Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 23

Siz tək deyilsiniz, Yehova sizinlədir

Siz tək deyilsiniz, Yehova sizinlədir

«Yehova Onu çağıranlara... yaxındır» (ZƏB. 145:18).

NƏĞMƏ 28 Yehovanın dostu olaq

İCMAL *

1. Nəyə görə bəzən Yehovanın xidmətçiləri özlərini tənha hiss edir?

ÇOXUMUZ vaxtaşırı özümüzü tənha hiss edirik. Bəzilərimizdə bu hiss tez ötüb keçir, bəzilərimizdə isə yuva salıb. Hətta hərdən əhatəmizdə insanlar ola-ola da, özümüzü tənha hiss edirik. Kimisi yeni yığıncağa öyrəşə bilmir. Kimisi möhkəm bağları olan ailədə böyüyüb, buna görə də ailəsindən uzağa köçəndə özünü tənha hiss edir. Kimisi vəfat etmiş əzizi ilə birgə keçirdiyi günlər üçün darıxır. Bəzi məsihilərin isə, xüsusilə də həqiqətə təzə gələnlərin imanda olmayan ailə üzvləri və ya köhnə dostları onlardan üz döndərib və ya onları təqib edir.

2. Bu məqalədə hansı sualların cavabını tapacağıq?

2 Yehova bizimlə bağlı hər şeyi bilir və bizi başa düşür. O bizim tənhalıq hissi keçirdiyimizdən də agahdır və bizə kömək etmək istəyir. Yehova bizə necə kömək edir? Biz özümüzə necə kömək edə bilərik? Bəs yığıncağımızda özünü tənha hiss edən dindaşlarımıza necə kömək edə bilərik? Gəlin bu sualların cavabını bir-bir araşdıraq.

YEHOVANIN NƏZƏRİ ÜZƏRİNİZDƏDİR

Yehova mələyini göndərərək İlyası tək olmadığına əmin edir (3-cü abzasa baxın)

3. Yehova İlyasın vəziyyətinə biganə olmadığını necə göstərdi?

3 Yehova bütün xidmətçilərinin rifahı ilə yaxından maraqlanır. O, hər birimizə yaxındır. Bizim məyusluğa qapılmağımız Yehovanın nəzərindən yayınmır (Zəb. 145:18, 19). Gəlin İlyas peyğəmbəri yadımıza salaq. Yehova onun hisslərindən agah idi və ona kömək əli uzatdı. Bu mömin insan İsrail tarixinin çox ağır bir dönəmində yaşayırdı. Allaha düşmən kəsilmiş səlahiyyət sahibləri Onun xidmətçilərini amansızcasına təqib edirdi və İlyas onların əsas hədəfi idi (1 Pad. 19:1, 2). Üstəlik, İlyas düşünürdü ki, Yehovaya ibadət edən təkcə o qalıb və görünür, bu onu daha da ruhdan salırdı (1 Pad. 19:10). Yehova dərhal peyğəmbərinin dadına yetdi. Mələyini göndərib İlyası əmin etdi ki, o, tək deyil, Yehovaya hələ də sədaqətlə xidmət edən çoxlu israilli var (1 Pad. 19:5, 18).

4. Mark 10:29, 30 ayələrinə əsasən, Yehova yaxınlarının köməyindən məhrum olanlara necə qayğı göstərir?

4 Yehova bilir ki, bəzilərimiz Ona xidmət etməkdən ötrü böyük qurbanlar verməli oluruq. Bu qurbanlardan biri imanda olmayan ailə üzvlərinin və dostlarının köməyindən məhrum olmaqdır. Həvari Butrus narahat olduğu üçün bir dəfə İsadan soruşmuşdu: «Biz hər şeyi qoyub sənin ardınca gəldik. Bunun əvəzində nə alacağıq?» (Mət. 19:27). İsa şagirdlərini mehribanlıqla əmin etdi ki, onların böyük ruhani ailəsi olacaq. (Mark 10:29, 30 ayələrini oxuyun.) Bu ailənin başı olan Yehova söz verir ki, Ona xidmət edənlərdən köməyini əsirgəməyəcək (Zəb. 9:10). Gəlin görək özünüzü tənha hiss edən zaman Yehovanın köməyini almaq üçün nə edə bilərsiniz.

