Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Həvari Bulus «qanunun vasitəsilə qanun üçün öldüm» deyəndə nəyi nəzərdə tuturdu? (Qal. 2:19).

Bulus yazmışdı: «Mən qanunun vasitəsilə qanun üçün öldüm ki, Allah üçün yaşaya bilim» (Qal. 2:19).

Həvari Bulusun bu sözləri Roma əyaləti olan Qalatiya yığıncağına başa salmaq istədiyi fikirlə bağlı idi. Oradakı bəzi məsihilər yalançı müəllimlərin təsiri altında idilər. Bu adamlar öyrədirdi ki, xilas olunmaq üçün Musanın qanunundakı tələblərə əməl etmək lazımdır, xüsusilə də sünnət olunmaq tələbinə. Bulus bilirdi ki, Allah imanlılardan daha sünnət olunmağı tələb etmir. O, əsaslı dəlillər gətirərək bu təlimlərin yalan olduğunu isbat etdi və bacı-qardaşların fidyə qurbanlığına imanını möhkəmləndirdi (Qal. 2:4; 5:2).

Bulus onlara «qanun üçün öldüm» deyir. O bununla nəyi nəzərdə tuturdu? Müqəddəs Kitabda aydın deyilir ki, insan öləndə hər şeydən bixəbər olur və ətrafda olan heç bir şeyin ona təsiri olmur (Vaiz 9:5). Beləliklə, Bulus bu sözlərlə demək istəyirdi ki, Musanın qanununun artıq onun üzərində heç bir hökmü yoxdur. O əmin idi ki, fidyə qurbanlığına imanı sayəsində «Allah üçün yaşaya» bilir.

Bulusdakı bu dəyişiklik «qanunun vasitəsilə» baş verdi. Hansı mənada? Bulus əvvəldə izah etmişdi ki, «insan qanunun tələblərini icra etməklə yox, yalnız Məsih İsaya olan iman sayəsində saleh sayılır» (Qal. 2:16). Düzdür, Musanın qanunu vacib məqsədə xidmət etmişdi. Bulus bunu qalatiyalılara belə izah etmişdi: «Qanun vədi almış övlad gələnə kimi günahları aşkar etmək üçün əlavə edildi» (Qal. 3:19). Bəli, Qanun aydın şəkildə göstərdi ki, qeyri-kamil, günahlı insanlar ona mükəmməl şəkildə riayət edə bilməzlər və onların birdəfəlik verilmiş mükəmməl qurbana ehtiyacları var. Beləliklə, qanun insanları «övlada», yəni Məsihə doğru aparırdı. İsaya iman gətirən kəs Allahın qarşısında saleh sayıla bilərdi (Qal. 3:24). Bulus da Qanun vasitəsilə İsanı qəbul etdiyi və ona iman gətirdiyi üçün saleh sayılırdı. Beləcə, o, «qanun üçün öldü», «Allah üçün yaşaya» bildi. Artıq onun üzərində Musanın qanununun yox, Allahın hökmü var idi.

Bulus buna bənzər fikri romalılara yazdığı məktubunda vurğulamışdı. «Qardaşlarım, siz də Məsihin bədəni vasitəsilə Qanun üçün öldünüz... Biz Qanunun tabeliyindən azad edilmişik və əl-qolumuzu bağlayan Qanun üçün ölmüşük» (Rom. 7:4, 6). Həm bu ayələrdən, həm də Qalatiyalılara 2:19 ayəsindən görmək olar ki, Bulus Qanunun tabeliyində məhkum olmuş günahkar kimi ölməkdən danışmır. Əksinə, Bulus açıq şəkildə azad olunmaq barədə danışırdı. Qanunun nə onun, nə də onun kimi Məsihin fidyə qurbanlığına iman sayəsində azad olunmuş digər məsihilərin üzərində heç bir hökmü yox idi.