Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 32

Yaradana imanınızı gücləndirin

Yaradana imanınızı gücləndirin

«İman... gözlə görünməyən gerçəkliklərin sübutunu açıq-aşkar görməkdir» (İBR. 11:1).

NƏĞMƏ 11 Xilqət Xaliqini ucaldır

İCMAL *

1. Yaradan haqda sizə nələri öyrətmişdilər?

SİZ Yehovanın Şahidlərinin ailəsində böyümüsünüzsə, sözsüz ki, uşaq yaşlarınızdan Yehova haqda nələrisə öyrənmisiniz. Bilirsiniz ki, Yehova Yaradandır, ecazkar xüsusiyyətləri var və Yer kürəsini Cənnətə çevirmək niyyətindədir (Yar. 1:1; Həv. 17:24—27).

2. Bəzi insanlar Yaradanın varlığına inanan kəslərə necə baxır?

2 Amma çox adam Allahın varlığına və ya Onun hər şeyin Yaradanı olduğuna inanmır. Onlar hesab edir ki, həyat təsadüf nəticəsində əmələ gəlib, sonra isə tədricən sadə həyat formasından daha mürəkkəb həyat formasına təkamül edib. Buna inananların arasında yüksək təhsilli insanlar var. Onların bəziləri iddia edir ki, elm Müqəddəs Kitabın səhv olduğunu sübut edir və təkcə savadsız, cahil insanlar Yaradanın olduğuna inanır.

3. Nəyə görə imanımızı gücləndirməliyik?

3 Bəs bu nüfuzlu insanların fikirləri Yehovanın Yaradanımız olduğuna imanımızı sarsıdacaq? Bu, əsas etibarilə ondan asılıdır ki, Yehovanın Yaradan olduğuna nəyə görə inanırıq. Ona görə inanırıq ki, bizi belə öyrədiblər, yoxsa vaxt ayırıb dəlilləri özümüz araşdırıb əmin olmuşuq? (1 Kor. 3:12—15). Neçə illərdir Yehovanın Şahidi olmağımızdan asılı olmayaraq, hər birimiz imanımızı möhkəmləndirməyə davam etməliyik. Belə davransaq, Allahın Kəlamına zidd fikirlər öyrədən insanların fəlsəfəsinə, puç və yanlış fikirlərinə aldanmayacağıq (Kol. 2:8; İbr. 11:6). Məqalə bizə bu sahədə kömək edəcək. Öyrənəcəyik ki, 1) nəyə görə çoxları Yaradanın varlığına inanmır; 2) Yaradanımız Yehovaya imanımızı necə gücləndirə bilərik və 3) imanımızı möhkəm saxlamaq üçün nə edə bilərik.

NƏ ÜÇÜN ÇOXLARI YARADANIN VARLIĞINA İNANMIR?

4. İbranilərə 11:1 ayəsinə əsasən, əsl iman nəyə əsaslanır?

4 Bəziləri düşünür ki, iman nəyəsə sübut olmadan inanmaq deməkdir. Amma Müqəddəs Kitaba əsasən, bu, əsl iman deyil. (İbranilərə 11:1 ayəsini oxuyun.) Görünməyən gerçəkliklərə, məsələn, Yehovaya, İsaya, səmavi Padşahlığa iman açıq-aşkar sübutlara əsaslanır (İbr. 11:3). Biokimyaçı bir Yehovanın Şahidi bunu belə izah edir: «Bizim imanımız kor-koranə deyil, biz elmi faktlara gözümüzü bağlamamışıq».

5. Nəyə görə çoxları inanır ki, həyat Yaradan olmadan əmələ gəlib?

5 Görəsən, hər şeyi Allahın yaratdığına açıq-aşkar sübutlar olduğu halda, nəyə görə çoxları buna inanmır? Çünki bəziləri özləri bu sübutları araşdırmayıb. Hal-hazırda Yehovanın Şahidi olan Robert deyir: «Məktəbdə yaradılış tədris olunmadığı üçün buna inanmırdım, ta ki 22 yaşımda Yehovanın Şahidləri ilə danışana kimi. Onlar Müqəddəs Kitabdan Yaradanın var olduğuna dair məntiqli və əsaslı dəlillər gətirdilər» *. (« Valideynlərə müraciət» adlı çərçivəyə baxın.)

