Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 51

Həmişə «ona qulaq asın»

Həmişə «ona qulaq asın»

«Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam. Ona qulaq asın» (MƏT. 17:5).

NƏĞMƏ 54 «Yol budur»

İCMAL *

1, 2. a) İsanın üç həvarisinə hansı əmr verilmişdi və onlar buna necə hay verdilər? b) Bu məqalədə nə haqda danışacağıq?

 ERAMIZIN 32-ci ilinin Pasxa bayramından sonra həvari Butrus, Yaqub və Yəhya möhtəşəm bir görüntünün şahidi olmuşdular. Onlar uca bir dağda, ehtimal ki, Hərmun dağında olarkən İsanın görkəminin dəyişdiyini görmüşdülər. «Onun üzü günəş kimi şəfəq saçdı və paltarı ağappaq olub par-par parıldadı» (Mət. 17:1—4). Bu görüntünün sonuna yaxın həvarilər Allahın səsini eşitdilər: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam. Ona qulaq asın» (Mət. 17:5). Bu üç həvari sürdükləri həyatla İsanın səsinə qulaq asdıqlarını göstərdilər. Biz onlardan nümunə götürmək istəyirik.

2 Ötən məqalədən öyrəndik ki, İsanın səsinə qulaq asdığımızı göstərmək üçün nələri etməməliyik. Bu məqalədən isə öyrənəcəyik ki, hansı iki şeyi etməliyik.

«DAR QAPIDAN GİRİN»

3. Mətta 7:13, 14 ayələrinə əsasən, biz nə etməliyik?

3 Mətta 7:13, 14 ayələrini oxuyun. Diqqət yetirin ki, İsa iki fərqli qapıdan danışır və bu qapılar iki fərqli yola aparır — geniş yola və ensiz yola. Üçüncü yol yoxdur. Biz hansı yolla gedəcəyimizə qərar verməliyik. Bu, həyatda verdiyimiz ən vacib qərardır. Bundan bizim əbədi gələcəyimiz asılıdır.

4. Geniş yol necə bir yoldur?

4 Biz bu iki yol arasındakı fərqi unutmamalıyıq. Geniş yolda çox adam var, çünki bu yol rahatdır. Təəssüflər olsun ki, çoxları bu yolda qalmağa qərar verir və bu yolda gedən kütlənin ardınca gedirlər. Onlar başa düşmür ki, bu yolla getmələrini istəyən Şeytandır və onun yolunun sonu ölümdür (1 Kor. 6:9, 10; 1 Yəh. 5:19).

5. Bəziləri ensiz yolu tapmaq və bu yolda yeriməyə başlamaq üçün hansı çətinliklərdən keçiblər?

5 Geniş yoldan fərli olaraq, digər yol ensizdir və İsa demişdi ki, bu yolu çox az adam tapacaq. Nəyə görə? Maraqlıdır ki, növbəti ayədə İsa davamçılarını yalançı peyğəmbərlər barədə xəbərdar edir (Mət. 7:15). Bəzi hesablamalara əsasən, minlərlə din var. Onların əksəriyyəti həqiqəti öyrətdiyini iddia edir. Dinlərin bu qədər çoxluğu milyonlarla insanı məyus edir və ya çaşbaş qoyur. Buna görə də onlar həyata gedən yolu heç axtarmağa da cəhd etmirlər. Amma bu yolu tapmaq olar. İsa demişdi: «Əgər mənim sözlərimə daima əməl etsəniz, deməli, siz, həqiqətən, mənim şagirdlərimsiniz. Siz həqiqəti dərk edəcəksiniz və həqiqət sizi azad edəcək» (Yəh. 8:31, 32). Nə yaxşı ki siz çoxluğun ardınca getməmisiniz! Əksinə, həqiqəti axtarmısınız. Allahın Kəlamını araşdırıb, Onun buyruqlarını öyrənmisiniz. İsanın öyrətdiklərinə qulaq asmısınız. Digər şeylərlə yanaşı öyrənmisiniz ki, Yehova yalan dini təlimləri rədd etməyinizi, bütpərəst bayramları qeyd etməməyinizi istəyir. Həmçinin öyrənmisiniz ki, Yehovanın buyruqlarına əməl etmək, Onun bəyənmədiyi işlərdən uzaq durmaq çətin ola bilər (Mət. 10:34—36). Ola bilsin, sizin üçün lazımi dəyişikliklər etmək asan olmayıb, amma Yehovanı sevdiyiniz üçün və Onun rəğbətini qazanmaq istədiyiniz üçün siz dəyişməyə davam etdiniz. Təsəvvür etmək olar, Yehova sizdən necə razıdır! (Məs. 27:11).

