Bu ayə Yehovanın göydə və yerdə bütün ailəsini necə təşkil etdiyini təsvir edir. Ümumiyyətlə, başçılığa iki əsas amil daxildir: səlahiyyət və məsuliyyət. Yehovaya gəldikdə, O, bütün xilqətin başıdır, buna görə də O, tam səlahiyyətə sahibdir. Bütün övladları, həm mələklər, həm də yerdəki bəndələri Onun qarşısında məsuliyyət daşıyır (Rom. 14:10; Efes. 3:14, 15). Yehova İsaya yığıncaq üzərində səlahiyyət verib, bununla yanaşı, İsa bizimlə rəftarına görə Yehovanın qarşısında məsuliyyət daşıyır (1 Kor. 15:27). Eynilə, Yehova ərə də ailə üzərində səlahiyyət verib, amma ər ailəsi ilə rəftarına görə həm Yehovanın, həm də İsanın qarşısında məsuliyyət daşıyır (1 But. 3:7).

4. Yehovanın və İsanın hansı səlahiyyəti var?

4 Yehova böyük bir ailənin Başı kimi, bütün övladlarının, həm mələklərin, həm də yerdəki bəndələrinin davranışı ilə bağlı qaydalar qoymağa və bu qaydalara əməl etməyənlərə qarşı ölçü götürməyə haqqı çatır (Əşy. 33:22). Yığıncağın başı kimi, İsanın da qaydalar qoyub, onlara əməl olunmasını gözləməyə ixtiyarı var (Qal. 6:2; Kol. 1:18—20).

5. Məsihi ailə başçısının hansı səlahiyyəti var, bəs onun səlahiyyəti hansı sahələrdə məhduddur?

5 Yehova və İsa Məsih kimi, ailə başçısının da ailəsi ilə bağlı qərarlar verməyə səlahiyyəti çatır (Rom. 7:2; Efes. 6:4). Amma onun səlahiyyəti məhduddur. Məsələn, onun qoyduğu qaydalar Müqəddəs Kitab prinsiplərinə əsaslanmalıdır (Məs. 3:5, 6). Ailəsinin üzvü olmayan kəslərə qaydalar qoymağa ixtiyarı yoxdur (Rom. 14:4). Həmçinin ailənin yetkin yaşa çatmış oğul və ya qızı daha ata evində yaşamırsa, o, ailə başçısının hörmətini saxlayır, amma daha onun başçılığı altında deyil (Mət. 19:5).

YEHOVA BAŞÇILIQ QURULUŞUNU NƏYƏ GÖRƏ TƏSİS EDİB?

6. Yehova başçılıq quruluşunu nəyə görə təsis edib?

6 Yehova başçılıq quruluşunu ailəsini sevdiyi üçün təsis edib. Bu Onun hədiyyəsidir. Bunun sayəsində Yehovanın ailəsində sülh və nizam-intizam hökm sürür (1 Kor. 14:33, 40). Əgər başçılığın kimə məxsus olduğu aydın olmasaydı, Yehovanın ailəsində hərc-mərclik olardı və heç kim xoşbəxt olmazdı. Məsələn, heç kəs bilməzdi son qərarı kim verəcək və bu qərarın icra olunmasına kim rəhbərlik edəcək.

7. Efeslilərə 5:25, 26, 28 ayələrinə əsasən, Yehova kişilərin arvadlarına ağalıq etməsini niyyət etmişdi?

7 Əgər başçılıq quruluşu belə yaxşı şeydirsə, bəs onda nəyə görə bu gün çoxlu sayda qadın ərinin ona ağalıq etdiyini düşünür və əzildiyini hiss edir? Çünki kişilərin çoxu Yehovanın ailə ilə bağlı qoyduğu qaydalara əhəmiyyətsiz yanaşır, yerli adətlərə uyğun davranır. Həmçinin onlar öz xudbin istəklərinə çatmaq üçün arvadları ilə pis rəftar edirlər. Məsələn, ər özünə hörmət hissini artırmaq üçün və ya başqalarının yanında «əsl kişi» olduğunu sübut etmək üçün arvadı üzərində ağalıq edir. Onda belə fikir ola bilər ki, arvadını onu sevməyə məcbur edə bilməsə də, gözünün odunu ala bilər. Beləcə, arvadını idarə etmək üçün bu qorxudan bir vasitə kimi istifadə edir *. Bu cür düşüncə və davranış tərzi tamamilə yanlışdır, bununla ər qadını layiq olduğu hörmətdən məhrum edir. Bu isə Yehovanın istəyinə birbaşa ziddir. (Efeslilərə 5:25, 26, 28 ayələrini oxuyun.)

ƏR YAXŞI AİLƏ BAŞÇISI OLMAĞI NECƏ ÖYRƏNƏ BİLƏR?

