Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 37

«Bütün xalqları silkələyəcəyəm»

«Bütün xalqları silkələyəcəyəm»

«Bütün xalqları silkələyəcəyəm. Xalqların ləl-cəvahiri gələcək» (HƏQ. 2:7).

NƏĞMƏ 24 Yehovanın dağına gəlin

İCMAL *

1, 2. Bizim dövrümüzlə bağlı hansı məcazi silkələnmə peyğəmbərlik olunub?

 «BİR neçə dəqiqə içində mağazalar, köhnə binalar yerlə yeksan oldu. Hamını təlaş bürümüşdü... Camaat deyirdi ki, zəlzələ haradasa iki dəqiqə çəkib, amma mənə bir ömür kimi gəlmişdi». Bu, 2015-ci ildə Nepalda baş vermiş zəlzələdə sağ qalmış bir nəfərin sözləridir. Əgər sizin başınıza belə bir dəhşətli hadisə gəlibsə, çətin ki onu unudasınız.

2 Amma bizim yaşadığımız bu dövrdə başqa növ zəlzələ baş verir. Bunun nəticəsində təkcə bir şəhər, yaxud bir ölkə yox, bütün «xalqlar silkələnir» və bu, uzun müddətdir ki davam edir. Bu silkələnmənin baş verəcəyi haqda Həqqay peyğəmbərlik etmişdi. O yazmışdı: «Ordular Allahı Yehova deyir: “Az qalıb, yeri və göyü, dənizi və qurunu bir də silkələyəcəyəm”» (Həq. 2:6).

3. Məcazi silkələnmə həqiqi zəlzələdən nə ilə fərqlənir?

3 Həqqay həqiqi zəlzələdə baş verən və məhvdən başqa bir şey gətirməyən silkələnmədən danışmır. Onun danışdığı silkələnmə gözəl nəticələr gətirir. Yehova deyir: «Bütün xalqları silkələyəcəyəm. Xalqların ləl-cəvahiri gələcək və Mən bu evi əzəmətlə dolduracağam» (Həq. 2:7). Bu peyğəmbərlik Həqqayın dövründə yaşayan insanlar üçün hansı əhəmiyyəti daşıyırdı? Bəs bizlər üçün hansı mənanı kəsb edir? Bu məqalədə bu sualların cavabını tapacağıq. Həmçinin öyrənəcəyik ki, «xalqların silkələnməsi» işinə biz necə töhfə verə bilərik.

HƏQQAYIN VERDİYİ ÜRƏKLƏNDİRİCİ XƏBƏR

4. Yehova Həqqay peyğəmbəri xalqının yanına nəyə görə göndərdi?

4 Yehova Həqqay peyğəmbərə vacib bir tapşırıq vermişdi. Gəlin bundan öncə baş verən hadisələrə nəzər salaq. Böyük ehtimal ki, Həqqay eramızdan əvvəl 537-ci ildə Babildən Yerusəlimə qayıdan əsirlərin arasında idi. Vətənə çatandan sonra çox keçməmiş bu sadiq insanlar qollarını çirmələyib Yehovanın evinin, məbədin təməlini qoydu (Üzr. 3:8, 10). Amma çox keçməmiş vəziyyət pisləşdi. Müqavimətlə üzləşdikləri üçün onların əlləri işdən soyudu və tikintini dayandırdılar (Üzr. 4:4; Həq. 1:1, 2). Ona görə də eramızdan əvvəl 520-ci ildə Yehova Həqqaya buyurdu ki, xalqın şövqünü alovlandırsın və onları məbədin tikintisini bitirməyə təşviq etsin * (Üzr. 6:14, 15).

5. Nəyə əsasən demək olar ki, Həqqayın sözləri Allahın xalqını ürəkləndirmişdi?

5 Həqqayın bəyan etdiyi xəbər yəhudilərin Yehovaya imanını möhkəmləndirmək üçün idi. Peyğəmbər cəsarətlə ruhdan düşmüş yəhudilərə növbəti sözləri deyir: «Yehova bəyan edir: “Ey məmləkət əhli, mərd olun və işləyin!” Ordular Allahı Yehova bəyan edir: “Mən sizinləyəm!”» (Həq. 2:4). Şübhəsiz ki, «ordular Allahı Yehova» ifadəsi onları ürəkləndirmişdi. Axı Yehovanın əmri altında mələklərdən ibarət nəhəng ordu var. Ona görə də yəhudilər işi başa çatdırmaq üçün Yehovaya bel bağlamalı idilər.