6. Nəyə görə bəziləri Yaradana inanmır?

6 Bir başqaları isə ancaq gördüklərinə inandıqları üçün Yaradanın varlığına inanmır. Belə dediklərinə baxmayaraq, əslində, görmədikləri çox şeyə inanırlar, məsələn, cazibə qüvvəsinə, çünki bu, gerçəkdir. Müqəddəs Kitabda məhz bu cür imandan danışılır, bu iman digər «gözlə görünməyən gerçəkliklərin» sübutuna əsaslanır (İbr. 11:1). Bu sübutları şəxsən araşdırmaq üçün vaxt və güc sərf etmək lazımdır, çox adam isə özünü əziyyətə vermək istəmir. Sübutları araşdırmayan insan asanlıqla Yaradanın olmadığı qənaətinə gələ bilər.

7. Təhsilli insanların hamısı kainatı Allahın yaratdığını inkar edir? İzah edin.

7 Amma bəzi alimlər özləri sübutları araşdırıb və əmin olublar ki, kainatı Allah yaradıb *. Yuxarıda adı çəkilən Robert kimi, bəzi insanların da Yaradanın varlığına inanmamalarına səbəb universitetdə yaradılışın tədris olunmamasıdır. Amma çoxlu sayda alim Yaradan Allah olan Yehovanı tanıyıb və Onu sevirlər. Bu alimlər kimi, biz də, aldığımız təhsildən asılı olmayaraq, Allaha imanımızı möhkəmləndirməliyik; bunu bizim əvəzimizə heç kim etməyəcək.

YARADANA İMANINIZI NECƏ GÜCLƏNDİRƏ BİLƏRSİNİZ?

8, 9. a) İndi hansı sualı araşdıracağıq? b) Təbiət haqda öyrənməyinizin sizə hansı faydası olacaq?

8 Yaradana imanınızı necə gücləndirə bilərsiniz? Gəlin bunun dörd yolu haqda danışaq.

9Təbiət haqda öyrənin. Siz heyvanları, bitkiləri və ulduzları müşahidə edərək, Yaradana imanınızı möhkəmləndirə bilərsiniz (Zəb. 19:1; Əşy. 40:26). Bu kimi şeylər haqda nə qədər çox öyrənsəniz, Yehovanın Yaradan olduğuna əminliyiniz bir o qədər artacaq. Nəşrlərimizdə yaradılışla bağlı müxtəlif təfsilatların izah olunduğu məqalələr var. Bu kimi məqalələr sizə qəliz gəlsə də, yenə də oxuyun. Bacardığınız qədər başa düşməyə çalışın. Həmçinin son illərdə regional toplantılarda yaradılışla bağlı göstərilən videolar jw.org saytımıza yerləşdirilib. Bu gözəl videolara yenidən baxmağı da unutmayın.

10. Təbiət Yaradanın olduğuna necə şəhadət edir? Nümunə çəkin (Romalılara 1:20).

10 Təbiət haqda öyrənərkən, düşünün: «Bu şeylər mənə Yaradan haqda nə deyir?» (Romalılara 1:20 ayəsini oxuyun.) Bildiyimiz kimi, Günəş həyat üçün zəruri olan istilik mənbəyi olmaqla yanaşı, ultrabənövşəyi şüalar şəklində zərərli enerji də yayır. İnsan bu şüalardan qorunmalıdır və qorunur da. Bəs necə? Yaşadığımız Yer kürəsinin özünün mühafizə qatı var. Ozon qazından ibarət olan bu qat Yeri Günəşin zərərli şüalarından qoruyur. Günəşin yaydığı ultrabənövşəyi şüalar artdıqca, ozon qatının da həcmi artır. Yəqin razı olarsınız ki, bu proses öz-özünə ola bilməz, bunun Yaradanı var və O, məhəbbətli və hikmətlidir.

