Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 9

İsa Məsih kimi başqalarına qulluq edin

İsa Məsih kimi başqalarına qulluq edin

«Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (HƏV. 20:35).

NƏĞMƏ 17 «İstəyirəm»

İCMAL *

1. Yehovanın xalqı arasında hansı əhvali-ruhiyyə var?

 TA QƏDİMDƏN Müqəddəs Kitabda peyğəmbərlik olunmuşdu ki, Allahın xalqı İsanın rəhbərliyi altında Ona xidmət etmək üçün «hazır duracaq» (Zəb. 110:3). Bu peyğəmbərliyin bu gün yerinə yetdiyinə şübhə yoxdur. Hər il Yehovanın çalışqan xidmətçiləri təbliğ işinə yüz milyonlarla saat sərf edirlər. Onlar bunu könüllü şəkildə və öz hesablarına edirlər. Bundan əlavə, dindaşlarına fiziki, mənəvi və ruhani cəhətdən dayaq olmaq üçün də çox vaxt ayırırlar. Məsul qardaşlar isə yığıncaqdakı bəndlərinə hazırlaşmaq, bacı-qardaşlara ruhlandırıcı ziyarətlər etmək üçün saysız-hesabsız saat sərf edirlər. Onları bütün bunları etməyə nə təşviq edir? Məhəbbət. Yehovaya və insanlara məhəbbət (Mət. 22:37—39).

2. Romalılara 15:1—3 ayələrinə əsasən, İsa Məsih hansı nümunəni qoyub?

2 İsa Məsih üçün başqalarının rifahı özününkündən daha üstün idi. Biz çalışırıq, bacardığımız qədər onun qoyduğu nümunəni izləyək. (Romalılara 15:1—3 ayələrini oxuyun.) Ondan örnək alanlar bol nemətlər biçir. İsa Məsih demişdi: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həv. 20:35).

3. Bu məqalədə nə barədə danışacağıq?

3 Bu məqalədən öyrənəcəyik ki, İsa Məsih başqalarına qulluq etmək üçün nələri qurban vermişdi və biz ondan necə örnək ala bilərik. Həmçinin öyrənəcəyik ki, başqalarına qulluq etmək istəyimizi necə artıra bilərik.

İSADAN ÖRNƏK ALIN

Yorğun olmasına baxmayaraq, İsa Məsih camaatın gəldiyini görəndə nə etdi? (4-cü abzasa baxın)

4. İsa özündən çox başqalarını düşündüyünü necə göstərdi?

4 İsa hətta yorğun olsa belə, başqalarına kömək edirdi. Bir yadınıza salın, dağlıq ərazidə, ehtimal ki, Kəfərnahumun yaxınlığında böyük bir izdiham İsanın yanına gələndə o nə etdi? Həmin günü İsa bütün gecəni dua etmişdi. Yəqin ki, çox yorğun idi. Amma izdihamı və onların arasında kasıbları, xəstələri görəndə onlara ürəyi ağrıdı. İsa onlara şəfa verməklə yanaşı, bəşər tarixinin ən ruhlandırıcı nitqini — Dağüstü vəzini söylədi (Luka 6:12—20).

Həyatımızın hansı sahələrində İsanın fədakarlığından örnək ala bilərik? (5-ci abzasa baxın)

5. Ailə başçıları yorğun olan vaxt İsanın fədakarlığından necə örnək alır?

5 Ailə başçıları İsadan örnək alır. Belə bir səhnəni təsəvvür edin: ağır iş günündən sonra ailə başçısı evə qayıdır və çox yorğundur. Həmin axşam onlar ailəvi ibadət keçirməlidirlər. Ailə başçısı ibadəti təxirə salmaq istəsə də, Yehovaya yalvarır ki, ona güc versin. Yehova onun duasına cavab verir və o, hər həftə olduğu kimi, bu həftə də ailəvi ibadət keçirir. Həmin gün uşaqları vacib bir dərsi öyrənir: onların valideynləri üçün ruhani şeylər həyatda hər şeydən önəmlidir.

6. İsa başqalarına kömək etmək üçün öz vaxtını necə qurban vermişdi? Nümunə çəkin.

