Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 38

Ruhani ailənizə yaxın olun

Ruhani ailənizə yaxın olun

«Mən öz Atamın və sizin Atanızın... yanına gedirəm» (YƏH. 20:17).

NƏĞMƏ 3 Yehova gücümüz, ümidimiz, güvənc yerimiz

İCMAL *

1. Sadiq insanların Yehova Allahla necə münasibəti ola bilər?

 YEHOVANIN ailəsinə «bütün xilqətin ilki» olan İsa Məsih və böyük sayda mələklər daxildir (Kol. 1:15; Zəb. 103:20). İsa Məsih yer üzündə olanda göstərmişdi ki, sadiq insanlar da Yehovaya «Ata» deyə müraciət edə bilər. O, şagirdləri ilə Yehova haqqında danışarkən «Atam» və «sizin Atanız» sözlərini işlətmişdi (Yəh. 20:17). Biz özümüzü Yehovaya həsr edib vəftiz olunanda bacı-qardaşlardan ibarət mehriban ailəyə daxil oluruq (Mark 10:29, 30).

2. Bu məqalədə nədən söhbət gedəcək?

2 Bəziləri üçün Yehovaya mehriban Ata kimi baxmaq çətindir. Bir başqaları isə bacı-qardaşlara məhəbbətini ifadə etməyi bacarmır. Bu məqalədən öyrənəcəyik ki, İsa Yehovaya Ata kimi baxmağımıza, Ona yaxın olmağımıza necə kömək edir. Həmçinin görəcəyik ki, bacı-qardaşlarımızla münasibətdə Yehovadan hansı sahələrdə örnək götürə bilərik.

YEHOVA ONUNLA YAXIN OLMAĞIMIZI İSTƏYİR

3. Nümunə üçün olan dua Yehovaya yaxınlaşmağımıza necə kömək edir?

3 Yehova məhəbbətli Atadır. İsa Məsih istəyir ki, biz Yehovaya onun kimi yanaşaq; Yehovanın laqeyd Allah olmadığını, mehriban, qayğıkeş olduğunu, istədiyimiz vaxt Ona yaxınlaşa biləcəyimizi anlayaq. Bu, İsanın şagirdlərinə öyrətdiyi duadan aydın görünür. O, bu duanın əvvəlində Yehovaya «Atamız» deyə müraciət etmişdi (Mət. 6:9). Yeri gəlsə, İsa deyə bilərdi ki, biz Allaha «Qüdrət Sahibi», «Yaradan», «əbədiyyət Hökmdarı» deyə müraciət edək. Bu, səhv olmazdı, çünki Müqəddəs Kitabda Yehovaya bu cür sözlərlə xitab olunur (Yar. 49:25; Əşy. 44:2; 1 Tim. 1:17). Amma İsa istədi ki, biz Yehovaya «Ata» deyə müraciət edək.

4. Haradan bilirik ki, Yehova bizim Onunla sıx münasibətimizin olmasını istəyir?

4 Sizin üçün Yehovanı mehriban bir Ata kimi təsəvvür etmək çətindir? Bəzilərimiz üçün bu, çətindir. Ola bilsin, elə ailədə böyümüşük ki, atamız çox sərt olub. Ona görə də bizim üçün mehriban ata anlayışı yaddır. Amma nə yaxşı ki, Yehova bizim keçirdiyimiz hissləri anlayır! O istəyir ki, bizimlə yaxın münasibəti olsun. Odur ki, Kəlamı bizi səsləyir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaq. 4:8). Yehova bizi sevir və istəyir ki, ən yaxşı Ataya sahib olaq.

