Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 31

Yehovanı səbirlə gözləyəcəksiniz?

Yehovanı səbirlə gözləyəcəksiniz?

«Allahı səbirlə gözləyəcəyəm» (MİK. 7:7).

NƏĞMƏ 128 Axıra kimi dözək

İCMAL *

1, 2. Bu məqalədə nələrdən danışacağıq?

TUTAQ Kİ, çox vacib bir bağlama gözləyirsiniz. Amma o sizin gözlədiyiniz vaxtda gəlib çıxmır. Hansı hissləri keçirərdiniz? Bəlkə də, dilxor olardınız. Belə vəziyyətdə Məsəllər 13:12 ayəsi yerinə düşür: «Uzun intizar ürəyi xəstə salar». Bəs əgər öyrənsəniz ki, bağlamanın sizin gözlədiyiniz vaxtda gəlməməsinin əsaslı səbəbləri var? Yəqin, səbirlə gözləmək sizə daha asan olardı.

2 Bu məqalədə səbirlə gözləməyimizə kömək edəcək bir neçə Müqəddəs Kitab prinsipini nəzərdən keçirəcəyik (Mik. 7:7). Həmçinin Yehova hərəkətə keçənə qədər səbir etməli olduğumuz iki sahədən danışacağıq. Sonda isə Yehovanı səbirlə gözləyənlərin alacağı nemətlər haqda söz açacağıq.

BİZƏ SƏBRİ ÖYRƏDƏN MÜQƏDDƏS KİTAB PRİNSİPLƏRİ

3. Məsəllər 13:11 ayəsindəki prinsipin məğzi nədir?

3 Səbir etməyin vacibliyini Məsəllər 13:11 ayəsindəki sözlər çox gözəl təsvir edir: «Tez toplanan sərvət dağılar, damla-damla toplanan sərvət isə artar». Burada hansı prinsipi görmək olar? Hikmətli insan işini səbirlə, addımbaddım görür.

4. Məsəllər 4:18 ayəsindəki prinsipin məğzi nədir?

4 Məsəllər 4:18 ayəsində yazılıb: «Salehlərinsə yolu sübh şəfəqi kimidir, gün günorta yerinə qalxdıqca daha da işıqlanır». Bu ayə Yehovanın xalqına niyyətini açıqlama tərzini göstərir; O, bunu tədricən edir. Amma geniş mənada bu ayəni məsihinin ruhani inkişafına da aid etmək olar. Bu prosesi tələsdirmək mümkün deyil. Bunun üçün vaxt keçməlidir. Əgər biz dərin mütaliə etsək, Allahın Kəlamından və təşkilatından aldığımız göstərişlərə əməl etsək, tədricən Məsihə bənzəyəcəyik. Həmçinin Allahı daha yaxından tanıyacağıq. Gəlin görək İsa bununla bağlı hansı nümunəni çəkmişdi.

Bitki yavaş-yavaş böyüdüyü kimi, Padşahlıq haqqındakı xəbəri qəbul edən insan da ruhani cəhətdən yavaş-yavaş böyüyür (5-ci abzasa baxın)

5. İsa Məsih insanın ruhani cəhətdən tədricən böyüdüyünü göstərmək üçün hansı nümunəni çəkmişdi?

5 İsa bəyan etdiyimiz Padşahlıq xəbərini kiçik toxuma bənzətmişdi. Toxumun səmimi qəlbli insanların ürəyində tədricən boy atmasını nümunə əsasında belə izah etmişdi: «Toxum necə cücərir, necə böyüyür, o adamın [əkinçinin] xəbəri olmur. Torpaq öz-özünə tədricən bar yetişdirir: əvvəlcə gövdə cücərir, sonra sünbül əmələ gəlir, nəhayət, sünbüldə dən yetişir» (Mark 4:27, 28). İsa bununla nəyi vurğulamaq istəyirdi? O izah edirdi ki, bitki yavaş-yavaş böyüdüyü kimi, Padşahlıq haqqında xəbəri qəbul edən insan da ruhani cəhətdən yavaş-yavaş inkişaf edir. Məsələn, Müqəddəs Kitabı öyrənən şagird Yehovaya yaxınlaşdıqca onda baş verən gözəl dəyişiklikləri görürük (Efes. 4:22—24). Amma unutmamalıyıq ki, bu kiçik toxumu böyüdən Yehova Allahdır (1 Kor. 3:7).

6, 7. Yehovanın Yer kürəsini yaratma tərzindən nə öyrənirik?

6 Yehova gördüyü bütün işləri nə qədər vaxt aparmasından asılı olmayaraq, səbirlə görür. O, bunu həm Öz adının şərəflənməsi, həm də başqalarının xeyri naminə edir. Məsələn, götürək Yehovanın Yer kürəsini insanların yaşaması üçün mərhələli şəkildə yaratmasını.

