Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 29

Öz inkişafınıza baxıb sevinin!

Öz inkişafınıza baxıb sevinin!

«Qoy hər kəs öz əməllərini yoxlasın, onda özünü başqası ilə müqayisə etmədən öz əməllərinə görə sevinə biləcək» (QAL. 6:4).

NƏĞMƏ 34 Kamillik yolunda yeriyək

İCMAL *

1. Nəyə görə Yehova bizi başqaları ilə müqayisə etmir?

YEHOVA müxtəlifliyi sevir. Bu, insanlar da daxil olmaqla, Onun yaratdığı hər şeydə özünü göstərir. Hər birimiz xüsusiyik. Buna görə də Yehova heç vaxt bizi bir-birimizlə müqayisə etmir. O, ürəyimizə, daxilən necə insan olduğumuza baxır (1 İşm. 16:7). Həmçinin bizim zəif və güclü tərəflərimizi bilir, hansı mühitdə böyüdüyümüzdən agahdır. O bizdən gücümüzdən artığını istəmir. Yehovadan örnək alaraq, biz də özümüzə Onun gözü ilə baxmalıyıq. Onda sağlam düşüncəyə sahib olacağıq: özümüz haqda nə yüksək fikirdə olacağıq, nə də aşağı fikirdə (Rom. 12:3).

2. Nəyə görə insanın özünü başqası ilə müqayisə etməsi yaxşı deyil?

2 Əlbəttə, biz başqalarından nümunə götürə bilərik. Ola bilsin, hansısa bacı və ya qardaş çox gözəl təbliğ edir (İbr. 13:7). Ondan xidmətdə səriştəli olmağı öyrənə bilərik (Filip. 3:17). Amma biri var, kiminsə yaxşı nümunəsindən örnək götürəsən, biri də var, bunun əsasında özünə dəyər verəsən. Bunlar fərqli şeylərdir. Özünüzü başqaları ilə müqayisə etsəniz, sizdə paxıllıq yaranacaq, ruhdan düşəcəksiniz, hətta özünüzü dəyərsiz hiss edəcəksiniz. Üstəlik, ötən məqalədə qeyd olunduğu kimi, yığıncaqdakı bacı-qardaşlarla rəqabət aparsanız, Yehova ilə münasibətləriniz korlanacaq. Odur ki, məhəbbətli Allahımız Yehova növbəti nəsihəti verir: «Qoy hər kəs öz əməllərini yoxlasın, onda özünü başqası ilə müqayisə etmədən öz əməllərinə görə sevinə biləcək» (Qal. 6:4).

3. Hansı ruhani inkişafınız sizə sevinc gətirir?

3 Yehova istəyir ki, öz ruhani inkişafınıza baxıb sevinəsiniz. Məsələn, vəftiz olunmusunuzsa, sevinə bilərsiniz ki, bu məqsədinizə çatmısınız! Çünki bu sizin öz qərarınız olub, özünüz Yehovanı sevdiyiniz üçün vəftiz olunmusunuz. Həmçinin vəftizdən sonrakı inkişafınız haqda da düşünə bilərsiniz. Məsələn, ola bilsin, indi Müqəddəs Kitab mütaliəsini daha həvəslə edirsiniz. Dualarınız daha dolğun, daha səmimi olub (Zəb. 141:2). İndi təbliğdə söhbətə daha yaxşı başlayırsınız. Xidmət üçün vəsaitlərdən daha bacarıqla istifadə edirsiniz. Əgər ailəlisinizsə, Yehovanın köməyi ilə daha yaxşı ər, arvad, valideyn olmusunuz. Xoşbəxt ola bilərsiniz ki, bu kimi sahələrdə tərəqqi etmisiniz.

4. Bu məqalədə nə haqda danışacağıq?

4 Biz başqalarına kömək edə bilərik ki, öz ruhani inkişaflarına baxıb sevinsinlər və daha özlərini başqaları ilə müqayisə etməsinlər. Bu məqalədən öyrənəcəyik ki, valideynlər uşaqlarına, ər-arvadlar bir-birinə, ağsaqqallar və digər məsihilər dindaşlarına bu sahədə necə kömək edə bilər. Həmçinin Müqəddəs Kitabdan bəzi prinsipləri araşdıracağıq. Bu prinsiplər kömək edəcək ki, qarşımıza məqsədlər qoyarkən öz bacarığımızı və imkanlarımızı nəzərə alaq.

