Kontentə keç

Mündəricatı göstər

BİOQRAFİYA

Tibdən daha dəyərli bir şey tapdım

Tibdən daha dəyərli bir şey tapdım

«SİZ nə danışırsınız?! Bu ki mənim uşaqlıq arzumdur». Bu sözləri 1971-ci ildə müayinə etdiyim bir cütlüyə demişdim. Həmin vaxt təzəlikcə özümə klinika açmışdım. Yəqin sizə maraqlıdır bu cütlük kim idi? Uşaqlıq arzum nə idi? Gəlin sizə bu söhbətin həyatdakı amalımı necə dəyişdiyindən və uşaqlıq arzumun necə yerinə yetdiyindən danışım.

Mən 1941-ci ildə Fransanın Paris şəhərində sadə bir ailədə dünyaya göz açmışam. Mən öyrənməyi çox xoşlayırdım. Amma təəssüf ki, 10 yaşım olanda xoşagəlməz bir hadisə baş verdi. Mən vərəmə tutuldum. Ona görə də bir müddət məktəbə gedə bilmədim. Həkimlər məsləhət gördü ki, ağciyərlərimin yorulmaması üçün bir müddət yataqda qalım. Buna görə də bir neçə ay vaxtımı lüğət oxumaqla və Paris universitetinin Sorbona radiosunu dinləməklə keçirdim. Həkimlər deyəndə ki, artıq sağalmışam və məktəbə geri qayıda bilərəm, çox sevindim. Öz-özümə dedim: «Həkimlər nə yaxşı iş görür». Həmin gündən etibarən xəstələri sağaltmaq arzuma çevrildi. Atam həmişə soruşanda ki, «böyüyəndə kim olmaq istəyirsən?», deyərdim ki, «həkim olmaq istəyirəm». Həkimliyə sevgim bax belə yaranıb.

ELM MƏNİ ALLAHA YAXINLAŞDIRDI

Biz ailəlikcə katolik idik. Amma Allah haqda çox az şey bilirdim. Üstəlik, cavabsız qalan çoxlu suallarım var idi. Universitetdə tibb üzrə təhsil almağa başlayandan sonra Yaradanın varlığına əmin oldum.

Yadımdadır, ilk dəfə dağlaləsinin hüceyrələrinə mikroskop altında baxanda təəccüblənmişdim ki, onlar istiyə və soyuğa necə reaksiya göstərir. Mən həmçinin sitoplazmaları (hüceyrənin içindəki maddə) müşahidə etmişdim. Onlar duzla reaksiyaya girəndə yığılır, saf su ilə reaksiyaya girəndə isə genişlənir. Bu və digər saysız reaksiyalar sayəsində orqanizm dəyişən mühitə uyğunlaşa bilir. Hüceyrələrin mürəkkəbliyini müşahidə edəndə anladım ki, həyat təsadüf nəticəsində yaranmayıb.

Universitetin ikinci kursunda oxuyanda Allahın varlığına əminliyim daha da artdı. Bir dəfə anatomiya dərsində qolun quruluşu sayəsində barmaqların necə açılıb-yığıldığını öyrənirdik. Əzələlərin, vətərlərin, bağların birgə necə işlədiyini görəndə adam heyran qalır. Misal üçün, qolumuzdakı əzələlərin birinə birləşib, barmağın ikinci sümüyünə qədər davam edən vətərlər oradan iki hissəyə ayrılaraq körpü şəklini alır. Beləcə, bu körpünün altından keçib barmağın ucuna gedən başqa bir vətər hərəkət zamanı rahat sürüşə bilir. Möhkəm toxumalar bu vətərlərin barmaq sümüklərinə yaxın olmasına kömək edir. Barmaqlarımız bu cür quruluşa sahib olmasa idi, bu vətərlər gərgin olardı və barmaqlarımızı rahat açıb-yuma bilməzdik. Mən aydın görürdüm ki, insan bədəninin çox hikmətli yaradanı var.

Körpə dünyaya gələn zaman necə nəfəs almağa başladığını öyrənəndə Yaradanın əl işlərinə daha da heyran oldum. Öyrəndim ki, uşaq ana bətnində olanda oksigeni göbək bağı vasitəsilə alır. Buna görə də ağciyərdəki alveol adlanan hava kisəciklərində hələ ki oksigen olmur. Doğuşa bir neçə həftə qalmış bu kisəciklərin ətrafı surfaktant adlı maddə ilə əhatə olunur. Sonra körpə dünyaya gəlib ilk nəfəsini alanda çox heyrətamiz bir proses baş verir. Körpənin ürəyindəki dəlik bağlanır, bunun da sayəsində qan ciyərə ötürülür. Həmin an çox vacib bir proses baş verir. Surfaktant maddəsi dərhal hava ilə dolan kisəciklərin bir-birinə yapışmasının qarşısını alır. Bu andan etibarən körpə sərbəst şəkildə nəfəs ala bilir.

