Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 12

Zəkəriyyənin gördüyünü görürsünüz?

Zəkəriyyənin gördüyünü görürsünüz?

«“Mənim ruhumla”, — deyir ordular Allahı Yehova» (ZƏK. 4:6).

NƏĞMƏ 73 Bizə cəsarət ver

İCMAL *

1. Sürgündə olan yəhudilərin qarşısında hansı gözəl imkan açılmışdı?

 ÇOX sevindirici bir an idi. Onilliklərdir ki Babil əsarətində olan israilliləri azad etmək üçün Yehova Fars şahı «Kuruşun ürəyində istək» oyatmışdı. Şah fərman çıxardı ki, yəhudilər öz vətənlərinə qayıtsın və «İsrailin Allahı Yehovanın Yerusəlimdəki evini yenidən tiksin» (Üzr. 1:1, 3). Necə də möhtəşəm xəbər idi! Bu, o demək idi ki, həqiqi ibadət Allahın Öz xalqına verdiyi diyarda yenidən bərpa olunacaqdı.

2. Əsirlikdən qayıdan yəhudilərin ilk nailiyyəti nə oldu?

2 Eramızdan əvvəl 537-ci ildə əsirlikdə olan yəhudilərin bir qismi cənub padşahlığı olan Yəhudanın paytaxtına, Yerusəlimə gəlib çatdı. Onlar ləngimədən qollarını çirmələyib məbədin tikintisinə başladılar. Artıq eramızdan əvvəl 536-cı ildə məbədin təməlini qoymuşdular!

3. Yəhudilər hansı təqiblə üzləşdilər?

3 Amma onlar məbədi bərpa etməyə başlayanda güclü təqiblərlə üzləşdilər. «Ətraf xalqlar Yəhuda xalqını ruhdan salmağa, əlini işdən soyutmağa başladı» (Üzr. 4:4). Bu azmış kimi, vəziyyət getdikcə daha da pisləşdi. Eramızdan əvvəl 522-ci ildə Fars şahı dəyişdi. Hakimiyyətə şah Artakserks gəldi *. Əleyhdarlar hakimiyyətin dəyişməsini fürsət bilib, «qanun adı ilə pislik» törədərək tikintini birdəfəlik dayandırmağa cəhd etdilər (Zəb. 94:20). Onlar şah Artakserksə xəbər göndərdilər ki, yəhudilər ona qarşı qiyam qaldırmağa hazırlaşır (Üzr. 4:11—16). Şah bu yalana inandı və məbədin tikintisini dayandırmaq əmri verdi (Üzr. 4:17—23). Beləcə, məbədi canla-başla tikməyə başlayan işçilər tikintini dayandırdılar (Üzr. 4:24).

4. Əleyhdarlar məbədin tikintisini qadağan edəndə Yehova nə etdi? (Əşiya 55:11).

4 Ölkədə yaşayan bütpərəst xalqlar və fars hökumətindən olan bəzi insanlar məbədin tikintisini dayandırmaq fikrində idi. Yehova isə bu tikinti layihəsini davam etdirmək niyyətində idi. Bildiyimiz kimi, Yehova həmişə Öz niyyətini həyata keçirir. (Əşiya 55:11 ayəsini oxuyun.) O, Zəkəriyyə adlı cəsarətli bir peyğəmbəri seçdi və ona səkkiz möhtəşəm görüntü nazil etdi. Zəkəriyyə bu görüntüləri yəhudilərə danışıb onları ruhlandırmalı idi. Bu ürəkləndirici görüntülər sayəsində yəhudilər başa düşdü ki, əleyhdarlardan qorxmaq lazım deyil və onları Yehovanın işini əzmlə davam etdirməyə təşviq etdi. Bu görüntülərin beşincisində Zəkəriyyə çıraqdan və iki zeytun ağacı görmüşdü.

