Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 28

Rəqabət yaratmayın, sülhə can atın

Rəqabət yaratmayın, sülhə can atın

«Məğrur olmayaq, bir-birimizi rəqabətə təhrik etməyək, bir-birimizin paxıllığını çəkməyək» (QAL. 5:26).

NƏĞMƏ 101 Birlik içində yaşayaq

İCMAL *

1. Rəqabət ruhu insanları nələrə təhrik edir?

BU GÜN dünyada insanların çoxu bir-biriləri ilə xudbincəsinə rəqabət aparır. Məsələn, olur ki, biznesmen nəyin bahasına olursa-olsun rəqibindən üstün olmağa çalışır. İdmançı qələbə qazanmaq üçün bilərəkdən rəqib komandanın oyunçusuna xəsarət yetirir. Tələbə tanınmış universitetə daxil olmaq üçün qəbul imtahanlarında fırıldaq işlədir. Bir məsihi kimi, biz başa düşürük ki, bu cür hərəkətlər yanlışdır və günahlı bədənin əməllərinə daxildir (Qal. 5:19—21). Bəs elə ola bilərmi ki, Yehovanın xidmətçisi heç özü də bilmədən yığıncaqda başqalarını rəqabətə təhrik etsin? Bu, çox vacib sualdır, çünki rəqabət ruhu bacı-qardaşlarla aramızdakı birliyi poza bilər.

2. Bu məqalədə nəyi müzakirə edəcəyik?

2 Bu məqalədə bacı-qardaşlarla aramızda rəqabətə gətirib çıxaran mənfi xüsusiyyətlərdən danışacağıq. Həmçinin qədimdə yaşamış Allahın sadiq xidmətçilərinin nümunəsinə nəzər salacağıq. Onlar çətin vəziyyət yaransa da, rəqabət ruhuna yoluxmamışdılar. Əvvəlcə isə gəlin görək gördüyümüz işi hansı niyyətlə etdiyimizi necə yoxlaya bilərik.

NİYYƏTİNİZİ YOXLAYIN

3. Özümüzə hansı sualları verməliyik?

3 Yaxşı olar ki, vaxtaşırı niyyətimizi yoxlayaq. Növbəti sualların üzərində düşünə bilərik: «Özümə qiyməti başqaları ilə müqayisə əsasında verirəm? Gördüyüm işi nəyə görə mümkün qədər yaxşı görməyə çalışıram: hamıdan, yaxud hansısa bacı və ya qardaşdan daha yaxşı olmaq üçün, yoxsa Yehovanın yolunda əlimdən gələni etmək istədiyim üçün?» Nəyə görə bu sualların üzərində düşünməliyik? Görün Allahın Kəlamında nə deyilir.

4. Qalatiyalılara 6:3, 4 ayələrində qeyd olunduğu kimi, nəyə görə özümüzü başqaları ilə müqayisə etməməliyik?

4 Müqəddəs Kitabda deyilir ki, biz özümüzü başqaları ilə müqayisə etməməliyik. (Qalatiyalılara 6:3, 4 ayələrini oxuyun.) Çünki özümüzün başqasından yaxşı olduğunu düşünsək, qürurlanacağıq, başqasının bizdən daha yaxşı olduğunu düşünsək, ruhdan düşəcəyik. Bu iki vəziyyətin heç birində sağlam düşüncə yoxdur (Rom. 12:3). Yunanıstanda yaşayan Katerina * adlı bacı deyir: «Özümü məndən daha gözəl olan, daha yaxşı təbliğ edən, başqaları ilə daha tez dostlaşan insanlarla müqayisə edirdim. Nəticədə özümü dəyərsiz hiss edirdim». Unutmayın, Yehova bizi Özünə ona görə cəlb etməyib ki, biz gözəlik, yaxşı danışıq qabiliyyətimiz və ya çoxlu dostlarımız var. O gördü ki, biz Onu sevə və Oğlunun dediklərinə riayət edə bilərik; bizi buna görə seçib (Yəh. 6:44; 1 Kor. 1:26—31).