11. Yaradılışla bağlı imanı gücləndirən faktları haradan tapa bilərsiniz? (« İmanı gücləndirən bəzi mənbələr» adlı çərçivəyə baxın.)

11 «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitində, həmçinin jw.org saytında yaradılışla bağlı imanınızı gücləndirən faktlar tapa bilərsiniz. «Təkamül, yoxsa yaradılış möcüzəsi?» rubrikasındakı məqalələrdən və videolardan başlaya bilərsiniz. Orada heyvanlarla və bitkilərlə bağlı qısa və heyrətamiz məlumatlar yer alır. Həmçinin alimlərin təbiətdən ilhamlanaraq nələr yaratmağa çalışdığı ilə bağlı nümunələr var.

12. Müqəddəs Kitabı mütaliə edərkən nələrə fikir verməliyik?

12Müqəddəs Kitabı dərindən mütaliə edin. Bayaq haqqında danışdığımız biokimyaçı əvvəl-əvvəl Yaradanın varlığını inkar edirdi. Amma sonra onda iman yarandı. O deyir: «İmanım təkcə elmi tədqiqatlarıma əsaslanmırdı. Həmçinin Müqəddəs Kitabı da dərindən araşdırdım». Ola bilsin, siz artıq Müqəddəs Kitab təlimlərini yaxşı bilirsiniz. Amma buna baxmayaraq, Yaradana imanınızı möhkəmləndirmək üçün bundan sonra da Müqəddəs Kitabı dərindən mütaliə etməlisiniz (Yuş. 1:8; Zəb. 119:97). Məsələn, Müqəddəs Kitabda tarixi hadisələrin necə təfsilatı ilə qeyd olunduğuna diqqət yetirin. Oradakı peyğəmbərliklərin yerinə yetməsinə, daxili uyğunluğuna fikir verin. Bunun sayəsində daha da əmin olacaqsınız ki, bizi məhəbbətli və hikməti Allah yaradıb və Müqəddəs Kitab Onun ilhamı ilə yazılıb * (2 Tim. 3:14; 2 But. 1:21).

13. Allahın Kəlamındakı hikmətə dair bir nümunə çəkin.

13 Müqəddəs Kitabı mütaliə edərkən oradakı məsləhətlərin necə faydalı olduğuna diqqət yetirin. Ta qədimdən Müqəddəs Kitabda xəbərdarlıq olunmuşdu ki, pulpərəstlik zərərlidir və çoxlu əzablara səbəb olur (1 Tim. 6:9, 10; Məs. 28:20; Mət. 6:24). Bu nəsihət hələ də aktualdır? «Narsizim epidemiyası» kitabında deyilir: «Ümumi götürdükdə, maddiyyata önəm verən insanlar elə də xoşbəxt deyillər və depressiyaya meyillidirlər. Hətta sadəcə olaraq bir az artıq pul qazanmaq istəyən insanlarda zehni zəiflik müşahidə olunur; hətta fiziki sağlamlıqları ilə bağlı daha çox problem yaşayırlar» («The Narcissism Epidemic»). Həqiqətən də, Müqəddəs Kitabda pulpərəstlikdən çəkinməklə bağlı verilən məsləhət bizim xeyrimizədir! Müqəddəs Kitabdakı başqa hansı məsləhətlərin xeyrini görmüsünüz? Oradakı məsləhətlərin dəyəri haqda nə qədər çox düşünsək, Yaradanın verdiyi bu hikmətli məsləhətlərə bir o qədər çox bel bağlayacağıq (Yaq. 1:5). Beləcə, həyatdan daha çox zövq alacağıq (Əşy. 48:17, 18).