5. Luka 10:22 ayəsinə əsasən, Yehovaya yaxınlaşmağımızda İsanın hansı rolu var?

5 İsa Məsih kömək edə bilər ki, bizim Yehova ilə daha sıx münasibətimiz olsun. O, Yehovanı elə yaxşı tanıyır, Onun xüsusiyyətlərini elə mükəmməl əks etdirir ki, özü haqda belə demişdi: «Məni görən Atanı da görüb» (Yəh. 14:9). İsa Məsih ailənin böyük oğlu kimi, Atamıza hörmət göstərməyi, itaət etməyi, Onu məyus edən əməllərdən uzaq durmağı, Onun razılığını qazanmağı öyrədir. Amma İsa yer üzündə yaşadığı müddətdə diqqəti əsasən Yehovanın necə məhəbbətli, mehriban Ata olmasına yönəltmişdi. (Luka 10:22 ayəsini oxuyun.) Gəlin bəzi nümunələrə baxaq.

Yehova mehriban Ata kimi, mələk vasitəsilə Oğlunu ürəkləndirmişdi (6-cı abzasa baxın) *

6. Yehova İsanın dualarına necə cavab verirdi?

6 Yehova övladlarının duasını eşidir. Gəlin görək O, ilkin Oğlunun duasına necə cavab vermişdi. İsa yer üzündə olanda çoxlu dualar edirdi və əlbəttə ki, Yehova onun bütün dualarını eşidirdi (Luka 5:16). İsa mühüm qərarlar verəndə, məsələn, 12 həvarisini seçəndə dua etmişdi (Luka 6:12, 13). Yehova həmçinin İsanın çətin anlarında etdiyi duanı eşidirdi. Yəhuda İskəryutun xəyanətindən öncə İsa onu qarşıda gözləyən sınaqlara dözmək üçün hərarətlə dua etmişdi. Yehova onun duasını sadəcə dinləmədi, mələyini göndərdi ki, əziz Oğlunu gücləndirsin (Luka 22:41—44).

7. Yehovanın dualarınızı dinlədiyini bilmək sizə necə təsir bağışlayır?

7 Yehova bu gün də xidmətçilərinin duasını dinləyir. Onlara düzgün vaxtda və ən yaxşı şəkildə cavab verir (Zəb. 116:1, 2). Gəlin görək Hindistanda yaşayan bir bacı buna necə şahid olub. Onda ciddi emosional problemlər var idi və o, bu barədə hərarətlə Yehovaya dua edirdi. O yazır: «JW televiziyasının 2019-cu il may buraxılışı mənim duama cavab idi. Orada narahatçılıq və təşvişlə mübarizə aparmaq üçün məsləhətlər verilirdi. Bu, məhz mənə lazım olan məsləhətlər idi».

8. Yehova İsaya sevgisini hansı yollarla göstərirdi?

8 Yehova İsa Məsihə yer üzündə xidməti zamanı qayğı və məhəbbət göstərdiyi kimi, bizə də göstərir (Yəh. 5:20). O, İsaya ruhani, fiziki və mənəvi cəhətdən dayaq olurdu. Yehova Oğlunu sevdiyini, ondan razı qaldığını açıq şəkildə bildirirdi (Mət. 3:16, 17). İsa bilirdi ki, hər zaman səmavi Atasının köməyinə arxalana bilər, ona görə də özünü heç vaxt tənha hiss etmirdi (Yəh. 8:16).

9. Yehovanın bizi sevdiyinə nələr dəlalət edir?

9 İsa Məsih kimi, hər birimiz Yehovanın məhəbbətinə bir çox sahələrdə şahid olmuşuq. Bir düşünün: Yehova bizi Özünə cəlb edib, bizə birliyin və məhəbbətin hökm sürdüyü ruhani ailə bəxş edib. Bu ailə bizə mənəvi cəhətdən çox dayaq olur (Yəh. 6:44). Yehova bizi bol-bol ruhani qida ilə təmin edir. Üstəlik, hər gün maddi tələbatlarımızın qayğısına qalır (Mət. 6:31, 32). Yehovanın bizi nə qədər çox sevdiyi haqda düşünəndə Ona olan məhəbbətimiz artır.