5. Han adlı qardaşın nümunəsindən nə öyrənirik?

5 Özümüzə növbəti sualı da verməliyik: «Məni hamı ilə sülhə can atan insan kimi tanıyırlar, yoxsa mübahisə edən insan kimi?» Gəlin Cənubi Koreyadan olan Han adlı qardaşın nümunəsinə baxaq. Əvvəllər o, yığıncaqda müəyyən məsuliyyəti olanları özünə rəqib görürdü. O deyir: «Bu qardaşlara mən tənqidi yanaşırdım və dedikləri ilə çox vaxt razılaşmırdım». Bu ağsaqqalın hərəkəti nəyə gətirib çıxardı? «Mənim bu cür əhval-ruhiyyəm yığıncaqda birliyi pozdu», — deyə o etiraf edir. Hanın bəzi dostları ona səhvini görməyə kömək etdi. Han özündə dəyişiklik etdi və indi onun bir ağsaqqal kimi, yığıncağa böyük köməyi dəyir. Əgər biz görsək ki, sülhə can atmaq əvəzinə, başqalarını rəqabətə təhrik edirik, onda dərhal hərəkətə keçməliyik.

EHTİYATLI OLUN Kİ, MƏĞRUR VƏ YA PAXIL OLMAYASINIZ

6. Qalatiyalılara 5:26 ayəsinə əsasən, hansı pis xüsusiyyətlər insanda rəqabət ruhu yarada bilər?

6 Qalatiyalılara 5:26 ayəsini oxuyun. Hansı pis xüsusiyyətlər insanda rəqabət ruhunun yaranmasına gətirib çıxara bilər? Onlardan biri məğrurluqdur. Məğrur insan təkəbbürlüdür və ancaq özünü düşünür. Digər mənfi xüsusiyyət isə paxıllıqdır. Paxıl insan nəinki başqasının sahib olduğu şeyi arzulayır, həmçinin onun bu şeydən məhrum olmasını istəyir. Göründüyü kimi, paxıllıq nifrətin bir növüdür. Bu xüsusiyyətləri özümüzdən tamamilə uzaq tutmalıyıq!

7. Məğrurluğun və paxıllığın zərərli olduğunu nümunə əsasında izah edin.

7 Məğrurluq və paxıllıq kimi mənfi xüsusiyyətləri təyyarənin yanacağını çirkləndirən maddələrə bənzətmək olar. Ola bilsin, təyyarə havaya qalxacaq, amma bu çirkli maddələr ucbatından yanacaq xətləri tutula bilər və nəticədə, təyyarə enən anda mühərrikin gücü zəifləyəcək və beləcə, təyyarə qəzaya uğrayacaq. Eynilə, ola bilsin, insan bir müddət Yehovaya xidmət edəcək, amma əgər o, məğrur və paxıldırsa, bu onun məhvinə gətirib çıxara bilər (Məs. 16:18). O, Yehovaya xidmət etməyi dayandıracaq, həm özünə, həm də başqalarına zərər gətirəcək. Bəs özümüzü məğrurluq və paxıllıqdan necə qoruya bilərik?

8. Məğrurluğa necə qalib gələ bilərik?

8 Məğrurluqla, təkəbbürlə mübarizə aparmaq üçün həvari Bulusun filippililərə dediyi məsləhətə əməl etməliyik: «Hikkə ilə, təkəbbürlə heç nə etməyin. Əksinə, təvazökar olub başqalarını özünüzdən üstün sayın» (Filip. 2:3). Biz başqalarını özümüzdən üstün sayırıqsa, bizdən daha istedadlı, daha qabiliyyətli olanlarla rəqabət aparmayacağıq. Əksinə, onlara görə sevinəcəyik, xüsusilə də onlar bu qabiliyyətlərini Yehovaya xidmətdə istifadə edərək Onun adına şərəf gətirirlərsə. Əgər onlar da, öz növbəsində, Bulusun məsləhətinə əməl etsələr, bizdəki gözəl xüsusiyyətləri görəcəklər. Beləcə, yığıncaqda birliyin və sülhün hökm sürməsində hamımızın payı olacaq.

