Kontentə keç

Mündəricatı göstər

Yaxşı əməkdaşsınız?

Yaxşı əməkdaşsınız?

«ONUN yanında usta kimi çalışırdım,.. hüzurunda hər zaman sevinirdim» (Məs. 8:30). Bu sözləri Allahın Oğlu İsa Məsih demişdi. Müqəddəs Kitabdakı bu ayə onun yer üzünə gəlməzdən öncə uzun illər Atasının yanında necə çalışdığını göstərir. Həmçinin bu ayə İsanın Allahın yanında usta kimi çalışanda keçirdiyi hissləri təsvir edir; Onun hüzurunda sevinirdi.

İsa ilahi keyfiyyətlərə yiyələnmişdi. Bunun sayəsində o, yer üzündə olarkən insanlarla çox gözəl əməkdaşlıq edirdi. İsanın mükəmməl nümunəsini necə izləyə bilərik? Onun nümunəsindən yaxşı əməkdaş olmağa kömək edəcək üç prinsip öyrənirik. Bu prinsiplərin sayəsində bacı-qardaşlarla aramızda birlik yaratmağı daha yaxşı bacaracağıq.

İsadan və Yehovadan örnək götürərək biliyinizi və təcrübənizi əməkdaşlarınızla səxavətlə bölüşün

PRİNSİP 1: «HÖRMƏT GÖSTƏRMƏKDƏ BİR-BİRİNİZİ QABAQLAYIN»

Yaxşı əməkdaş təvazökar olur, əməkdaşlarını qiymətləndirir və özünü göstərməyə çalışmır. İsa Atasından məhz bu cür əməkdaş olmağı öyrənmişdi. Düzdür, Yaradan adlanmağa yalnız Yehova layiqdir, amma O, başqalarına İsanın da Onunla birlikdə çalışdığını əyan etdi. Biz bunu Yehovanın dediyi sözlərdən görürük. O belə demişdi: «Bizə bənzəyən insan yaradaq» (Yar. 1:26). Çox yəqin ki, Yehovanın sözlərindən İsa Onun necə lütfkar olduğunu görmüşdü (Zəb. 18:35).

İsa yer üzündə olanda Atasından örnək götürərək təvazökar davranmışdı. Onu etdiyi işlərə görə tərifləyəndə Allahı şərəfləndirirdi (Mark 10:17, 18; Yəh. 7:15, 16). İsa çalışırdı ki, şagirdləri ilə arasında xoş münasibət olsun; onlara qul kimi yox, dostları kimi yanaşırdı (Yəh. 15:15). Təvazökarlıq sahəsində nümunə qoymaq üçün İsa hətta şagirdlərinin ayağını yumuşdu (Yəh. 13:5, 12—14). Biz də ondan örnək götürərək özümüzdən çox əməkdaşımızı düşünməli, ona dəyər verməliyik. Bir-birimizə hörmət edəndə və tərifi kimin alacağına görə narahat olmayanda daha çox iş görə bilərik (Rom. 12:10).

Təvazökar insan həmçinin başa düşür ki, «məsləhət verən çox olarsa, uğur olar» (Məs. 15:22). Nə qədər təcrübəli və bacarıqlı olsaq da, unutmamalıyıq ki, heç bir insan hər şeyi bilə bilməz. Hətta İsa da qəbul edirdi ki, onun bilmədiyi şeylər var (Mət. 24:36). Bundan əlavə, şagirdləri qeyri-kamil olsa da, onların nə bildiyi, nə fikirləşdiyi İsa üçün maraqlı idi (Mət. 16:13—16). Sözsüz ki, şagirdləri İsanın yanında özlərini rahat hiss edirdilər. Eynilə biz də təvazökar olub imkanlarımızın məhdud olduğunu unutmayanda və başqalarının fikrini nəzərə alanda aramızda gözəl münasibət yaranır və birlikdə daha çox uğur qazanırıq.

Ələlxüsus da ağsaqqallar əməkdaşlıq məsələsində İsadan nümunə götürməlidir. Onlar unutmamalıdır ki, müqəddəs ruh ağsaqqallar şurasındakı istənilən ağsaqqal vasitəsilə fəaliyyət göstərə bilər. Ağsaqqallar görüşü zamanı onlar elə abu-hava yaradırlar ki, hər kəs fikrini rahat ifadə edə bilsin. Beləcə, onlar birlikdə bütün yığıncağın xeyrinə olacaq qərarlar verirlər.

PRİNSİP 2: «QOY HAMI SİZİ DƏRRAKƏLİ ADAM KİMİ TANISIN»

Yaxşı əməkdaş hər kəslə dərrakə ilə davranır; o, vəziyyətə uyğunlaşır və güzəştə gedir. Şübhəsiz ki, İsa Atasının bəndələrinə güzəştə getməklə necə dərrakəli olduğuna dəfələrlə şahid olmuşdu. Məsələn, bəşəriyyət ölüm hökmünə layiq olsa da, Yehova İsanı göndərdi ki, bəşəriyyəti xilas etsin (Yəh. 3:16).