8. Ər yaxşı ailə başçısı olmağı necə öyrənə bilər?

8 Ər yaxşı ailə başçısı olmağı Yehovanın və İsanın başçılığı necə icra etməsindən öyrənə bilər. Gəlin görək o, Yehovadan və İsadan örnək götürərək arvadı və uşaqları ilə rəftarında hansı xüsusiyyətlərini təzahür etdirə bilər.

9. Yehovanın lütfkar olduğu nədən görünür?

9 Təvazökarlıq. Yehova kimi hikmətə sahib ikinci varlıq yoxdur. Bununla belə, O lütf göstərib xidmətçilərinin fikrini dinləyir (Yar. 18:23, 24, 32). Yehova səlahiyyəti altında olan kəslərin təkliflər irəli sürməsinə izin verir (1 Pad. 22:19—22). Yehova mükəmməldir, amma hal-hazırda O bizdən mükəmməllik gözləmir. Əksinə, Ona ibadət edən qeyri-kamil insanların işini avand edir, xoşbəxt olmalarına kömək edir (Zəb. 27:9; 113:6, 7; İbr. 13:6). Padşah Davud bilirdi ki, gördüyü böyük işləri Yehovanın lütfü sayəsində bacarıb (2 İşm. 22:36).

10. İsanın təvazökar olduğu nədən görünür?

10 Gəlin İsanın nümunəsinə nəzər salaq. O, şagirdlərinin Ustadı olsa da, onların ayağını yumuşdu. Yehova nəyə görə bu hadisənin Müqəddəs Kitabda yazılmasını məsləhət bilib? Şübhəsiz, səbəblərdən biri odur ki, ailə başçılarına, eləcə də digərlərinə izləməli olduqları örnək olsun deyə. İsa da demişdi: «Mən sizin üçün nümunə qoydum. Sizinlə necə davrandımsa, siz də bir-birinizlə elə davranın» (Yəh. 13:12—17). Baxmayaraq ki, İsa böyük səlahiyyət sahibi idi, o gözləmirdi ki, ona qulluq etsinlər, özü başqalarına qulluq edirdi (Mət. 20:28).

Ailə başçısının təvazökarlığı və məhəbbəti ev işlərini görməsindən və ailəsinin ruhani tələbatlarının qayğısına qalmasından görünəcək (11 və 13-cü abzaslara baxın)

11. Ailə başçısı Yehovanın və İsanın nümunəsindən təvazökar olmağı necə öyrənə bilər?

11 Nə öyrənirik? Ailə başçısının Yehovanın lütfkarlığından və İsa Məsihin təvazökarlığından örnək götürərək təvazökar olması bir çox sahələrdən görünəcək. Məsələn, belə ailə başçısı arvad-uşağından kamillik gözləmir. O, ailə üzvlərinin fikrini dinləyir, hətta onların fikri onunku ilə üst-üstə düşməsə də. Birləşmiş Ştatlarda yaşayan Merli bacı deyir: «Bəzən yoldaşımla fikirlərimiz fərqlənir. Amma o, qərar verməzdən öncə mənim fikrimi öyrənib, dediklərimə ciddi yanaşır. Görürəm ki, mənə dəyər verir, hörmət edir». Bundan əlavə, təvazökar ər ev işlərini görməyə hazırdır, hətta onun olduğu cəmiyyətdə insanlar buna «arvad işi» kimi yanaşsa da. Bu, çətin ola bilər. Nəyə görə? Reyçel adlı bir bacı deyir: «Böyüdüyüm ərazidə əgər ər arvadına qabları yumağa, evləri yığışdırmağa kömək edirsə, qonum-qonşu ona “kişi” kimi baxmır. Onlar elə düşünür ki, ərin arvadına sözü keçmir». Əgər sizin də yaşadığınız cəmiyyətdə belə düşüncə varsa, unutmayın ki, İsa şagirdlərinin ayağını yumuşdu, halbuki bu, qulluqçuların işi hesab olunurdu. Yaxşı ailə başçısı üçün önəmli olan camaatın onun haqda nə fikirləşdiyi yox, arvadının və övladlarının xoşbəxtliyidir. Bəs ər yaxşı ailə başçısı olmaq üçün təvazökarlıqla yanaşı, başqa hansı xüsusiyyəti təzahür etdirməlidir?