6. Həqqayın peyğəmbərlik etdiyi silkələnmənin nəticəsində nə baş verəcəkdi?

6 Yehova Həqqaya buyurmuşdu ki, bütün xalqların məcazi mənada silkələnəcəyini bəyan etsin. Bu peyğəmbərlik tikintidən əlləri soyuyan yəhudiləri ürəkləndirdi ki, Yehova Fars imperiyasını, həmin dövrdə çoxlu xalqları öz tabeliyinə salan bu qüdrətli hökuməti silkələyəcək. Bəs bunun nəticəsində nə olacaqdı? Əvvəla, Allahın xalqı məbədin tikintisini başa çatdıracaqdı. Daha sonra hətta qeyri-yəhudilər də onlara qoşulub bərpa olunmuş məbəddə Yehovaya ibadət edəcəkdi. Bu, Allahın xalqı üçün çox ruhlandırıcı xəbər idi! (Zək. 8:9).

BU GÜN DÜNYANI SİLKƏLƏYƏN İŞ

Bugünkü silkələnmə işində tam şəkildə iştirak edirsiniz? (7 və 8-ci abzaslara baxın) *

7. Bu gün biz hansı silkələnmə işində iştirak edirik? İzah edin.

7 Həqqayın peyğəmbərliyi bu gün bizim üçün hansı mənanı kəsb edir? Yehova yenə də bütün xalqları silkələyir, amma bu dəfə bu işdə biz iştirak edirik. Gəlin düşünək. 1914-cü ildə Yehova İsa Məsihi səmavi Padşahlığının Padşahı təyin etdi (Zəb. 2:6). Padşahlığın qurulması dünya hökumətləri üçün bəd xəbər idi. Bu o demək idi ki, «xalqlara verilən vaxt», başqa sözlə, Yehovanı təmsil edən hökmdarın olmadığı dövr sona çatıb (Luka 21:24). Bundan irəli gələrək, xüsusilə də 1919-cu ildən bəri Yehovanın xalqı Padşahlığın bəşəriyyətin yeganə ümid yeri olduğunu bəyan edir. «Padşahlıq haqqındakı bu müjdə» bütün dünyanı silkələyir (Mət. 24:14).

8. Zəbur 2:1—3 ayələrinə əsasən, əksər xalqlar təbliğ etdiyimiz xəbərə necə yanaşır?

8 Bəs insanlar buna necə münasibət göstərir? Əksəriyyət bu xəbəri qəbul etmir. (Zəbur 2:1—3 ayələrini oxuyun.) Xalqlar vurnuxur, onlar Yehovanın məsh etdiyi Hökmdarı qəbul etmirlər. Aydındır ki, onlar Padşahlıq haqda təbliğ etdiyimiz xəbərin «müjdə» olduğunu düşünmürlər. Hətta bəzi hökumətlər öz ərazilərində təbliğ fəaliyyətimizi qadağan edib! Bu xalqların başçılarının çoxu Allaha ibadət etdiklərini iddia etsələr də, öz səlahiyyətlərindən vaz keçmək istəmirlər. Birinci əsrdəki kimi, bu gün də hökmdarlar İsanın sadiq davamçılarına hücum edirlər, bununla onlar İsaya, Yehovanın məsh etdiyinə qarşı çıxmış olurlar (Həv. 4:25—28).

9. Yehova xalqların mənfi münasibətinə necə yanaşır?

9 Yehova xalqların bu cür mənfi münasibətinə necə yanaşır? Zəbur 2:10—12 ayələri bu suala cavab verir: «İndi, ey padşahlar, düşünün, ey yer üzünün hakimləri, ağlınızı başınıza yığın, Yehovadan qorxun və Ona xidmət edin, Onun önündə titrəyərək sevinin. Oğula ehtiram göstərin ki, Allah qəzəblənməsin, siz də getdiyiniz yolda məhv olmayasınız, çünki Onun qəzəbi qəfil alışar. Nə xoşbəxtdir Ona pənah gətirənlər!» Xeyirxah Allah Yehova bu əleyhdarlara düzgün qərar vermələri üçün müəyyən qədər vaxt verir. Hələ ki onların fikirlərini dəyişib, Yehovanın Padşahlığını qəbul etmək imkanları var. Amma onlara verilən vaxt bitmək üzrədir, çünki biz «axırzamanda» yaşayırıq (2 Tim. 3:1; Əşy. 61:2). İndi insanların həqiqəti bilib, düzgün qərar vermələri heç vaxt olmadığı qədər təcilidir.

