Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Lavililər 19:16 ayəsində yazılan «heç kimin qəsdinə durmayın» əmrinin məğzi nədir və bundan nə öyrənirik?

Yehova israillilərə müqəddəs olmağı buyurmuşdu. Belə olmaları üçün onlara demişdi: «Qapı-qapı gəzib camaatı şərləməyin. Heç kimin qəsdinə durmayın. Mən Yehovayam» (Lav. 19:2, 16).

«Qəsdinə durmaq» ifadəsi ibrani dilində orijinal mətndə yazılan fikri yaxşı ifadə edir. Bəs bu ifadənin mənası nədir? «Lavililər» kitabı ilə bağlı bir yəhudi elmi işində deyilir: «Ayənin bu hissəsini izah etmək çətindir, problem bu ibrani ifadəsinin məğzini tam duya bilməməkdədir».

Bəzi alimlərin fikrincə, bu ifadə öncəki ayə ilə bağlıdır. Orada deyilir: «Ədalətsiz hökm çıxarmayın. Nə kasıbın tərəfini saxlayın, nə də varlıya üstünlük verin. Hər kəsi ədalətlə mühakimə edin» (Lav. 19:15). Belə olan halda, 16-cı ayədəki «heç kimin qəsdinə durmayın» ifadəsi o mənanı verə bilər ki, Allahın xalqı məhkəmə işlərində, işgüzar və ya ailədaxili məsələlərdə haqsızlıq etməməlidir. Həmçinin israilli öz mənafeyi üçün fırıldaqçılığa əl atmamalıdır. Düzdür, biz bu kimi əməllərdən uzaq olmalıyıq. Amma 16-cı ayədəki ifadəni başa düşməyin daha məntiqli yolu var.

Bu ayənin ilk sözlərinə diqqət yetirək. Yehova xalqına buyurur ki, qapı-qapı gəzib camaatı şərləməsinlər. Bildiyimiz kimi, qeybət etmək problemlər yaradır, amma kimisə şərləmək daha betər fəsadlar törədir (Məs. 10:19; Vaiz 10:12—14; 1 Tim. 5:11—15; Yaq. 3:6). «Şərləmək» sözü məqsədyönlü şəkildə başqasının adını bədnam etmək deməkdir. Hətta, ola bilər, insan bilir ki, kiməsə şər atsa, onun həyatını təhlükəyə atacaq, buna rəğmən, onun haqqında yalan şahidlik edir. Yadınızdadırsa, böhtançı adamlar Nabut haqqında yalan şahidlik etmişdilər və bunun nəticəsində Nabut haqsız yerə daşqalaq edilmişdi (1 Pad. 21:8—13). Bəli, Lavililər 19:16 ayəsinin ikinci hissəsində də deyildiyi kimi, başqasını şərləyən insan onun həyatına qəsd edir.

Bundan əlavə, ola bilsin, başqasını şərləyən insan bunu ona nifrətdən irəli gələrək etsin. 1 Yəhya 3:15 ayəsində deyilir: «Qardaşına nifrət edən qatildir və siz bilirsiniz ki, heç bir qatilin əbədi həyatı yoxdur». Maraqlı məqamdır ki, Yehova 16-cı ayədəki «heç kimin qəsdinə durmayın» sözlərindən sonra «ürəyinizdə heç kimə qarşı nifrətiniz olmasın» sözlərini deyir (Lav. 19:17).

Beləliklə, Lavililər 19:16 ayəsindəki bu ifadə məsihilərin ciddi yanaşmalı olduğu məsləhətdir. Ehtiyatlı olmalıyıq ki, pis fikirlərə qapılıb başqasını şərləməyək. Deməli, əgər kimdənsə xoşumuz gəlmədiyi və ya ona paxıllıq etdiyimiz üçün onu şərləyərək qəsdinə dururuqsa, bu, həmin insana nifrət etdiyimizdən xəbər verə bilər. Məsihilər isə qətiyyən buna yol verməməlidir (Mət. 12:36, 37).