RUHANİ AİLƏNİZLƏ RƏFTARDA YEHOVADAN ÖRNƏK ALIN

10. Yehovanın bacı-qardaşlarımıza münasibətindən nə öyrənə bilərik?

10 Yehova ruhani ailəmizdəki bacı-qardaşlarımızı sevir. Amma bəzən bizə onları sevmək və sevgimizi ifadə etmək çətin ola bilər. Axı hər birimiz müxtəlif mədəniyyətlərdən, fərqli ailələrdən gəlmişik. Hamımız kimlərisə qıcıqlandıran, əhvalını pozan səhvlərə yol veririk. Buna baxmayaraq, ruhani ailəmizdə məhəbbətin hökm sürməsi üçün hamımız öz töhfəmizi verə bilərik. Necə? Yehova kimi, bacı-qardaşlarımızı sevməklə (Efes. 5:1, 2; 1 Yəh. 4:19). Gəlin görək Yehovadan necə nümunə götürə bilərik.

11. İsa Yehovanın «şəfqətini» necə əks etdirmişdi?

11 Yehova xidmətçilərinə şəfqət göstərir (Zəb. 145:8). Adətən şəfqətli insan başqasının əzab çəkdiyini görəndə biganə qalmır. Çalışır ki, yollar tapıb ona kömək etsin, təsəlli versin. İsa insanlarla rəftarında Yehovanın şəfqətini əks etdirirdi (Yəh. 5:19). Bir dəfə İsa camaatı görəndə onların «halına acıdı, çünki bu adamlar çobansız qoyunlar kimi yazıq və dağınıq idilər» (Mət. 9:36). Amma İsa sadəcə olaraq onların halına acımadı, o onları sağaltdı, həmçinin dəvət etdi ki, «zəhmətkeşlər və yükü ağır» olanlar yanına gəlib təravət tapsın (Mət. 11:28—30; 14:14).

Bacı-qardaşlara qarşı şəfqətli və səxavətli olmaqla Yehovaya bənzəyin (12—14 abzaslara baxın) *

12. Şəfqətli olduğumuzu hansı üsullarla göstərə bilərik?

12 Bacı-qardaşlarımızın problemləri haqqında düşünsək, onlara şəfqət göstərə biləcəyik. Məsələn, tutaq ki, bir bacının sağlamlığında ciddi problem var. O, heç vaxt bundan şikayət etməsə də, müəyyən sahələrdə kömək göstərilsə, ona xoş olar. Yəqin ailəsini zəruri tələbatlarla təmin etmək onun üçün çətindir. Bəlkə də, yemək bişirməkdə, evin təmizlik işlərində köməyə ehtiyacı var. Yaxud ola bilər, hansısa qardaş işini itirib. Qardaş iş tapana kimi ailəsini təmin edə bilsin deyə, pulun kimdən olduğunu bildirmədən, ona müəyyən məbləğdə pul yardımı edə bilərik?

13, 14. Yehova kimi səxavətli olmaq üçün nə etməliyik?

13 Yehova səxavətlidir (Mət. 5:45). Biz gözləməməliyik ki, bacı-qardaşlar özləri desin, sonra onlara köməklik göstərək. Yehovadan örnək alaraq özümüz təşəbbüs göstərməliyik. Yehova heç gözləmir, biz Ondan xahiş edək, hər gün günəş çıxarır. Günəşin istisindən hər kəs, naşükür insanlar belə bəhrələnir. Məgər razı deyilsinizmi ki, Yehovanın qayğımıza qalması bizə məhəbbətinin ifadəsidir? Belə səxavətli və xeyirxah Allahı necə sevməmək olar?!