SİLKƏLƏNMƏNİ MÜSBƏT QARŞILAYANLAR

10. Həqqay 2:7—9 ayələrində silkələnmə işinə müsbət münasibətlə bağlı nə deyilir?

10 Həqqayın peyğəmbərlik etdiyi məcazi silkələnməyə bəzi insanlar müsbət qarşılıq verir. Həqqay demişdi ki, bu silkələnmənin nəticəsində «xalqların ləl-cəvahiri», yəni səmimi qəlbli insanlar Yehovaya ibadət edəcək *. (Həqqay 2:7—9 ayələrini oxuyun.) Həm Əşiya, həm də Mikə peyğəmbər «zamanın sonunda» belə bir şeyin baş verəcəyini peyğəmbərlik etmişdi (Əşy. 2:2—4; Mik. 4:1, 2).

11. Bir qardaş ilk dəfə Padşahlıq haqda xəbəri eşidəndə buna necə yanaşmışdı?

11 Gəlin görək baş idarədə xidmət edən Ken adlı qardaş xalqları silkələyən xəbəri eşidəndə buna necə yanaşmışdı. Xoş xəbəri ilk dəfə eşitdiyi vaxtdan təxminən 40 il keçsə də, o, həmin dövrü yaxşı xatırlayır. Ken deyir: «Allahın Kəlamı haqda həqiqəti ilk dəfə eşidəndə elə sevinirdim ki, biz bu şər dünyanın sonunda yaşayırıq. Başa düşdüm ki, Allahın razılığını qazanmaq və əbədi həyat mükafatını almaq üçün bu dünyanın işlərinə qarışmamalıyam və qəti şəkildə Yehovanın tərəfini tutmalıyam. Yehovaya dua etdim və dərhal bu addımı atdım. Bu dünyadan ayrılıb, sarsılmaz olan Allahın Padşahlığına pənah apardım».

12. Axırzamanda Yehovanın məbədi əzəmətlə necə dolur?

12 Açıq-aydın görünür ki, Yehova xalqından razıdır. Axırzaman ərzində Ona ibadət edən insanların sayının necə artdığını görürük. 1914-cü ildə sayımız cəmi bir neçə min idi. İndi isə Allahın səkkiz milyondan çox fəal xidmətçisi var. Üstəlik, hər il İsa Məsihin ölümünü anma mərasimində bizimlə birgə milyonlarla insan iştirak edir. Bu yolla Yehovanın ruhani məbədinin (pak ibadət üçün təşkil etdiyi quruluş) yerüzü həyəti «xalqların ləl-cəvahiri» ilə dolur. Həmçinin bu insanlar yeni şəxsiyyətə büründükcə Yehovanın adı ucalır (Efes. 4:22—24).

Dünyanın dörd bir tərəfində Yehovanın xalqı böyük sevinclə insanlara Padşahlıq haqda şahidlik verir (13-cü abzasa baxın)

13. Başqa hansı peyğəmbərliklər yerinə yetir? (Üz qabığındakı şəklə baxın.)

13 Əldə olunan bu möhtəşəm nailiyyətlər sayəsində digər peyğəmbərliklər də yerinə yetir. Məsələn, Əşiya 60-cı fəsildə qeyd olunan peyğəmbərlik. 22-ci ayədə yazılıb: «Ən kiçiyindən min nəfər, ən balacasından qüdrətli xalq törəyəcək. Mən Yehova vaxtı yetişəndə bu işi sürətləndirəcəyəm». İnsanların həqiqi ibadətə axışması sayəsində heyrətamiz bir şey baş verir. Bu «ləl-cəvahirlər» Yehovanın xalqına qoşularkən Padşahlıq haqda müjdəni bəyan etmək əzmi ilə yanaşı, müxtəlif bacarıqları və qabiliyyətləri ilə gəlirlər. Nəticədə, Yehovanın xalqı Əşiya peyğəmbərin «xalqların südü» adlandırdığı bu bacarıqlardan faydalana bilir (Əşy. 60:5, 16). «Ləl-cəvahir» olan bu kişi və qadınların köməyi ilə 240 ölkədə təbliğ işi gedir və 1000-dən çox dildə nəşrlər dərc olunur.