İsa ehtiyac varsa və məqbuldursa, güzəştə gedirdi. Gəlin İsadan kömək diləyən finikiyalı qadını yadımıza salaq. Baxmayaraq ki, İsa İsrail evi üçün göndərilmişdi, o, qadına kömək etdi (Mət. 15:22—28). Həmçinin o, şagirdlərindən güclərindən artıq nəsə etməyi tələb etmirdi. Məsələn, İsa ilə yaxın münasibəti olan Butrus insanların qarşısında onu dansa da, İsa onu bağışladı. Sonradan ona vacib məsuliyyətlər həvalə etdi (Luka 22:32; Yəh. 21:17; Həv. 2:14; 8:14—17; 10:44, 45). İsanın nümunəsi aydın göstərir ki, biz də çalışmalıyıq, hamı bizi «dərrakəli adam kimi tanısın», bunun üçün güzəştə getməyi bacarmalıyıq (Filip. 4:5).

Dərrakəli olmaq bizi təşviq edəcək ki, hər cür insanla yola gedib işləyək. İsa hamı ilə elə yaxşı dil tapırdı ki, hətta düşmənləri onu «vergiyığanların və günahlıların dostu» adlandırmışdı (Mət. 11:19). Biz də, İsa kimi, başqaları ilə yaxşı yola gedə bilərik? Luiz adlı qardaş səyyar xidmətdə olmuş və Beyteldə xidmət etmişdi. Xidməti boyunca o, müxtəlif insanlarla əməkdaşlıq etmişdi. O deyir: «Mən insanlarla əməkdaşlığımı kələ-kötür daşlardan divar tikməyə bənzədirəm. Bəzi daşların səmtini, yerini dəyişməklə düz divar tikmək mümkündür. Mən bu “divarın” düz olması üçün çalışıram, özümdə də müəyyən dəyişikliklər edim». Necə də gözəl əhvali-ruhiyyədir!

Yaxşı əməkdaş əməkdaşları üzərindəki üstünlüyünü əldən verməmək üçün məlumatı gizlətməyəcək

Yığıncağımızda hansı vəziyyətlərdə əməkdaşlıq ruhunu təzahür etdirə bilərik? Məsələn, təbliğ qrupumuzla xidmətdə olarkən. Ola bilsin, ailə məsuliyyəti və yaşı bizimkindən fərqli olan təbliğçi ilə əməkdaşlıq edək. Bu zaman onların xidmətdən daha çox sevinc duyması üçün sürətimizi onlara uyğunlaşdıra bilərik. Yaxud onlara rahat olan xidmət növündə iştirak edə bilərik.

PRİNSİP 3: «SƏXAVƏTLİ» OLUN

Yaxşı əməkdaş səxavətli olur (1 Tim. 6:18). İsa göydə olanda çox yəqin ki, Yehovanın gördüyü işi gizlətmədiyinə fikir vermişdi. O, «göyləri hazırlayanda» İsa «orada idi» və beləcə, Ondan öyrənmək imkanı var idi (Məs. 8:27). Sonralar İsa yer üzündə olanda Atasından eşitdiyi hər şeyi şagirdləri ilə ürəkdən bölüşmüşdü (Yəh. 15:15). Biz də biliyimizi və təcrübəmizi əməkdaşlıq etdiyimiz insanlarla bölüşməliyik. Sözsüz ki, yaxşı əməkdaş əməkdaşları üzərindəki üstünlüyünü əldən verməmək üçün zəruri və faydalı məlumatı onlardan gizlətməyəcək. O, öyrəndiyi yaxşı şeyləri başqaları ilə bölüşəcək və bundan sevinc duyacaq.

Biz də əməkdaşlarımızı sözlərimizlə ruhlandıra bilərik. Məgər kimsə bizim zəhmətimizi görəndə, ürəkdən minnətdarlığını bildirəndə bizə xoş olmur? İsa əməkdaşlarında gördüyü yaxşı şeyləri vaxt ayırıb onlara deyirdi. (Mətta 25:19—23 ayələri ilə əlaqələndirin; Luka 10:17—20.) Hətta o, şagirdlərinə demişdi ki, onun etdiyi işlərdən böyük işlər edəcəklər (Yəh. 14:12). İsa ölümündən əvvəlki gecə sadiq şagirdlərini tərifləyərək belə demişdi: «Bütün sınaqlarım boyu mənim yanımda siz olmusunuz» (Luka 22:28). Bir təsəvvür edin, bu sözlər onları necə ruhlandırmış və daha çox şey etməyə təşviq etmişdi! Əgər biz də vaxt ayırıb əməkdaşlarımızı tərifləsək, onlar daha çox sevinəcəklər və işlərində daha səmərəli olacaqlar.

SİZ YAXŞI ƏMƏKDAŞ OLA BİLƏRSİNİZ

Görün Kayode qardaş nə deyir: «Yaxşı əməkdaş olmaq üçün kamil olmaq lazım deyil; yaxşı əməkdaş ətrafına sevinc saçır, əməkdaşlarının işini yüngülləşdirir». Bəs siz bu cür əməkdaşsınız? Bəlkə, bəzi məsihi əməkdaşlarınızdan bu haqda nə düşündüyünü soruşasınız? İsanın şagirdlərinə onunla əməkdaşlıq etmək xoş idi. Əgər sizin də əməkdaşlarınıza sizinlə çalışmaq xoşdursa, onda siz Bulus kimi belə deyə bilərsiniz: «Sevinciniz üçün sizinlə əməkdaşlıq edirik» (2 Kor. 1:24).