ENSİZ YOLDA QALMAQ ÜÇÜN NƏ EDƏ BİLƏRİK?

Allahın qoyduğu qayda-qanunlar bizə ensiz yolda qalmağa kömək edir (6—8 abzaslara baxın) *

6. Zəbur 119:9, 10, 45, 133 ayələrinə əsasən, ensiz yolda qalmağımıza nə kömək edə bilər?

6 Ensiz yolla səfərə çıxandan sonra bu yolda qalmağa sizə nə kömək edə bilər? Gəlin bir nümunəyə baxaq. Ensiz dağ yolunun kənarına məhəccər çəkilir. O, sürücünü və onun maşınını qorumaq üçündür. Məhəccərin sayəsində sürücü yolun kənarına yaxınlaşmır və ya yoldan çıxmır. Çətin ki hansısa sürücü bu məhəccərin çəkildiyinə görə gileylənsin, onun hərəkətini məhdudlaşdırdığını desin. Allahın Kəlamındakı qayda-qanunlar da bu məhəccərə bənzəyir. Bu qayda-qanunlar bizə ensiz yolda qalmağa kömək edir. (Zəbur 119:9, 10, 45, 133 ayələrini oxuyun.)

7. Yehova gənclərin ensiz yola necə baxmasını istəyir?

7 Əziz gənclər, bəzən sizə elə gəlirmi ki, Yehovanın yolunda çox qadağalar var, istədiyinizi edə bilmirsiniz? Şeytan da elə bu cür düşünməyinizi istəyir. O istəyir ki, siz geniş yolda yeriyənlərə baxıb, onların necə əyləncəli vaxt keçirdiyini düşünəsiniz. Bunun üçün o, məktəb yoldaşlarınızdan, internetdə gördüklərinizdən istifadə edə bilər. Sizdə belə fikir oyada bilər ki, siz həyatdakı maraqlı şeylərdən məhrumsunuz. Şeytanın məqsədi odur ki, Yehovanın qayda-qanunlarının sizə həyatdan tam zövq almağa mane olduğunu düşünəsiniz *. Bir şeyi yadda saxlayın, Şeytan istəmir ki, onun yolunda yeriyənlər bu yolun onları hara apardığını düşünsünlər. Yehova isə əksinə, istəyir biləsiniz ki, həyata aparan yolda yeriyənləri qarşıda necə gözəl həyat gözləyir (Zəb. 37:29; Əşy. 35:5, 6; 65:21—23).

8. Gənclər Olafın nümunəsindən nə öyrənə bilər?

8 Gəlin görək Olaf adlı bir gənc qardaşdan nə öyrənirik *. Sinif yoldaşları ona təzyiq göstərirdi ki, kiminləsə cinsi münasibətdə olsun. Olaf onlara izah etdi ki, Yehovanın Şahididir və yüksək əxlaq normalarına uyğun yaşayır. Onda bəzi qızlar sözləşdilər ki, kim onu yoldan çıxaracaq və onunla cinsi münasibətdə olacaq. Qızlar nə qədər cəhd etsələr də, Olaf möhkəm dayandı. Amma bu, Olafın üzləşdiyi yeganə sınaq deyildi. Olaf deyir: «Müəllimlərim məni inandırmağa çalışırdılar ki, mütləq ali təhsil almalıyam, onda hamı mənə hörmətlə yanaşacaq. Təhsil almasam, gəlirli işim, yaxşı güzəranım olmayacaq». Olafa bu cür təzyiqlərə yenilməməyə nə kömək etdi? O deyir: «Bacı-qardaşlarla çox yaxın münasibətim var idi. Onlar mənim üçün sanki bir ailə idi. Bundan əlavə, Müqəddəs Kitabı daha ciddi mütaliə etməyə başladım. Nə qədər dərindən mütaliə edirdimsə, həqiqətdə olduğuma bir o qədər də əmin olurdum. Bütün bunların sayəsində vəftiz olunmağa qəti qərar verdim».

9. Ensiz yolda qalmaq üçün nə etmək lazımdır?

9 Şeytanın arzusu odur ki, siz həyata aparan yoldan çıxasınız və çoxluğa qoşulub, «məhvə aparan» geniş yolla gedəsiniz (Mət. 7:13). Amma əgər siz daim İsanın sözünə qulaq assanız və ensiz yola müdafiə kimi yanaşsanız, bu yoldan sapmayacaqsınız. İndi isə gəlin görək İsa Məsih bizə başqa nə etməyi buyurub.