QƏRAR VERMƏK VAXTIDIR

14. Hal-hazırda insanlar hansı qərarı verməlidir?

14 Yaşadığımız axırzamanda «xalqları silkələyən» xəbərin təbliği insanları qərar qarşısında qoyur. Onlar Allahın Padşahlığının tərəfini tutacaqlar, yoxsa dünya hökumətlərinə bel bağlayacaqlar? Bu qərarı hər kəs verməlidir. Yehovanın xidmətçiləri yaşadıqları ölkənin qanununa tabe olsalar da, bu dünyanın siyasi işlərində tamamilə bitərəfdirlər (Rom. 13:1—7). Onlar bilir ki, yalnız Allahın Padşahlığı bəşəriyyətin problemlərini həll etməyə qadirdir. Allahın Padşahlığı isə bu dünyadan deyil (Yəh. 18:36, 37).

15. «Vəhy» kitabında hansı güclü sınaqdan danışılır?

15 «Vəhy» kitabında Allahın xalqının axırzamanda sədaqətinin sınanması haqda yazılıb. Bu sınaq özü ilə şiddətli təqiblər gətirməyə davam edəcək. Bu dünyanın siyasi sistemi bundan sonra da bizdən tam sədaqət tələb etməyə və onları dəstəkləməyənləri təqib etməyə davam edəcək (Vəhy 13:12, 15). Onlar «bütün insanları — kiçikləri və böyükləri, varlıları və kasıbları, azadları və qulları sağ əllərinə və ya alınlarına nişan qoydurmağa» məcbur edəcək (Vəhy 13:16). Qədim dövrdə qullara kimə aid olduğunu göstərən damğa vurulurdu. Eynilə bizim dövrümüzdə də hər kəsdən əllərinə və alınlarına məcazi nişanı qoydurmaları gözləniləcək. Onların həm fikirləri, həm də əməlləri siyasi sistemə məxsus olduqlarını və onu dəstəklədiklərini göstərəcək.

16. Nəyə görə indi Yehovaya sədaqətimizi möhkəmləndirmək olduqca vacibdir?

16 Biz hökumətlərə sədaqəti göstərən bu məcazi nişanı qəbul edəcəyik? Bu nişandan imtina edənlər çətinliklərlə və təhlükələrlə üzləşəcəklər. «Vəhy» kitabında daha sonra deyilir: «Üzərində bu vəhşi heyvanın nişanı... olmayan adam alqı-satqı edə [bilməz]» (Vəhy 13:17). Amma Allahın xalqı bu nişana sahib olanların aqibətini bilir (Vəhy 14:9, 10). Ona görə də Allahın xalqı bu nişanı daşımayacaq. Onların əlində, bir növ, «Yehovaya məxsusam» nişanı olacaq (Əşy. 44:5). İndi Yehovaya sədaqətimizin möhkəmliyinə əmin olmaq vaxtıdır. Onda Yehova böyük məmnuniyyətlə Ona məxsus olduğumuzu bəyan edəcək!

SONUNCU SİLKƏLƏNMƏ

17. Yehovanın səbri ilə bağlı nəyi unutmamalıyıq?

17 Yehova axırzamanda böyük səbir göstərir. O, heç kəsin məhv olmasını istəmir (2 But. 3:9). O, hər kəsə tövbə edib düzgün qərar vermək üçün vaxt verib. Amma Onun səbrinin həddi var. Bu fürsəti dəyərləndirməyənlər Musa peyğəmbərin dövründə yaşayan fironun gününə düşəcək. Yehova firona demişdi: «İstəsəydim, çoxdan əlimi qaldırıb səni də, xalqını da azara salar, kökünüzü yer üzündən kəsərdim. Amma səni ona görə sağ saxladım ki, sənə gücümü göstərim və bütün dünya adımı eşitsin» (Çıx. 9:15, 16). Sonda bütün xalqlar biləcək ki, Yehova var olan yeganə Allahdır (Hizq. 38:23). Bu necə baş verəcək?

