Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 48

«Müqəddəs olun»

«Müqəddəs olun»

«Hər bir işinizdə müqəddəs olun» (1 BUT. 1:15).

NƏĞMƏ 34 Kamillik yolunda yeriyək

İCMAL *

1. Həvari Butrus dindaşlarına hansı məsləhəti vermişdi və nəyə görə bu məsləhətə riayət etmək qeyri-mümkün görünə bilər?

 «SİZİ çağırmış Müqəddəs Allah kimi hər bir işinizdə müqəddəs olun, axı yazılıb: “Müqəddəs olun, çünki Mən müqəddəsəm”» (1 But. 1:15, 16). Bu sözləri həvari Butrus birinci əsrdə yaşamış məsh olunmuş məsihilərə demişdi. Biz istər göydə, istərsə də yerdə yaşamaq ümidinə malik olaq, bu məsləhətdən hər birimiz faydalana bilərik. Bu sözlərdən öyrənirik ki, müqəddəslik sahəsində ən gözəl nümunə olan Yehovaya bənzəyə bilərik. Biz müqəddəs ola bilərik və olmalıyıq da. Amma biz qeyri-kamil olduğumuz üçün bu, mümkünsüz görünə bilər. Həvari Butrusun özü dəfələrlə səhvlər etmişdi. Amma onun nümunəsi göstərir ki, müqəddəs olmağımız mümkündür.

2. Bu məqalədə hansı sualları araşdıracağıq?

2 Bu məqalədə biz növbəti sualları araşdıracağıq: Müqəddəslik nədir? Yehovanın müqəddəsliyi ilə bağlı Onun Kəlamında nə yazılıb? Hər bir işimizdə necə müqəddəs ola bilərik? Yehova ilə münasibətlərimizlə müqəddəs olmağımız bir-biri ilə necə bağlıdır?

MÜQƏDDƏSLİK NƏDİR?

3. Müqəddəs insan deyiləndə çoxlarında hansı təsəvvür yaranır, bəs bununla bağlı dəqiq məlumatı haradan tapa bilərik?

3 Bəzi ərazilərdə «müqəddəs insan» deyəndə heç vaxt gülməyən, həmişə üzündə ciddi ifadə olan və dini paltarlar geyinən bir insan canlanır. Amma müqəddəslik bu deyil. Müqəddəs olan Yehova «xoşbəxt Allah» adlanır (1 Tim. 1:11). Ona xidmət edən insanlar da «bəxtəvər» və «bəxtiyar» adlanır (Zəb. 144:15). İsa Məsih geyimləri ilə başqalarından fərqlənən və öz salehliklərini nümayiş etdirən insanları məzəmmət edirdi (Mət. 6:1; Mark 12:38). Bir məsihi kimi, müqəddəsliklə bağlı təsəvvürümüzü Müqəddəs Kitabdan öyrəndiklərimiz formalaşdırmalıdır. Biz əminik ki, müqəddəs və mehriban Allahımız Yehova bizə heç vaxt gücümüz çatmayan əmri verməz. Buna görə də Yehova «müqəddəs olun» deyəndə biz şübhə etmirik ki, bu, mümkündür. Əlbəttə, hər işimizdə müqəddəs olmağımız üçün müqəddəsliyin nə demək olduğunu bilməliyik.

4. «Müqəddəs» və «müqəddəslik» sözlərinin mənası nədir?

4 Müqəddəslik nədir? Allahın Kəlamında «müqəddəs» və «müqəddəslik» sözləri əsas etibarilə mənəvi, dini paklığı və saflığı bildirir. Bu sözlər həmçinin «Allah üçün ayrılmış» mənasını verir. Başqa sözlə, əgər biz mənəvi cəhətdən təmiziksə, Yehovaya Onun bəyəndiyi tərzdə ibadət ediriksə və Onunla möhkəm münasibətimiz varsa, müqəddəs sayılırıq. Müqəddəs Kitabdan öyrənəndə ki, bizim kimi günahlı insanlar Yehova kimi müqəddəs bir Allahla dost ola bilər, qəlbimizə rahatlıq çökür.

«YEHOVA MÜQƏDDƏSDİR, MÜQƏDDƏSDİR, MÜQƏDDƏSDİR!»