Bu cür möcüzələr yaradan Allahı tanımaq istəyirdim. Ona görə də ciddi şəkildə Müqəddəs Kitabı oxumağa başladım. Allahın İsrail xalqına üç min il əvvəl verdiyi gigiyena qaydaları məni heyran qoydu. Allah İsrail xalqına tapşırmışdı ki, nəcislərini basdırsınlar, mütəmadi yuyunsunlar, həmçinin əgər kimsə keçici xəstəliyə tutulardısa, onu sağalanadək digərlərindən təcrid etsinlər (Lav. 13:50; 15:11; Qan. 23:13). Müqəddəs Kitabda xəstəliklərin necə yayılması çoxdan təsvir olunsa da, alimlər hələ ötən əsrlərdə bunu aşkar edə bilmişdilər. Həmçinin başa düşdüm ki, cinsi münasibətə dair verilmiş gigiyena qaydaları İsrail xalqının sağlamlığını necə qoruyur (Lav. 12:1—6; 15:16—24). Gördüm ki, Yaradanın israillilərə verdiyi bu qanunlar onların öz rifahı üçün idi və Allah bu qanunlara riayət edənlərə nemətlər verirdi. Əmin oldum ki, Müqəddəs Kitab Allahın ilhamı ilə yazılıb — o Allahın ki həmin vaxt adını bilmirdim.

HƏYAT YOLDAŞIMI VƏ YEHOVANI TAPDIM

Lidi və mən. Toy şəklimiz, 3 aprel 1965-ci il

Universitetdə oxuyanda Lidi adlı bir qızla tanış oldum. Ona vuruldum. 1965-ci ildə, hələ təhsilimi tamamlamamış biz evləndik. İndi bizim altı uşağımız var. 1971-ci ildə artıq üç övladımız dünyaya gəlmişdi. Lidi həm ailədə, həm də işimdə mənə çox kömək olurdu.

Üç il xəstəxanada işlədikdən sonra öz klinikamı açmışdım. Qısa müddət sonra bir evli cütlük müalicə üçün yanıma gəldi. Yoldaşı üçün resept yazanda qadın dedi: «Həkim, xahiş edirəm, qan tərkibli dərmanlar olmasın». Təəccüblə soruşdum: «Doğrudan? Niyə?» O dedi: «Biz Yehovanın Şahidləriyik». Mən o vaxta qədər nə Yehovanın Şahidləri, nə də onların qanla bağlı mövqeləri barədə bir şey eşitməmişdim. O, Müqəddəs Kitabını çıxarıb, nəyə görə qandan imtina etdiklərini mənə göstərdi (Həv. 15:28, 29). Sonra onlar Allahın Padşahlığının görəcəyi işlər barədə oxudular. Orada deyilirdi ki, artıq əzab-əziyyət, xəstəlik, ölüm olmayacaq (Vəhy 21:3, 4). Mən həyəcanla dedim: «Siz nə danışırsınız?! Bu ki mənim uşaqlıq arzumdur. Mən xəstələrə kömək etmək üçün həkim olmuşam». Bu mənə o qədər maraqlı gəldi ki, bir saat yarım söhbət etdik. Onlar getdikdən sonra artıq özümü katolik kimi hiss etmirdim. Öyrəndim ki, valeh olduğum Yaradanın adı var imiş — Yehova.

Mən bu cütlüklə üç dəfə klinikamda görüşdüm və hər dəfə bir saatdan çox söhbət etdik. Müqəddəs Kitab barədə daha çox söhbət edə bilmək üçün onları evimə dəvət etdim. Lidi Müqəddəs Kitab dərslərində bizə qoşulsa da, bizə öyrədilmiş bəzi katolik təlimlərinin yalan olduğunu qəbul edə bilmirdi. Ona görə də mən evimizə rayonumuzdakı kilsənin keşişini dəvət etdim. Biz sadəcə Müqəddəs Kitabı istifadə edərək kilsə təlimləri barədə axşama qədər qızğın müzakirə apardıq. Bu müzakirənin nəticəsində Lidi əmin oldu ki, Yehovanın Şahidləri həqiqəti öyrədir. Bundan sonra Yehovaya olan məhəbbətimiz o qədər artdı ki, hər ikimiz 1974-cü ildə vəftiz olunduq.

YEHOVA HƏYATIMDA ƏN VACİB YERİ TUTDU

Yehovanın bəşəriyyətlə bağlı niyyətini öyrənmək həyatımdakı prioritetlərimə güclü təsir etdi. Yehovaya xidmət etmək Lidi ilə mənim üçün həyatımızın məqsədi oldu. Qərar vermişdik ki, uşaqlarımızı Müqəddəs Kitab prinsipləri əsasında böyüdək. Övladlarımıza Allahı və başqalarını sevməyi öyrətdik. Bu isə bizi bir-birimizə daha da yaxınlaşdırdı (Mət. 22:37—39).