18. a) Həqqay 2:6, 20—22 ayələrində başqa hansı silkələnmədən söhbət gedir? b) Həqqayın sözlərinin gələcəkdə də yerinə yetəcəyini haradan bilirik?

18 Həqqay 2:6, 20—22 ayələrini oxuyun. Həqqaydan əsrlər sonra yaşayan həvari Bulus Allahdan ilham alaraq qeyd etmişdi ki, bu sözlər gələcəkdə də yerinə yetəcək. Bulus yazmışdı: «O, belə vəd edir: “Bir də silkələyəcəyəm, özü də tək yeri yox, göyü də silkələyəcəyəm”. “Bir də” ifadəsi göstərir ki, Allah tərəfindən yaradılmamış, silkələnən şeylər yox ediləcək. Beləcə, silkələnməmiş şeylər qalacaq» (İbr. 12:26, 27). Bu silkələnmə Həqqay 2:7 ayəsində yazılan silkələnmədən fərqlənir. Bu silkələnmə zamanı o kəslər ki, firon kimi, Allahın hakimiyyət sürməyə haqqı çatdığını qəbul etmir, əbədilik məhv olacaq.

19. Nə silkələnməmiş qalacaq və bunu haradan bilirik?

19 Nə silkələnməyəcək, başqa sözlə, yox edilməyəcək? Bulus sözünə davam edir: «Silkələnməz bir Padşahlıq alacağımızı bilərək, gəlin bundan sonra da Allahın lütfünü alaq, axı biz bu lütf sayəsində, qorxu və dərin ehtiramla Allaha Onun bəyəndiyi tərzdə qulluq edə bilərik» (İbr. 12:28). Bəli, sonuncu silkələnmə bitəndən sonra yalnız Allahın Padşahlığı silkələnməmiş qalacaq. O, yerində sarsılmaz duracaq! (Zəb. 110:5, 6; Dən. 2:44).

20. İnsanlar hansı seçimi etməlidir və biz bu sahədə onlara necə kömək edə bilərik?

20 İndi vaxt itirmək olmaz! İnsanlar seçim etməlidir: ya onlar bu dünyanın aşıladığı həyat tərzini dəstəkləməyə davam edib, məhvə uğrayacaqlar, ya da həyat tərzlərinin Allaha məqbul olması üçün lazımi dəyişikliklər edib, əbədi həyata qovuşacaqlar (İbr. 12:25). Təbliğ etməklə insanlara bu mühüm qərarı verməkdə kömək edirik. Gəlin əlimizdən gələni edək ki, daha çox «ləl-cəvahir» Allahın Padşahlığının tərəfini tutsun. Həmçinin Ağamız İsa Məsihin sözlərini yadda saxlayaq: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mət. 24:14).

NƏĞMƏ 40 Kimə məxsussan sən?

^ Bu məqalədə Həqqay 2:7 ayəsinin yeni izahatını araşdıracağıq. Həmçinin öyrənəcəyik ki, bütün xalqları silkələyən işdə biz necə iştirak edə bilərik. Eləcə də bu işə göstərilən müsbət və mənfi münasibət haqda danışacağıq.

^ Bilirik ki, Həqqay Yehovanın ona tapşırdığı işin öhdəsindən müvəffəqiyyətlə gəldi, çünki b. e. ə. 515-ci ildə məbədin tikintisi başa çatdı.

^ Bu, əvvəlki izahata edilən dəyişiklikdir. Bir zamanlar belə başa düşürdük ki, səmimi qəlbli insanların Yehovaya yaxınlaşması xalqların silkələnməsinin nəticəsi deyil. «Gözətçi qülləsi» jurnalının 2006-cı il 15 may sayındakı «Oxucuların sualları» məqaləsinə (rus.) baxın.

^ ŞƏKİLLƏRİN İZAHI. Həqqay Allahın xalqını məbədin bərpa işində əzmlə çalışmağa təşviq edirdi. İndiki dövrdə Allahın xalqı müjdəni əzmlə bəyan edir. Silkələnmə işində iştirak edən bir ər-arvad sonuncu silkələnmənin olacağı barədə xəbəri təbliğ edir.