Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 24

Şeytanın torlarından azad ola bilərsiniz!

Şeytanın torlarından azad ola bilərsiniz!

İblisin əlindən azad olun (2 TİM. 2:26).

NƏĞMƏ 36 Ürəyimizi qoruyaq

İCMAL *

1. Nəyə görə Şeytanı ovçuya bənzətmək olar?

OVÇUNUN bir amalı olur: şikarını tutmaq və ya öldürmək. O bunun üçün müxtəlif tələlərdən və torlardan istifadə edir. Əyyubun saxta dostlarından biri də bu haqda danışmışdı (Əyy. 18:8—10). Ovçu şikarını tələyə salmağa necə nail olur? O, həmin heyvanı yaxşıca müşahidə edir: o, haralarda olur, nələri xoşlayır, nə cür tələlər onun üçün gözlənilməz olar. Şeytan da bu cür ovçudur. O bizi müşahidə edir: hara gedirik, nəyə marağımız var. Sonra ağlımıza gəlməyəcəyini düşündüyü bir tələ qurur. Amma Müqəddəs Kitabda deyilir ki, işdir, onun toruna düşsək, oradan azad ola bilərik. Həmçinin Müqəddəs Kitabdan öyrənirik ki, bu kimi torlara ümumiyyətlə düşməmək üçün nə edə bilərik.

Qürur və tamahkarlıq Şeytanın ən uğurlu tələlərindən ikisidir (2-ci abzasa baxın) *

2. Şeytanın ən uğurlu tələlərindən ikisi hansıdır?

2 Şeytanın istifadə etdiyi ən uğurlu tələlərdən ikisi qürur tamahkarlıqdır *. Şeytan bu mənfi xüsusiyyətlərdən min illərdir istifadə edir. O, ovçutək şikarını tələyə, yaxud tora salır (Zəb. 91:3). Amma Şeytanın tələsinə düşməmək mümkündür. Çünki Yehova bizi Şeytanın fəndlərindən agah edir (2 Kor. 2:11).

Xəbərdarlıq məqsədi ilə yazılmış nümunələrdən öyrənirik ki, Şeytanın tələlərindən azad olmaq və ya onlara ümumiyyətlə düşməmək mümkündür (3-cü abzasa baxın) *

3. Yehova Müqəddəs Kitabda bəzi nümunələri nə üçün yazdırıb?

3 Yehova real hadisələr əsasında bizə qürur və tamahkarlığın necə təhlükəli olduğunu öyrədir. İndi bu kimi hadisələrdən bəzilərini nəzərdən keçirəcəyik. Diqqət yetirin, Şeytan Yehovanın hətta yetkin xidmətçilərini necə yoldan çıxarmışdı. Amma əlbəttə, bu, o demək deyil ki, Şeytanın tələlərindən qaçmaq mümkün deyil. Yehova bu nümunələri Müqəddəs Kitaba bizə «xəbərdarlıq məqsədilə» yazdırıb (1 Kor. 10:11). Yehova bilir ki, biz onlardan dərs götürüb, Şeytanın tələlərindən qurtula və ya onlara ümumiyyətlə düşməyə bilərik.

QÜRUR TƏLƏDİR

(4-cü abzasa baxın)

4. Qürurlu olsaq, aqibətimiz necə olar?

4 Şeytan istəyir ki, biz qürurlu insan olaq. O bilir ki, biz qürrələnsək, onun kimi olacağıq və əbədi yaşamaq imkanını itirəcəyik (Məs. 16:18). Bulus xəbərdar etmişdi ki, insan ehtiyatlı olmasa, «qürrələnib İblisə çıxarılmış hökmə düçar» olar (1 Tim. 3:6, 7). Bu, hər birimizlə baş verə bilər, fərqi yoxdur həqiqətdə yeniyik, yoxsa uzun illərdir Yehovaya xidmət edirik.

