Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 7

Yığıncaqda başçılıq quruluşu

Yığıncaqda başçılıq quruluşu

«Məsih yığıncağın başı, bu bədənin [xilaskarıdır]» (EFES. 5:23).

NƏĞMƏ 137 Mömin qadınlar — məsihi bacılar

İCMAL *

1. Nəyin sayəsində Yehovanın ailəsində birlik var?

BİZ Yehovanın ailəsinə daxil olduğumuz üçün çox xoşbəxtik. Nəyə görə bizim bu ailəmizdə mehribançılıq və birlik var? Çünki hamımız bacardığımız qədər çalışırıq ki, Allahın təsis etdiyi başçılıq quruluşuna hörmət edək. Buna görə də başçılıq quruluşunu nə qədər yaxşı başa düşəriksə, aramızdakı birlik də bir o qədər möhkəm olar.

2. Bu məqalədə hansı suallara cavab tapacağıq?

2 Bu məqalədə araşdıracağıq ki, yığıncaqda başçılıq etməyə kimin səlahiyyəti çatır. Həmçinin növbəti sualların cavabını öyrənəcəyik: Bacıların yığıncaqda hansı rolu var? Doğrudanmı, yığıncaqda hər bir qardaş hər bir bacının başıdır? Ailə başçısının arvadı və uşaqları üzərində nə qədər səlahiyyəti varsa, ağsaqqalın da bacı-qardaşlar üzərində o qədər səlahiyyəti var? İlk növbədə, gəlin görək bacılara necə yanaşmalıyıq.

BACILARA NECƏ YANAŞMALIYIQ?

3. Bacılarımızın zəhmətini daha çox qiymətləndirməyə bizə nə kömək edə bilər?

3 Bacılarımız ailələrinin qeydinə qalmaq, xoş xəbəri təbliğ etmək, yığıncağa dayaq olmaq üçün çox çalışır. Onlar bizim üçün çox əzizdir. Yehovanın və İsanın bacılarımıza necə yanaşdığını araşdırmağın sayəsində onları daha çox qiymətləndirəcəyik. Həmçinin həvari Bulusun qadınlarla rəftarından çox şey öyrənəcəyik.

4. Yehovanın kişilərə dəyər verdiyi kimi, qadınlara da dəyər verdiyi Müqəddəs Kitabdan necə görünür?

4 Müqəddəs Kitabdan aydın görmək olar ki, Yehova kişiləri də, qadınları da eyni dərəcədə qiymətləndirir. Oradan öyrənirik ki, birinci əsrdə Yehova müqəddəs ruhunu həm kişilərə, həm də qadınlara vermişdi. Bunun sayəsində onlar möcüzələr göstərirdilər, məsələn, müxtəlif dillərdə danışırdılar (Həv. 2:1—4, 15—18). Kişilər də, qadınlar da Məsihlə birgə göydə hakimiyyət sürmək üçün müqəddəs ruhla məsh olunur (Qal. 3:26—29). Yer üzündə əbədi yaşamaq mükafatını kişilər də alacaq, qadınlar da (Vəhy 7:9, 10, 13—15). Bundan əlavə, xoş xəbəri müjdələmək işi həm kişilərə həvalə olunub, həm də qadınlara (Mət. 28:19, 20). Məsələn, «Həvarilərin işləri» kitabında Priskilla adlı bir bacıdan danışılır. O, əri Akvilasla birgə Apollos adlı savadlı bir nəfərə həqiqəti daha dəqiqliklə izah etmişdi (Həv. 18:24—26).

5. Luka 10:38, 39, 42 ayələrindən İsanın qadınlara münasibəti haqqında nə öyrənirik?

5 İsa Məsih qadınlara hörmətlə yanaşırdı. O, fərisilər kimi deyildi. Fərisilər qadınlara yuxarıdan aşağı baxırdılar. Cəmiyyət içində qadınlarla danışmağı özlərinə sığışdırmırdılar, o ki qaldı onlarla Müqəddəs Yazılardan nələrisə müzakirə etsinlər. Onlardan fərqli olaraq, İsa Məsih dərin ruhani mövzular ətrafında qadınlarla da söhbət edirdi. * (Luka 10:38, 39, 42 ayələrini oxuyun.) Həmçinin İsa hansısa əraziyə təbliğə gedəndə qadınların da onunla getməsinə izin verirdi (Luka 8:1—3). Bundan əlavə, İsa həvarilərinə dirildiyini xəbər verməyi də qadınlara tapşırmışdı (Yəh. 20:16—18).