İsanın «bəli»niz bəli, «xeyr» sözünüz xeyr olsun sözləri bizim evimizdə qanun olub (Mət. 5:37). Lidi ilə mən uşaqların tərbiyəsində həmişə həmfikir olmuşuq. Uşaqlarımızın buna münasibətini yadımıza salanda hərdən bizi gülmək tutur. Məsələn, qızlarımızdan birinin 17 yaşı olanda uşaqlarla bir yerdə gəzməyə getmək istəyirdi. Amma yoldaşım ona icazə verməmişdi. Uşaqlardan biri ona demişdi ki, «anan icazə vermir, atandan soruş». Qızım isə ona belə cavab vermişdi: «Bunun heç bir mənası yoxdur. Onların sözü həmişə bir olur». Uşaqlarımızın altısı da görürdü ki, biz Müqəddəs Kitab prinsiplərinə eyni yanaşırıq. Şükür Yehovaya, bu gün övladlarımızın əksəriyyəti Ona xidmət edir.

Həqiqəti öyrənəndən sonra həyatda prioritetlərim dəyişsə də, həkimliyi atmadım. İstəyirdim, tibbi savadımdan Allahın xalqının rifahı üçün istifadə edim. Buna görə də əvvəlcə Parisdəki Beyteldə, sonralar isə Luvyedə tikilmiş yeni Beyteldə könüllü olaraq həkim kimi xidmət etməyə başladım. Artıq 50 ilə yaxındır ki, Beyteldə könüllü kimi xidmət edirəm. Bu illər ərzində Beyteldə çox yaxşı dostlar qazanmışam. Onlardan bəzilərinin artıq 90-dan yuxarı yaşı var. Bir dəfə maraqlı bir şey oldu. Yeni bir beytelli ilə tanış oldum. Söhbət əsnasında məlum oldu ki, sən demə, 20 il əvvəl anası onu dünyaya gətirəndə həkimi mən olmuşam.

YEHOVANIN QAYĞIKEŞ ALLAH OLDUĞUNUN ŞAHİDİ OLDUM

Həqiqətdə olduğum illər ərzində Yehovanın təşkilatı vasitəsilə Öz xalqına yol göstərdiyinə, onları qoruduğuna şahid olmuşam və bu mənim Ona məhəbbətimi artırıb. Məsələn, 1980-ci illərin əvvəllərində Rəhbərlik Şurası bir proqram hazırlamışdı. Bu proqramın məqsədi həkimləri və tibb işçilərini Yehovanın Şahidlərinin qanla bağlı mövqeyi ilə daha yaxından tanış etmək idi.

Sonralar, 1988-ci ildə Rəhbərlik Şurası Beyteldə Xəstəxana məlumat xidməti adlı yeni şöbə yaratdı. Bu şöbənin nəzdində Xəstəxanalarla əlaqə komitələri fəaliyyət göstərirdi. Həmin vaxt bu komitələr yalnız Birləşmiş Ştatlarda yaradılmışdı. Xəstəxanalarla əlaqə komitəsi bacı-qardaşlara onların qanla bağlı mövqeyinə hörmətlə yanaşan həkim tapmağa kömək edir. Sonralar bu komitə bütün dünyadakı Beytellərdə, eləcə də Fransada yaradıldı. Yehovanın təşkilatının xəstə bacı-qardaşlara həyatlarının bu çətin vaxtında necə dayaq olduğunu görəndə heyran qalıram!

ARZUM GERÇƏKLƏŞDİ

Allahın Padşahlığı haqda xoş xəbəri təbliğ etməyə davam edirik

Həkim olmaq mənim uşaqlıq arzum idi. Amma prioritetlərim barədə düşünəndə başa düşdüm ki, insanların ən əsası ruhani şəfaya ehtiyacı var. Buna görə də onlara edə biləcəyim ən yaxşı kömək həyat mənbəyi olan Yehova Allah haqda bilik vermək idi. Bu müalicə metodunu tətbiq etmək üçün Lidi ilə mən öncül kimi xidmət edirdik. Hər ay mümkün qədər çox vaxt ayırıb Padşahlıq haqda müjdəni insanlara təbliğ edirdik. Biz bu gün də bu həyati vacib işdə bacardığımız qədər iştirak edirik.

Lidi və mən, 2021-ci il

Mən yenə də insanlara müvəqqəti də olsa, şəfa vermək üçün əlimdən gələni edirəm. Amma başa düşürəm ki, ən yaxşı həkim belə bütün xəstəlikləri sağaltmağa, ölümün qarşısını almağa qadir deyil. Buna görə də ağrı-acının, xəstəliyin, ölümün olmayacağı o gözəl dövranı həsrətlə gözləyirəm. Sürətlə yaxınlaşan bu yeni dünyada mənim Allahın yaratdıqları haqda, ələlxüsus da möhtəşəm insan bədəni haqda əbədiyyən öyrənmək imkanım olacaq. Uşaqlıq arzum tezliklə tamamilə çin olacaq. Əminəm ki, bizi qarşıda ən gözəl həyat gözləyir!