9. Paxıllıqla necə mübarizə apara bilərik?

9 Paxıllıqla mübarizə aparmaq üçün təvazökar olmalıyıq, yəni məhdudiyyətlərimizin fərqində olmalıyıq. Təvazökar olsaq, özümüzün hər kəsdən daha istedadlı, daha bacarıqlı olduğunu sübut etməyə çalışmayacağıq. Əksinə, bizdən daha bacarıqlı olanlardan nə isə öyrənməyə çalışacağıq. Məsələn, təsəvvür edin, yığıncaqda bir qardaş çox gözəl natiqdir. Ondan soruşa bilərik ki, çıxışlarını necə hazırlayır. Əgər hansısa bacı yemək bişirməyi yaxşı bacarırsa, bu sahədə ondan məsləhət ala bilərik. Əgər hansısa gənc qardaşa özünə dost tapmaq çətindirsə, başqaları ilə tez dostlaşmağı bacarandan məsləhət ala bilər. Belə etsək, biz paxıl olmayacağıq və öz bacarıqlarımızı inkişaf etdirəcəyik.

MÜQƏDDƏS KİTABDAKI ÖRNƏKLƏR

Təvazökar olduğu üçün Cədun əfraimlilərlə sülhü qorudu (10—12 abzaslara baxın)

10. Cədun hansı çətinliklə üzləşmişdi?

10 Gəlin Mənəssə qəbiləsindən olan Cədunla Əfraim qəbiləsindən olan kişilər arasında baş verən bir hadisəyə nəzər salaq. Yehovanın köməyilə Cədun və 300 döyüşçüsü möhtəşəm bir qələbə qazanmışdı. Bu onları qürurlandıra bilərdi. Əfraim qəbiləsindən olan kişilər Cədunla görüşəndə onu tərifləmək əvəzinə, onunla dalaşırlar. Görünür, onların şəninə toxunmuşdu ki, Cədun Allahın düşmənlərinə qarşı döyüşmək üçün onları lap əvvəldən dəvət etməyib. Əfraimlilər diqqətlərini qəbilələrinin ad-sanına o qədər cəmləmişdilər ki, daha vacib şeyi unutmuşdular. Cədun Allahın adını ucaltmışdı və Onun xalqını qorumuşdu (Hak. 8:1).

11. Cədun əfraimlilərə necə cavab verdi?

11 Cədun təvazökarlıqla əfraimlilərə dedi: «Sizin elədiyinizin yanında mənim elədiyim nədir ki?» Sonra o, Yehovanın əfraimlilərə dayaq olduğunu göstərmək üçün bir nümunə çəkdi. Cədunun bu sözlərindən sonra onlar «sakitləşdilər» (Hak. 8:2, 3). O, Allahın xalqı arasında sülhü qorumaq üçün qürurunu bir qırağa qoymağa hazır idi.

12. Əfraimlilərdən və Cədunun nümunəsindən nə öyrənirik?

12 Bu hadisədən nə öyrənirik? Əfraimlilərin hərəkətindən özümüz üçün dərs götürə bilərik ki, bizim üçün Yehovanın adının ucalması önəmli olmalıdır, öz adımızın yox. Cədunun nümunəsinin isə ailə başçılarına və ağsaqqallara köməyi dəyə bilər. Əgər etdiyimiz hansısa bir hərəkət kiminsə xoşuna gəlməyibsə, vəziyyətə onun tərəfindən baxmağa çalışmalıyıq. Həmçinin onda hansısa yaxşı bir şeyə diqqət yetirib, buna görə onu tərifləyə bilərik. Bunun üçün təvazökarlıq lazımdır, xüsusilə də onun səhv olduğu göz qabağındadırsa. Amma sülhü qorumaq düz çıxmağımızdan daha vacibdir.