5. Bu məqalədə nə haqda danışacağıq?

5 Bəzən hər birimizin ruhdan düşdüyü anlar olur. Yehovanın israilliləri ruhlandırmaq üçün Zəkəriyyəyə verdiyi beşinci görüntünün bizə də böyük köməyi dəyə bilər. Bu görüntünü başa düşmək təqiblərlə üzləşərkən, həyatımızda dəyişikliklər baş verərkən və ya başa düşmədiyimiz göstərişlər alarkən Yehovaya sədaqətlə xidmət etməyimizə güc verəcək.

TƏQİBLƏRƏ DÖZMƏYƏ GÜC VERİR

Zəkəriyyə peyğəmbər görüntüdə görür ki, yeddi çırağı olan çıraqdana iki zeytun ağacından yağ tökülür (6-cı abzasa baxın)

6. Zəkəriyyə 4:1—3 ayələrindəki çıraqdan və iki zeytun ağacı ilə bağlı görüntü yəhudiləri necə cəsarətləndirdi? (Üz qabığındakı şəklə baxın.)

6 Zəkəriyyə 4:1—3 ayələrini oxuyun. Çıraqdan və iki zeytun ağacı görüntüsü yəhudilərə təqiblərə baxmayaraq, tikintini davam etdirməyə cəsarət verdi. Fikir verdinizsə, çıraqdanın yağı heç vaxt qurtarmır. Çünki iki zeytun ağacından bir kasaya aramsız olaraq yağ tökülür, bu kasadan isə yağ çıraqdanın hər yeddi çırağına axır. Bu yağın sayəsində çıraqlar fasiləsiz yanır. Zəkəriyyə soruşur: «Ağam, bunlar nə deməkdir?» Mələk Yehovanın bu sözlərini çatdırır: «“Hərb gücü ilə yox, güc-qüvvə ilə yox, Mənim ruhumla”,  deyir ordular Allahı Yehova» (Zək. 4:4, 6). Ağaclardan axan yağ Yehovanın müqəddəs ruhunu təmsil edirdi və onun bitməz-tükənməz olduğunu göstərirdi. Fars imperiyasının bütün ordusu Yehovanın qüdrətli müqəddəs ruhu ilə heç müqayisəyə gələ bilməzdi. Yehovanın köməyi sayəsində yəhudilər heç bir müqavimətə baxmayaraq, məbədin tikintisini başa çatdıra bilərdilər. Bu, çox ruhlandırıcı xəbər idi! Bircə o lazım idi ki, yəhudilər Yehovaya etibar edib, işin başına qayıtsınlar. Qadağa hələ götürülməsə də, onlar belə də etdi.

7. Hansı dəyişiklik məbədi tikən yəhudilərə rahatlıq gətirdi?

7 Bundan sonra baş verən dəyişiklik məbədi tikən yəhudilərə xeyli rahatlıq gətirdi. Fars imperiyasını yeni şah, I Dara idarə etməyə başladı. Hakimiyyətinin ikinci ilində, eramızdan əvvəl 520-ci ildə o öyrəndi ki, məbədin tikintisinə qoyulan qadağa qanunsuz imiş. Bundan sonra şah Dara işin tamamlanması üçün fərman verdi (Üzr. 6:1—3). Elə bu xəbərin özü hamını mat-məəttəl qoydu. Amma hələ bu harası idi?! Padşah fərman verdi ki, ətraf xalqlar bərpa işlərinə mane olmağa son qoysunlar və üstəlik, işə dəstək olmaq üçün lazımi qədər pulla və vəsaitlərlə təmin etsinlər! (Üzr. 6:7—12). Nəticədə, yəhudilər məbədin tikintisini 4 ildən bir az çox vaxta, eramızdan əvvəl 515-ci ildə bitirdilər (Üzr. 6:15).