7 Yehovanın dünyanı yaratması ilə bağlı Müqəddəs Kitabda deyilir ki, ona «ölçü verib», «təməli»ni yerləşdirib, «guşə daşını» qoyub (Əyy. 38:5, 6). Hətta Yehova işlərinə nəzər salmaq üçün vaxt ayırırdı (Yar. 1:10, 12). Təsəvvür edirsiniz, mələklər Yehovanın yaratdıqlarının bir-bir ərsəyə gəldiyini görəndə hansı hissləri keçirirdi? Şübhəsiz, sevinclərinin həddi-hüdudu yox idi! Hətta onlar «hayqırıb alqış» oxumuşdular (Əyy. 38:7). Bundan hansı nəticəni çıxarırıq? Yehovanın xilqəti xəlq etməsi minlərlə ilə ərsəyə gəldi. Amma O, hər xırdalığına qədər düşünərək yaratdığı xilqətə baxanda demişdi ki, «hər şey çox yaxşıdır» (Yar. 1:31).

8. İndi nə haqda danışacağıq?

8 Yuxarıdakı nümunələrdən gördüyümüz kimi, Allahın Kəlamında səbrin vacibliyini vurğulayan çoxlu prinsip var. İndi isə Yehovanı səbirlə gözləməli olduğumuz iki sahədən danışacağıq.

HANSI HALLARDA YEHOVANI SƏBİRLƏ GÖZLƏMƏLİYİK?

9. Yehovanı səbirlə gözləməli olduğumuz sahələrdən biri hansıdır?

9Dualarımızın cavabını səbirlə gözləməliyik. Yehovadan hansısa çətinliyə dözmək üçün güc istəyəndə və ya zəifliyimizlə bacarmaq üçün kömək diləyəndə bizə elə gələ bilər ki, duamızın cavabı gözlədiyimizdən gec gəlir. Nəyə görə Yehova bütün dualarımıza dərhal cavab vermir?

10. Nəyə görə dualarımızın cavabını səbirlə gözləməliyik?

10 Yehova dualarımızı diqqətlə dinləyir (Zəb. 65:2). O bizim ürəkdən gələn dualarımıza imanımızın sübutu kimi baxır (İbr. 11:6). Həmçinin Yehova görmək istəyir ki, dualarımıza uyğun yaşamağa və Onun bəyəndiyi kimi davranmağa nə qədər qətiyyətliyik (1 Yəh. 3:22). Buna görə də pis vərdişimizin və ya zəifliyimizin öhdəsindən gəlmək üçün Yehovaya dua edəndə səbirli olmaq və duamıza uyğun davranmaq lazım gələ bilər. İsa Məsih demişdi: «Durmadan diləyin, sizə veriləcək; durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün, sizə açacaqlar. Çünki diləyən istədiyini alır, axtaran tapır və qapını döyənə açırlar» (Mət. 7:7, 8). Bu sözlərlə o göstərirdi ki, bəzi dualarımıza dərhal cavab almayacağıq. Amma bu məsləhətə əməl edib «daima dua» ediriksə, arxayın ola bilərik ki, Yehova bizi eşidir və duamıza cavab verəcək (Kol. 4:2).

Yehovanı gözlədiyimiz müddətdə Ona imanla dua edirik (11-ci abzasa baxın) *

11. Duamızın cavabının gecikdiyini düşünəndə 1 Butrus 5:6, 7 ayələri bizə necə kömək edə bilər?

11 Duamıza gec cavab aldığımızı düşünsək də, Yehova söz verir ki, «vaxtı gələndə» dualarımıza cavab verəcək. (1 Butrus 5:6, 7 ayələrini oxuyun.) Elə buna görə də duamıza istədiyimiz an cavab almayanda Yehovanı günahlandırmamalıyıq. Məsələn, çoxları uzun illərdir, Allahın Padşahlığının bu dünyadakı pisliklərə son qoyması üçün dua edir. Hətta İsa özü də demişdi ki, biz bu haqda dua etməliyik (Mət. 6:10). Amma sonun biz insanların gözlədiyi vaxt gəlmədiyinə görə Allaha imanımızı itirmək necə də ağılsızlıq olardı! (Həb. 2:3; Mət. 24:44). Ağıllı adam isə Yehovanı səbirlə gözləyir və imanla dua edir. Son düz vaxtında gələcək, çünki Yehova həmin «günü və saatı» artıq təyin edib. Onun təyin etdiyi gün Allahı sevən hər kəsin xeyrinə olacaq vaxtdır (Mət. 24:36; 2 But. 3:15).

