Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 43

Təslim olmayın!

Təslim olmayın!

«Gəlin yaxşı iş görməkdən yorulmayaq» (QAL. 6:9).

NƏĞMƏ 68 Padşahlıq toxumunu səpək

İCMAL *

1. Sevinməyimiz və qürur duymağımız üçün hansı səbəbimiz var?

BİZ Yehovanın Şahidi olduğumuz üçün sevinirik və bununla fəxr duyuruq! Çünki biz Yehovanın adını daşıyırıq və təbliğ etməklə, şagird hazırlamaqla daşıdığımız ada layiq davranırıq. «Əbədi həyata aparan yolda yeriməyə meyli» olan insana Allahın xidmətçisi olmağa kömək edəndə çox sevinirik (Həv. 13:48). İsa Məsih də bu cür hisslər keçirirdi. Şagirdləri təbliğdən qayıdıb ağızdolusu danışanda o, «müqəddəs ruhla doldu və sevincdən cuşa» gəldi (Luka 10:1, 17, 21).

2. Təbliğ işinə ciddi yanaşdığımızı necə göstərə bilərik?

2 Biz təbliğ işinə çox ciddi yanaşırıq. Həvari Bulus Timutini təşviq edirdi: «Özünə və verdiyin təlimə həmişə diqqət yetir... Çünki bu yolla həm özünü, həm də sənə qulaq asanları xilas edəcəksən» (1 Tim. 4:16). Deməli, təbliğ işimizdən insanların həyatı asılıdır. Allahın Padşahlığının bir vətəndaşı kimi, biz daima davranışımıza diqqət yetiririk. Biz həmişə hərəkətlərimizlə Yehovanın adına şərəf gətirməyə və təbliğ etdiyimiz müjdəyə uyğun davranmağa çalışırıq (Filip. 1:27). Bundan əlavə, təbliğə yaxşıca hazırlaşmaqla və xidmətə çıxmazdan qabaq Yehovadan kömək istəməklə verdiyimiz təlimə diqqət yetirdiyimizi göstəririk.

3. Xoş xəbərə hər kəs hay verəcək? Nümunə çəkin.

3 Hətta xoş xəbəri təbliğ etmək üçün əlimizdən gələni etsək də, ola bilər ki, çox az adam və ya ümumiyyətlə heç kim hay verməsin. Məsələn, Georq Lindal qardaş 1929—1947-ci illər ərzində İslandiyada tək təbliğ edirdi. O, bu əraziləri dolaşıb on minlərlə nəşr paylasa da, heç kim həqiqəti qəbul etmədi. Qardaş belə yazmışdı: «Bəziləri, görünür, həqiqətə qəti şəkildə qarşıdır, amma əksəriyyət ümumiyyətlə laqeyd yanaşır». Sonralar həmin əraziyə Gilad məzunları təyin olundu. Onlar İslandiyanı qarış-qarış gəzsə də, yalnız doqquz il sonra bir neçə nəfər özünü Yehovaya həsr edib vəftiz olundu *.

4. İnsanlar xoş xəbəri qəbul etməyəndə hansı hissləri keçiririk?

4 İnsanlar xoş xəbəri qəbul etməyəndə biz məyus oluruq. Ola bilsin, Bulusun keçirdiyi hissləri keçiririk. Əksər yəhudilər İsanın vəd olunmuş Məsih olduğunu qəbul etməyəndə o, ürəyində «dərin kədər və kəsilməyən bir ağrı» duyurdu (Rom. 9:1—3). Ola bilsin, kiməsə Müqəddəs Kitab dərsi keçirik. Amma nə qədər can yandırsaq da, onun üçün dualar etsək də, o, ruhani cəhətdən inkişaf etmir və dərsi dayandırmaq lazımdır. Hətta, ola bilər, indiyə kimi dərs keçdiyiniz heç bir insan vəftiz olunmayıb. Bu məqalədə iki suala cavab tapacağıq: 1) Yehova nə zaman xidmətimizdən razı qalır? 2) Xidmət edərkən hansı reallığı nəzərə almalıyıq?