5. Vaiz 7:16, 20 ayələrinə əsasən, insanın qürurlu olduğu özünü nədə büruzə verə bilər?

5 Qürur bir növ xudbinlikdir. Şeytanın məqsədi odur ki, biz xudbin olaq, Yehovadan çox özümüz haqda fikirləşək, xüsusilə də problemlərlə üzləşəndə. Məsələn, olubmu ki, sizi haqsız yerə ittiham etsinlər, yaxud sizinlə ədalətsiz davransınlar? Bu zaman Yehovanı və ya təşkilatı günahlandırsaq, bu, Şeytanın ürəyindən olar. Şeytan istəyir ki, problemimizi həll etmək üçün Yehovanın Kəlamı vasitəsilə verdiyi məsləhətlərə əməl etməyək, öz bildiyimiz kimi davranmağın yeganə çıxış yolu olduğunu düşünək. (Vaiz 7:16, 20 ayələrini oxuyun.)

6. Niderlanddan olan bacıdan nə öyrənirik?

6 Niderlanddan olan bir bacımız başqalarının səhvlərini görüb çox qıcıqlanırdı. O, bu vəziyyətə dözə bilmir və onlarla münasibətini kəsmək qərarına gəlir. Bacı deyir: «Özümü yalqız hiss edirdim və onları da bağışlamağı bacarmırdım. Yoldaşıma dedim ki, başqa yığıncağa keçməliyik». Sonra bacı JW televiziyasında 2016-cı ilin mart ayının proqramına baxdı. Orada başqalarının qeyri-kamilliyinə necə yanaşmaqla bağlı məsləhətlər yer alırdı. Bacı deyir: «Mən başa düşdüm ki, yığıncaqdakı bacı-qardaşları dəyişməyə çalışmaqdansa, dürüst və təvazökar olub, öz səhvlərimə nəzər yetirməliyəm. Həmin aylıq proqram mənə diqqətimi Yehovaya və Onun ali hakimiyyətinə cəmləməyə kömək etdi». Buradan hansı nəticəni çıxara bilərik? Çətinliklərlə üzləşən zaman fikrinizi Yehovaya kökləyin. Ona yalvarın ki, başqalarına Onun kimi baxmağınıza kömək etsin. Yehova onların səhvini görür, amma bağışlamağa hazırdır. İstəyir ki, siz də belə davranasınız (1 Yəh. 4:20).

(7-ci abzasa baxın)

7. Üziyyə padşahla nələr baş vermişdi?

7 Qürur Yəhuda padşahı Üziyyənin məsləhəti rədd etməsinə və özbaşınalıq etməsinə gətirib çıxartdı. O, bacarıqlı insan idi, hərbi yürüşlərdə, tikinti layihələrində və təsərrüfat sahəsində böyük nailiyyətlər əldə etmişdi. «Allah onun işini avand edirdi» (2 Saln. 26:3—7, 10). «Amma o, güclənəndə qürurlandı və bu qürur onu uçuruma apardı». Yehova hələ lap çoxdan buyurmuşdu ki, məbəddə yalnız kahin buxur təqdim edə bilər. Amma Üziyyə padşah özbaşınalıq edib, buxur təqdim etmək üçün məbədə daxil oldu. Bu, Yehovaya acıq getdi və bu qürurlu insanı cüzama mübtəla etdi. Üziyyə ömrünün axırınadək cüzamlı qaldı (2 Saln. 26:16—21).

8. 1 Korinflilərə 4:6, 7 ayələrinə əsasən, ürəyimizdə qürurun baş qaldırmaması üçün nə edə bilərik?

8 Ola bilərmi ki, biz də, Üziyyə kimi, qürur tələsinə düşək? Gəlin Xose adlı qardaşın başına gələnlərdən danışaq. O, çox uğurlu biznesmen idi. Yığıncaqda da sayılıb-seçilən bir ağsaqqal idi. O, böyük toplantılarda çıxışlar edirdi. Rayon nəzarətçiləri onunla məsləhətləşirdi. «Amma mən öz bacarığıma, öz təcrübəmə güvənirdim», — deyə o etiraf edir və sözünə davam edir: «Yehova yaddan çıxmışdı. Düşünürdüm ki, güclüyəm. Ona görə də Yehovanın verdiyi məsləhətləri və xəbərdarlıqları qulaqardına vururdum». Xose ciddi günah işlədi və yığıncaqdan kənar edildi. Bir neçə il bundan öncə o bərpa olunub. İndi Xose deyir: «Yehova mənə öyrətdi ki, önəmli olan Onun buyruqlarına əməl etməyimizdir, hansısa mövqe sahibi olmağımız yox». Gəlin unutmayaq ki, istənilən qabiliyyəti, yığıncaqda aldığımız istənilən məsuliyyəti bizə Yehova verib. (1 Korinflilərə 4:6, 7 ayələrini oxuyun.) Qürurlu olsaq, Yehova üçün yararsız olacağıq.