TƏNHALIQ HİSSİ İLƏ MÜBARİZƏ APARMAĞIN YOLLARI

5. Nəyə görə Yehovanın bizə dayaq olduğu barədə düşünməliyik?

5 Yehovanın sizə necə dayaq olduğu barədə düşünün (Zəb. 55:22). Onda görəcəksiniz ki, siz tək deyilsiniz. Karol * adlı subay bacının ailə üzvlərindən heç kəs həqiqətdə deyil. O deyir: «Arxaya baxanda və düşünəndə ki, Yehova mənə sınaqlar zamanı necə kömək edib, görürəm ki, mən tək deyiləm və bir daha əmin oluram ki, gələcəkdə də Yehova mənimlə olacaq».

6. 1 Butrus 5:9, 10 ayələri tənhalıqdan əziyyət çəkənləri necə ruhlandıra bilər?

6 Problemləri olan dindaşlarınıza Yehovanın dayaq olması barədə fikirləşin. (1 Butrus 5:9, 10 ayələrini oxuyun.) Ailədə uzun illərdir tək Yehovanın Şahidi olan Hiroşi qardaş deyir: «Yığıncağa baxanda aydın görünür ki, problemsiz adam yoxdur. Hər kəs Yehovaya xidmətdə əlindən gələni edir. Bunu görmək həqiqətdə tək olan bizləri çox ruhlandırır».

7. Dua sizə necə kömək edir?

7 İbadətinizə köklənin. Dua edib, nə hisslər keçirirsinizsə, hamısını Yehovaya danışın (1 But. 5:7). Masiel bacı Yehovaya xidmət etmək qərarına gələndə ailəsi ona dəstək olmadığına görə özünü tənha hiss edirdi. O deyir: «Tənhalığımla mübarizə aparmağa mənə əsas etibarilə Yehovaya hərarətlə dua etmək kömək oldu. Yehova mənə əsl Ata oldu, Ona hər gün dönə-dönə dua edirdim. Bütün hisslərimi Ona danışırdım».

Müqəddəs Kitabın və ona əsaslanan nəşrlərin audioyazısına qulaq asmaq tək olanlara özlərini tənha hiss etməməyə kömək edə bilər (8-ci abzasa baxın) *

8. Müqəddəs Kitabı oxumaq və düşünmək sizə necə kömək edir?

8 Allahın Kəlamını müntəzəm oxuyun, Yehovanın sizi sevdiyinə dəlalət edən ayələr üzərində düşünün. Ailə üzvlərindən həmişə yaralayıcı sözlər eşidən Bianka bacı deyir: «Müqəddəs Kitabdan və nəşrlərimizdən mənimkinə bənzər vəziyyətlərlə üzləşmiş Yehovanın sadiq xidmətçiləri haqda oxuyuram və özüm üçün nəticə çıxarıram. Bunun mənə böyük köməyi dəyir». Bəzi məsihilər Zəbur 27:10 və Əşiya 41:10 ayələri kimi xüsusilə ruhlandırıcı olan ayələri əzbərləyirlər. Digərləri diqqət yetirmişlər ki, yığıncağa hazırlaşanda və Müqəddəs Kitabı oxuyanda təlim nəşrlərinin audioyazılarına qulaq asmaq onlara özlərini tək hiss etməməyə kömək edir.

