Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 27

Yehova Allah — ən ali dözüm nümunəsi

Yehova Allah — ən ali dözüm nümunəsi

«Dözümlə həyatınızı xilas edəcəksiniz» (LUKA 21:19).

NƏĞMƏ 114 «Səbirli olun»

İCMAL *

1, 2. Yehovanın Əşiya 65:16, 17 ayələrində yazılan sözləri bizə təslim olmamağa necə kömək edir?

«TƏSLİM OLMA!» 2017-ci ilin regional toplantısı belə adlanırdı. Bu möhtəşəm toplantıdan üzləşdiyimiz sınaqlara tap gətirməyin yollarını öyrəndik. O vaxtdan bəri dörd il keçib. Biz hələ də bu dünyada çoxlu problemlərə dözməli oluruq.

2 Təzəlikcə hansı problemlə üzləşmisiniz? Bu, müxtəlif problemlər ola bilər. Ola bilsin, ailə üzvünüz və ya yaxın dostunuz vəfat edib. Ağır xəstəliklə çarpışırsınız. Qocalığın özü ilə gətirdiyi çətinliklərlə üzləşirsiniz. Təbii fəlakətin və ya zorakılığın qurbanı olmusunuz. Təqiblərə məruz qalırsınız. Yaxud hansısa xəstəlik ucbatından, məsələn, COVID-19 pandemiyasının vurduğu zərərə görə əziyyət çəkirsiniz. Hamımız problemlərimizin arxada qalacağı, unudulacağı və bir daha olmayacağı günü həsrətlə gözləyirik! (Əşiya 65:16, 17 ayələrini oxuyun.)

3. Hal-hazırda nə etməliyik və nəyə görə?

3 Bu dünyada həyat çox ağırdır. Ola bilsin, gələcəkdə daha ağır çətinliklərlə üzləşəcəyik (Mət. 24:21). Aydındır ki, daha da dözümlü olmağı öyrənməliyik. Çünki İsa Məsih demişdi: «Dözümlə həyatınızı xilas edəcəksiniz» (Luka 21:19). Bizim kimi eyni çətinliklərə dözənlərin nümunəsi dözümümüzü gücləndirə bilər.

4. Nəyə görə Yehova ən gözəl dözüm nümunəsidir?

4 Dözüm göstərməkdə ən gözəl nümunə kimdir? Yehova Allah. Cavab sizi təəccübləndirdi? Ola bilsin, hə. Amma bir az düşünsək, görərik ki, bu, doğrudan da, belədir. Bu dünya Şeytanın hakimiyyəti altındadır və problemlərlə doludur. Yehova bir anın içində bu dünyadakı pisliklərə son qoymağa qadirdir. Amma O, təyin etdiyi vaxtı gözləyir (Rom. 9:22). O vaxta qədər isə dözüm göstərir. Gəlin Yehovanın dözüm göstərdiyi doqquz sahəyə nəzər salaq.

YEHOVA NƏLƏRƏ DÖZÜR?

5. Yehovanın adına hansı qaralar yaxılır və siz buna görə hansı hissləri keçirirsiniz?

5 Adına qara yaxılmasına dözür. Yehova adını sevir və istəyir ki, hər kəs Onun adına hörmətlə yanaşsın (Əşy. 42:8). Amma təxminən altı min ildir ki, Onun adına qara yaxılır (Zəb. 74:10, 18, 23). Bu, Ədən bağından başladı. İblis (mənası «böhtançı») iddia etdi ki, Allah Adəmlə Həvvanı onların xoşbəxtliyi üçün lazım olan şeydən məhrum edir (Yar. 3:1—5). Ta o vaxtdan Yehova haqsız ittihamlara məruz qalır, guya insanları zəruri şeylərdən məhrum edir. Atasının adına atılan böhtanlar İsa Məsihi çox narahat edirdi. Buna görə də o, şagirdlərinə belə dua etməyi buyurmuşdu: «Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun» (Mət. 6:9).