6 İsa Məsih insanlardan öz vaxtını əsirgəmirdi. Təsəvvür edirsiniz, o, Vəftizçi Yəhyanın öldürüldüyünü eşidəndə hansı hissləri keçirmişdi? Sözsüz ki, o, böyük kədər içində idi. Müqəddəs Kitabda yazılıb: «İsa bunu [Yəhyanın öldüyünü] eşidəndə təklikdə qalmaq üçün qayığa minib sakit bir yerə çəkildi» (Mət. 14:10—13). Başa düşmək olar, o, nəyə görə belə etmək istəyirdi. Çoxumuz belə məqamlarda tək qalmağa üstünlük veririk. Amma İsa bunu edə bilmədi. Camaat həmin sakit yerə ondan qabaq getmişdi. İsa onları görəndə nə etdi? O, onların halını düşündü və onlara «yazığı gəldi». İsa başa düşürdü ki, onların Allahdan təsəlli, kömək almağa böyük ehtiyacı var. Buna görə də dərhal onlar üçün əlindən gələni etdi. Belə ki, «İsa onlara [bir-iki şey yox] çox şey öyrətməyə başladı» (Mark 6:31—34; Luka 9:10, 11).

7, 8. Ağsaqqallar dindaşlarının köməyə ehtiyacı olan vaxt İsadan necə örnək alırlar? Nümunə çəkin.

7 Ağsaqqallar İsadan örnək alır. Biz ağsaqqalların bizdən ötrü fədakarlıqla etdiyi işləri çox qiymətləndiririk. Onların gördüyü işlərin böyük hissəsi göz qabağında deyil. Məsələn, tibbi cəhətdən riskli vəziyyət yarananda Xəstəxanalarla əlaqə komitəsinin üzvləri dərhal dindaşlarının köməyinə çatırlar. Çox vaxt belə vəziyyət gecənin bir aləmində baş verir. Bu ağsaqqalların və onların ailələrinin dara düşən bacı-qardaşlara ürəyi yanır və özlərindən çox onları düşünürlər.

8 Ağsaqqallar həmçinin ibadət evlərinin və digər binaların tikintisində iştirak edirlər, fəlakətlər zamanı zərərçəkənlərə yardım işinə kömək edirlər. Hələ ağsaqqalların öz yığıncağımızda bizə təlim vermək, ruhlandırmaq, dayaq olmaq üçün nə qədər vaxt sərf etdiyini demirik. Bütün bu qardaşlar və onların ailələri ən gözəl tərif sözlərinə layiqdirlər! Qoy Yehova onlara düzgün əhvali-ruhiyyədə olduqlarına görə yar olsun. Əlbəttə, hamı kimi, ağsaqqallar da tarazlı olmalıdır. Yığıncaqla bağlı gördükləri işlər öz ailələrinin yetərincə qayğısına qalmasına mane olmamalıdır.

FƏDAKAR OLAQ

9. Filippililərə 2:4, 5 ayələrinə əsasən, bütün məsihilər hansı əhvali-ruhiyyəni yetişdirməlidirlər?

9 Filippililərə 2:4, 5 ayələrini oxuyun. Təkcə ağsaqqallar yox, hər birimiz İsadan örnək götürərək fədakar olmalıyıq. Müqəddəs Kitabda deyilir ki, İsa «qul surətini» qəbul etdi (Filip. 2:7). Görün bu sözlər necə dərin məna daşıyır. Yaxşı qul və ya xidmətçi ağasını razı salmaq üçün fürsət axtarır. Siz Yehovanın qulu və dindaşlarınızın xidmətçisi olaraq, şübhəsiz ki, Yehovaya və dindaşlarınıza fayda gətirmək üçün daha çox iş görmək istəyirsiniz. Növbəti məsləhətlərə əməl etmək sizə bu sahədə kömək edəcək.

10. Hansı suallar üzərində düşünməliyik?

10 Özünüzü təhlil edin. Növbəti suallar sizə bu sahədə kömək edəcək: «Fədakaram? Başqalarına kömək etmək üçün vaxtımı və gücümü sərf etməyə hazıram? Məsələn, yaşlı qardaşa baş çəkmək və ya yaşlı bacını yığıncağa gətirmək lazım gələndə mən nə edirəm? Toplantı ərazisinin təmizliyində, ibadət evinin təmir-bərpasında könüllülərə ehtiyac olanda kömək göstərməyə hazıram?» Biz özümüzü Yehovaya həsr edəndə söz vermişdik ki, vaxtımızı, gücümüzü, vəsaitimizi Onun yolunda sərf edəcəyik. Bu vədimizə uyğun davranıb, başqalarına kömək əlini uzadanda Yehovanın qəlbi şad olur. Bəs əgər bu sahədə inkişaf etməyimizə ehtiyac varsa, nə etməliyik?