12. Yehova və İsa sevgidən irəli gələrək nə edib?

12 Məhəbbət. Yehovanın etdiyi hər bir şey məhəbbətdən qaynaqlanır (1 Yəh. 4:7, 8). O, sevgidən irəli gələrək təşkilatı və Kəlamı vasitəsilə ruhani tələbatlarımızı ödəyir. Bizi sevdiyinə əmin edərək emosional cəhətdən qayğımıza qalır. Bəs maddi tələbatlarımız haqda nə demək olar? Yehova «həyatdan həzz almağımız üçün bizi hər şeylə bol-bol təmin edən» Allahdır (1 Tim. 6:17). Biz səhv edəndə Yehova bizə düzəliş edir, amma bizə sevgisi soyumur. Sevgidən irəli gələrək Yehova bizim üçün fidyə qurbanlığı ödəyib. Eynilə, İsa da bizi o qədər çox istəyir ki, öz canını uğrumuzda qurban verib (Yəh. 3:16; 15:13). Yehova və İsanın sadiq kəslərə olan sevgi bağlarını heç bir qüvvə qıra bilməz (Yəh. 13:1; Rom. 8:35, 38, 39).

13. Nəyə görə ərin ailəsinə sevgi göstərməsi vacibdir? (« Yeni qurulan ailədə ər arvadının hörmətini necə qazana bilər?» adlı çərçivəyə də baxın.)

13 Nə öyrənirik? Ailə başçısı etdiyi hər bir şeyi məhəbbətdən irəli gələrək etməlidir. Nəyə görə bu belə vacibdir? Yəhya demişdi: «Gördüyü qardaşını [və ya ailəsini] sevməyən adam görmədiyi Allahı sevə bilməz» (1 Yəh. 4:11, 20). Konkret desək, ailəsini sevən, Yehovadan və İsa Məsihdən örnək almaq istəyən ər ailəsinin ruhani, emosional və maddi tələbatını ödəyəcək (1 Tim. 5:8). O, uşaqlarına təlim-tərbiyə verəcək. Həmçinin çalışacaq ki, Yehovanın adını ucaldan və ailəsinin xeyrinə olan qərarlar versin. Gəlin ərin məsuliyyətinə daxil olan bu şeyləri bir-bir araşdıraq və görək o, Yehovadan və İsadan bu sahədə necə örnək ala bilər.

AİLƏ BAŞÇISININ HANSI ÖHDƏÇİLİKLƏRİ VAR?

14. Ər ailəsinin ruhani tələbatlarının qeydinə necə qala bilər?

14 Ailəsinin ruhani tələbatlarını ödəməlidir. İsa Atasından örnək alaraq səlahiyyəti altında olan insanların ruhən möhkəm olmalarının qeydinə qalırdı (Mət. 5:3, 6; Mark 6:34). Eynilə, ailə başçısının ümdə vəzifəsi ailəsinin Yehova ilə sıx münasibətinin olmasının qayğısına qalmaqdır (Qan. 6:6—9). O buna necə nail ola bilər? Ailə başçısı çalışmalıdır ki, həm özü, həm də ailəsi Müqəddəs Kitabı mütaliə etsin, ibadət görüşlərində iştirak etsin, xoş xəbəri müjdələsin və Yehova ilə möhkəm dostluq münasibətlərinə sahib olsun.

15. Ər ailəsinin emosional tələbatını necə ödəyə bilər?

15 Ailəsinin emosional tələbatını ödəməlidir. Yehova İsanı sevdiyini açıq şəkildə ifadə etmişdi (Mət. 3:17). İsa da davamçılarını sevdiyini həm sözdə, həm də əməldə tez-tez göstərirdi. Qarşılıqlı olaraq onlar da onu çox istədiklərini bildirirdilər (Yəh. 15:9, 12, 13; 21:16). Ailə başçısı da arvadına və uşaqlarına məhəbbətini əməldə göstərməlidir. Məsələn, onlarla Müqəddəs Kitabı öyrənməlidir. Həmçinin onları sevdiyini və qiymətləndirdiyini dildə də deməlidir; yeri gələndə, başqalarının yanında tərifləməlidir (Məs. 31:28, 29).

Yehovanın razılığını qazanmaq üçün ər ailəsinin maddi tələbatlarını ödəməlidir (16-cı abzasa baxın)

16. Ailə başçısının üzərinə başqa hansı öhdəçilik düşür və o, tarazlığı necə qoruya bilər?

16 Ailəsinin maddi tələbatını ödəməlidir. Yehova israillilərin əsas tələbatlarını ödəyirdi, hətta onları itaətsizliklərinə görə cəzalandıran vaxtlarda belə (Qan. 2:7; 29:5). Yehova bu gün bizim də əsas tələbatlarımızı təmin edir (Mət. 6:31—33; 7:11). Eynilə, İsa Məsih davamçılarını yedizdirirdi (Mət. 14:17—20). Həmçinin onların sağlamlığının da qayğısına qalırdı (Mət. 4:24). Yehovanı razı salmaq istəyən ailə başçısı da ailəsini maddi cəhətdən təmin etməlidir. Amma bu məqamda tarazlığı qorumağı unutmamalıdır. İşə o qədər aludə olmamalıdır ki, ailəsinin ruhani və emosional tələbatını lazımınca ödəyə bilməsin.