6. Həvari Bulusun qadınlara hörmət etdiyini nədən görmək olar?

6 Həvari Bulus qadınlara hörmət edirdi. Məsələn, o, Timutiyə bunu xüsusi olaraq xatırlatmışdı. Demişdi ki, ağbirçəklərlə anası kimi, cavan qadınlarla bacısı kimi rəftar etsin (1 Tim. 5:1, 2). Timutinin yetkin məsihi olmasında Bulusun böyük əməyi olsa da, o qəbul edirdi ki, Timutiyə Müqəddəs Yazıları ən birinci anası və nənəsi öyrədib (2 Tim. 1:5; 3:14, 15). Bulus romalılara yazdığı məktubunda bacıları adı ilə salamlamışdı. O, bacıların Məsihin xidmətçiləri kimi gördüyü işlərə fikir verirdi və buna görə onlara minnətdarlığını da bildirmişdi (Rom. 16:1—4, 6, 12; Filip. 4:3).

7. Hansı sualların cavabını araşdıracağıq?

7 Əvvəlki abzaslardan öyrəndiyimiz kimi, bacıların qardaşlardan aşağı olduğunu düşünməyə Müqəddəs Kitab heç bir əsas vermir. Məhəbbətli, səxavətli bacılarımız yığıncaq üçün əsl xəzinədir. Ağsaqqallar yığıncaqda sülhün və birliyin hökm sürməsində onların köməyinə arxalanır. Amma yenə də bəzi suallar yaranır: Nəyə görə Yehova bacılardan tələb edir ki, bəzi məqamlarda başlarını örtsünlər? Yalnız qardaşlar ağsaqqal və yığıncaq xidmətçisi təyin olunduğu üçün bu o deməkdirmi ki, yığıncaqda hər bir qardaş hər bir bacının başıdır?

HƏR BİR QARDAŞ HƏR BİR BACININ BAŞIDIR?

8. Efeslilərə 5:23 ayəsinə əsasən, yığıncaqda hər bir qardaş hər bir bacının başıdır? İzah edin.

8 Qısaca desək, xeyr! Qardaşlar yığıncaqda olan bütün bacıların başı deyil. Onların başı Məsihdir. (Efeslilərə 5:23 ayəsini oxuyun.) Ailədə ərin arvad üzərində səlahiyyəti var, vəftiz olunmuş oğul anasının başı deyil (Efes. 6:1, 2). Yığıncaqda ağsaqqalların bacılar və qardaşlar üzərində səlahiyyəti məhduddur (1 Salon. 5:12; İbr. 13:17). Bəs daha valideynləri ilə bir evdə yaşamayan subay bacı haqqında nə demək olar? O, yenə də valideynlərinə hörmət edəcək, amma artıq atasının başçılığı altında deyil. Eynilə, yığıncaqda o, ağsaqqallara hörmətlə yanaşacaq, amma yığıncaqdakı qardaşlar kimi, onun da bir başı var, o da Məsihdir.

Valideynləri ilə yaşamayan subaylar Məsihin başçılığı altındadırlar (8-ci abzasa baxın)

9. Nəyə görə bəzən bacılar başlarını örtməlidir?

9 Yehova yığıncaqda təlim vermək və ibadətin icrasına rəhbərlik etmək üçün kişiləri təyin edib. Qadınlara isə belə səlahiyyət verməyib (1 Tim. 2:12). Nəyə görə? Yığıncaqda nizam-intizamı qorumaq üçün. Axı Yehova kişinin də başı kimi İsa Məsihi təyin edib. Bu səbəbdən yaranan vəziyyətə görə bacı Yehovanın qardaşlara tapşırdığı işi icra edirsə, başını örtməlidir * (1 Kor. 11:4—7). Yehova bacılara bunu buyurmaqla onları alçaltmır, əksinə, istəyir ki, bu yolla bacılar Onun təsis etdiyi başçılıq quruluşuna hörmətlərini göstərə bilsinlər. Bunları nəzərə alaraq, gəlin növbəti sualın cavabını tapaq: Ailə başçılarının və ağsaqqalların səlahiyyəti hara qədərdir?