14 Bu gün də bir çox bacı-qardaşımız Yehovadan örnək alaraq özləri təşəbbüs göstərib, dindaşlarına səxavət göstərirlər. Məsələn, 2013-cü ildə Filippini cənginə alan supertayfun «Haiyan» böyük dağıntılara səbəb olmuşdu. Çoxlu sayda bacı-qardaşımız evlərini, mal-mülkünü itirmişdi. Dünyanın dörd bir yanından dindaşlarımız dərhal onların dadına çatdı. Kimisi maddi cəhətdən əl tutdu, kimisi tikinti işində kömək etdi. Bunun sayəsində bir ildən az müddətə təxminən 750 ev yenidən bərpa olundu! COVID-19 pandemiyası zamanı Yehovanın Şahidləri dindaşlarına dəstək olmaq üçün əllərindən gələn köməyi göstərdilər. Ruhani ailəmizin dadına çatanda onlara sevgimizi göstəririk.

15, 16. Luka 6:36 ayəsinə əsasən, hansı vacib məsələdə Atamız Yehovadan örnək götürməliyik?

15 Yehova mərhəmətli və bağışlayandır. (Luka 6:36 ayəsini oxuyun.) Biz hər gün Onun mərhəmətini duyuruq (Zəb. 103:10—14). İsa da davamçılarının səhvlərinə baxmayaraq, onları bağışlayırdı, onlara qarşı mərhəmətli idi. O hətta günahlarımızın bağışlanması üçün öz canını qurban verdi (1 Yəh. 2:1, 2). Yehovanın və İsanın belə mərhəmətli və bağışlayan olması bizi onlara daha da yaxınlaşdırır.

16 Biz bir-birimizi ürəkdən bağışlayanda ruhani ailəmizdəki məhəbbət bağlarını möhkəmləndiririk (Efes. 4:32). Düzdür, bəzən kimisə bağışlamaq çox çətin olur, buna görə də insanı bağışlamaq üçün çalışmaq lazım gələ bilər. Bir bacıya bu sahədə «Gözətçi qülləsi» jurnalında dərc olunan «Bir-birinizi ürəkdən bağışlayın» məqaləsi çox kömək etmişdi *. O yazır: «Bu məqalə mənə bağışlamağa başqa yöndən baxmağa, onun xeyrini başa düşməyə kömək etdi. Orada izah olunurdu ki, kimisə bağışlamaq o demək deyil ki, biz onun yanlış hərəkətini bəyənirik, yaxud başqalarına zərər verdiyini görməzdən gəlirik. Bağışlamaq inciklik hissindən qurtulub, ürəyində sülhü qorumaq deməkdir». Biz bacı-qardaşları ürəkdən bağışlayanda onları sevdiyimizi və Atamız Yehovaya bənzədiyimizi göstəririk.

YEHOVANIN AİLƏSİNDƏKİ YERİNİZİ DƏYƏRLƏNDİRİN

Böyüklü-kiçikli hər kəs dindaşlarına məhəbbət göstərir (17-ci abzasa baxın) *

17. Mətta 5:16 ayəsinə əsasən, səmavi Atamızın adını necə ucalda bilərik?

17 Məhəbbətin hökm sürdüyü ümumdünya ailəyə sahib olmaq böyük şərəfdir. İstəyirik ki, mümkün qədər çox insan Yehovaya ibadətdə bizə qoşulsun. Buna görə də ehtiyatlı olmalıyıq ki, Yehovanın və Onun xalqının adına ləkə gətirəcək hərəkətə yol verməyək. Biz çalışırıq, elə davranaq ki, insanlar xoş xəbəri öyrənmək istəsin. (Mətta 5:16 ayəsini oxuyun.)

18. Cəsarətlə şahidlik verməyə bizə nə kömək edə bilər?

18 Səmavi Atamıza itaət etdiyimiz üçün bəzən təqiblərə və təhqirlərə məruz qalırıq. İnsanlara etiqadımız haqda danışmağa qorxuruqsa, nə edə bilərik? Yehovanın və İsa Məsihin köməyimizə çatacağına arxayın ola bilərik. İsa şagirdlərinə demişdi: «Nədən və ya necə danışacağınız barədə narahat olmayın, çünki həmin an nə demək lazım olduğunu biləcəksiniz. Danışanda tək olmayacaqsınız, Atanızın müqəddəs ruhu sizin vasitənizlə danışacaq» (Mət. 10:19, 20).