VALİDEYNLƏRİN VƏ HƏYAT YOLDAŞLARININ KÖMƏYİ

Əziz valideynlər, hər bir övladınız bacardığını edəndə bunu dəyərləndirdiyinizi göstərin (5 və 6-cı abzaslara baxın) *

5. Efeslilərə 6:4 ayəsinə əsasən, valideynlər nə etməməlidir?

5 Valideynlər ehtiyatlı olmalıdır ki, bir uşağı digəri ilə müqayisə etməsinlər, yaxud ondan gücü çatmayan şeyi istəməsinlər. Bu cür müqayisələr və hədsiz tələbkarlıq uşağın qol-qanadını sındıra bilər. (Efeslilərə 6:4 ayəsini oxuyun.) Saçiko * adlı bacı deyir: «Müəllimlərim mənim sinif yoldaşlarımdan daha yaxşı oxumağımı gözləyirdilər. Bir tərəfdən də, anam istəyirdi qiymətlərim yaxşı olsun ki, müəllimlərimə və imanda olmayan atama yaxşı şahidlik verim. O istəyirdi ki, imtahanlarda bir dənə də səhvim çıxmasın, bu isə mümkün deyildi. Məktəbi çoxdan qurtarmışam, amma bəzən düşünürəm: “Əlimdən gələni etsəm də, bəlkə, Yehova üçün bu, kifayət deyil?”»

6. Valideynlər Zəbur 131:1, 2 ayələrindən nə öyrənə bilər?

6 Zəbur 131:1, 2 ayələrində valideynlər üçün çox dəyərli məsləhət var. (Ayələri oxuyun.) Bu ayələrdə Davud padşah deyir ki, «əlçatmaz şeylər, böyük şeylər» dalınca düşmədi. O, təvazökar olduğu üçün qəlbini ovundurub sakitləşdirmişdi. Valideynlər Davudun bu sözlərindən nə öyrənə bilər? Valideynin təvazökar olduğu tək özündən yox, həmçinin uşağından da gücü çatmayan şeyi tələb etməməsindən görünür. Valideynlər uşağın qarşısına məqsəd qoyarkən onun həm zəif, həm güclü tərəfini nəzərə alsa, uşağın özünə əminliyi artar. Marina adlı bacı deyir: «Anam heç vaxt məni nə bacılarımla, nə qardaşımla, nə də başqa uşaqlarla müqayisə etmirdi. O məni öyrədirdi ki, hərənin öz bacarığı var və Yehovanın gözündə hər birimiz dəyərliyik. Anamın sayəsində mən çox nadir hallarda özümü kiminləsə müqayisə edərəm».

7, 8. Ər arvadına hörmət qoyduğunu necə göstərə bilər?

7 Məsihi ərlər həyat yoldaşlarına hörmət qoymalıdır (1 But. 3:7). Məsələn, ər arvadına hörmət qoyduğunu ona böyük dəyər verməklə göstərə bilər. O, arvadından bacarmadığı şeyləri tələb etmir. Onu əsla başqa qadınlarla müqayisə etmir. Əgər ər arvadını başqası ilə müqayisə etsə, bu, arvadına necə təsir edər? Roza adlı bacının imanda olmayan əri onu tez-tez başqa qadınlarla müqayisə edir. Ərinin kobud sözləri Rozanın təkcə özünə əminliyini sarsıtmayıb, ona daha böyük zərər vurub. Roza deyir: «Yehova üçün dəyərli olduğuma daim məni əmin etmək lazımdır». Bunun əksinə olaraq, məsihi ər arvadına hörmət qoyur. O bilir ki, belə etməsi onun həm arvadı ilə, həm də Yehova ilə münasibətini yaxşılaşdırır *.