YEHOVA NƏ ZAMAN XİDMƏTİMİZDƏN RAZI QALIR?

5. Nəyə görə xidmətimiz həmişə istədiyimiz nəticəni vermir?

5 Müqəddəs Kitabda Allahı razı salan insan haqqında belə deyilir: «O,.. hər işində uğur qazanar» (Zəb. 1:3). Amma bu, o demək deyil ki, Yehovanın yolunda gördüyümüz bütün işlərimiz ürəyimiz istəyən kimi gedəcək. Həm özümüz, həm də ətrafımızdakı insanlar qeyri-kamil olduğu üçün həyatımız «əzab-əziyyətlə doludur» (Əyy. 14:1). Bundan əlavə, təbliğ işinə qarşı çıxanlar müvəqqəti olaraq bu işi əvvəlki qaydada görməyimizə mane ola bilər (1 Kor. 16:9; 1 Salon. 2:18). Bəs Yehova bizim xidmətimizdən nə zaman razı qalır? Bu sualın cavabını tapmaq üçün bəzi Müqəddəs Kitab prinsiplərinə baxaq.

İnsanlara ev-ev, məktub və ya telefon vasitəsilə təbliğ etməyimizdən asılı olmayaraq, Yehova zəhmətimizi qiymətləndirir (6-cı abzasa baxın)

6. Yehova nə zaman xidmətimizdən razı qalır?

6 Yehova çəkdiyimiz zəhmətə və göstərdiyimiz dözümə önəm verir. İnsanların necə hay verməsindən asılı olmayaraq, Yehovaya məhəbbətdən irəli gələrək və şövqlə təbliğ ediriksə, Yehova bundan razı qalır. Bulus yazmışdı: «Allah ədalətsiz deyil ki, keçmişdə və indi müqəddəslərə xidmət edərək Onun adına göstərdiyiniz məhəbbəti çəkdiyiniz zəhməti unutsun» (İbr. 6:10). Hətta zəhmətimiz bir nəticə verməsə də, Yehova bu əməyimizi və göstərdiyimiz məhəbbəti qiymətləndirir. Odur ki, istədiyimiz nəticəni əldə etsək də, etməsək də, həvari Bulusun korinflilərə dediyi sözləri özümüzə aid edə bilərik: «Onun yolunda çəkdiyiniz zəhmət hədər deyil» (1 Kor. 15:58).

7. Həvari Bulusun öz xidməti ilə bağlı dediklərindən nə öyrənirik?

7 Həvari Bulus çox bacarıqlı müjdəçi idi, müxtəlif şəhərlərdə yeni yığıncaqların yaranmasında böyük əməyi olmuşdu. Amma Məsihin xidmətçisi kimi səriştəli olduğunu müdafiə edəndə imana nə qədər insan gətirdiyini vurğulamamışdı, əksinə, belə yazmışdı: «Mən daha çox görmüşəm» (2 Kor. 11:23). Bulus kimi, biz də unutmamalıyıq ki, Yehova üçün dəyərli olan çəkdiyimiz zəhmət və göstərdiyimiz dözümdür.

8. Xidmətimizlə bağlı nəyi unutmamalıyıq?

8 Xidmətimiz Yehovanın qəlbini sevindirir. İsa Məsih yetmiş şagirdini xoş xəbəri təbliğ etməyə göndərəndə onlar «sevinc içində» qayıtmışdılar. Şagirdləri sevindirən nə idi? Onlar İsaya belə dedilər: «Sənin adını çəkəndə cinlər də bizə boyun əyirlər!» Amma İsa onların düşüncəsinə düzəliş edərək belə dedi: «Cinlərin sizə boyun əydiyinə görə yox, adınızın göylərdə yazıldığına görə sevinin» (Luka 10:17—20). İsa bilirdi ki, onlar heç də həmişə xidmətdə belə gözəl nəticələr əldə edə bilməyəcək. Doğrudan da, biz bilmirik, onların təbliğ etdikləri insanlardan neçə nəfər imana gəldi. Buna görə də şagirdlər təkcə əldə etdikləri nailiyyətlərə görə yox, ən əsası, Yehovanı razı saldıqlarına görə sevinməli idilər.