6. Nəyə görə Yehova hakimiyyətinin bəraət qazanması üçün xeyli vaxt verib?

6 Çoxlarının Onun hakimiyyətinə qarşı çıxmasına dözür. Yeri və göyü idarə etməyə yalnız Yehovanın ixtiyarı çatır və Onun idarəetmə tərzi mükəmməldir (Vəhy 4:11). İblis isə çalışır ki, mələkləri və insanları aldatsın, Allahın hakimiyyət sürməyə haqqı çatmadığına inandırsın. Yehovanın hakimiyyət sürməyə layiq olduğunun sübuta yetirilməsi bir günün içində həll olunası məsələ deyil. Buna görə də hikmətli Allah Yehova kifayət qədər vaxt verib. Bu vaxt ərzində insanlar aydın şəkildə görə bilərdilər ki, insanın Yaradandan azad şəkildə yaşayıb, bir-biri üzərində ağalıq etməsi həmişə uğursuzluqla nəticələnəcək (Ərm. 10:23). Yehovanın səbri sayəsində bu məsələ birdəfəlik həll olunacaq. Onun hakimiyyəti bəraət qazanacaq. Yehova sübut edəcək ki, yalnız Onun Padşahlığı yer üzündə əsl sülhü və təhlükəsizliyi bərqərar edə bilər.

7. Kimlər Yehovaya qarşı çıxdı və Yehova onlarla bağlı hansı tədbiri görəcək?

7 Yaratdığı varlıqların üsyanına dözür. Yehova həm ruhani varlıqları, həm də insanları kamil, qüsursuz yaradıb. Amma ruhani varlıq Şeytan (mənası «əleyhdar») Allaha üsyan etdi və kamil insanları, Adəmlə Həvvanı, Ona qarşı qaldırdı. Başqa mələklər və insanlar da bu üsyana qoşuldu (Yhd. 6). Hətta sonralar Yehovanın seçilmiş xalqı İsrail Ona asi çıxdı və saxta allahlara sitayiş etməyə başladı (Əşy. 63:8, 10). Haqlı olaraq, Yehova xəyanətlə üzləşdiyini hiss edirdi. Amma O dözür və bütün üsyankarları məhv etmək vaxtı çatana qədər dözəcək. Onda Yehova ilə birgə bu dünyadakı pisliklərə dözən sadiq xidmətçiləri dinclik tapacaq!

8, 9. Yehova haqda hansı yalanlar söylənilir və biz bunların yalan olduğunu necə sübut edə bilərik?

8 İblisin yalanlar yağdırmasına dözür. Şeytan Yehovanın dürüst xidmətçisi Əyyuba və onun simasında Yehovanın bütün sadiq xidmətçilərinə şər atıb iddia etdi ki, onlar Yehovaya xudbin məqsədlə qulluq edirlər (Əyy. 1:8—11; 2:3—5). İblis ta bu günə kimi Yehovanın xidmətçilərini ittiham etməyə davam edir (Vəhy 12:10). Amma biz onun yalançı olduğunu sübut edə bilərik. Necə? Yehovaya sevgidən irəli gələrək sadiq qalmaqla və sınaqlara dözməklə. Əyyub kimi, Yehova bizə də dözümümüzə görə mükafat verəcək (Yaq. 5:11).

9 Şeytan yalan dinin xadimləri vasitəsilə insanlara aşılayır ki, Allah qəddardır, nə baş verirsə, Onun məsləhəti ilə baş verir. Əzablarımız Onun alın yazısıdır. Hətta uşaqlar öləndə bəziləri deyir ki, göydə mələk lazım idi deyə, Allah onları yanına apardı. Bu, Allaha qarşı çox böyük küfrdür! Amma biz bilirik ki, bu, qətiyyən belə deyil. Ciddi xəstəliyimiz olanda, yaxud yaxınımız vəfat edəndə biz heç vaxt Allahı günahlandırmırıq. Əksinə, iman edirik ki, bir gün Yehova bütün bunlara çarə qılacaq. Bizi dinləmək istəyən hər kəsə Yehovanın nə qədər məhəbbətli Allah olduğunu danışa bilərik. Bunun sayəsində Yehova Ona meydan oxuyana cavab verə biləcək (Məs. 27:11).

10. Zəbur 22:23, 24 ayələrindən Yehova haqda nə öyrənirik?

10 Əziz bəndələrinin əzabına dözür. Yehova şəfqətli Allahdır. Bizim təqib, xəstəlik, qeyri-kamillik və digər səbəblərə görə etdiyimiz fəryadları eşidəndə Onun ürəyi ağrıyır. (Zəbur 22:23, 24 ayələrini oxuyun.) O bizim ağrılarımızı duyur, bunlara son qoymaq istəyir və qoyacaq da. (Çıxış 3:7, 8; Əşiya 63:9 ayələri ilə əlaqələndirin.) Gün gələcək, Allah bizim gözlərimizdən «bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:4).