9. Yığıncaqda iştirak etməyin sizə hansı köməyi dəyir?

9 Yığıncaqlarda müntəzəm iştirak etmək üçün əlinizdən gələni edin. Həm yığıncağın proqramından ruhlanacaqsınız, həm də bacı-qardaşları yaxından tanıyacaqsınız (İbr. 10:24, 25). Bayaq adı çəkilən Masiel deyir: «Baxmayaraq ki, çox utancaq idim, qət etmişdim ki, heç bir yığıncağı buraxmayım və görüşlərdə şərhlər verim. Bu mənə kömək etdi ki, yığıncağa qaynayıb-qarışım».

10. Yığıncaqdakı bacı-qardaşlarla dostlaşmaq nəyə görə vacibdir?

10 Dindaşlarınızla dost olun. Nəsə öyrənə biləcəyiniz bacı-qardaşlarla dostlaşın. Onların sizinlə eyni yaşda və eyni millətdən olması vacib deyil. Müqəddəs Kitabda yazılıb ki, hikmət ahıllardadı (Əyy. 12:12). Ahıllar da yaşca kiçik olan sadiq məsihilərdən çox şey öyrənə bilər. Baxmayaraq ki, Davud Yonatandan yaşca çox kiçik idi, amma bu onlara dost olmağa mane olmadı (1 İşm. 18:1). Davudla Yonatan bir-birinə dayaq olurdu ki, çətinliklərə rəğmən, Yehovaya ibadət etsinlər (1 İşm. 23:16—18). Hal-hazırda ailəsində yeganə Yehovanın Şahidi olan İrina adlı bacı deyir: «Dindaşlarımız bizim üçün əsl ata, ana, bacı və ya qardaş ola bilər. Yehova onların vasitəsilə bizə ehtiyac duyduğumuz köməyi göstərə bilər».

11. Möhkəm dostluq münasibəti qurmaq üçün nə etmək lazımdır?

11 Yeni kəslərlə dostlaşmaq asan olmaya bilər, xüsusilə də utancağıqsa. Ratna adlı bacı çoxlu təqiblərə baxmayaraq, həqiqətə gəlmişdi. O, xasiyyətcə çox utancaqdır. Ratna deyir: «Qəbul etməliydim ki, ruhani ailəmin köməyinə ehtiyacım var». İnsana ürəyindəkiləri kiminləsə bölüşmək çətin ola bilər. Amma bu cür açıq ünsiyyət yaxın dostluğa aparır. Dostlarınız sizi ruhlandırmaq, sizə dəstək olmaq istəyir. Amma gərək bunu necə etməklə bağlı onlara kömək edəsiniz.

12. Xidmət bizə necə kömək edə bilər?

12 Bacı-qardaşlarla dostlaşmağın ən gözəl yollarından biri xidmətdə əməkdaşlıq etməkdir. Yuxarıda adı çəkilən Karol deyir: «Xidmətdə və digər ruhani işlərdə bacılarla vaxt keçirməyin sayəsində yaxşı dostluqlar qurmuşam. Yehova illər ərzində bu dostlar vasitəsilə mənə dayaq olub». Sadiq məsihilərlə dostluq qurmaq üçün zəhmət çəkməyə dəyər. Yehova bu dostlar vasitəsilə mənfi hisslərlə, məsələn, tənhalıqla mübarizə aparmağa kömək edir (Məs. 17:17).

ÖZLƏRİNİ TƏNHA HİSS EDƏNLƏRİN AİLƏSİ OLUN

13. Hər birimizin üzərinə hansı məsuliyyət düşür?

13 Biz çalışmalıyıq ki, yığıncaqda mehriban ab-hava yaradaq, bir-birimizə məhəbbət göstərək. Beləcə, heç kəs özünün tamamilə tək qaldığını hiss etməyəcək. Bu, hər birimizin məsuliyyətidir (Yəh. 13:35). Bizim hansısa sözümüz və ya hərəkətimiz təsəvvür belə etmədiyimiz qədər dindaşımızı ruhlandıra bilər. Bir bacı demişdi: «Mən həqiqəti öyrənəndə yığıncaq mənim ailəm oldu. Onların köməyi olmasaydı, Yehovanın Şahidi ola bilməzdim». Həqiqətdə tək olan dindaşınızın özünü yığıncağa yad hiss etməməsi üçün nə edə bilərsiniz?