Hənnə əmin idi ki, Yehova hər şeyi öz yoluna qoyacaq, buna görə yenidən qəlb rahatlığı tapdı (13 və 14-cü abzaslara baxın)

13. Hənnənin hansı çətinlikləri var idi və o bunun öhdəsindən necə gəldi?

13 İndi isə gəlin Hənnə ilə baş verənlərə nəzər salaq. O, Əlqəna adlı bir lavili ilə ailə qurmuşdu. Əlqəna onu çox sevirdi, amma onun başqa bir arvadı da var idi. Adı Fəninə idi. Əlqəna Hənnəni Fəninədən çox istəyirdi. Lakin bir problem var idi. «Fəninənin uşaqları var idi, Hənnənin isə uşaqları olmurdu». Buna görə də Fəninə Hənnəni «ələ salıb dilxor edirdi». Müqəddəs Kitabda deyilir ki, Hənnə «ağlayır və çörək yemirdi» (1 İşm. 1:2, 6, 7). Amma heç yerdə oxuya bilmərik ki, Hənnə necəsə Fəninədən qisas almaq istəyirdi. O öz ürəyinin dərdini Yehovaya açdı və əmin idi ki, Yehova hər şeyi öz yoluna qoyacaq. Fəninənin Hənnəyə münasibəti dəyişdi? Müqəddəs Kitabda bu haqda heç nə yazılmayıb. Bir şeyi bilirik ki, Hənnə yenidən qəlb rahatlığı tapdı və onu itirmədi. «Artıq onun çöhrəsində kədər olmadı» (1 İşm. 1:10, 18).

14. Hənnənin nümunəsindən nə öyrənirik?

14 Hənnədən nə öyrənirik? Əgər kimsə sizinlə rəqabət aparırsa, necə davranacağınız sizin əlinizdədir. Ehtiyatlı olun ki, siz də onunla rəqabət aparmağa başlamayasınız. Pisliyə pisliklə cavab verməyin, həmin insanla sülh yaratmağa çalışın (Rom. 12:17—21). Hətta o, münasibətini dəyişməsə də, siz qəlb rahatlığınızı qoruyacaqsınız.

Apollos və Bulus başa düşürdü ki, onların işini Yehova avand edir, buna görə də bir-biriləri ilə rəqabət aparmırdılar (15—18 abzaslara baxın)

15. Apollosun və Bulusun hansı ortaq cəhətləri var idi?

15 Sonda isə gəlin şagird Apollosun və həvari Bulusun nümunəsinə nəzər salaq. Görək onlardan nə öyrənə bilərik. Onların hər ikisi Müqəddəs Kitabı mükəmməl bilirdi. İkisini də hamı tanıyırdı. İkisi də bacarıqlı müəllim idi və hər ikisi çoxlu şagird hazırlamışdı. Amma biri digərinə rəqib gözü ilə baxmırdı.

16. Apollos necə insan idi?

16 Apollos isgəndəriyyəli idi. Birinci əsrdə İsgəndəriyyə elm ocağı sayılırdı. Apollos «çox gözəl natiq idi və Müqəddəs Yazıları yaxşı bilirdi» (Həv. 18:24). O, Korinfdə olarkən yığıncaqdakı bəzi bacı-qardaşlar onu başqa qardaşlardan, hətta Bulusdan da çox bəyəndiklərini açıq-aydın göstərirdilər (1 Kor. 1:12, 13). Apollos parçalanma yaradan bu bacı-qardaşları dəstəklədi? Onun belə etdiyini heç ağlımıza belə gətirə bilmərik. Apollos Korinfdən gedəndən bir müddət sonra Bulus onu yenidən ora qayıtmağa təşviq etmişdi (1 Kor. 16:12). Bulus hiss etsəydi ki, Apollos parçalanma yaradır, heç vaxt ondan belə şey xahiş etməzdi. Aydındır ki, Apollos öz bacarıqlarından müjdəni təbliğ etmək və bacı-qardaşları möhkəmləndirmək üçün istifadə edirdi. Şübhə yoxdur ki, o, təvazökar insan idi. Məsələn, Müqəddəs Kitabın heç bir yerində yazılmayıb ki, Akvilas və Priskilla ona «Allahın yolunu daha dəqiqliklə» izah edəndə o bundan incisin (Həv. 18:24—28).