AİLƏ BAŞÇISININ VƏ AĞSAQQALIN SƏLAHİYYƏTİ

10. Nəyə görə bəzən ağsaqqalda yığıncaqda qaydalar qoymaq istəyi yarana bilər?

10 Ağsaqqallar Məsihi sevir, onlar həmçinin Yehovanın və İsanın onlara tapşırdığı quzuları da sevir (Yəh. 21:15—17). Ola bilər ki, ağsaqqal yaxşı niyyətdən irəli gələrək yığıncaqda atatək bir başçı olduğunu düşünsün. O fikirləşə bilər ki, əgər ailə başçısı ailəsini qorumaq üçün qaydalar qoyursa, ağsaqqal da Yehovanın quzularını qorumaq üçün yığıncaqda qaydalar qoya bilər. Hətta bəzən bacı-qardaşlar da ağsaqqalı buna təşviq edir, onların yerinə qərar verməyi xahiş edir. Bəs ağsaqqalla ailə başçısının səlahiyyəti eynidir?

Ağsaqqallar yığıncağın ruhani və emosional tələbatlarının qeydinə qalırlar. Yehova onlara yığıncağı əxlaqi cəhətdən təmiz saxlamaq məsuliyyəti verib (11 və 12-ci abzaslara baxın)

11. Ailə başçısı ilə ağsaqqalın vəzifəsində hansı oxşarlıqlar var?

11 Həvari Bulus göstərmişdi ki, ailə başçısı ilə ağsaqqalın vəzifəsi arasında müəyyən oxşarlıqlar var (1 Tim. 3:4, 5). Məsələn, Yehova istəyir ki, ailə üzvləri ailə başçısına itaət etsin (Kol. 3:20). Eynilə, Yehova yığıncağın da ağsaqqala itaət etməsini istəyir. Yehova həm ailə başçılarına, həm də ağsaqqallara buyurub ki, onların səlahiyyəti altında olanların ruhani sağlamlığının, həmçinin emosional tələbatlarının qeydinə qalsınlar. Həmçinin yaxşı ata kimi, ağsaqqal da yığıncaqdakı bacı-qardaşlara çətin anlarında kömək etməlidir (Yaq. 2:15—17). Bundan əlavə, Yehova həm ağsaqqallara, həm də ailə başçılarına buyurur ki, səlahiyyətləri altında olan kəslərə Müqəddəs Kitabdakı qanunları aşılasınlar və yazılanlardan kənara çıxmasınlar (1 Kor. 4:6).

Ailə başçılarına Yehova ailələrini idarə etmək səlahiyyətini verib. Yaxşı ailə başçısı qərar verməzdən öncə arvadı ilə məsləhətləşəcək (13-cü abzasa baxın)

12, 13. Romalılara 7:2 ayəsinə əsasən, ailə başçısı ilə ağsaqqalın vəzifəsi arasında hansı fərq var?

12 Ağsaqqalın və ailə başçısının vəzifəsi arasında əhəmiyyətli fərqlər də var. Məsələn, Yehova yığıncaqda hakim qismində ağsaqqalı təyin edib və tövbə etməyən günahkarı yığıncaqdan kənar etmək səlahiyyəti verib (1 Kor. 5:11—13).

13 Amma Yehova ağsaqqallara ailə başçısına verdiyi səlahiyyəti verməyib. Məsələn, ailədə qaydalar qoymaq və bu qaydalara əməl etməyənlərə qarşı ölçü götürmək ixtiyarı ailə başçısına məxsusdur. (Romalılara 7:2 ayəsini oxuyun.) Misal üçün, ailə başçısının uşaqlarının axşam evə saat neçədə gəlməli olduğunu təyin etməyə haqqı çatır. Həmçinin uşaqları bu qaydaları pozarlarsa, onları cəzalandırmağa da haqqı çatır (Efes. 6:1). Ailəsini sevən ailə başçısı bu kimi qərarları verməzdən öncə həyat yoldaşı ilə məsləhətləşəcək, axı onlar bir bədəndir * (Mət. 19:6).

YIĞINCAĞIN BAŞI OLAN MƏSİHƏ HÖRMƏT EDİN

İsa Yehovanın başçılığı altında yığıncağa rəhbərlik verir (14-cü abzasa baxın)

14. a) Mark 10:45 ayəsinə əsasən, nəyə görə Yehova haqlı olaraq İsanı yığıncağın başı təyin edib? b) Rəhbərlik Şurasının hansı məsuliyyəti var? (« Rəhbərlik Şurasının məsuliyyətinə nələr daxildir?» adlı çərçivəyə baxın.)