19. Cəsarətlə şahidlik verən bir nəfərin nümunəsini çəkin.

19 Robert adlı qardaş özü bunun şahidi olub. Müqəddəs Kitabı yeni öyrəndiyi vaxtlarda o, Cənubi Afrikada hərbi məsələyə görə məhkəmə qarşısına çıxarılmışdı. Həmin vaxt onun Müqəddəs Kitab biliyi az idi. Amma o, cəsarətlə məhkəmədə izah etdi ki, iman bacı-qardaşlarını sevdiyi üçün bitərəf qalmaq istəyir. O, ruhani ailəsindəki yerini qiymətləndirirdi. Birdən hakim ondan soruşdu: «Kimdir sənin bacı-qardaşın?» Robert bu sualı gözləmirdi, amma dərhal həmin günün ayəsi yadına düşdü. Bu, Mətta 12:50 ayəsi idi: «Göydəki Atamın iradəsini yerinə yetirən mənim qardaşım, bacım və anamdır». Robert Müqəddəs Kitabı yeni öyrənsə də, Yehovanın ruhu ona həm bu sualı, həm də gözləmədiyi digər sualları cavablandırmağa kömək etdi. Sözsüz ki, Yehova Robertlə fəxr edirdi! Eynilə biz də çətin anlarda Yehovaya güvənib, cəsarətlə şahidlik verəndə Yehova bizimlə qürur duyur.

20. Biz nəyə qəti qərarlı olmalıyıq? (Yəhya 17:11, 15).

20 Gəlin bundan sonra da mehriban ailəmizdəki yerimizi dəyərləndirək. Bizim tayı-bərabəri olmayan Atamız və bizi sevən çoxlu bacı-qardaşımız var. Buna adi bir şey kimi yanaşmamalıyıq. Şeytan və onun mənfur tərəfdarları çalışır ki, Yehovanın sevgisi ilə bağlı ürəyimizdə şübhə oyatsınlar və aramızdakı birliyi pozsunlar. Amma İsa bizdən ötrü dua edib Atamızdan xahiş etmişdi ki, ailəmizdəki birlik pozulmasın deyə gözü üstümüzdə olsun. (Yəhya 17:11, 15 ayələrini oxuyun.) Yehova onun duasına cavab verir. İsa kimi, gəlin biz də Yehovanın məhəbbətinə və bizə dayaq olacağına heç vaxt şübhə etməyək. Ruhani ailəmizə daha da yaxın olmaq üçün əlimizdən gələni etməyə davam edək.

NƏĞMƏ 99 Milyonlarla qardaşlar

^ Bizə misilsiz bir xoşbəxtlik nəsib olub. Biz bacı-qardaşlardan ibarət mehriban bir ailənin içindəyik. Hər birimiz çalışırıq ki, aramızdakı məhəbbət bağlarını daha da möhkəmləndirək. Bunu necə edə bilərik? Yehovanın bizimlə rəftarını örnək almaq, həmçinin İsa Məsihin və bacı-qardaşların nümunəsini izləmək bizə bu sahədə kömək edəcək.

^ «Gözətçi qülləsi» jurnalının 2012-ci il 15 noyabr sayının 26—30 səhifələrinə baxın.

^ ŞƏKLİN İZAHI. Yehova Getsemani bağında olan İsa Məsihi möhkəmləndirmək üçün mələyini göndərdi.

^ ŞƏKLİN İZAHI. COVID-19 pandemiyası zamanı bacı-qardaşlar ərzaq yardımı hazırlamaq və paylamaq üçün böyük zəhmət çəkdilər

^ ŞƏKLİN İZAHI. Ana qızına kömək edir ki, həbsxanada olan qardaşa ruhlandırıcı məktub yazsın.