14. Yenilərlə dostlaşmaq üçün nə edə bilərsiniz?

14 Dost əlini uzadın. Buna yığıncağa yeni gələnləri mehriban qarşılamaqla başlaya bilərsiniz (Rom. 15:7). Amma biz təkcə dostyana salamlaşmaq yox, tədricən möhkəm dostluq münasibəti qurmaq istəyirik. Ona görə də yenilərə qarşı mehriban, canıyanan olun. Şəxsi həyatlarına müdaxilə etmədən hansı problemlərlə üzləşdiklərini anlamağa çalışın. Ola bilsin, bəzilərinə hisslərini ifadə etmək çətindir. Buna görə onları danışmağa məcbur etməyin. Dostyana davranın, onların sıxılmadan cavab verə biləcəyi suallar verin və səbirlə qulaq asın. Məsələn, həqiqəti necə öyrəndiyini soruşa bilərsiniz.

15. Yetkin məsihilər yığıncaqdakılara necə kömək edə bilər?

15 Yetkin məsihilər, xüsusilə də ağsaqqallar yığıncaqdakı hər kəsin qeydinə qalanda hamı ruhani cəhətdən inkişaf edir. Melisa adlı bacını anası həqiqətdə böyüdüb. Melisa deyir: «İllər ərzində mənə ruhani ata olan qardaşlara nə qədər minnətdar olsam, azdır. Danışmağa ehtiyac duyanda bilirəm ki, məni dinləyəcək kimsə var». Maurisio adlı cavan qardaşa dərs keçən təbliğçi həqiqətdən gedəndə Maurisio özünü ruhən yetim hiss edirdi. O deyir: «Ağsaqqallar mənim qeydimə qaldı, bunun mənə böyük köməyi dəydi. Onlar tez-tez mənimlə söhbət edirdi, təbliğdə əməkdaşlıq edirdilər, fərdi mütaliələrindən tapdıqları inciləri bölüşürdülər, hətta birlikdə idman oyunları oynayırdıq». Həm Melisa, həm də Maurisio Yehovaya tamvaxtlı xidmət edir.

Yığıncaqda ən çox kimin sizin qayğınıza və onunla vaxt keçirməyinizə ehtiyacı var? (16—19 abzaslara baxın) *

16, 17. Başqalarına hansı sahələrdə əməli kömək göstərə bilərik?

16 Əməli kömək göstərin (Qal. 6:10). Leo adlı qardaş ailəsindən çox uzaq bir ölkədə xüsusi təyinatlı müjdəçi kimi xidmət edir. O deyir: «Çox vaxt insana yerində edilmiş sadə bir yaxşılıq elə onun ehtiyac duyduğu şey olur. Yadımdadır, bir dəfə avtomobil qəzasına düşmüşdüm. Birtəhər evə gəlib çıxdım, amma yaman dilxor vəziyyətdə idim. Sonra bir məsihi ər-arvad sadə süfrə açıb, məni birgə yemək yeməyə dəvət etdi. Nə yediyim yadımda deyil, amma onların mənə diqqətlə qulaq asmaları yaxşı yadımdadır. Bundan sonra xeyli rahatlaşdım».