8 Arvadına hörmət edən ər onu tərifləyəcək, onu sevdiyinə və dəyər verdiyinə əmin edəcək (Məs. 31:28). Əvvəlki məqalədə adı çəkilən Katerinanın əri ona dəyərsizlik hissinin öhdəsindən gəlməyə kömək etdi. Katerina uşaq olanda anası onu alçaldırdı. Həmişə onu dostları da daxil olmaqla, başqa qızlarla müqayisə edirdi. Nəticədə, Katerina hətta həqiqətə gələndən sonra da özünü başqaları ilə müqayisə edirdi. Onun məsihi əri ona bu xüsusiyyəti ilə mübarizə aparmağa və özünə daha tarazlı yanaşmağa kömək etdi. O deyir: «Ərim məni sevir. Yaxşı işlərimə görə tərifləyir və mənim üçün dua edir. Həmçinin mənə Yehovanın gözəl xüsusiyyətlərini xatırladır və mənə mənfi düşüncəmi dəyişməyə kömək edir».

AĞSAQQALLARIN VƏ DİGƏR MƏSİHİLƏRİN KÖMƏYİ

9, 10. Qayğıkeş ağsaqqallar bir bacıya özünü başqaları ilə müqayisə etməməyə necə kömək etdi?

9 Özünü başqaları ilə müqayisə etmək meyli olanlara ağsaqqallar necə kömək edə bilər? Gəlin Hanuni bacının nümunəsinə baxaq. Uşaqlıqda demək olar ki, onu tərifləməyiblər. O deyir: «Mən utancaq idim və düşünürdüm ki, başqa uşaqlar məndən daha yaxşıdır. Özümü tanıyandan həmişə özümü başqaları ilə müqayisə etmişəm». Hətta həqiqətə gələndən sonra da Hanuni özünü başqaları ilə müqayisə edirdi. Buna görə də o, yığıncaqda yararsız olduğunu düşünürdü. Amma indi o, öncül xidmətini sevinclə icra edir. Ona düşüncəsini dəyişməyə nə kömək etdi?

10 Qayğıkeş ağsaqqalların Hanuniyə böyük köməyi dəydi. Onlar ondan razı olduqlarını bildirirdilər, gözəl nümunəsinə görə tərifləyirdilər. O yazır: «Bir neçə dəfə ağsaqqallar məndən bəzi bacıları ruhlandırmağı xahiş etmişdi. Mənə belə bir tapşırıq verdikləri üçün özümü lazımlı hiss edirdim. Bəzi gənc bacıları ruhlandırdığım üçün ağsaqqalların mənə minnətdar olmaları indiyə kimi yadımdadır. Sonra onlar mənə 1 Salonikililərə 1:2, 3 ayələrini oxudular. Bu mənə çox xoş oldu! Əsas bu gözəl çobanların sayəsində mən Yehovanın təşkilatında öz yerimi qiymətləndirirəm».

11. Əşiya 57:15 ayəsində qeyd olunan «məzlum, fağır» kəslərə necə kömək edə bilərik?

11 Əşiya 57:15 ayəsini oxuyun. «Məzlum, fağır» kəslər Yehova üçün çox dəyərlidir. Tək ağsaqqallar yox, hər birimiz bu əziz bacı-qardaşları ruhlandıra bilərik. Bunu etməyin bir yolu onlara səmimi maraq göstərməkdir. Yehova quzularını sevir və istəyir ki, biz Onun sevgisini onlara ötürək (Məs. 19:17). Biz həmçinin təvazökar olmaqla, özümüzlə lovğalanmamaqla da onlara kömək edə bilərik. İstəməzdik ki, diqqəti özümüzə cəlb edib başqalarında paxıllıq yaradaq. Əksinə, biliyimizi və bacarığımızı başqalarını ruhlandırmağa sərf etməliyik (1 But. 4:10, 11).

İsa Məsih insanlara yuxarıdan aşağı baxmırdı, buna görə də şagirdləri onun yanında olmağa can atırdılar. İsa onlarla gözəl vaxt keçirirdi (12-ci abzasa baxın)

12. Sadə insanlar nəyə görə İsanın yanında olmaq istəyirdi? (Üz qabığındakı şəklə baxın.)

12 İsa Məsihin davamçıları ilə münasibətindən çox şey öyrənə bilərik. O, dünyada yaşamış ən dahi insan idi. Bununla belə, o, «həlim və qəlbən təvazökar» idi (Mət. 11:28—30). O, üstün zəkası və biliyi ilə heç vaxt öyünmürdü. Davamçılarını sadə dillə öyrədirdi. Rahat başa düşmələri üçün nümunələr çəkirdi (Luka 10:21). Özlərindən razı din xadimlərindən fərqli olaraq, İsa insanların Allah üçün əhəmiyyətsiz olduğu təəssüratını oyatmırdı (Yəh. 6:37). O, sadə insanlara hörmətlə yanaşırdı.