11. Ölən xidmətçilərindən ötrü Yehova hansı hissləri keçirir?

11 Ölümün dəyərli dostlarını Ondan ayırmasına dözür. Yehova ölən mömin kişi və qadınları yenidən görməyin həsrətindədir! (Əyy. 14:15). Bir təsəvvür edin, Yehova dostu İbrahim peyğəmbər üçün nə qədər darıxır (Yaq. 2:23). Ya da «üz-üzə» danışdığı Musa peyğəmbər üçün (Çıx. 33:11). Yaxud düşünün, Davudun və digər məzmurçuların yenidən Ona gözəl həmd nəğmələri ucaltmasının necə arzusundadır! (Zəb. 104:33). Yehovanın bu dostları ölüm yuxusuna getsələr də, onları unutmayıb (Əşy. 49:15). Onlara xas hər bir şey Onun yadındadır. Belə ki, Yehova üçün «onların hamısı sağdır» (Luka 20:38). Vaxtı çatanda Yehova onları həyata qaytaracaq və yenidən onların səmimi dualarını eşidəcək, ibadətlərini qəbul edəcək. Əgər yaxınınız vəfat edibsə, bütün bunları bilmək sizə təskinlik verə bilər.

12. Bu şər dünyada nələri görmək Yehova üçün ağırdır?

12 İnsanların pislərin əlindən əzab çəkməsinə dözür. Ədən bağında üsyan qalxanda Yehova bilirdi ki, hər şeyi yaxşılığa doğru dəyişməzdən öncə dünyadakı vəziyyət getdikcə pisləşəcək. O, bu dünyadakı pisliklərə, haqsızlığa və zorakılığa nifrət edir. Yehova həmişə dullar və yetimlər də daxil olmaqla, zəif və müdafiəsiz insanlara qarşı xüsusilə şəfqətli olub (Zək. 7:9, 10). Ən çox da O, sadiq xidmətçilərinin təqib olunmasına və həbs edilməsinə görə pis olur. Yehova ilə birgə bütün bu şeylərə dözənlər, əmin olun ki, Yehova sizi çox sevir.

13. Yehovanın gözü önündə bəşər ailəsinin əxlaqı ilə nə baş verir və O bununla bağlı hansı tədbiri görəcək?

13 Bəşəriyyətin əxlaqi tənəzzülünə dözür. Şeytan Allahın bənzərində yaradılmış insanları əxlaqi cəhətdən tənəzzülə uğratmaqdan zövq alır. Nuh peyğəmbərin dövründə Yehova görəndə ki, «yer üzündə insanlar tamam pozulub», onları «yaratdığına təəssüf etdi və ürəyi ağrıdı» (Yar. 6:5, 6, haş., 11). O vaxtdan bəri dünyanın vəziyyəti düzəlib? Əlbəttə ki, yox! Təsəvvür etmək olar, İblis həm eyni cinsdən, həm də əks cinsdən olan insanlar arasında cinsi əxlaqsızlığın hər cür növünün geniş yayıldığını görəndə nə qədər sevinir! (Efes. 4:18, 19). Ən çox da Şeytan pak ibadətdə olan insanları günaha sürükləyəndə sevinir. Yehovanın səbri sona çatanda O, bütün bu əxlaqsız əməllərə tamamilə nifrət etdiyini aydın şəkildə göstərəcək.

14. İnsanlar Allahın yaratdıqları ilə necə davranır?

14 İnsanların Yer kürəsini tələf etməsinə dözür. İnsan nəinki insan üzərində ağalıq edib ona zərər yetirir, həmçinin Allahın buyruğu ilə qulluq etməli olduğu Yer kürəsini və heyvanat aləmini istismar edir (Vaiz 8:9; Yar. 1:28). Mütəxəssislərin fikrincə, insanların ucbatından bir neçə il sonra bir milyondan çox heyvan və bitki növünün nəsli kəsilə bilər. Elə buna görə onlar təbiətin məhv olmaq üzrə olduğunu deyirlər! Xoşbəxtlikdən, Yehova vəd edib ki, «yeri tələf edənləri tələf» edəcək və bütün dünyanı cənnətə çevirəcək (Vəhy 11:18; Əşy. 35:1).

YEHOVANIN DÖZÜMÜNDƏN NƏ ÖYRƏNİRİK?

15, 16. Bizə Yehova ilə birgə dözməyə nə güc verir? Nümunə çəkin.