17 Biz böyük toplantılarda və bu kimi digər ruhani tədbirlərdə olmağı çox xoşlayırıq. Əsasən ona görə ki, burada bacı-qardaşlarla birgə vaxt keçiririk, toplantı proqramı haqqında danışırıq. Amma görün yuxarıda adı çəkilən Karol nə deyir: «Toplantılarda iştirak etmək mənə xüsusilə çətindir. Çünki ətrafımda yüzlərlə, hətta minlərlə bacı-qardaş olsa da, hamısı öz ailəsinin yanındadır, bunu görəndə mən özümü daha da tənha hiss edirəm». Bir başqalarına isə həyat yoldaşlarını itirəndən sonra ilk dəfə toplantıya tək getmək çox çətin olur. Bu cür çətinlikləri olan kimisə tanıyırsınız? Ona təklif edə bilərsiniz ki, növbəti ruhani tədbirdə sizin ailənizlə birgə olsun?

18. Qonaqpərvərlik göstərərkən 2 Korinflilərə 6:11—13 ayələrini necə tətbiq edə bilərik?

18 Birgə vaxt keçirin. Müxtəlif bacı-qardaşlarla, xüsusilə də özlərini tək hiss edənlərlə birgə vaxt keçirin. Ürəyimizi əsas etibarilə bu cür bacı-qardaşlar üçün geniş açmalıyıq. (2 Korinflilərə 6:11—13 ayələrini oxuyun.) Bayaq adı çəkilən Melisa deyir: «Dostlarımız bizi evlərinə qonaq çağıranda, birgə istirahətə getməyi təklif edəndə bizə xoş olurdu». Bəs siz yığıncağınızda kimə qonaqpərvərlik göstərə bilərsiniz?

19. Dindaşlarımız, əsasən, nə zaman onlarla vaxt keçirməyimizə ehtiyac duya bilər?

19 Elə günlər ola bilər ki, dindaşımız bizimlə vaxt keçirməyə daha çox ehtiyac duysun. Bəzilərinə imanda olmayan ailə üzvlərinin bayram keçirdiyi vaxtlar çox çətin olur. Bəziləri üçün isə ilin hansısa günləri, məsələn, yaxınlarını itirdikləri gün çox ağırdı. Bu cür çətinliklə üzləşən dindaşımızla vaxt keçirəndə can-dildən onun qeydinə qaldığımızı göstəririk (Filip. 2:20).

20. Özümüzü tənha hiss edəndə İsanın Mətta 12:48—50 ayələrindəki sözləri bizə necə kömək edə bilər?

20 Məsihilərin bəzən özlərini tənha hiss etmələrinin bir çox səbəbi ola bilər. Amma unutmamalıyıq ki, Yehova bizim bu cür hisslər keçirməyimizdən yaxşı agahdır. O bizə lazımi köməyi göstərir və bunu əksər vaxt dindaşlarımız vasitəsilə edir. (Mətta 12:48—50 ayələrini oxuyun.) Biz də ruhani ailəmizə dayaq olmaq üçün əlimizdən gələni edəndə Yehovanın bu hədiyyəsinə minnətdarlığımızı göstərmiş oluruq. Bəzən özümüzü tənha hiss etsək də, biz heç zaman tək deyilik, Yehova həmişə bizimlədir!

NƏĞMƏ 46 Yehova, Sənə şükr olsun

^ abz. 5 Bəzən özünüzü tənha hiss edirsiniz? Əmin olun ki, belə anlarda Yehova sizin nələr yaşadığınızı yaxşı bilir və sizə lazımi köməyi göstərməyə hazırdır. Bu məqalədən öyrənəcəyik ki, tənhalıq hissi ilə necə mübarizə apara bilərsiniz və özünü tənha hiss edən bacı-qardaşlara necə dayaq ola bilərsiniz.

^ abz. 5 Bəzi adlar şərtidir.

^ abz. 60 ŞƏKLİN İZAHI: Qardaşın həyat yoldaşı vəfat edib. Qardaşa Müqəddəs Kitabın və təlim nəşrlərinin audioyazısına qulaq asmaq çox kömək edir.

^ abz. 62 ŞƏKLİN İZAHI: Qardaş qızı ilə birlikdə yığıncaqlarından olan yaşlı qardaşı ziyarət edir, onlar qardaşa xeyirxahlıq göstərir.