Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 34

«Dadın, görün necə gözəldir Yehova»

«Dadın, görün necə gözəldir Yehova»

«Dadın, görün necə gözəldir Yehova, Ona sığınan nə bəxtiyardır!» (ZƏB. 34:8).

NƏĞMƏ 117 Ruhun bəhrəsi — yaxşılıq

İCMAL *

1, 2. Zəbur 34:8 ayəsinə əsasən, Yehovanın kəramətini necə dada bilərik?

TƏSƏVVÜR EDİN, sizə heç vaxt yemədiyiniz bir yeməyi təklif edirlər. Siz bu yeməyə baxsanız, iyləsəniz, tərkibini öyrənsəniz və ya kiminsə fikrini soruşsanız, yemək barədə müəyyən təsəvvürünüz yaranacaq. Amma bu yeməyi bəyənib-bəyənməyəcəyinizi dəqiq bilmək üçün gərək onun dadına baxasınız.

2 Biz Yehovanın kəraməti haqda Müqəddəs Kitabdan, nəşrlərimizdən oxuyuruq, həmçinin başqaları aldıqları nemətlər haqda danışanda bilirik. Amma yalnız Yehovanın kəramətini özümüz «dadandan» sonra Onun necə gözəl Allah olduğunu tam anlaya bilərik. (Zəbur 34:8 ayəsini oxuyun.) Məsələn, gəlin bunu etməyin bir üsuluna nəzər salaq. Ola bilsin, siz Yehovaya tamvaxtlı xidmət etmək istəyirsiniz. Amma bu məqsədə çatmaq üçün həyatınızı sadələşdirməlisiniz. Yəqin dəfələrlə oxumusunuz ki, əgər Padşahlığı hər şeydən üstün tutsaq, Yehova bizim zəruri ehtiyaclarımızı ödəyəcək. Amma öz üzərimizdə bu vədin gerçəkləşdiyinin şahidi olmamışıq (Mət. 6:33). Buna baxmayaraq, İsanın bu vədinə etibar edib, xərclərimizi azaldırıq, işimizdə dəyişiklik edirik və xidmətimizə köklənirik. Bu yolla Yehovanın qeydimizə qaldığını şəxsi təcrübəmizdən öyrənirik. Yehovanın kəramətini özümüz «dadırıq».

3. Zəbur 31:19 ayəsinə əsasən, Yehova kimlərə qarşı kəramətlidir?

3 Yehova «hamıya qarşı kəramətlidir», hətta Onu tanımayanlara qarşı da (Zəb. 145:9; Mət. 5:45). Amma Onu sevənlərə, bütün varlığı ilə Ona xidmət edənlərə daha çox nemət verir. (Zəbur 31:19 ayəsini oxuyun.) Gəlin görək bu nemətlərdən bəziləri hansılardır.

4. Yehova Ona yaxınlaşmağa başlayanlara Öz kəramətini necə göstərir?

4 Hər dəfə Yehovadan öyrəndiklərimizi tətbiq edəndə bunun xeyrini görürük. Yehovanı tanıyanda və sevməyə başlayanda O bizə kömək etdi ki, Onun bəyənmədiyi fikirlərdən və əməllərdən uzaq ola bilək (Kol. 1:21). Özümüzü Yehovaya həsr edib vəftiz olunanda Onun kəramətini daha çox duyduq. Belə ki, təmiz vicdana və Onunla sıx dostluq münasibətlərinə sahib olduq (1 But. 3:21).

5. Təbliğ edəndə Yehovanın kəramətini necə duyuruq?

5 Təbliğ xidmətində iştirak etdikcə biz Yehovanın kəramətini duymağa davam edirik. Xasiyyətcə utancaq insansınız? Yehovanın xidmətçiləri arasında sizin kimi insanlar çoxdur. Yəqin Yehovanın Şahidi olmamışdan qabaq heç ağlınıza da gəlməzdi ki, yad insanların qapısını döyüb Müqəddəs Kitab haqda danışarsınız. Amma bu gün bunu müntəzəm edirsiniz. Üstəlik, Yehovanın köməyi sayəsində təbliğ işindən zövq alırsınız. Yehovanın müxtəlif yollarla sizə dayaq olduğunu hiss edirsiniz. O sizə xidmətdə qarşılaşdığınız etirazlar zamanı sakitliyinizi qorumağa, maraqlanan insanla danışarkən müvafiq ayəni xatırlamağa kömək edir. Həmçinin insanlar çatdırdığınız müjdəyə laqeyd yanaşanda təbliği davam etdirməyə sizə güc verir (Ərm. 20:7—9).