Yusifdən səbirli olmaqla bağlı nə öyrənirik? (12—14 abzaslara baxın)

12. Hansı vəziyyətdə səbrimiz sınana bilər?

12Haqq-ədalətin bərqərar olunmasını səbirlə gözləməliyik. Bu dünyada insanlar çox vaxt cinsiyyəti, milliyyəti, mədəniyyəti, etnik və ya irqi mənsubiyyəti onlardan fərqli olanlarla pis rəftar edir. Digərləri fiziki və ya əqli qüsurlarına görə haqsız rəftara məruz qalır. Bir çox Yehovanın Şahidi isə Müqəddəs Kitaba əsaslanan etiqadlarına görə ədalətsizliklə üzləşir. Bu kimi münasibətlərlə üzləşəndə İsa Məsihin sözləri bizə kömək edə bilər. O demişdi: «Axıra kimi dözən xilas olacaq» (Mət. 24:13). Bəs əgər yığıncaqda kiminsə ciddi günah işlədiyini bilirsinizsə, nə etməlisiniz? Ağsaqqallar bundan xəbərdar olandan sonra onların bu məsələni Yehovanın göstərişinə uyğun həll edəcəklərinə etibar edib, səbirlə gözləyəcəksiniz? Ağsaqqallar bu kimi məsələləri necə həll edirlər?

13. Kimsə günah işləyəndə Yehova ağsaqqalların bu məsələni necə həll etməsini istəyir?

13 Onlar ilk növbədə dua edib «yuxarıdan nazil olan hikmət» diləyirlər ki, vəziyyətə Yehovanın gözü ilə baxsınlar (Yaq. 3:17). Onların məqsədi mümkünsə, günahkarı səhv yoldan qaytarmaqdır (Yaq. 5:19, 20). Həmçinin onlar əllərindən gələni edirlər ki, yığıncağı qorusunlar və zərərçəkənlərə təsəlli versinlər (2 Kor. 1:3, 4). Kimsə ciddi günah işləyəndə ağsaqqallar əvvəlcə bütün faktları öyrənməlidir, bunun üçün isə müəyyən vaxt lazımdır. Sonra onlar dua edib, düşünülmüş şəkildə günahkara Müqəddəs Kitabdan məsləhət verir və «lazımi ölçüdə» düzəliş edir (Ərm. 30:11). Ağsaqqallar bu məsələni uzatmır, amma tez-tələsik də qərar vermir. Onlar Yehovanın göstərişlərinə uyğun davrananda bütün yığıncaq bunun xeyrini görür. Amma bəzən hətta hər şey düzgün şəkildə həll olunsa da, zərərçəkən tərəf hələ də qəlb yarası duya bilər. Əgər siz də belə vəziyyətdəsinizsə, ağrınızı necə yüngülləşdirə bilərsiniz?

14. Müqəddəs Kitabdakı hansı nümunə məsihinin vurduğu ağır qəlb yarasına dözməyə kömək edə bilər?

14 Olubmu ki, kimsə, hətta dindaşınız sizə ağır qəlb yarası vursun? Müqəddəs Kitabdakı nümunələr bizə kömək edə bilər ki, məsələni Yehovanın öhdəsinə buraxıb, səbirlə gözləməyi öyrənək. Misal üçün, Yusifin qardaşları ona qarşı çox böyük haqsızlıq etmişdilər. Amma Yusif imkan vermədi ki, onların bu hərəkəti onu acıqlı insana çevirsin. Əksinə, o, diqqətini Yehovaya xidmətə cəmlədi, Yehova da ona səbirlə dözdüyünə görə bol-bol mükafat verdi (Yar. 39:21). Zamanla Yusif qardaşlarının ona çəkdirdiyi əzabları unutmağı bacardı və Yehovanın ona verdiyi nemətləri görə bildi (Yar. 45:5). Yusif kimi, biz də Yehovaya yaxınlaşanda və haqsızlığı həll etməyi Onun öhdəsinə buraxanda təsəlli tapırıq (Zəb. 7:17; 73:28).

15. Bir bacıya haqsızlığa dözməyə nə kömək etdi?

15 Əlbəttə, üzləşdiyimiz bütün haqsızlıqlar Yusifinki qədər ağır deyil. Amma istənilən halda, pis rəftar insana qəlb ağrısı verir. Kiminləsə, o cümlədən Yehovaya ibadət etməyən insanla aramızda problem yarananda Müqəddəs Kitabdakı prinsiplərə əməl etsək, xeyrini görərik (Filip. 2:3, 4). Baş vermiş bir hadisəyə nəzər salaq. Bir bacı öyrənəndə ki, iş yoldaşı onun haqqında pis danışır, şayiələr yayır, çox sarsılmışdı. Amma bacı tez özündən çıxmadı, İsa Məsihin nümunəsi üzərində düşündü. İsa təhqirə təhqirlə cavab vermirdi (1 But. 2:21, 23). Bacı da baş verənləri udmaq qərarına gəldi. Sonralar bacı bildi ki, iş yoldaşının səhhətində ciddi problem var imiş və buna görə ciddi stres keçirirmiş. Bacı belə qənaətə gəldi ki, yəqin, iş yoldaşı bu sözləri qəsdən deməyib. Bu pis rəftar qarşısında təmkin göstərdiyi üçün bacı çox sevinirdi və ürəyi rahat idi.