11. Dua fədakar olmağımıza necə kömək edə bilər?

11 Yehovaya ürəkdən dua edin. Ola bilsin, görürsünüz ki, bəzi sahələrdə daha fədakar olmalısınız, amma dəyişiklik etməyə həvəsiniz yoxdur. Bu zaman Yehovaya ürəkdən dua edin. Dürüst olun. Hansı hissləri keçirdiyinizi Yehovaya deyin və Ona yalvarın ki, «qəlbinizdə həm arzu» oyatsın, həm də «fəaliyyət göstərməyiniz üçün sizə güc» versin (Filip. 2:13).

12. Vəftiz olunmuş gənc qardaşlar hansı sahədə kömək edə bilərlər?

12 Əgər siz vəftiz olunmuş gənc qardaşsınızsa, Yehovaya dua edin ki, yığıncaqdakı bacı-qardaşlara daha çox kömək etmək üçün sizin ürəyinizdə istək oyatsın. Elə ölkələr var ki, yığıncaqda ağsaqqalların sayı yığıncaq xidmətçilərinin sayından çoxdur, əksər yığıncaq xidmətçiləri isə orta yaşlı və ya yaşlı qardaşlardır. Təşkilat böyüdüyü üçün Yehovanın xalqına qulluq etməyə hazır olan gənc qardaşlara böyük ehtiyac var. Sizə tapşırılan istənilən işi görməyə hazır olsanız, böyük sevinc duyacaqsınız. Nəyə görə? Çünki bununla Yehovanı razı salacaqsınız, yaxşı ad qazanacaqsınız və başqalarına kömək etdiyiniz üçün məmnunluq duyacaqsınız.

Yəhudiyyədən olan məsihilər İordan çayını keçib Pella şəhərinə qaçmışdılar. Şəhərə birinci çatanlar yeni gələnlərə ərzaq payı verir (13-cü abzasa baxın)

13, 14. Bacı-qardaşlara hansı köməyi göstərə bilərik? (Üz qabığındakı şəklə baxın.)

13 Kimin köməyə ehtiyac duyduğuna diqqət yetirin. Həvari Bulus ibranilərə nəsihət etmişdi: «Yaxşılıq etməyi, varınızı başqaları ilə bölüşməyi yaddan çıxartmayın, çünki bu cür qurbanlar Allaha xoşdur» (İbr. 13:16). Bu onların xeyrinə məsləhət idi. Bulusun məktubunu alandan sonra çox keçməmiş Yəhudiyyədəki məsihilər ev-eşiklərini, işlərini, imanda olmayan qohumlarını qoyub dağlara qaçmalı oldular (Mət. 24:16). Həmin vaxt onların bir-birinin köməyinə böyük ehtiyac yarandı. O kəslər ki bundan öncə Bulusun məsləhətinə əməl edib varlarını başqaları ilə bölüşürdülər, onlara yeni yaranmış çətin vəziyyətə uyğunlaşmaq daha asan oldu.

14 Bacı-qardaşlarımız nəyə ehtiyac duyduqlarını həmişə dilə gətirmir. Məsələn, ola bilsin, hansısa qardaşın həyat yoldaşı vəfat edib. Məgər bu qardaşın yemək, ev işləri və digər sahələrdə köməyə ehtiyacı yoxdur? Ola bilsin, bizə yük olmamaq üçün o, heç nə deməyəcək. Amma özümüz təşəbbüs göstərib ona lazımi köməyi etsək, çox minnətdar olar. Biz düşünməməliyik ki, hər şey birtəhər yoluna düşəcək, yaxud insan nəyəsə ehtiyac duysa, özü bizə xəbər edəcək. Yaxşı olar ki, növbəti sual üzərində düşünək: «Əgər mən bu vəziyyətdə olsaydım, mənə hansı köməyin göstərilməsini istəyərdim?»