17. Yehova Allah və İsa Məsih təlim-tərbiyə məsələsində bizim üçün hansı nümunəni qoyub?

17 Təlim-tərbiyə verməlidir. Yehova bizim rifahımızı düşündüyü üçün bizi tərbiyələndirir və cəzalandırır (İbr. 12:7—9). Yehova kimi, İsa da səlahiyyəti altında olan kəsləri məhəbbətlə öyrədir (Yəh. 15:14, 15). O, qəti, amma mülayim tərzdə düzəliş edir (Mət. 20:24—28). O başa düşür ki, biz qeyri-kamilik və tez-tez səhvlər edirik (Mət. 26:41).

18. Yaxşı ailə başçısı nəyi unutmur?

18 Yehovadan və İsa Məsihdən örnək alan ər ailə üzvlərinin qeyri-kamil olduğunu unutmur. O, arvadı və uşaqların ilə sərt davranmır (Kol. 3:19). Əksinə, Qalatiyalılara 6:1 ayəsində yazılmış prinsipə əməl edərək onları «mülayimcəsinə düzəltməyə» çalışır və özünün də qeyri-kamil olduğunu unutmur. İsa kimi, o da bilir ki, ən yaxşı öyrətmək üsulu nümunə qoymaqdır (1 But. 2:21).

19, 20. Qərarlar verməyə gəldikdə, ailə başçısı Yehovadan və İsa Məsihdən necə örnək ala bilər?

19 Qərar verərkən ailəsinin xeyrini düşünür. Yehova başqalarının rifahına olacaq qərarlar verir. Məsələn, O, həyatı yaratmaq qərarına gələndə bunu Öz xeyri üçün etməmişdi. Yehova yaşamaq sevincini bizimlə bölüşmək istəyirdi. Heç kəs Yehovanı bizdən ötrü Oğlunu qurban verməyə məcbur edə bilməzdi, bunu Yehova Özü istəyib. İsa da verdiyi qərarlarda ilk növbədə başqalarını düşünürdü (Rom. 15:3). Məsələn, o, camaatı öyrətməkdən ötrü, hətta yorğun olanda istirahətindən keçmişdi (Mark 6:31—34).

20 Yaxşı ailə başçısı bilir ki, onun öhdəsinə düşən ən çətin işlərdən biri ailəsinin rifahı üçün hikmətli qərarlar verməkdir. O, bu məsuliyyətinə ciddi yanaşır. Çalışır ki, əsassız yerə və ya sırf hisslərə qapılaraq qərar verməsin. O, yaxşı qərar verməyi öyrənmək üçün Yehovanın hikmətinə üz tutur * (Məs. 2:6, 7). Beləcə, özünün yox, başqalarının xeyrini düşünmüş olacaq (Filip. 2:4).

21. Növbəti məqalədə nəyi araşdıracağıq?

21 Yehova ailə başçılarına çətin tapşırıq verib və bu tapşırığı layiqincə yerinə yetirmələrinə görə Yehova qarşısında məsuliyyət daşıyırlar. Ər Yehovanın və İsanın örnəyini izləmək üçün əlindən gələni etsə, yaxşı ailə başçısı olacaq. Eynilə, arvad da ailədə daşıdığı rolu düzgün icra etsə, nikahları xoşbəxt olacaq. Bəs qadın ərinin başçılığına necə yanaşmalıdır? Onun hansı çətinlikləri ola bilər? Növbəti məqalədə bu sualların cavabı araşdırılacaq.

NƏĞMƏ 16 Xilaskar padşaha görə Yehovaya həmd olsun

^ abz. 5 Kişi evlənəndə ailə başçısı olur. Bu məqalədən öyrənəcəyik ki, başçılıq nədir, Yehova onu nəyə görə təsis edib və ərlər Yehova ilə İsadan bu sahədə nə öyrənə bilər. İkinci məqalədə ər və arvadın İsa Məsihdən və digər Müqəddəs Kitab örnəklərindən nə öyrənə biləcəyini araşdıracağıq. Üçüncü məqalədə isə yığıncaqda başçılığın icra olunmasından danışacağıq.

^ abz. 7 Bəzən filmlərdə, tamaşalarda və yumoristik televiziya verilişlərində kişinin arvadı ilə pis rəftar etməsi, hətta ona əl qaldırması nümayiş olunur. Buna görə də cəmiyyət kişinin arvadı üzərində ağalıq etməsində qəbahət görməyə bilər.

^ abz. 20 Hikmətli qərarlar verməklə bağlı ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi»nin 2011-ci il 15 aprel sayının 13—17 səhifələrində yerləşən «Qoy hər bir qərarın Yehovaya izzət gətirsin» adlı məqaləyə baxın.