16. Haqsızlıqla üzləşirsinizsə, sizə nə təskinlik verə bilər? (1 Butrus 3:12).

16 Əgər haqsızlıqla üzləşirsinizsə, yaxud başqa səbəbə görə əzab çəkirsinizsə, unutmayın ki, Yehova «qəlbisınıqlara» yaxındır (Zəb. 34:18). Yehova səbir etdiyinizə, qayğı yükünüzü Ona verdiyinizə görə sizi çox istəyir (Zəb. 55:22). O, dünyanın Hakimidir. Heç nə Onun nəzərindən yayınmır. (1 Butrus 3:12 ayəsini oxuyun.) Bəs siz həlli sizdən asılı olmayan çətinliklərlə üzləşəndə Yehovanı səbirlə gözləyirsiniz?

YEHOVANI SƏBİRLƏ GÖZLƏYƏNLƏRİ NEMƏTLƏR GÖZLƏYİR

17. Əşiya 30:18 ayəsində yazıldığı kimi, Yehova bizə nə vəd edir?

17 Tezliklə, səmavi Atamız Yehova Padşahlığı vasitəsilə başımızdan bol-bol nemətlər tökəcək. Əşiya 30:18 ayəsində yazılıb: «Yehova səbirlə gözləyir ki, sizə lütf göstərsin, O qalxacaq ki, sizə mərhəmət göstərsin. Çünki Yehova haqq Allahdır. Nə xoşbəxtdir ümidini Ona bağlayanlar!» Bəli, ümidini Yehovaya bağlayanlar həm indi, həm də gələcəkdə yeni dünyada çoxlu nemətlər alacaq.

18. Bizi qarşıda hansı nemətlər gözləyir?

18 Allahın xalqı yeni dünyaya daxil olandan sonra daha narahatçılıq, çətinlik nədir bilməyəcək. Nə haqsızlıq, nə də ağrı olacaq (Vəhy 21:4). Ehtiyac duyduğumuz şeylərin dərdini çəkməyəcəyik, çünki hər şey bol olacaq (Zəb. 72:16; Əşy. 54:13). Görün bizi qarşıda necə gözəl həyat gözləyir!

19. Yehova bizi indidən nəyə hazırlayır?

19 O vaxta qədər isə Yehova bizi Onun rəhbərliyi altında olacaq həyata hazırlayır. O, pis vərdişlərimizin öhdəsindən gəlməyə və yaxşı xüsusiyyətlər inkişaf etdirməyimizə kömək edir. Buna görə də təslim olmayın, ruhdan düşməyin! Ən gözəl günlər hələ qarşıdadır! Bu parlaq gələcək gələnə qədər gəlin Yehovanın Öz işini tamamlamasını səbirlə və həvəslə gözləməyə davam edək!

NƏĞMƏ 118 «İmanımızı artır»

^ abz. 5 Yəqin, Yehovaya uzun müddət xidmət edən insanın belə dediyini eşitmisiniz: «Mən bilməzdim ki, bu yaşıma çatana qədər bu dünyanın sonu gəlməyəcək». Hər birimiz Yehovanın bu dünyadakı pisliklərə son qoyacağı günü həsrətlə gözləyirik. Amma gərək səbirli olmağı öyrənək. Bu məqalədə səbirli olmağımıza kömək edəcək bəzi Müqəddəs Kitab prinsiplərini araşdıracağıq. Həmçinin Yehovanı səbirlə gözləməli olduğumuz iki sahədən danışacağıq. Sonda isə səbirlə gözləyənlərin alacağı mükafatlar haqda danışacağıq.

^ abz. 56 ŞƏKLİN İZAHI. Bacı ta uşaq yaşlarından Yehovaya müntəzəm dua edir. Balaca olanda valideynləri ona dua etməyi öyrətmişdi. Yeniyetmə yaşlarında olanda o, öncül xidmətinə başladı və Yehovaya tez-tez dua edirdi ki, onun xidmətini avand etsin. İllər sonra həyat yoldaşı xəstələnəndə o, Yehovaya yalvardı ki, bu sınağa dözməyə güc versin. Hal-hazırda o, duldur və dua etməyə davam edir. Əmindir ki, bütün həyatı boyu olduğu kimi, indi də Yehova onun dualarını cavabsız qoymayacaq.