6. Yehovanın bizi öyrətməsi Onun kəramətli olduğunu necə göstərir?

6 Yehova bizə qarşı kəramətini təbliğ etməyi öyrətməklə də göstərir (Yəh. 6:45). Həftəarası görüşlərdə söhbət planına aid yaxşı tərtib olunmuş videolara baxırıq və təşviq olunuruq ki, oradan öyrəndiklərimizi xidmət zamanı tətbiq edək. Əvvəl-əvvəl hansısa yeni üsulla təbliğ edəndə, ola bilsin, təlaş keçiririk, amma sonra bu üsulun faydasını özümüz də görürük. Həmçinin ibadət görüşlərində və toplantılarda təbliğin əvvəllər iştirak etmədiyimiz növlərində iştirak etməyə təşviq olunuruq. Bu zaman da öyrəşdiyimizdən fərqli bir şey etmək lazım gəlir. Amma belə edəndə Yehova işimizi bərəkətli edir. Gəlin görək vəziyyətimizdən asılı olmayaraq, Yehovaya daha çox xidmət etmək üçün yeni üsulları sınaqdan keçirsək, hansı nemətləri alacağıq. Daha sonra öyrənəcəyik ki, hansı addımlar xidmətimizi genişləndirməyə kömək edə bilər.

YEHOVA ONA GÜVƏNƏNLƏRƏ BOLLUCA NEMƏT VERİR

7. Xidməti genişləndirmək üçün əlimizdən gələni edəndə hansı nemətləri alırıq?

7Yehovaya daha da yaxınlaşırıq. Yoldaşı ilə birgə Kolumbiyada xidmət edən Samuel * adlı ağsaqqalın hadisəsinə baxaq. Onlar öz ölkələrində öncül kimi xidmət edirdilər, amma xidmətlərini genişləndirib ehtiyac olan yığıncaqda xidmət etmək istəyirdilər. Lakin bu məqsədlərinə çatmaq üçün müəyyən qurbanlar verməli idilər. Samuel deyir: «Mətta 6:33 ayəsinə əməl etdik və lazımsız xərclərimizə son qoyduq. Bizim üçün ən çətini evimizi qoyub getmək idi. Bu ev çox ürəyimizcə idi, üstəlik, ipoteka da deyildi». Yeni təyinatlarında onlar gördülər ki, əvvəlki gəlirlərinin altıda biri qədər məvacibə yaşamaq mümkündür. Samuel deyir: «Biz Yehovanın addımlarımızı necə yönəltdiyini, dualarımıza necə cavab verdiyini görürdük. Biz Yehovanın razılığını və sevgisini tamam fərqli yönlərdən duymuşuq». Bəs siz xidmətinizi hansısa sahədə genişləndirə bilərsiniz? Əmin olun ki, bunu etsəniz, Yehovaya daha da yaxınlaşacaqsınız və O sizin qeydinizə qalacaq (Zəb. 18:25).

8. İvan və Viktoriyanın sözlərindən nə öyrənirik?

8Xidmətimizdən sevinc duyuruq. Gəlin Qırğızıstanda öncül kimi xidmət edən İvan və Viktoriya adlı cütlüyün dediklərinə baxaq. Onlar sadə həyat sürürdülər ki, könüllü kimi istənilən təyinatda, o cümlədən tikinti layihələrində xidmət edə bilsinlər. İvan deyir: «Biz hər layihədə canla-başla iştirak edirdik. Günün sonunda yorulsaq da, ürəyimiz məmnunluq hissi ilə dolu idi. Çünki bilirdik ki, gücümüzü Padşahlığın işinə sərf etmişik. Həmçinin qazandığımız yeni dostlar və gözəl xatirələr bizə böyük sevinc bəxş edirdi» (Mark 10:29, 30).

9. Çətinlikləri olan bir bacı xidmətini genişləndirmək üçün nə edib və bu hansı bəhrəni gətirib?