13. İsanın xeyirxah və məhəbbətli olduğu şagirdləri ilə rəftarından necə görünür?

13 İsanın xeyirxah və məhəbbətli olduğu şagirdləri ilə davranışından görünürdü. O bilirdi ki, onların imkan və bacarıqları bir-birindən fərqlənir. Hansısa işləri hamısının bacarması, hamısının xidmətdə eyni nəticə əldə etməsi mümkün deyil. Amma hər kəsin əlindən gələni etməsini o, çox qiymətləndirirdi. İsanın anlayışlı olduğunu talant haqda çəkdiyi məsəldən görmək olar. Bu məsəldə ağa hər bir nökərin «bacarığını nəzərə alaraq» iş tapşırır. İki çalışqan nökərdən biri o birindən daha çox talant qazansa da, ağa hər ikisini eyni sözlərlə tərifləyir. «Afərin, mənim qoçaq, sadiq nökərim!» — deyir (Mət. 25:14—23).

14. İsadan örnək alaraq başqaları ilə necə davranmalıyıq?

14 İsa bizə qarşı da məhəbbətli və xeyirxahdır. O bilir ki, hər birimizin bacarığı və şəraiti bir-birindən fərqlidir. Biz öz bacardığımızı edəndə bu ona xoş olur. Biz də başqaları ilə İsa kimi davranmalıyıq. Dindaşımız nəyisə başqaları qədər edə bilmirsə, buna görə onu utandırmayacağıq. İstəmərik, o özünü yararsız hiss etsin. Çalışmalıyıq ki, hər fürsətdən istifadə edib, bacı-qardaşları Yehovaya xidmətdə əllərindən gələni etdiklərinə görə tərifləyək.

QARŞINIZA ƏLÇATAN MƏQSƏDLƏR QOYUN

Əlçatan məqsədlər qoymaq və onlara çatmaq sizə sevinc gətirəcək (15 və 16-cı abzaslara baxın) *

15, 16. Əlçatan məqsədlər qoymaq bir bacıya necə kömək edib?

15 Yehovaya xidmətdə qoyduğumuz məqsədlər bizə istiqamət verir və həyatımızı mənalı edir. Amma bunun üçün qarşımıza başqalarının məqsədini qoymamalıyıq. Öz bacarıq və qabiliyyətimizi nəzərə almalıyıq. İstəmərik ki, qarşımıza əlçatmaz məqsədlər qoyaq, sonra da ruhdan düşək (Luka 14:28). Gəlin öncül kimi xidmət edən Midori bacının nümunəsinə baxaq.

16 Midorinin atası Yehovanın Şahidi deyil. Midori uşaq olanda atası onu bacısı və qardaşı ilə, sinif yoldaşları ilə müqayisə edib alçaldırdı. Midori deyir: «Özümü dəyərsiz hiss edirdim». Amma böyüdükcə Midoridə özünə qarşı əminlik hissi yarandı. O deyir: «Mən hər gün Müqəddəs Kitabı oxuyuram. Bu mənə qəlb rahatlığı tapmağa kömək edir, Yehovanın məni sevdiyinə əmin edir». Bundan əlavə, Midori qarşısına çata biləcəyi məqsədlər qoyurdu və bu məqsədlərə çatmaq üçün duada Yehovadan kömək istəyirdi. Beləcə, o öz ruhani inkişafını görüb sevinirdi.

YEHOVANIN YOLUNDA BACARDIĞINIZI EDİN

17. Daima düşüncə tərzimizi necə yeniləşdirə bilərik və bunun nəticəsi nə olacaq?

17 Mənfi hisslər və düşüncələr bir günün içində yox olmayacaq. Buna görə Yehova bizi təşviq edir: «Daima düşüncə tərzinizi yeniləşdirməlisiniz» (Efes. 4:23, 24). Amma əlbəttə ki, bunun üçün dua etməli, Müqəddəs Kitabı oxumalı və oxuduqlarımızın üzərində düşünməliyik. Bütün bunları etməyə davam edin və Yehovadan kömək istəyin. Müqəddəs ruh sizə özünüzü başqaları ilə müqayisə etmək meylinə üstün gəlməyə kömək edəcək. Yehova həmçinin sizə kömək edəcək ki, ürəyinizdə paxıllığın və qürurun yaranıb yaranmadığını müəyyən edəsiniz və dərhal tədbir görüb bu mənfi xüsusiyyətləri kökündən çıxarasınız.