9. Qalatiyalılara 6:7—9 ayələrinə əsasən, təbliğ etməyə davam etsək, hansı mükafatı alacağıq?

9 Dözümlə təbliğ etsək, əbədi həyat mükafatını alacağıq. Biz Padşahlıq toxumunu əkəndə və suvaranda «ruh üçün» də əkmiş oluruq. Çünki xidmətimizlə göstəririk ki, müqəddəs ruhun bizə istiqamət verməsini istəyirik. Yehova zəmanət verir ki, biz yorulmasaq, «taqətdən düşməsək», əbədi həyatı biçəcəyik. Hətta indiyə qədər heç kimə vəftiz olunmağa kömək edə bilməmişiksə belə. (Qalatiyalılara 6:7—9 ayələrini oxuyun.)

XİDMƏT EDƏRKƏN HANSI REALLIĞI NƏZƏRƏ ALMALIYIQ?

10. İnsanların xoş xəbərə qulaq asıb-asmaması nədən asılıdır?

10 Həqiqəti qəbul edib-etməməkdə insanın ürəyi əsas rol oynayır. İsa əkinçi haqqında məsəlində bunu aydın izah etmişdi. Əkinçi toxumu müxtəlif torpaqlara əkir və yalnız onlardan biri bəhrə gətirir (Luka 8:5—8). İsa demişdi ki, müxtəlif növ torpaqlar Allahın sözünə müxtəlif cür yanaşan insanların ürəyini təmsil edir (Luka 8:11—15). Əkinçi kimi, biz də bilmirik, əkdiyimiz toxum hansı bəhrəni gətirəcək. Bu bizdən asılı deyil. Bu, təbliğ etdiyimiz insanların ürəyindən asılıdır. Bizim öhdəmizə düşən Padşahlıq haqqında toxumu əkməyə davam etməkdir. Həvari Bulus demişdi ki, hər kəs «zəhmətinə görə mükafatını alacaq», zəhmətinin bəhrəsinə görə yox (1 Kor. 3:8).

Nuh peyğəmbər uzun illər ərzində sədaqətlə təbliğ etsə də, ailə üzvlərindən başqa, heç kim gəmiyə minmədi. Amma o, Yehovaya itaət etdi və Onun tapşırdığı işi başa vurdu! (11-ci abzasa baxın)

11. İnsanlar Nuhun dediklərinə qulaq asmasa da, nəyə görə Yehova Nuhdan razı idi? (Üz qabığındakı şəklə baxın.)

11 Qədimdə Yehovanın xidmətçiləri təbliğ edəndə insanlar onlara qulaq asmırdı. Məsələn, Nuh peyğəmbər «salehlik carçısı» idi. O, 50 ilə yaxın təbliğ etmişdi (2 But. 2:5). Şübhəsiz, o, ümid edirdi ki, insanlar onun dediklərinə hay verəcək. Amma Yehova belə bir şeyin olacağını deməmişdi. Əksinə, gəmi tikməyi buyurduğu vaxt Nuha belə demişdi: «Sən, oğulların, arvadın və gəlinlərinlə birgə gəmiyə minərsən» (Yar. 6:18). Həmçinin Nuh, yəqin, gəminin ölçülərindən də anlamışdı ki, onun dediklərini az adam qəbul edəcək (Yar. 6:15). Amma nəticədə elə oldu ki, bir nəfər də olsun, ona hay vermədi (Yar. 7:7). Bəs Yehova Nuhun bu işin öhdəsindən gəlmədiyini düşündü? Xeyr! Yehova ondan razı idi, çünki o, Yehovanın tapşırdığı işi sədaqətlə başa çatdırdı (Yar. 6:22).