9 Çətin vəziyyətdə olsaq da, Yehovaya xidmətdən sevinc duya bilərik. Məsələn, götürək Qərbi Afrikada yaşayan Mirey adlı dul bacımızı. Əvvəllər o, həkim idi, təqaüdə çıxandan sonra öncüllüyə başladı. Mirey bacı artritin ağır formasından əziyyət çəkir. O, hər dəfə xidmətə çıxanda cəmi bir saat ev-ev təbliğ edə bilir. Amma ictimai şahidlikdə daha çox xidmət etməyə gücü çatır. O, çoxlu insanla təkrar söhbətlər edir, Müqəddəs Kitab dərsləri keçir. Onlardan bəziləri ilə telefonla əlaqə saxlayır. Mirey bacını Yehovaya daha çox xidmət etməyə nə təşviq etmişdi? O deyir: «Ürəyimdə Yehovaya və İsa Məsihə məhəbbətim aşıb-daşır. Yehovaya tez-tez dua edirəm ki, Ona əlimdən gələn qədər çox xidmət etməyimə kömək etsin» (Mət. 22:36, 37).

10. 1 Butrus 5:10 ayəsinə əsasən, xidmətini genişləndirənlər Yehovadan hansı nemətləri alır?

10Yehovadan əlavə təlim alırıq. Mavrikidə öncül kimi xidmət edən Keni qardaş buna özü şahid olub. O, həqiqəti öyrənəndə universitetdən çıxdı, vəftiz olundu və tamvaxtlı xidmətə başladı. O deyir: «Çalışıram: “Mən gedərəm! Məni göndər!” — deyən Əşiya peyğəmbərin sözlərinə uyğun yaşayım» (Əşy. 6:8). Keni qardaş bir çox tikinti layihələrində iştirak edib, həmçinin Müqəddəs Kitaba əsaslanan nəşrlərin ana dilinə tərcüməsində kömək edib. O deyir: «Aldığım təlim sayəsində təyinatlarımı icra etmək üçün lazım olan bacarıqlara yiyələnmişəm». Amma Keni təkcə öz işi ilə bağlı biliklər almayıb, daha çox şey öyrənib. O bölüşür: «Öz məhdudiyyətlərimi başa düşmüşəm, Yehovanın daha yaxşı xidmətçisi olmaq üçün hansı xüsusiyyətləri özümdə inkişaf etdirməli olduğumu öyrənmişəm». (1 Butrus 5:10 ayəsini oxuyun.) Siz də öz vəziyyətinizi götür-qoy edin. Görün nə edə bilərsiniz ki, Yehovadan əlavə təlim ala biləsiniz.

Bir ər-arvad Padşahlığın müjdəçilərinə tələbat olan ərazidə təbliğ edir; gənc bacı ibadət evinin tikintisində iştirak edir; yaşlı ər-arvad telefon vasitəsilə şahidlik verir. Onların hər biri təbliğ işindən sevinc duyur (11-ci abzasa baxın)

11. Xidmətlərini genişləndirmək üçün Cənubi Koreyadakı bacılar nə etdilər və bu hansı nəticəni verdi? (Həmçinin üz qabığındakı şəklə baxın.)

11 Hətta təcrübəli Yehovanın Şahidləri də yeni xidmət növlərini sınaqdan keçirəndə çox şey öyrənirlər. COVID-19 pandemiyası vaxtı Cənubi Koreyadakı bir yığıncağın ağsaqqalları yazmışdı: «Səhhətlərinə görə sahə xidmətində iştirak edə bilmədiklərini düşünənlər indi videokonfrans vasitəsilə təbliğ edirlər. 80 yaşlarında olan üç bacımız yeni texnologiyalardan istifadə etməyi öyrənib və indi demək olar ki, hər gün sahə xidmətində iştirak edirlər» (Zəb. 92:14, 15). Siz də istəyərdiniz, xidmətinizi genişləndirib, Yehovanın kəramətini daha çox dadasınız? Gəlin görək bu məqsədə çatmaq üçün hansı addımları ata bilərsiniz.

MƏQSƏDİNİZƏ APARAN ADDIMLAR

12. Yehova Ona güvənənlərə nə vəd edib?

12Yehovaya güvənməyi öyrənin. O vəd edir ki, Ona etibar etsək və Onun yolunda əlimizdən gələni etsək, başımızdan bərəkət tökəcək (Məl. 3:10). Kolumbiyada yaşayan Fabiola adlı bacı Yehovanın bu vədini necə yerinə yetirdiyinə özü şahid olub. O, vəftiz olunandan dərhal sonra öncül kimi xidmət etmək istəyirdi. Amma ərinin və üç uşağının dolanışığı ondan asılı idi. Bacının təqaüdə çıxması mümkün olanda Yehovaya hərarətlə dua edib kömək istədi. Bacı deyir: «Adətən təqaüdün təyin olunması uzun çəkir. Amma mənim işim bir ayın içində həll olundu. Bu, möcüzə idi!» İki ay sonra o, öncül xidmətinə başladı. İndi Fabiola bacının yaşı 70-i haqlayıb və o, 20 ildən çoxdur ki, öncül kimi xidmət edir. Bu müddət ərzində bacı səkkiz insana özünü Yehovaya həsr edib vəftiz olunmağa kömək edib. Bacı deyir: «Bəzən özümü zəif hiss etsəm də, Yehova öncül kimi xidmət etməyim üçün hər gün mənə güc verir».