14. Müqəddəs Kitabı mütaliə etdikcə Yehova haqda nə öyrənəcəksiniz?

14Müqəddəs Kitabı oxuyanda qoy məqsədiniz Yehovanı daha yaxından tanımaq olsun (Yəh. 17:3). Mütaliə etdikcə Yehovanın necə uca Varlıq olduğunu daha aydın görəcəksiniz. O Varlıq ki, xüsusiyyətləri yaradılışda əks olunan xüsusiyyətlərlə həmahəngdir. Gün kimi aydındır ki, bu xüsusiyyətlər kiminsə uydurması ola bilməz, onlar var olan Allaha məxsusdur (Çıx. 34:6, 7; Zəb. 145:8, 9). Yehovanı daha yaxından tanıdıqca, Ona imanınız artacaq, məhəbbətiniz dərinləşəcək və Onunla daha möhkəm dost olacaqsınız.

15. Etiqadınız haqda başqalarına danışmağın sizə hansı xeyri olacaq?

15Allaha imanınız haqda başqalarına danışın. Bu sizin öz imanınızı möhkəmləndirəcək. Ola bilsin, təbliğ etdiyiniz insan Allahın varlığına şübhə etdiyini deyir və siz ona nə deyəcəyinizi bilmirsiniz. Bu zaman nə edə bilərsiniz? Belə məqamda nəşrlərimizdən Müqəddəs Kitaba əsaslanan cavab tapın və həmin insanla bölüşün (1 But. 3:15). Həmçinin təcrübəli dindaşınızdan da kömək istəyə bilərsiniz. Həmin insan Müqəddəs Kitabdan verdiyiniz cavabı qəbul etsə də, etməsə də, araşdırmağınızın sizin özünüzə xeyri olacaq. İmanınız daha da möhkəm olacaq. Nəticədə, hikmətli və ağıllı hesab olunan insanlar Yaradanın olmadığını iddia edəndə siz bu yalanlara aldanmayacaqsınız.

İMANINIZI MÖHKƏM SAXLAYIN!

16. İmanımızı gücləndirməyə və möhkəm saxlamağa çalışmasaq, nə baş verə bilər?

16 Yehovaya neçə müddətdir ibadət etməyimizdən asılı olmayaraq, imanımızı gücləndirməli və möhkəm saxlamalıyıq. Çünki ehtiyatı əldən versək, imanımız zəifləyə bilər. Qeyd etdiyimiz kimi, iman gözlə görünməyən gerçəkliklərin sübutuna əsaslanır. Görmədiyimiz şeyi isə asanlıqla unuda bilərik. Elə buna görə də Bulus iman azlığını «bizi asanlıqla çaşdıran günah» adlandırmışdı (İbr. 12:1, «Müqəddəs Kitab Şirkəti», 2009). Bəs imanımızı necə möhkəm saxlaya bilərik? (2 Salon. 1:3).

17. İmanımızı möhkəm saxlamaq üçün nəyə ehtiyacımız var?

17 Əvvəla, Yehovadan müqəddəs ruh diləyin və bunu həmişə edin. Çünki iman müqəddəs ruhun bəhrəsinə daxildir (Qal. 5:22, 23). Müqəddəs ruhun köməyi olmadan biz Yaradana imanımızı nə gücləndirə, nə də möhkəm saxlaya bilərik. Biz Yehovadan müqəddəs ruh diləməyə davam etsək, O, duamızı cavabsız qoymayacaq (Luka 11:13). Hətta konkret olaraq belə dua edə bilərik: «İmanımızı artır» (Luka 17:5).