5. Sadiq mələklərin sözlərindən Yehova haqqında nə öyrənirik?

5 Yehova hər cəhətdən pak və təmizdir. Bunu serafların — Yehova Allahın taxtı ətrafında duran ruhani varlıqların sözlərindən görmək olar. Seraflar bir-birini səsləyərək demişdilər: «Ordular Allahı Yehova müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!» (Əşy. 6:3). Əlbəttə, müqəddəs Allahla yaxın münasibətlərinin olması üçün mələklər özləri də müqəddəs olmalıdır və elədir ki var, onlar müqəddəsdir. Hətta mələyin yer üzündə olduğu məkan belə, müqəddəs sayılır. Buna Musa peyğəmbərin yanan kolun yanında olduğu hadisəni nümunə çəkmək olar (Çıx. 3:2—5; Yuş. 5:15).

Baş kahinin əmmaməsinin üzərində olan qızıl lövhəciyin üzərində «Müqəddəslik Yehovaya məxsusdur» sözləri həkk olunmuşdur (6 və 7-ci abzaslara baxın)

6, 7. a) Çıxış 15:1, 11 ayələrində Musa Allahın müqəddəsliyini necə vurğulamışdı? b) İsraillilərə Yehovanın müqəddəs olduğunu nə xatırladırdı? (Üz qabığındakı şəklə baxın.)

6 Musa peyğəmbər israilliləri Qırmızı dənizdən keçirəndən sonra Yehova Allahın müqəddəs olduğunu vurğulamışdı. (Çıxış 15:1, 11 ayələrini oxuyun.) Misir allahlarına ibadət edən insanların əməlləri müqəddəslikdən çox-çox uzaq idi. Eyni şeyi Kənan allahlarına ibadət edənlər haqqında da demək olar. Onların ibadətinə uşaqları qurban gətirmək və pozğun hərəkətlər daxil idi (Lav. 18:3, 4, 21—24; Qan. 18:9, 10). Bu saxta tanrılardan fərqli olaraq, Yehova heç vaxt xidmətçilərindən belə iyrənc şeylər tələb etməyib. Yehova tamamilə müqəddəsdir. Bu, baş kahinin əmmaməsinin üzərindəki qızıl lövhəcikdə açıq-aydın yazılmışdı. Lövhəciyin üzərinə «Müqəddəslik Yehovaya məxsusdur» sözləri həkk olunmuşdu (Çıx. 28:36—38).

7 Bu lövhədə yazılan sözlər onu görən hər kəsi əmin edəcəkdi ki, Yehova həqiqətən də müqəddəsdir. Bəs yaxşı israillilərdən kimsə baş kahinə yaxınlaşa bilmədiyi üçün o, belə bir vacib məlumatdan bixəbər qalacaqdı? Xeyr. Çünki Qanun kişilərin, qadınların və uşaqların önündə oxunanda hər bir israilli bunu eşitmişdi (Qan. 31:9—12). Əgər siz həmin vaxtı orada olsaydınız, bu sözləri eşidərdiniz: «Mən Yehova sizin Allahınızam... Mən müqəddəsəm, buna görə siz də müqəddəs olmalısınız». «Mənə məxsus olanlar kimi müqəddəs olun, çünki Mən Yehova müqəddəsəm» (Lav. 11:44, 45; 20:7, 26).

8. Lavililər 19:2 və 1 Butrus 1:14—16 ayələrindən nə öyrənirik?

8 Gəlin İsrail xalqına oxunan Lavililər 19:2 ayəsinə diqqət yetirək. Yehova Musaya demişdi: «Bütün İsrail icmasına belə söylə: “Siz müqəddəs olmalısınız, çünki Mən, Allahınız Yehova müqəddəsəm”». Ola bilsin, Butrus məsihiləri müqəddəs olmağa təşviq edəndə bu ayədən sitat gətirmişdi. (1 Butrus 1:14—16 ayələrini oxuyun.) Düzdür, biz Musaya verilən qanunun tabeliyi altında deyilik, amma Butrusun dediyi sözlər Lavililər 19:2 ayəsindən öyrəndiklərimizi təsdiq edir; yəni Yehova müqəddəsdir və Onu sevənlər də müqəddəsliyə can atmalıdır. Göydə və ya yerüzü cənnətdə yaşamaq ümidimizdən asılı olmayaraq, bu sözlər hər birimizə aiddir (1 But. 1:4; 2 But. 3:13).