15 Görün Yehova min illərdir nə qədər şeylərə dözürmüş! (« Yehova nələrə dözür?» adlı çərçivəyə baxın.) Yehova bu şər dünyaya istədiyi an son qoya bilərdi. Amma Onun səbri bizim üçün böyük nemətlərə yol açdı. Bunu belə bir nümunə əsasında təsvir etmək olar. Bir ər-arvada deyirlər ki, onların övladı ciddi xəstəliklə dünyaya gələcək, əziyyət çəkəcək və çox yaşamayacaq. Valideynlər bilsələr də ki, körpənin qeydinə qalmaq ağır olacaq, o doğulanda çox sevinirlər. Onu çox istədiklərindən hər çətinliyə qatlaşırlar, təki o, mümkün qədər rahat yaşasın.

16 Eynilə, Adəmlə Həvvanın da bütün övladları dünyaya qeyri-kamil gəlir. Buna baxmayaraq, Yehova onları sevir və qeydinə qalır (1 Yəh. 4:19). Nümunədəki valideynlərdən fərqli olaraq, Yehova insanların əzabına əncam çəkməyə qadirdir. O, bəşəriyyəti cənginə alan bütün bəlalara son qoymaq üçün gün təyin edib (Mət. 24:36). Yehovanın bizə məhəbbəti bizi də Onunla birgə nə qədər lazımdır, o qədər dözməyə güc verir!

17. İbranilərə 12:2, 3 ayələrində İsa haqda deyilənlər dözümlü olmağımıza necə kömək edir?

17 Yehova ən ali dözüm nümunəsidir. İsa da Atasından örnək alaraq dözüm göstərmişdi. O bizdən ötrü ədavətli sözlərə, rüsvayçılığa və işgəncə dirəyində çəkdiyi əzablara dözmüşdü. (İbranilərə 12:2, 3 ayələrini oxuyun.) Yehovanın dözüm göstərməsi, şübhəsiz ki, İsaya da dözməyə güc vermişdi. Bu bizə də güc verə bilər.

18. 2 Butrus 3:9 ayəsindən gördüyümüz kimi, Yehovanın səbri nələrə yol açıb?

18 2 Butrus 3:9 ayəsini oxuyun. Yehova yaxşı bilir, bu şər düzənə nə vaxt son qoymaq lazımdır. Onun səbri sayəsində böyük izdihamın yığılması mümkün olub, neçə milyonlarla insan Ona ibadət edir və ucaldır. Onların hər biri şükür edir ki, Yehova bu qədər dözüb, beləcə, onların anadan olmaq, Yehovanı tanıyıb Onu sevmək və özlərini Ona həsr etmək imkanı olub. Axıra kimi dözən milyonlarla insan xilas olunanda gün kimi aydın olacaq ki, Yehovanın bu qədər dözmək qərarı əbəs yerə deyildi!

19. Nə etməyə qəti qərarlı olmalıyıq və bunun müqabilində hansı mükafatı alacağıq?

19 Yehovanın nümunəsi bizə çətinliklərə sevinclə tab gətirməyə kömək edir. Şeytanın səbəb olduğu əzablara və ürək ağrısına rəğmən, Yehova xoşbəxt Allahdır (1 Tim. 1:11). Biz də Yehovanın Öz adını müqəddəs tutacağı, hakimiyyətinə bəraət qazandıracağı, bütün pisliklərə son qoyacağı və hazırkı problemləri aradan qaldıracağı vaxtı səbirlə gözləyənə qədər sevincimizi qoruya bilərik. Odur ki, gəlin dözüm göstərməyə qəti qərarlı olaq və Yehovanın da bizimlə birgə dözdüyünü bilmək qoy bizə təsəlli versin. Onda növbəti ayədə yazılan nemətlər hər birimizə nəsib olacaq: «Sınaqlara tab gətirən adam xoşbəxtdir. Çünki o, bəyənilib Yehovanın Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq» (Yaq. 1:12).

NƏĞMƏ 139 Özünü yeni dünyada təsəvvür et

^ abz. 5 Hər birimizin problemi var. Təəssüf ki, əksər problemlərin hal-hazırda həlli yoxdur, onlara dözməkdən başqa əlacımız qalmır. Amma tək biz yox, Yehova da çox şeyə dözür. Bu məqalədə Yehovanın doqquz sahədə dözüm göstərməsindən danışacağıq. Həmçinin görəcəyik ki, Yehovanın dözümü hansı gözəl nəticələr verib və Onun nümunəsi bizə dözümlü olmağa necə kömək edə bilər.