17. Bulus yığıncaqda sülhün olması üçün nə edirdi?

17 Həvari Bulus Apollosun gördüyü bütün yaxşı işlərdən agah idi. Amma Bulus narahat deyildi ki, insanlar Apollosun ondan daha yaxşı olduğunu düşünərlər. Onun Korinf yığıncağına yazdığı məktubundan görmək olar ki, o, təvazökar, sadə və dərrakəli insan idi. «Mən Bulusun şagirdiyəm» deyən insanların sözləri ona xoş gələ bilərdi. Amma o, bütün diqqəti Yehova Allaha və İsa Məsihə yönəltdi (1 Kor. 3:3—6).

18. 1 Korinflilərə 4:6, 7 ayələrindən Apollos və Bulus haqda nə öyrənirik?

18 Apollosun və Bulusun nümunəsindən nə öyrənə bilərik? Ola bilsin, Yehovanın yolunda çox işlər görürük və çox adama vəftizə doğru irəliləməyə kömək etmişik. Amma başa düşürük ki, bütün bunlara Yehovanın köməyi sayəsində nail olmuşuq. Apollos və Bulusun nümunəsindən bir şey də öyrənirik. Yığıncaqda nə qədər çox məsuliyyətimiz varsa, bir o qədər çox sülh yaratmaq imkanımız var. Minnətdarıq ki, məsul qardaşlar aramızda sülhün və birliyin olmasına çalışırlar. Bunun üçün onlar öz məsləhətlərini Allahın Kəlamına əsaslandırırlar və diqqəti özlərinə yox, bizim üçün örnək olan Məsih İsaya cəmləyirlər. (1 Korinflilərə 4:6, 7 ayələrini oxuyun.)

19. Hər birimiz nə edə bilərik? (« Başqalarını rəqabətə təhrik etməyin» adlı çərçivəyə baxın.)

19 Yehova hər birimizə müəyyən istedad və bacarıq verib. Biz bu ənamlarımızdan bir-birimizə xidmət etmək üçün istifadə etməliyik (1 But. 4:10). Ola bilər ki, etdiklərimiz bizə xırda bir şey kimi gəlsin. Amma paltar tikərkən kiçik tikişlər parçanı bir-birinə bərkitdiyi kimi, bizim xırda işlərimiz də yığıncaqda birliyin olmasına kömək edir. Gəlin bundan sonra da var gücümüzlə çalışaq ki, bizdə zərrə qədər də olsa, rəqabət ruhu olmasın. Yığıncaqda sülhün və birliyin olması üçün əlimizdən gələni edək (Efes. 4:3).

NƏĞMƏ 80 «Dadın, görün necə gözəldir Yehova»

^ abz. 5 Gil qabın üstündə kiçik çatlar varsa, o, asanlıqla qırıla bilər. Eynilə, yığıncaqda rəqabət ruhu varsa, asanlıqla parçalanma yarana bilər. Əgər yığıncaq möhkəm deyilsə və orada birlik yoxdursa, orada sülh içində Allaha ibadət etmək mümkün olmayacaq. Bu məqalədə müzakirə edəcəyik ki, nəyə görə özümüzü rəqabət ruhundan qorumalıyıq və yığıncaqda sülhün hökm sürməsi üçün nə edə bilərik.

^ abz. 4 Adlar şərtidir.