«HƏR BİR İŞİNİZDƏ MÜQƏDDƏS OLUN»

9. Lavililər 19-cu fəsli araşdırmağın bizə hansı faydası olacaq?

9 Biz müqəddəs Allahımız Yehovanı razı salmaq istəyirik. Buna görə də müqəddəs olmağı öyrənməyə can atırıq. Bu sahədə bizə kömək etmək üçün Yehova bəzi məsləhətlər verib. Lavililər 19-cu fəsil bunun üçün əla mənbədir. İbrani alimi Markus Kaliş yazmışdı: «Bəlkə də, bu fəsil “Lavililər” kitabının və hətta deyərdim, Tövratın ən məzmunlu, ən rəngarəng və bəlkə də, ən vacib hissələrindən biridir». Gəlin bu fəsildən bəzi ayələri araşdıraq və görək bu ayələrdən gündəlik həyatımızla bağlı hansı dərsləri öyrənirik. Diqqət yetirin ki, öyrənəcəyimiz bu dərslərin hamısı «müqəddəs olmalısınız» sözlərindən sonra gəlir.

Lavililər 19:3 ayəsində valideynlər haqqında yazılanlar məsihiləri nəyə təşviq etməlidir? (10—12 abzaslara baxın) *

10, 11. Lavililər 19-cu fəslin ilk ayələrində müqəddəs davranışın hansı yönü vurğulanır və biz bu göstərişə necə yanaşmalıyıq?

10 Yehova israillilərə «müqəddəs olmalısınız» deyəndən sonra bu sözləri əlavə etmişdi: «Qoy hər kəs ata-anasına hörmət etsin... Mən sizin Allahınız Yehovayam» (Lav. 19:2, 3).

11 Bəli, biz Yehovanın buyruğuna uyğun olaraq, valideynlərimizə hörmət etməliyik. Yadınızdadırsa, bir dəfə bir cavan oğlan İsadan soruşmuşdu: «Əbədi həyatı almaq üçün mən hansı yaxşı işləri görməliyəm?» İsa ona cavabında digər şeylərlə yanaşı, ata-anasına hörmət etməyin vacibliyini də demişdi (Mət. 19:16—19). İsa hətta valideynlərinə hörmət etməkdən boyun qaçırmağa çalışan fərisiləri və mirzələri məzəmmət etmişdi. Bununla onlar Uca Allahın sözünü heçə endirirdilər (Mət. 15:3—6). Allahın sözünə On əmrdən beşincisi, həmçinin Lavililər 19:3 ayəsi daxil idi (Çıx. 20:12). Bir daha fikir verin ki, Lavililər 19:3 ayəsindəki ata-anaya hörmət etməklə bağlı göstəriş «siz müqəddəs olmalısınız, çünki Mən, Allahınız Yehova müqəddəsəm» sözlərindən dərhal sonra gəlir.

12. Lavililər 19:3 ayəsindəki məsləhətlə bağlı özümüzə hansı sualı verə bilərik?

12 Valideynlərə hörmət etmək göstərişi ilə bağlı özümüzə növbəti sualı verə bilərik: «Məndə bu sahədə vəziyyət necədir?» Ola bilsin, belə qənaətə gəldiniz ki, valideynləriniz üçün daha çox şey edə bilərdiniz. Keçmişi dəyişmək mümkün olmasa da, indi nələrisə dəyişə bilərsiniz. Məsələn, onlarla birlikdə daha çox vaxt keçirə bilərsiniz. Onlara maddi, ruhani və mənəvi cəhətdən daha çox dəstək ola bilərsiniz. Bununla siz Lavililər 19:3 ayəsində yazılan göstərişə uyğun davranmış olacaqsınız.

13. a) Lavililər 19:3 ayəsində başqa hansı məsləhət var? b) İsadan hansı nümunəni götürə bilərik? (Luka 4:16—18).

13 Lavililər 19:3 ayəsindən müqəddəs olmaqla bağlı biz başqa bir şey də öyrənə bilərik. Orada şənbə gününə riayət etmək buyrulur. Məsihilər Musanın qanunu altında yaşamırlar. Buna görə də bizdən şənbəyə riayət etmək tələb olunmur. Bununla belə, israillilərin şənbəyə riayət etməsindən və bunun onlara hansı fayda gətirməsindən çox şey öyrənə bilərik. Şənbə günü israillilər gündəlik işlərdən istirahət edirdilər və Allaha ibadətə vaxt ayırırdılar *. Elə buna görə də İsa şənbə günləri sinaqoqa gedirdi və Allahın Kəlamını oxuyurdu (Çıx. 31:12—15; Luka 4:16—18 ayələrini oxuyun). Lavililər 19:3 ayəsində yazılmış «şənbə gününə riayət edin» göstərişi bizi təşviq etməlidir ki, gündəlik işlərimizdən vaxt ayırıb Allaha ibadətə diqqətimizi cəmləyək. Ola bilsin, bu sahədə müəyyən dəyişikliklər etməlisiniz. Əgər ruhani işlərə müntəzəm vaxt ayırsanız, Yehova ilə gözəl, yaxın münasibətləriniz yaranacaq. Bu isə müqəddəs olmaq üçün mütləqdir.