12. Laqeyd münasibətə və təqiblərə rəğmən, Ərəmya peyğəmbərə sevincini qorumağa nə kömək etdi?

12 Eynilə Ərəmya peyğəmbər də təbliğ etdiyi uzun illər ərzində laqeyd münasibətlə və təqiblərlə üzləşmişdi. Əleyhdarları onu təhqir edir, ələ salırdılar. Hətta o qədər ruhdan düşmüşdü ki, Yehovanın buyurduğu işi daha görmək istəmirdi (Ərm. 20:8, 9). Ona bu cür mənfi hisslərin öhdəsindən gəlməyə və xidmətini sevinclə icra etməyə nə kömək etdi? Ərəmya fikrini iki vacib amilə cəmlədi. Birincisi, Ərəmya insanlara «gözəl gələcək, ümid» bəxş edən xəbəri çatdırırdı (Ərm. 29:11). İkincisi, o, Yehovanın adını daşıyırdı (Ərm. 15:16). Eynilə biz də insanlara ümid xəbərini çatdırırıq və Yehovanın Şahidi kimi Onun adını daşıyırıq. Diqqətimizi bu iki amilə cəmləmək bizə də kömək edə bilər ki, insanların münasibətindən asılı olmayaraq, sevincimizi qoruyaq.

13. İsa Məsihin Mark 4:26—29 ayələrində yazılmış məsəlindən nə öyrənirik?

13 Ruhani inkişaf tədricən baş verir. İsa Məsih bunu izah etmək üçün əkinçi haqqında başqa bir məsəl çəkmişdi. (Mark 4:26—29 ayələrini oxuyun.) Əkinçinin əkdiyi toxum tədricən böyüyür. O, buna heç cür müdaxilə edə bilməz. Bizə də şagirdimizin inkişafını görmək üçün müəyyən müddət gözləmək lazım gələ bilər. Əkinçi məhsulun istədiyi sürətlə yetişməsinə təsir göstərə bilmədiyi kimi, biz də şagirdimizin istədiyimiz sürətlə inkişaf etməsinə təsir edə bilmərik. Ona görə də şagirdinizin inkişafı gözlədiyinizdən daha uzun çəkirsə, ruhdan düşməyin. Əkinçilik işi kimi, şagird hazırlamaq işi də səbir tələb edir (Yaq. 5:7, 8).

14. Hansı nümunə göstərir ki, xidmətimiz uzun müddət sonra bəhrə verə bilər?

14 Elə ərazilər var ki, xidmətimizin bəhrəsini uzun illər sonra görürük. Qledis və Rubi Alen adlı iki doğma bacının nümunəsinə baxaq. 1959-cu ildə onlar Kanadanın Kvebek əyalətindəki bir şəhərə öncül kimi təyin olunmuşdular *. Oradakı insanlar qonşuların və katolik kilsəsinin qorxusundan Yehovanın Şahidlərinə qulaq asmırdı. Qledis xatırlayır: «Biz iki il ərzində hər gün 8 saat ev-ev təbliğ etdik və bu müddət ərzində bir nəfər də olsun, bizə qulaq asmadı. İnsanlar qapıya yaxınlaşıb görəndə ki, bizik, çıxıb gedirdilər. Amma biz ruhdan düşmədik». Vaxt keçdikcə insanların münasibəti yumşaldı və qulaq asmağa başladılar. Hal-hazırda həmin şəhərdə üç yığıncaq var (Əşy. 60:22).

15. 1 Korinflilərə 3:6, 7 ayələrindən şagird hazırlamaq işi haqqında nə öyrənirik?