18. 2 Salnamələr 6:29, 30 ayələri sizə necə təsəlli verir?

18 2 Salnamələr 6:29, 30 ayələrini oxuyun. Yehova bizim ürəyimizi görür. O bilir, biz bu dünyanın ruhu ilə və öz qeyri-kamilliyimizlə mübarizə aparırıq. Yehova görəndə ki, bu mənfi təsirlərə yenilməmək üçün var gücümüzlə çalışırıq, bizə məhəbbəti daha da artır.

19. Yehova bizə olan hisslərini hansı nümunə əsasında izah edir?

19 Bizə olan hisslərini ifadə etmək üçün Yehova ana-bala arasındakı bağlılığı nümunə çəkir (Əşy. 49:15). Ana olan Reyçel bacının nümunəsinə nəzər salaq. O yazır: «Qızım Stefani vaxtından əvvəl dünyaya gəldi. Onu ilk dəfə görəndə o, cılız, köməksiz görünürdü. Amma xəstəxanada mənə icazə verdilər ki, o, bir ay inkubatorda olduğu vaxt ərzində hər gün onu qucağıma alım. Bu gözəl anlarda balamla aramda möhkəm bağlılıq yarandı. İndi onun altı yaşı var. O öz yaşıdlarından daha xırdadır. Hər şeyə rəğmən, mən onu hədsiz dərəcədə çox istəyirəm, çünki o, yaşamaq üçün çox mübarizə aparıb, həyatımıza böyük sevinc gətirib!» Yehova görəndə ki, biz Ona xidmət etmək üçün var gücümüzlə çalışırıq, bizə bu cür məhəbbət bəsləyir. Bunu bilmək ürəyimizi ovundurur!

20. Bizim sevinmək üçün hansı səbəbimiz var?

20 Yehovanın xidmətçisi olduğunuz üçün Onun böyük ailəsində dəyərli yer tutursunuz. Yehova sizi Özünə ona görə cəlb etməyib ki, siz başqalarından daha yaxşısınız. O sizin ürəyinizə baxıb gördü ki, siz həlim insansınız, sizə təlim verib, formalaşdıra bilər (Zəb. 25:9). Əmin olun ki, Yehova Ona xidmətdə əlinizdən gələni etdiyinizi görəndə çox sevinir. Sizin dözümlü və sədaqətli olmağınız göstərir ki, «yaxşı və gözəl ürəkli» insansınız (Luka 8:15). Odur ki, bundan sonra da Yehovanın yolunda əlinizdən gələni edin. Onda öz əməllərinizə görə sevinə biləcəksiniz.

NƏĞMƏ 38 Allah səni güclü edəcək

^ abz. 5 Yehova bizi başqaları ilə müqayisə etmir, amma biz bəzən belə edirik. Sonra özümüzü yararsız hiss edirik. Bu məqalədə özünü başqası ilə müqayisə etməyin nəyə görə zərərli olduğunu müzakirə edəcəyik. Həmçinin öyrənəcəyik ki, ailə üzvlərimizə və dindaşlarımıza özlərinə Yehovanın gözü ilə baxmağa necə kömək edə bilərik.

^ abz. 5 Bəzi adlar şərtidir.

^ abz. 7 Burada söhbət ərlərdən getsə də, əksər prinsiplər arvadlara da aiddir.

^ abz. 58 ŞƏKLİN İZAHI. Ailəvi ibadət zamanı ailə Nuhun gəmisini düzəldir. Valideynlər hər bir uşağın düzəltdiyini bəyəndiklərini göstərir.

^ abz. 62 ŞƏKLİN İZAHI. Məktəb yaşına çatmayan uşağını tək böyüdən ana köməkçi öncül olmaq üçün cədvəl qurur. Sonra bu məqsədinə çatdığı üçün sevinir.