Oxucuların sualları
Nəyə görə məsihilər elektron mesajlaşma tətbiqlərindən istifadə edərkən ehtiyatlı olmalıdır?
Məsihilər ailələri və dindaşları ilə əlaqə saxlamaq üçün müasir texnologiyadan istifadə edir. Əlbəttə ki, yetkin məsihi növbəti məsləhətə əməl etməyin vacibliyini unutmayacaq: «Uzaqgörən bəlanı duyub gizlənər, cahil isə qabağa gedib ziyan tapar» (Məs. 27:12).
Biz bilirik ki, Yehova bizi qorumaq istəyir. Buna görə də araya nifaq salan, yığıncaqdan kənar edilmiş və ya yalan təlimlər yayan insanlarla ünsiyyət etmirik (Rom. 16:17; 1 Kor. 5:11; 2 Yəh. 10, 11). Bəzi məsihilər və ya yığıncaqdakılarla ünsiyyəti olan digər insanlar Allahın qanunlarına uyğun davranmır (2 Tim. 2:20, 21). Dost seçimi zamanı biz bunu nəzərə alırıq. Amma mesajlaşma tətbiqlərindən istifadə edərkən yaxşı dostlar seçmək çətin ola bilər.
Xüsusilə də böyük messencer qruplarına qoşulmazdan öncə yaxşıca düşünməliyik ki, orada kimlərlə ünsiyyətdə olacağıq. Bəzi məsihilər bu cür qruplara daxil olub və bu, pis nəticə verib. Axı yüzlərlə və ya minlərlə insanın olduğu qruplarda məsihinin yetərincə ehtiyatlı olması nə dərəcədə mümkündür? Qrupda olan hər kəsin əslində kim olduğunu və ruhani vəziyyətinin necə olduğunu bilmək qeyri-mümkündür. Zəbur 26:4 ayəsində deyilir: «Yalançılarla oturub-durmuram, iç üzünü gizlədənlərə qaynayıb-qarışmıram». Məgər şəxsən tanıdığınız insanlarla yazışmaq hikmətli olmaz?
Hətta qrupda adamların sayı az olsa belə, məsihi diqqət yetirməlidir ki, o, yazışmaya nə qədər vaxt ayırır və qrupda mövzu nədən gedir. Məsihi elə düşünməməlidir ki, yazışmaya sərf etdiyi vaxtdan, yaxud da söhbətin nədən getməsindən asılı olmayaraq, qrupa yazılan mesajlara cavab verməlidir. Bulus Timutini xəbərdar etmişdi ki, dedi-qodu ilə məşğul olan, camaatın işinə qarışan kəslərdən özünü qorusun (1 Tim. 5:13). Biz də mesajlaşma tətbiqlərindən istifadə edən zaman bu xəbərdarlığı unutmamalıyıq.
Yetkin məsihi dindaşları haqqında tənqidi danışmayacaq və məxfi məlumatları yaymayacaq, həmçinin o, bu cür söhbətlərə qulaq asmayacaq (Zəb. 15:3; Məs. 20:19). Eynilə o, sensasiya yaradan və doğruluğuna əmin olmadığı məlumatları yaymaqdan da uzaq duracaq (Efes. 4:25). Bizim jw.org saytımızda və JW televiziyasının aylıq proqramlarında kifayət qədər ruhani qida və etibarlı xəbərlər yer alır.
Bəzi Yehovanın Şahidləri messencerlər vasitəsilə nəsə alır, satır, məhsullarını reklam edirlər və ya iş təklifi edirlər. Bunlar biznes məqsədli işlərdir. Yehovaya ibadətlə əlaqəsi yoxdur. Həyatında pulpərəstliyə yer vermək istəməyən məsihilər bacı-qardaşlardan maddi mənfəət üçün istifadə etməyəcək (İbr. 13:5).
Bəs mesajlaşma tətbiqləri vasitəsilə ehtiyacı olan və ya təbii fəlakətdən zərər çəkmiş dindaşlarımız üçün yardım toplamaq haqqında nə demək olar? Biz dindaşlarımızı sevirik, onlar bizim üçün əzizdir. Ona görə də çalışırıq ki, onlara dayaq olaq və ruhlandıraq (Yaq. 2:15, 16). Amma bunu böyük mesajlaşma qrupları vasitəsilə etməyə çalışsaq, filialın və yığıncağın daha yaxşı tədbirlər görməsinə çətinlik yarada bilərik (1 Tim. 5:3, 4, 9, 10, 16). Üstəlik, heç birimiz başqalarında elə təəssürat oyatmaq istəmərik ki, sanki Allahın sürüsünün qeydinə qalmaq üçün bizə xüsusi tapşırıq verilib.
Biz istəyirik ki, etdiyimiz hər şeydə Allah şərəflənsin (1 Kor. 10:31). Buna görə də mesajlaşma tətbiqlərindən və digər texnoloji vasitələrdən istifadə edərkən təhlükələri nəzərə alın və ehtiyatlı olun.