YEHOVA İLƏ MÜNASİBƏTİNİZİ MÖHKƏMLƏNDİRİN

14. «Lavililər» kitabının 19-cu fəsli boyunca hansı təməl həqiqət vurğulanır?

14 Lavililər 19-cu fəsildə müqəddəs olmağımıza kömək edəcək təməl həqiqət dəfələrlə vurğulanır. Dördüncü ayə bu sözlərlə yekunlaşır: «Mən sizin Allahınız Yehovayam». Bu və buna oxşayan ifadəyə bu fəsildə 16 dəfə rast gəlinir. Bu bizə Yehovanın verdiyi ilk əmri xatırladır: «Mən... Allahınız Yehovayam. Məndən başqa allahınız olmamalıdır» (Çıx. 20:2, 3). Müqəddəs olmaq istəyən hər bir məsihi əmin olmalıdır ki, onunla Yehova arasına heç kim və heç nə girməyib. Üstəlik, Yehovanın Şahidi adını daşıdığımız üçün bu ada ləkə gətirəcək hərəkətlərdən uzaq durmağa qəti qərarlıyıq (Lav. 19:12; Əşy. 57:15).

15. Lavililər 19-cu fəsildə qurbanlıqlarla bağlı yazılanlar bizi nə etməyə təşviq etməlidir?

15 İsraillilər Yehovanı Allahları kimi qəbul etdiklərini göstərmək üçün Onun verdiyi qanunlara əməl etməli idilər. Lavililər 18:4 ayəsində yazılıb: «Siz Mənim hökmlərimə tabe olmalı, Mənim qanunlarıma riayət etməlisiniz, onlara uyğun yaşamalısınız. Mən sizin Allahınız Yehovayam». 19-cu fəsildə bu qanunların bəziləri yazılıb. Məsələn, 5—8, 21 və 22-ci ayələrdə heyvan qurbanları ilə bağlı qanunlar yazılıb. İsraillilər bu qurbanları elə gətirməli idilər ki, Yehovaya məxsus olan müqəddəs şeyi murdarlamasınlar. Bu ayələr bizi təşviq etməlidir ki, Yehovanın razılığını qazanmağa çalışaq və İbranilərə 13:15 ayəsində buyrulduğu kimi, Ona məqbul olan mədh qurbanları təqdim edək.

16. Yehovaya xidmət edənlərlə xidmət etməyənlər arasındakı fərq bizə nəyi xatırladır?

16 Müqəddəs olmaq üçün biz başqalarından fərqlənməyə çəkinməməliyik, amma bu, çətin ola bilər. Bəzən sinif yoldaşlarımız, iş yoldaşlarımız, imanda olmayan qohumlarımız və başqaları təzyiq göstərə bilər ki, ibadətimizə zidd gedən işlərdə iştirak edək. Bu zaman biz mühüm qərar qarşısında qalırıq. Bəs düzgün qərar verməyimizə nə kömək edə bilər? Lavililər 19:19 ayəsində maraqlı bir prinsip yazılıb: «İki cür iplikdən toxunmuş paltar geyinməyin». Bu qanun israillilərə kömək edirdi ki, ətraf xalqlardan fərqlənsinlər. Düzdür, biz müxtəlif materialların, məsələn, pambıqla poliefirin, yunla süni ipəyin qarışığından olan paltarlar geyinməyə qarşı deyilik. Ancaq əqidələri və əməlləri Müqəddəs Kitaba zidd gedən insanlara bənzəməyin əleyhinəyik. Hətta bunlar bizim sinif yoldaşlarımız, iş yoldaşlarımız və ya qohumlarımız olsa da. Düzdür, qohumlarımız bizə əzizdir, üstəlik, digər insanları da sevirik, amma həyatımızın mühüm sahələrinə gəldikdə onlardan fərqli davranmağa çəkinmirik. Bu, çox vacib məsələdir. Əgər biz müqəddəs olmağa can atırıqsa, Allah üçün ayrılmalıyıq (2 Kor. 6:14—16; 1 But. 4:3, 4).

Lavililər 19:23—25 ayələrindən israillilər hansı nəticəni çıxarmalı idi və siz bu ayələrdən nə öyrənirsiniz? (17 və 18-ci abzaslara baxın) *

17, 18. Lavililər 19:23—25 ayələrindən nə öyrənirik?