İbrahim peyğəmbərlə Sara, Yaqub, eləcə də İordan çayını keçən kahinlər Yehovaya güvəndiklərini necə göstərdilər? (13-cü abzasa baxın)

13, 14. Yehovaya güvənməyə və xidmətimizi genişləndirməyə hansı nümunələr kömək edə bilər?

13Yehovaya güvənənlərdən örnək alın. Müqəddəs Kitabda Yehovaya fədakarcasına ibadət edən çoxlu insanın nümunəsi var. Əksər hallarda Yehovanın mömin bəndələri özləri ilk addımı atandan sonra Yehovadan nemətlər alıblar. Məsələn, İbrahim peyğəmbər «hara getdiyini bilməsə də», yurdunu tərk etdi Yalnız bundan sonra Yehova ona nemətlər verdi (İbr. 11:8). Yaqub mələklə güləşəndən sonra xeyir-dua aldı (Yar. 32:24—30). Yaxud da götürək İsrail xalqının Vəd edilmiş diyara daxil olmasını. Kahinlər gur axan İordan çayına ayaq basandan sonra sular dayandı və xalq çayı keçə bildi (Yuş. 3:14—16).

14 Siz həmçinin Yehovaya güvənən və xidmətini genişləndirən müasir dövrdəki dindaşlarınızdan örnək ala bilərsiniz. Payton və yoldaşı Diana «Xidmətə hazır könüllülər» * rubrikasından və digər məqalələrdən özlərini Yehovaya həsr edən insanlar haqda oxumağı xoşlayırdılar. Payton deyir: «Bu nümunələri oxumaq sanki dadlı yemək yeyən insana baxmağa bənzəyir. Onlara nə qədər çox baxırdıqsa, Yehovanın necə gözəl Allah olduğunu dadmaq istəyimiz bir o qədər artırdı». Nəhayətdə, Payton və Diana tələbat olan əraziyə köçüb, orada xidmət etdilər. Bəs siz bu rubrikanı oxumusunuz? Bizim jw.org saytımızdakı «Ucqar ərazidə təbliğ — Avstraliya», «Ucqar ərazidə təbliğ — İrlandiya» adlı videolara baxmısınız? Bunlar sizə kömək edəcək ki, xidmətinizi genişləndirmək üçün yollar axtarasınız.

15. Yaxınlarımız bizə necə kömək edə bilər?

15Sizi xidmətinizi genişləndirməyə təşviq edən insanlarla oturub-durun. Dadını bilmədiyimiz yeməyi ilk dəfə yemək çətin ola bilər. Amma ətrafdakı insanlar onu bəh-bəhlə yeyəndə onun dadına baxmağa daha ürəkli oluruq. Eynilə biz də həyatı Yehovaya xidmət ətrafında cövlan edən insanlarla oturub-dursaq, Yehovaya xidmətimizi genişləndirmək üçün daha çox can atacağıq. Kent və Veronika da buna özləri şahid olub. «Dostlarımız və ailəmiz bizi xidmətimizdə yeni səhifə açmağa təşviq edirdi», — deyə Kent bölüşür və sözünə davam edir: «Padşahlığı hər şeydən üstün tutan insanlarla oturub-durmaq bizi ürəkləndirdi ki, yeni şeyləri sınaqdan keçirək». Hal-hazırda Kent və Veronika Serbiyada xüsusi öncül kimi xidmət edir.