15. Fədakar olmağımız üçün nə etmək lazımdır?

15 Qoy başqalarına sizə yaxınlaşmaq asan olsun. Yəqin, yığıncağınızda elə bacı-qardaşlar var ki, həmişə başqalarına kömək etməyə hazırdırlar. Onlar heç vaxt demirlər, biz onları bezdiririk. Bilirik ki, dara düşsək, həmişə onların köməyinə arxalana bilərik. Çox istəyərdik ki, biz də onlar kimi olaq! 40-dan çox yaşı olan Alan adlı bir ağsaqqal çalışır ki, başqaları ona çəkinmədən yaxınlaşa bilsin. Alan İsanın nümunəsi barədə deyir: «İsa çox məşğul idi, buna baxmayaraq, böyüklü-kiçikli, hər kəs onun yanında olmağa can atırdı, çəkinmədən ondan kömək istəyirdi. Onlar bilirdi ki, İsa üçün dəyərlidirlər. Mən səmimi qəlbdən istəyirəm ki, İsa kimi olum. Hamı məni mehriban, qayğıkeş və canıyanan bir insan kimi tanısın».

16. Zəbur 119:59, 60 ayələrinə əməl etmək bizə İsanın nümunəsini yaxından izləməyə necə kömək edəcək?

16 İsanın nümunəsini mükəmməl şəkildə izləyə bilmədiyimiz üçün ruhdan düşməməliyik (Yaq. 3:2). Rəssamlığı öyrənən şagird müəllimin rəsm əsərini dəqiqliklə onun kimi çəkə bilməz. Amma o, öz səhvlərindən öyrənərək, çəkdiyi rəsmi bacardığı qədər müəllimin çəkdiyinə oxşatmağa çalışaraq yavaş-yavaş təkmilləşəcək. Eynilə biz də Müqəddəs Kitabı mütaliə edərkən öyrəndiklərimizə uyğun davransaq, səhvlərimizi düzəltmək üçün əlimizdən gələni etsək, İsa Məsihin bizim üçün qoyduğu nümunəni yaxından izləmiş olacağıq. (Zəbur 119:59, 60 ayələrini oxuyun.)

FƏDAKAR OLMAĞIN FAYDASI

İsa kimi fədakar olmaqla ağsaqqallar yığıncaqdakı gənclərə gözəl nümunə qoyurlar (17-ci abzasa baxın) *

17, 18. İsa kimi fədakar olmağa çalışmağımız bizə hansı faydanı gətirəcək?

17 Bizim fədakarlığımız başqalarına da sirayət edə bilər. Tim adlı bir ağsaqqal deyir: «Yığıncağımızda cavan qardaşlar var ki, ruhani cəhətdən inkişaf etdilər və yığıncaq xidmətçisi təyin olundular. Hətta bəziləri lap gənc yaşında təyinat aldılar. Onlar ona görə inkişaf etdilər ki, başqalarının köməyə hazır olduğunu gördülər və onlara bənzəməyə çalışdılar. Bu fədakar qardaşlar yığıncağa çox dayaq olurlar və ağsaqqallar üçün böyük köməkdirlər».

18 Xudbinliyin hökm sürdüyü bir dünyada yaşayırıq. Amma Yehovanın xalqı tamamilə başqa cürdür. İsa Məsihin başqaları uğrunda vaxtını, gücünü sərf etməyə hazır olması bizim üçün böyük örnəkdir. Biz İsanın «izi ilə» mükəmməl şəkildə gedə bilməsək də, bacardığımız qədər yaxından gedə bilərik (1 But. 2:21). İsa kimi fədakar olmağa çalışsaq, Yehovanın razılığını qazanacağıq və bundan böyük sevinc duyacağıq.

NƏĞMƏ 13 Məsih bizə örnəkdir

^ abz. 5 İsa Məsih həmişə başqalarının rifahını özünkündən üstün tuturdu. Bu məqalədə öyrənəcəyik ki, ondan hansı sahələrdə örnək ala bilərik və bunu etməyin bizə hansı xeyri olacaq.

^ abz. 57 ŞƏKLİN İZAHI. Dan adlı gənc qardaş iki ağsaqqalın onun atasına xəstəxanada baş çəkdiyinə fikir verir. Onların məhəbbəti, mehribanlığı ona xoş təsir bağışlayır. Onlardan nümunə götürüb özü də yığıncaqdakı bacı-qardaşların köməyinə çatır. Danın göstərdiyi qayğıkeşlik Ben adlı başqa bir gənc qardaşın diqqətini çəkir. Danın nümunəsi onu təşviq edir ki, ibadət evinin təmizliyində iştirak etsin.