15 Şagird hazırlamaq işi birgə əməyin nəticəsidir. Bir nəfərin vəftiz olunmasında bütün yığıncağın payı var. (1 Korinflilərə 3:6, 7 ayələrini oxuyun.) Məsələn, təbliğçi maraqlanan insana buklet və ya jurnal verir. Amma həmin insanla təkrar söhbət etməyə vaxtı əl vermədiyi üçün başqa bir təbliğçidən bunu xahiş edir. Həmin təbliğçi maraqlanan insanla təkrar söhbət edir və Müqəddəs Kitab dərsinə başlayır. Sonra o, dərsə müxtəlif bacı-qardaşları dəvət edir və hərə fərqli tərəfdən şagirdi ruhlandırır. Bu bacı-qardaşların hər biri, bir növ, toxumu suvarmağa kömək edir. Beləliklə, İsanın dediyi kimi, əkən də, biçən də birgə sevinir (Yəh. 4:35—38).

16. Təbliğ işində istədiyimiz qədər iştirak edə bilməsək də, nəyə görə sevinə bilərik?

16 Ola bilsin, səhhətinizə və ya gücünüz çatmadığına görə təbliğ işində ürəyiniz istəyən qədər iştirak edə bilmirsiniz. Buna baxmayaraq, biçin işinə verdiyiniz töhfəyə görə sevinə bilərsiniz. Məsələn, götürək Davud padşahın və adamlarının əmaliqələrlə döyüşdüyü hadisəni. Davudgil basqınçıların əlindən arvad-uşaqlarını və talan edilmiş mallarını qurtarmışdılar. İki yüz nəfər döyüşməyə taqəti olmadığı üçün yüklərin yanında qalmışdı. Bu döyüşdə qalib gələndən sonra Davud əmr etdi ki, qənimət hamının arasında bərabər bölünsün (1 İşm. 30:21—25). Eyni şeyi ümumdünya şagird hazırlamaq işimiz barədə də demək olar. Kimsə həqiqət yoluna qədəm qoyanda təbliğ işində əlindən gələni edən hər bir təbliğçi hamı ilə bərabər dərəcədə sevinə bilər.

17. Yehovaya şükür etmək üçün hansı səbəblərimiz var?

17 Yehovaya şükürlər olsun ki, xidmətimizə bu cür anlayışla yanaşır. O bilir ki, insanların xoş xəbəri qəbul etməsi bizdən asılı deyil. Amma bizim ürəkdən və canla-başla xidmət etməyimiz Onun nəzərindən yayınmır və bunu mükafatsız qoymur. O həmçinin biçin işində nə qədər payımızın olmasından asılı olmayaraq, bundan sevinc duymağımızı öyrədir (Yəh. 14:12). Əgər siz əzmlə bu işdə iştirak edirsinizsə, Yehovanın sizdən razı qaldığından arxayın ola bilərsiniz!

NƏĞMƏ 67 Allahın Sözünü müjdələ

^ abz. 5 İnsanlar xoş xəbəri qəbul edəndə biz sevinirik. Qəbul etməyəndə isə məyus oluruq. Bəs əgər dərs keçdiyimiz insan ruhani cəhətdən inkişaf etmirsə, yaxud heç kimə vəftiz olunmağa kömək edə bilməmişiksə, bu, o deməkdirmi ki, Yehovanın yolunda az iş görmüşük? Bu məqalədə öyrənəcəyik ki, Yehovanın bizdən razı qalması və xidmətimizdən sevinc duymağımız insanların müjdəyə hay verib-verməməsindən asılı deyil.

^ abz. 3 «Yehovanın Şahidlərinin illik fəaliyyəti» kitabının 2005-ci il buraxılışının 205—211 səhifələrinə (rus.) baxın.

^ abz. 14 Qledis Alenin «Heç nəyi dəyişməzdim!» adlı bioqrafiyasını «Gözətçi qülləsi»nin 2002-ci il 1 sentyabr sayında (rus.) tapa bilərsiniz.