TAMAHKARLIQ TƏLƏDİR

(9-cu abzasa baxın)

9. Tamahkarlıq Şeytanı və Həvvanı nəyə sürüklədi?

9 Tamahkarlıq haqda düşünəndə ağlımıza ilk gələn Şeytan İblis olur. O, Yehovanın mələyi idi. Sözsüz ki, onun çoxlu məsuliyyətləri var idi. Amma Şeytan daha artığını arzuladı. O istəyirdi ki, ona ibadət olunsun. Halbuki ibadət yalnız Yehovaya olunmalıdır. Şeytan bizi də özünə oxşatmağa çalışır. O istəyir ki, biz sahib olduğumuz şeylərə qane olmayaq. O, ilk dəfə buna Həvva ilə danışanda cəhd etmişdi. Yehova həm Həvvanı, həm də Adəmi bolluca qida ilə təmin etmişdi. Bir ağacdan başqa, «bağdakı bütün ağacların meyvəsindən» yeməyə icazə vermişdi (Yar. 2:16). Amma Şeytan Həvvaya təlqin etdi ki, o, qadağan olunmuş ağacın da meyvəsindən yeməlidir. Həvva da Şeytana uyub, sahib olduğu şeylərə qane olmadı, daha artığını arzuladı. Biz yaxşı bilirik bu nə ilə nəticələndi. Həvva günah işlədi və ölümə məhkum olundu (Yar. 3:6, 19).

(10-cu abzasa baxın)

10. Tamahkarlıq Davud üçün necə tələ oldu?

10 Yehova Davudun başından bol-bol nemətlər tökmüşdü. Ona var-dövlət, padşahlıq nəsib etmiş, müharibələrdə qələbə qazandırmışdı. Davud bütün bunlara görə çox minnətdar idi. O demişdi ki, Yehovanın verdiyi nemətləri sayıb qurtara bilmir (Zəb. 40:5). Amma sonradan Davud tamahkarlıq etdi və Yehovanın ona verdiklərindən daha artığını istədi. Baxmayaraq ki, onun çoxlu arvadı var idi, başqasının arvadına tamah saldı. Bu qadın Badsəba idi. Onun yoldaşı het Uryay idi. Davud xudbin davranıb Badsəba ilə yaxınlıq etdi və qadın hamilə qaldı. Hələ bu azmış kimi, Uryayı da öldürtdü (2 İşm. 11:2—15). Görəsən, Davud nə düşünürdü? Fikirləşirdi ki, Yehova onu görmür? O, uzun müddət Yehovaya sədaqətlə xidmət etsə də, tamahkarlığın qurbanı oldu və bu ona baha başa gəldi. Yaxşı ki, Davud günahını etiraf edib tövbə etdi. Görün o, yenidən Yehovanın rəğbətini qazandığı üçün necə minnətdar idi! (2 İşm. 12:7—13).

11. Efeslilərə 5:3, 4 ayələrinə əsasən, tamahkarlığa üstün gəlməyə nə kömək edə bilər?

11 Davudla baş verənlərdən nə öyrənirik? Öyrənirik ki, Yehovanın bizə verdiyi hər şeyə görə həmişə minnətdar olsaq, tamahkarlığa üstün gələ biləcəyik. (Efeslilərə 5:3, 4 ayələrini oxuyun.) Nəyimiz varsa, ona qane olmalıyıq. Müqəddəs Kitabı yeni öyrənənlərə məsləhət görülür ki, Yehovanın verdiyi bir nemət üzərində düşünsünlər və buna görə Ona minnətdarlıqlarını bildirsinlər. Deməli, insan həftə ərzində hər gün bunu etsə, həftənin sonunda yeddi müxtəlif mövzu haqqında dua etmiş olacaq (1 Salon. 5:18). Bəs siz hər gün nəyəsə görə Yehovaya minnətdar olursunuz? Əgər Yehovanın sizin üçün etdiyi hər şey barədə düşünsəniz, onda ürəyiniz şükran hissi ilə dolub-daşacaq. Ürəyinizdə şükran hissi olsa, sahib olduqlarınıza qane olacaqsınız. Qane olanda isə tamahkar olmayacaqsınız.