DİNDAŞINLA BARIŞ

10. Mətta 5:23, 24 ayələrinə əsasən, İsa bizə nə etməyi buyurub?

10 Mətta 5:23, 24 ayələrini oxuyun. Burada İsa Məsih ona qulaq asan yəhudilər üçün əhəmiyyət daşıyan bir məsələyə toxunur. Təsəvvür edin ki, kimsə məbədə gəlib və heyvan qurbanlığını kahinə vermək üzrədir. Əgər həmin an yadına düşsə ki, kimsə ondan inciyib bəxşişini elə oradaca qoyub getməli idi. Görəsən, nəyə görə? Axı Yehovaya qurban gətirməkdən daha önəmli nə ola bilərdi? İsa Məsih açıq-aydın demişdi: «Əvvəlcə get onunla barış» (Mət. 5:23, 24).

Təvazökarlıq göstərib qardaşı ilə barışan Yaqubdan örnək alacaqsınız? (11 və 12-ci abzaslara baxın) *

11. Yaqub qardaşı ilə barışmaq üçün nələr etdi?

11 Həzrəti Yaqubun həyatında baş verən bir hadisədən dindaşımızla barışmaqla bağlı çox şey öyrənə bilərik. Yaqub təxminən iyirmi il idi ki, ata yurdundan uzaqda yaşayırdı. Daha sonra Yehova dedi ki, ora qayıtsın (Yar. 31:11, 13, 38). Amma bir problem var idi. Yaqubun böyük qardaşı Eys onu öldürmək niyyətində idi (Yar. 27:41). Yaqubu qorxu bürümüşdü, o, təşviş içində idi. Fikirləşirdi ki, bəlkə, qardaşı hələ də ona kin bəsləyir? (Yar. 32:7). Bəs o, qardaşı ilə arasındakı münasibəti düzəltmək üçün nə etdi? Əvvəla, bu barədə Yehovaya hərarətlə dua etdi. Sonra Eysə çoxlu bəxşişlər göndərdi. (Yar. 32:9—15). Nəhayət, onunla görüşəndə ona böyük hörmət göstərdi. Onun qarşısında bir dəfə yox, iki dəfə yox, düz yeddi dəfə təzim etdi! Təvazökar və hörmətcil davrandığı üçün Yaqub qardaşı ilə münasibətlərini düzəltdi (Yar. 33:3, 4).

12. Yaqubdan nə öyrənirik?

12 Yaqubun Eyslə görüşə necə hazırlaşmasından, ona necə yaxınlaşmasından vacib şey öyrənirik. Yaqub təvazökarlıqla Yehovadan kömək istədi. Sonra duasına uyğun davrandı, qardaşının könlünü almaq üçün müəyyən şeylər etdi. Onunla görüşəndə isə kimin haqlı olduğuna görə mübahisə etmədi. Onun məqsədi qardaşı ilə barışmaq idi. Yaqubun nümunəsini necə izləyə bilərik?

BARIŞMAQ ÜÇÜN NƏ EDƏ BİLƏRİK?

13, 14. Dindaşımızın xətrinə dəymişiksə, nə etməliyik?

13 Həyata aparan yolda yeriyən bizlər dindaşlarımızla yaxşı münasibətdə olmağa çalışırıq (Rom. 12:18). Bəs əgər biliriksə ki, dindaşımız bizdən inciyib, nə etməliyik? Yaqub kimi, Yehovaya ürəkdən dua etməliyik. Ondan xahiş edə bilərik ki, dindaşımızla barışmağımıza kömək etsin.

14 Həmçinin biz özümüzü də təhlil etməliyik. Belə bir sualın üzərində düşünə bilərik: «Mən qürurumu qurban verməyə, təvazökarlıq göstərib üzr istəməyə və dindaşımla barışmağa hazıram? Yehova və İsa Məsih görsə ki, mən barışmaq üçün ilk addımı atdım, hansı hissləri keçirər?» Bu suallara verdiyimiz cavab bizə kömək edəcək ki, İsanın dediklərinə qulaq asaq və dindaşımızla təvazökarlıqla söhbət edib, barışmağa çalışaq. Beləliklə də biz Yaqubun nümunəsini izləmiş olacağıq.

15. Efeslilərə 4:2, 3 ayələrindəki prinsipə əməl etmək dindaşımızla barışmağa necə kömək edə bilər?

15 Təsəvvür edin, Yaqub qardaşı ilə görüşən vaxt qürurlu davransa idi, nə olardı? Vəziyyət tamamilə başqa cür bitərdi. Biz dindaşımızla aramızdakı anlaşılmazlıq və ya hər hansı inciklik haqqında danışanda bunu təvazökarlıqla etməliyik. (Efeslilərə 4:2, 3 ayələrini oxuyun.) Məsəllər 18:19 ayəsində deyilir: «İncik qardaşın könlünü almaq istehkamlı şəhəri almaqdan çətindir, elə çəkişmələr var ki, qala qapısının rəzəsi kimidir». Təvazökarlıqla üzr istəmək kömək edəcək ki, qala qapısından içəri daxil olaq, yəni dindaşımızla barışaq.