17 «Mən sizin Allahınız Yehovayam» sözləri israillilərə xatırlatmalı idi ki, Yehova ilə münasibətlərini həyatda hər şeydən üstün tutmalıdırlar. Necə? Lavililər 19:23—25 ayələrində bunun bir yolu göstərilir. (Ayələri oxuyun.) Gəlin görək israillilər Vəd edilmiş diyara daxil olandan sonra bu sözlərə necə əməl etməli idilər. Kimsə meyvə ağacı əkərdisə, üç il onun bəhrəsindən yeməməli idi. Dördüncü il ağacın meyvəsi müqəddəs məkanda istifadə üçün ayrılmalı idi. Yalnız beşinci il ağacın sahibi onun bəhrəsini yeyə bilərdi. Bu qanun israillilərə xatırladırdı ki, birinci öz ehtiyaclarını düşünməməlidirlər. İsraillilər Yehovanın onlara ruzi yetirəcəyinə etibar etməli idilər və ibadəti həyatlarında hər şeydən üstün tutmalı idilər. Bunun qarşılığında Yehova da onları ac qoymayacaqdı. Həmçinin bu qanun vasitəsilə Yehova onları təşviq edirdi ki, ibadətin mərkəzi olan müqəddəs məkanda səxavətlə bəxşişlər təqdim etsinlər.

18 Lavililər 19:23—25 ayələrində yazılan qanun bizə İsanın Dağüstü vəzində dediyi sözləri xatırladır: «“Nə yeyəcəyik?”, “nə içəcəyik?” deyə... daha qayğı çəkməyin». İsa sözünə belə davam edir: «Sizin göydəki Atanız... bütün bunlara ehtiyac duyduğunuzu bilir». Hətta quşların da qayğısına qalan Allah bizim də qayğımıza qalacaq (Mət. 6:25, 26, 32). Biz inanırıq ki, Yehova ruzimizi yetirəcək. Biz də başqalarına car çəkmədən gücümüz daxilində ehtiyacı olanlara əl tuturuq. Həmçinin yığıncaqların ehtiyacını ödəmək üçün ürəkdən ianə edirik. Bizim belə səxavətli olmağımız Yehovanın nəzərindən yayınmır. O bizə bunun əvəzini verəcək (Mət. 6:2—4). Səxavətli olmaqla Lavililər 19:23—25 ayələrində yazılanları başa düşdüyümüzü göstəririk.

19. «Lavililər» kitabının bəzi ayələrini araşdırmağın sizə hansı faydası oldu?

19 Sizinlə Lavililər 19-cu fəsildən cəmi bir neçə ayəni nəzərdən keçirdik və gördük ki, müqəddəs Allahımız Yehovaya necə bənzəyə bilərik. Yehovadan örnək alaraq biz hər bir işimizdə müqəddəs olmağa çalışırıq (1 But. 1:15). Yehovaya xidmət etməyən bir çox insan bizim gözəl davranışımızı görüb və hətta bəziləri Yehovanı mədh edib (1 But. 2:12). Lavililər 19-cu fəsildən biz hələ çox şey öyrənə bilərik. Növbəti məqalədə bu fəslin digər ayələrini araşdıracağıq və görəcəyik ki, həyatımızın başqa hansı sahələrində Butrusun da dediyi kimi, müqəddəs ola bilərik.

NƏĞMƏ 80 «Dadın, görün necə gözəldir Yehova»

^ Yehova müqəddəs Allahdır və O istəyir ki, xidmətçiləri də müqəddəs olsunlar. Biz Yehovanı sevirik və Onu razı salmaq istəyirik. Bəs qeyri-kamil olduğumuz halda, müqəddəs ola bilərik? Bəli, ola bilərik. Həvari Bulusun dindaşlarına verdiyi məsləhətdən və Yehovanın qədim İsrailə verdiyi göstərişlərdən həyatımızın hər sahəsində müqəddəs olmağı öyrənə bilərik.

^ Şənbə günü qanunu və bundan nə öyrənə biləcəyimiz haqda ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi» jurnalının 2019-cu il dekabr sayında dərc olunan «İşin və istirahətin “öz vaxtı var”» adlı məqaləyə baxa bilərsiniz.

^ ŞƏKLİN İZAHI. Yetkin yaşa çatmış oğul valideynləri ilə vaxt keçirir, arvadı və uşaqları ilə birgə onları ziyarət edir və daim onlarla əlaqə saxlayır.

^ ŞƏKLİN İZAHI. İsrailli əkinçi əkdiyi ağacların meyvələrinə göz gəzdirir.