(12-ci abzasa baxın)

12. Tamahkar olduğu üçün Yəhuda İskəryut nə etdi?

12 Tamahkarlıq Yəhuda İskəryutu mənfur, xain bir insana çevirdi. Amma o, başlanğıcda belə insan deyildi (Luka 6:13, 16). İsa onu həvari seçmişdi. Nəzərə alsaq ki, İsa ona pul qutusu tapşırmışdı, deməli, o, bacarıqlı və etibarlı insan idi. İsa və həvariləri bu puldan təbliğ zamanı yaranan ehtiyacları üçün istifadə edirdilər. Bir növ, bu, bu gün ümumdünya işi üçün edilən ianələrə bənzəyirdi. Bir müddət sonra Yəhuda oğurluq etməyə başladı. Halbuki, o, İsanın dəfələrlə tamahkarlıq haqda etdiyi xəbərdarlığı eşitmişdi (Mark 7:22, 23; Luka 11:39; 12:15). Amma Yəhuda bu xəbərdarlıqları qulaqardına vurmuşdu.

13. Yəhudanın tamahkar olduğu nə zaman üzə çıxdı?

13 Yəhudanın ürəyində tamahkarlığın baş qaldırdığı İsanın ölümündən bir müddət əvvəl baş verən bir hadisədə üzə çıxdı. İsa və şagirdləri, o cümlədən Məryəm və bacısı Marta cüzamlı Şimonun evində qonaq idilər. Yemək zamanı Məryəm ayağa qalxıb, İsanın başına ətirli yağ tökdü. Bu, çox bahalı yağ idi. Bu, Yəhudanın və orada oturan şagirdlərin xoşuna gəlmədi. Bəlkə də, şagirdlər düşünürdü ki, bu pulları xidmətdə sərf etsə idilər, daha yaxşı olardı. Amma Yəhudanın dərdi başqa idi. O, «oğru olduğu üçün» qutuya atılan pulları oğurlamaq istəyirdi. Hətta daha sonra tamah Yəhudaya o qədər güc gəldi ki, İsanı qul qiymətinə satdı (Yəh. 12:2—6; Mət. 26:6—16; Luka 22:3—6).

14. Bir ər-arvad Luka 16:13 ayəsindəki məsləhətə necə əməl etdi?

14 İsa davamçılarına vacib bir həqiqəti xatırlatmışdı: «Siz həm Allahın, həm də var-dövlətin nökəri ola bilməzsiniz». (Luka 16:13 ayəsini oxuyun.) Bu həqiqət dəyişməyib. Görün Rumıniyadan olan bir ər-arvad İsanın bu sözlərinə necə əməl etdi. Onlara yaşayış səviyyəsi yüksək olan bir ölkədə müvəqqəti olaraq işləmək təklif olundu. Onlar deyir: «Bizim banka çoxlu borcumuz var idi. Əvvəlcə elə düşündük ki, bu iş Yehovadandır». İntəhası, bu iş onların Yehovaya xidmətinə əngəl olacaqdı. Onlar «Gözətçi qülləsi»nin 2008-ci il 15 avqust sayında yerləşən «Səmimi-qəlbdən sadiq qal» adlı məqaləni oxuyandan sonra qərarlarını verdilər. Onlar deyir: «Əgər biz başqa ölkəyə daha çox pul qazanmaq niyyəti ilə köçürüksə, onda Yehova ilə münasibətlərimiz ikinci dərəcəli olacaq. Yaxşı başa düşürdük ki, ruhaniliyimiz zəifləyəcək». Onlar bu iş təklifindən imtina etdilər. Bəs sonra nə oldu? Qardaş öz ölkəsində iş tapdı və onun qazancı ehtiyaclarını ödəməyə bəs edirdi. Bacı deyir: «Yehova xidmətçilərinin dadına çatmağa qadirdir». Bu ər-arvad pulu yox, Yehovanı öz Ağaları etdikləri üçün çox xoşbəxtdirlər.