16. Nəyə fikir verməliyik və nəyə görə?

16 Dindaşımızla danışarkən nə dediyimizə və necə dediyimizə də fikir verməliyik. Onunla danışmağa özümüzü hazır biləndə məqsədimiz onun ürəyindəki incikliyi çıxarmaq olmalıdır. Ola bilər, o, əvvəl-əvvəl elə sözlər desin ki, bunu eşitmək adama xoş olmasın. Bu zaman ehtiyatlı olmasaq, asanlıqla özümüzdən çıxa bilərik və ya özümüzə bəraət qazandırmağa başlaya bilərik. Bu, nə dərəcədə yaxşı olar? Məgər bu söhbətin axırı sülhlə bitər? Əlbəttə ki, xeyr. Yadda saxlayın ki, dindaşınızla aranızdakı münasibətləri bərpa etmək kimin haqlı olduğunu sübut etməkdən daha önəmlidir (1 Kor. 6:7).

17. Jilberdən nə öyrəndiniz?

17 Jilber adlı bir qardaş sülhpərvər olmaq üçün çox çalışıb. O deyir: «Ailə üzvümlə aramda çox böyük problem var idi və iki ildən çox mən cəhd etdim ki, onunla səmimi və sakit tərzdə danışıb, münasibətlərimizi yaxşılaşdıraq». Jilber daha nə edirdi? «Onunla danışmazdan öncə Yehovaya dua edirdim və onun deyəcəyi istənilən acı sözlərə özümü hazırlayırdım, həmçinin bağışlamağa da hazır olmalı idim. Başa düşdüm ki, özümün haqlı olduğumu sübut etməyə çalışmamalıyam. Mənim vəzifəm onunla barışmaqdır». Bunun nəticəsi nə oldu? Jilber deyir: «İndi qəlbim rahatdır. Çünki bütün ailə üzvlərimlə mehriban münasibətim var».

18, 19. Kiminsə xətrinə dəymişiksə, nə etməliyik və nəyə görə?

18 Əgər dindaşınızın xətrinə dəydiyinizi bilirsinizsə, nə etməlisiniz? İsanın buyruğuna uyğun davranaraq onunla barışın. Bu məsələ barədə Yehovaya dua edin. Sülh yaratmaq üçün Ondan müqəddəs ruh diləyin. Belə etsəniz, xoşbəxt olacaqsınız və bir daha sübut edəcəksiniz ki, İsanın səsinə qulaq asırsınız (Mət. 5:9).

19 Biz çox minnətdarıq ki, Yehova «yığıncağın başı» olan İsa Məsih vasitəsilə bizə yol göstərir (Efes. 5:23). Həvari Butrus, Yaqub və Yəhya kimi, gəlin İsa Məsihə qulaq asmağa qəti qərarlı olaq (Mət. 17:5). Araşdırdığımız kimi, biz bunu bizdən inciyən dindaşımızla barışmaqla edə bilərik. Belə etsək və əbədi həyata aparan ensiz yoldan çıxmasaq, biz indi bol-bol nemətlər alacağıq, gələcəkdə isə bizi sonsuz xoşbəxtlik gözləyir.

NƏĞMƏ 130 Bir-birimizi bağışlayaq

^ İsa Məsih bizi təşviq edir ki, həyata aparan dar qapıdan girək. O həmçinin buyurur ki, biz dindaşımızla barışaq. Bu məsləhətləri tətbiq edərkən hansı çətinliklərimiz ola bilər və onların öhdəsindən necə gələ bilərik?

^ «Gənclərin 10 sualına cavab» broşüründəki «Yaşıdlarımın təzyiqinə necə qarşı durum?» adlı 6-cı suala və www.pr418.com saytında «Yaşıdlarına uyma!» adlı qələm animasiyasına baxın. (MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ > YENİYETMƏLƏR bölməsinə daxil olun.)

^ Bəzi adlar şərtidir.

^ ŞƏKLİN İZAHI. Yehovanın bizi qorumaq üçün məhəccər çəkdiyi ensiz yolda qalmaqla pornoqrafiya, pis dostlar kimi təhlükələrdən uzaq oluruq və ali təhsilə üstünlük vermək təzyiqinə qarşı dururuq.

^ ŞƏKLİN İZAHI. Yaqub qardaşı Eyslə barışmaq üçün dəfələrlə onun qarşısında təzim etdi.