14 Yehova fidyə qurbanlığı vasitəsilə yığıncaqda olan hər kəsin, o cümlədən İsaya iman gətirən hər kəsin həyatını satın alıb. (Mark 10:45 ayəsini oxuyun; Həv. 20:28; 1 Kor. 15:21, 22.) Buna görə də Yehova haqlı olaraq öz canını qurban verən İsa Məsihi yığıncağın başı təyin edib. Bu səbəbdən İsanın ayrı-ayrılıqda hər kəslə bağlı, ailələrlə bağlı, bütün yığıncaqla bağlı qaydalar qoymağa və bu qaydalara əməl olunmasını gözləməyə haqqı çatır (Qal. 6:2). Amma İsa təkcə qaydalar qoymur. O həmçinin hər birimizin qeydinə qalır və əzizləyir (Efes. 5:29).

 

15, 16. Merli bacının və Benjamin qardaşın dediklərindən nə öyrənirsiniz?

15 Bacılar Məsihə hörmət etdiklərini necə göstərə bilər? Rəhbərlik etmək üçün təyin olunan qardaşların göstərişlərinə itaət etməklə. Birləşmiş Ştatlarda yaşayan Merli bacı bir çox bacının ürəyindən keçən fikri deyir: «Həm ailədə arvad kimi, həm də yığıncaqda bacı kimi üzərimə düşən məsuliyyəti qiymətləndirirəm. Yehovanın təsis etdiyi başçılıq quruluşuna hörmətlə yanaşmaq üçün daim üzərimdə işləyirəm. Həm ərim, həm də yığıncaqdakı qardaşlar mənə hörmət etdikləri və gördüyüm işləri qiymətləndirdikləri üçün onlara tabe olmaq mənə daha asandır».

16 Qardaşlar isə başçılıq quruluşunu düzgün başa düşdüklərini bacılara hörmət etməklə və onlara dəyər verməklə göstərirlər. İngiltərədə yaşayan Benjamin qardaş deyir: «Mən bacıların yığıncaqdakı şərhlərindən, daha səmərəli təbliğ etmək üçün, dərs keçmək üçün verdiyi məsləhətlərdən çox şey öyrənmişəm. Onlar çox böyük işlər görür».

17. Nəyə görə başçılıq prinsipinə hörmət etməliyik?

17 Yığıncaqda hər kəs — kişilər, qadınlar, ailə başçıları və ağsaqqallar başçılıq prinsipini başa düşüb, ona hörmət edəndə bütün yığıncaqda sülh hökm sürür. Ən əsası isə biz səmavi Atamız Yehovanın adını ucaldırıq (Zəb. 150:6).

NƏĞMƏ 123 Allahın qoyduğu nizama tabe olaq

^ abz. 5 Bacıların yığıncaqda rolu nədir? Yığıncaqda hər bir qardaş hər bir bacının başıdır? Ağsaqqallar və ailə başçıları eyni səlahiyyətə sahibdirlər? Məqalədə Allahın Kəlamı əsasında bu sualların cavabını araşdıracağıq.

^ abz. 5 «Gözətçi qülləsi»nin 2020-ci il sentyabr sayında dərc olunan «Məsihi qadınlara dayaq olun» adlı məqalənin 6-cı abzasına baxın.

^ abz. 9 « Bacı başını hansı hallarda örtməlidir?» adlı çərçivəyə baxın.

^ abz. 13 Ailənin hansı yığıncaqda xidmət edəcəyinə kimin qərar verməli olduğunu öyrənmək üçün «Gözətçi qülləsi»nin 2020-ci il avqust sayında dərc olunan «Yığıncaqda hər kəsə hörmət edin» adlı məqalənin 17—19 abzaslarına baxın.

^ abz. 56 «Yanında» deyiləndə həmçinin o nəzərdə tutulur ki, əri və ya vəftiz olunmuş qardaş yaxınlıqdadır, ola bilsin, başqa işlə məşğuldur, amma bacını görür və eşidir.

^ abz. 65 Rəhbərlik Şurasının məsuliyyəti ilə bağlı ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi»nin 2013-cü il 15 iyul sayının 20—25 səhifələrinə baxın.