ŞEYTANIN TƏLƏLƏRİNDƏN QAÇIN

15. Şeytanın tələlərindən azad olmağın mümkün olduğuna nəyə görə əminik?

15 Bəs əgər görsək ki, bizdə tamahkarlıq və qürur baş qaldırıb, nə etməliyik? Bu tələlərdən qurtulmaq mümkündür! Bulus demişdi ki, İblisin toruna diri-diri düşəriksə belə, onun əlindən azad ola bilərik (2 Tim. 2:26). Belə ki, Davud Natanın məzəmmətinə qulaq asdı, tamahkarlıq etdiyinə görə tövbə etdi və Yehova ilə münasibətlərini bərpa etdi. Heç vaxt unutmayın ki, Yehova Şeytandan qüdrətlidir. Odur ki, Yehovanın köməyini qəbul etsək, Şeytanın qurduğu istənilən tələdən azad ola bilərik.

16. Şeytanın tələlərinə düşməməyə bizə nə kömək edə bilər?

16 Əlbəttə, daha yaxşı olar ki, Şeytanın tələlərinə ümumiyyətlə düşməyək. Bu, yalnız Yehovanın köməyi ilə mümkündür. Amma gərək özümüzə arxayın olmayaq! Hətta Yehovaya uzun müddət xidmət edən insanların ürəyində qürur və tamahkarlıq baş qaldırıb. Buna görə hər gün Yehovaya dua edib yalvarın ki, düşüncənizi və hərəkətlərinizi yoxlamağa sizə kömək etsin (Zəb. 139:23, 24). Əlinizdən gələni edin ki, heç vaxt qürurlu və tamahkar insan olmayasınız!

17. Tezliklə düşmənimiz İblislə nə baş verəcək?

17 Şeytan min illərin ovçusudur. Amma tezliklə o, buxovlanacaq, sonda isə məhv ediləcək (Vəhy 20:1—3, 10). Biz həmin günü həsrətlə gözləyirik. O vaxta qədər isə gəlin Şeytanın tələlərinə düşməmək üçün gözümüzü dörd açaq. Var gücünüzlə çalışın ki, qürur və tamahkarlıq sizə hakim kəsilməsin. «İblisə müqavimət göstərin və o, sizdən qaçacaq» (Yaq. 4:7).

NƏĞMƏ 127 Necə insan olmalıyam?

^ abz. 5 Şeytan mahir bir ovçuya bənzəyir. O, hər birimizi tələyə salmaq istəyir. Yehovaya neçə müddətdir xidmət etməyimizdən asılı olmayaraq, hər birimiz Şeytanın hədəfiyik. Bu məqalədə öyrənəcəyik ki, Şeytan Allahla münasibətlərimizi korlamaq üçün qürur və tamahkarlıqdan necə istifadə edir. Həmçinin qürur və tamahkarlıq tələsinə düşən insanlardan danışacağıq. Üstəlik, öyrənəcəyik ki, bu tələlərə düşməmək üçün biz nə edə bilərik.

^ abz. 2 BƏZİ İFADƏLƏRİN İZAHI. Bu məqalədə qürur deyildikdə mənfi xüsusiyyət, insanın özünü başqalarından üstün tutması nəzərdə tutulur. Tamahkarlıq sözü altında isə insanın pula, səlahiyyətə, cinsi münasibətə və sairə şeylərə ifrat arzusu nəzərdə tutulur.

^ abz. 53 ŞƏKLİN İZAHI: Qürur qardaşa hikmətli məsləhəti qəbul etməyə mane olur. Bacının çox şeyi var, amma yenə də nəsə almaq istəyir.

^ abz. 55 ŞƏKLİN İZAHI: Həm mələkdə, həm də padşah Üziyyədə qürur baş qaldırmışdı. Həvvanın, Davudun və Yəhuda İskəryutun ürəyində tamahkarlıq yarandı: Həvva qadağan olunmuş ağacın meyvəsindən yedi, Davud Badsəba ilə zina etdi, Yəhuda İskəryut pul oğurladı.