16. Luka 12:16—21 ayələrinə əsasən, qurbanlar verməyə nəyə görə tərəddüd etməməliyik?

16Yehovanın yolunda qurbanlar verin. Yehovanı razı salmaq o demək deyil ki, sevdiyimiz hər şeydən vaz keçməliyik (Vaiz 5:19, 20). Amma heç nəyi qurban vermək istəmədiyimiz üçün Yehovaya xidməti genişləndirmək istəmiriksə, İsanın bir məsəlindəki adamın səhvini təkrarlamış olarıq. O, Allahı unudub, özünə rahat şərait qurmuşdu. (Luka 12:16—21 ayələrini oxuyun.) Fransada yaşayan Kristian adlı qardaş deyir: «Mən vaxtımın və gücümün çoxunu Yehovaya və ailəmə sərf etmirdim». Kristian və yoldaşı öncül olmaq qərarına gəlir. Amma bu məqsədə çatmaq üçün onlar işlərini dəyişməli idilər. Onlar özlərini dolandırmaq üçün təmizlik xidməti təklif edən ofis açdılar. Həmçinin az şeyə qane olmağı öyrəndilər. Bu cür qurbanlar verməyə dəyərdi? Kristian deyir: «İndi xidmət bizə daha çox zövq verir. Təkrar söhbət etdiyimiz və dərs keçdiyimiz insanların Yehova haqda öyrəndiyini görmək bizə böyük sevinc gətirir».

17. Bir bacıya öyrəşmədiyi xidmət üsulunu sınaqdan keçirməyə nə kömək etdi?

17Yeni xidmət növlərini dadın (Həv. 17:16, 17; 20:20, 21). Birləşmiş Ştatlarda öncül kimi xidmət edən Şirli COVID-19 pandemiyası zamanı xidmətinə bəzi dəyişikliklər etməli oldu. O, telefonla təbliğ etməyə çəkinirdi. Amma rayon nəzarətçisinin ziyarəti zamanı təlim alandan sonra o, müntəzəm olaraq xidmətin bu növündə iştirak etməyə başladı. O deyir: «Əvvəl-əvvəl qorxurdum. Amma indi bu xidmət mənə ləzzət edir. Heç ev-ev təbliğ edəndə bu qədər insanla danışmırdıq!»

18. Xidmətimizi genişləndirərkən üzləşdiyimiz çətinlikləri aşmağa nə kömək edə bilər?

18Plan qurun və hərəkətə keçin. Çətinliklərlə üzləşən zaman Yehovaya dua edirik ki, çıxış yolu tapmaq üçün düşüncəmizi işə salmağa kömək etsin (Məs. 3:21). Avropada qaraçıdilli qrupda xidmət edən Sonya adlı bacı deyir: «Mən məqsədlərimi bir kağıza yazıram və onu göz qabağına qoyuram. Masamın üstündə fərqli tərəflərə gedən iki yol şəkli var. Qərar verməli olanda bu yollara baxıb fikirləşirəm ki, qərarım məni hara aparacaq». Sonya qarşılaşdığı çətinliklərə nikbin baxmağa çalışır. O deyir: «Yaranan vəziyyət yolumu kəsən divar da ola bilər, məqsədimə aparan körpü də. Hər şey mənim münasibətimdən asılıdır».

19. Nə etmək əzmində olmalıyıq?

19 Yehova müxtəlif yollarla bizə nemətlər verir. Onu mədh etmək üçün əlimizdən gələni etməklə bu nemətlərə görə Ona minnətdar olduğumuzu göstəririk (İbr. 13:15). Yehovanı mədh etməyin bir üsulu xidmətimizi genişləndirmək üçün yeni yollar axtarmaqdır. O, bunu əvəzsiz qoymayacaq, bizə başqa nemətlər də bəxş edəcək. Gəlin dadıb, Yehovanın necə gözəl Allah olduğunu görmək üçün hər gün müxtəlif yollar axtaraq. Onda İsa Məsih kimi, biz də deyəcəyik: «Mənim yeməyim məni göndərənin iradəsini yerinə yetirmək və Onun buyurduğu işi tamamlamaqdır» (Yəh. 4:34).

NƏĞMƏ 80 «Dadın, görün necə gözəldir Yehova»

^ abz. 5 Yehova yaxşılığın mənbəyidir. O hamıya, hətta pis insanlara qarşı da kəramətlidir. Ancaq sadiq xidmətçilərinə yaxşılıq etmək Ona daha çox zövq verir. Bu məqalədə görəcəyik ki, Yehova Öz xidmətçilərinə kəramətini necə göstərir. Həmçinin öyrənəcəyik ki, xidmətlərini genişləndirənlər Yehovanın kəramətini özəl tərzdə necə duya bilərlər.

^ abz. 7 Bəzi adlar şərtidir.

^ abz. 14 Bu rubrika əvvəllər «Gözətçi qülləsi» jurnalında dərc olunurdu, indi isə jw.org saytında çıxır. HAQQIMIZDA > SƏRGÜZƏŞTLƏR > RUHANİ MƏQSƏDLƏRƏ ÇATMAQ bölməsinə daxil olun.