18. Zəbur 1:2, 3 ayələrinə əsasən, bu gün bizim hansı üstünlüyümüz var?

18 Həmçinin Allahın Kəlamını müntəzəm mütaliə edin. (Zəbur 1:2, 3 ayələrini oxuyun.) Bu məzmur yazılanda İsraildə Qanunun bir neçə tam nüsxəsi var idi. Bu nüsxələr yalnız tək-tük israillilər üçün, məsələn, padşah və kahinlər üçün əlçatan idi. Hər yeddi ildən bir «kişiləri, qadınları, uşaqları» və İsraildə yaşayan yadelliləri bir yerə yığıb, hamının eşitməsi üçün Qanunu oxuyurdular (Qan. 31:10—12). İsanın yaşadığı dövrdə Müqəddəs Yazıların tumarları tək-tük insanda və sinaqoqda var idi. Bu gün isə əksər insanlar Allahın Kəlamını tam şəkildə və ya müəyyən hissələrini əldə edib oxuya bilər. Bu, çox böyük üstünlükdür! Bəs biz bunu qiymətləndirdiyimizi necə göstərə bilərik?

19. İmanımızı möhkəm saxlamaq üçün nə etməliyik?

19 Allahın Kəlamını qiymətləndirdiyimizi onu müntəzəm oxumaqla göstərə bilərik. Biz fərdi mütaliəni hərdənbir, vaxtımız olandan olana etməməliyik. Cədvəlimizdə mütaliəyə vaxt ayırıb, buna əməl etsək, imanımızı möhkəm saxlaya biləcəyik.

20. Biz nə etməyə qəti qərarlı olmalıyıq?

20 Bu dünyadakı «hikmətli və ağıllı adamlardan» fərqli olaraq, bizim Allahın Kəlamına əsaslanan möhkəm imanımız var (Mət. 11:25, 26). Müqəddəs Kitabı mütaliə etdiyimiz üçün bilirik ki, dünyadakı vəziyyət nəyə görə pisləşir və Yehova bununla bağlı hansı tədbiri görəcək. Odur ki, gəlin imanımızı möhkəmləndirək və mümkün qədər çox insana Yaradana iman etməyə kömək edək (1 Tim. 2:3, 4). Gəlin nəzərimizi gələcəyə cəmləyək. O zaman yer üzündə olan hər kəs bir ağızdan növbəti sözləri deyəcək: «Allahımız Yehova, Sən şana... layiqsən! Çünki hər şeyin yaradanı Sənsən» (Vəhy 4:11).

NƏĞMƏ 2 Yehovadır ismin

^ abz. 5 Müqəddəs Kitabda açıq-aydın yazılıb ki, Yehova Yaradandır. Amma çox adam buna inanmır. Onlar həyatın öz-özünə yarandığını iddia edir. Əgər biz Allaha və Müqəddəs Kitaba imanımızı möhkəmləndirmək üçün əlimizdən gələni etsək, bu kimi fikirlər əminliyimizi sarsıtmayacaq. Bu məqalədə bunu etməyin yollarını öyrənəcəyik.

^ abz. 5 Bir çox məktəblərdə hər şeyin Allah tərəfindən yaradıldığı fikri heç ehtimal kimi də irəli sürülmür. Bəzi pedaqoqların zənnincə, bununla şagirdlərin din azadlığına müdaxilə etmiş olarlar.

^ abz. 7 Alimlər də daxil olmaqla, 60-dan çox mütəxəssisin Yaradana inanması haqda «Gözətçi Qülləsi nəşrlərinin indeksi»ndə (rus.) oxuya bilərsiniz. «Elm» mövzusu altında «Yaradılışa inanan alimlərin dedikləri» başlığına baxın. Bu haqda həmçinin «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitində müəyyən məlumat var. «Elm və texnologiya» mövzusuna daxil olub, «Müsahibələr (“Oyanın!” jurnalında rubrika)» başlığına baxın.

^ abz. 12 Məsələn, «Oyanın!» jurnalının 2011-ci il fevral ayında dərc olunan «Müqəddəs Kitabla elm uzlaşır?» adlı məqaləyə (rus.) və «Gözətçi qülləsi» jurnalının 2008-ci il 1 yanvar sayında dərs olunan «Yehovanın qabaqcadan dedikləri həyata keçir» adlı məqaləyə baxın.