Təqiblərlə üzləşəndə Yehovanın gücünə arxalanın (8-ci abzasa baxın)

8. Nəyə görə təqiblər zamanı cəsur olmalısınız?

8 Bu gün də Yehovanın xidmətçiləri təqiblərlə üzləşir. Məsələn, bəzi ərazilərdə fəaliyyətimizə qadağa qoyulub. Bu ərazilərdə yaşayan məsihiləri «hökmdarların və padşahların önünə» gətirirlər və onlar şahidlik verirlər (Mət. 10:17, 18). Olur ki, hakimiyyətdəki müəyyən dəyişikliklər nəticəsində fəaliyyətimizə müəyyən sərbəstlik verilir. Yaxud hansısa ədalətli hakim elə qərar çıxarır ki, bu bizə azad şəkildə ibadət etməyə imkan verir. Digər Yehovanın Şahidləri isə başqa növ təqiblərlə üzləşirlər. Yaşadıqları ölkədə Yehovaya sərbəst ibadət edə bilsələr də, ailə üzvləri əllərindən gələni edir ki, onlar Yehovaya ibadəti dayandırsınlar (Mət. 10:32—36). Çox vaxt qohumlar görəndə ki, Yehovanın Şahidlərini yolundan döndərmək üçün etdikləri cəhdlər əbəsdir, mane olmağa son qoyurlar. Hətta elə olur ki, bir zamanlar qohumunu amansızca təqib edən adam sonradan Yehovanın şövqlü xidmətçisi olur. Siz də təqiblərlə üzləşəndə təslim olmayın. Cəsur olun. Yehova müqəddəs ruhu ilə sizə sipərdir. Buna görə də qorxmaq üçün heç bir səbəbiniz yoxdur!

DƏYİŞİKLİKLƏRƏ UYĞUNLAŞMAĞA KÖMƏK EDİR

9. Nəyə görə bəzi yəhudilər yeni məbədin təməli qoyulanda kədərlənmişdilər?

9 Yeni məbədin təməli qoyulanda yaşlı nəsildən olan yəhudilərin bəziləri ağlamağa başladı (Üzr. 3:12). Onlar Süleyman peyğəmbərin tikdiyi möhtəşəm məbədi öz gözləri ilə görmüşdülər və buna görə də düşünürdülər ki, əvvəlki məbədlə müqayisədə yeni məbəd heç nədir (Həq. 2:2, 3). Yeni məbədin əvvəlkindən fərqlənməsi onların pisinə gəlirdi. Amma Zəkəriyyə peyğəmbərin gördüyü görüntü onları ovundurdu. Gəlin görək necə.

10. Mələyin Zəkəriyyə 4:8—10 ayəsindəki sözləri yəhudilərə məyusluğun öhdəsindən gəlməyə necə kömək etdi?

10 Zəkəriyyə 4:8—10 ayələrini oxuyun. Mələk «[yəhudi vali] Zərubabilin əlində şaqulu görənlər sevinəcək» deyəndə nəyi nəzərdə tuturdu? Şaqul səthin şaquliliyini, düzlüyünü yoxlamaq üçün istifadə olunan alətdir. Bu sözlərlə mələk Allahın xalqını əmin edirdi ki, bəzilərinin gözündə məbəd sadə görünsə də, onun tikintisi başa çatacaq və Yehovanın normalarına tam cavab verəcək. Bu məbəddən Yehova razı idisə, yəhudilər niyə razı olmamalı idi?! Yehova üçün önəmli olan bu yeni məbəddə yəhudilərin Onun qayda-qanunlarına uyğun ibadət etməsi idi. Diqqətlərini Yehovaya məqbul şəkildə ibadət etməyə və Onun razılığını qazanmağa cəmləmək yəhudilərə sevinclərini bərpa etməyə kömək edəcəkdi.

Həyatınızdakı dəyişikliklərə müsbət yanaşın (11 və 12-ci abzaslara baxın) *

11. Bəzi Yehovanın xidmətçilərinə nə çətin gəlir?

11 Çoxlarımıza dəyişikliyə uyğunlaşmaq çətindir. Uzun illər xüsusi tamvaxtlı xidmətdə olan bəzi məsihilərin təyinatı dəyişib. Bəziləri yaşa dolduqları üçün sevdikləri təyinatı dayandırmalı olublar. Həyatımızda belə dəyişikliklər baş verəndə məyus olmağımız təbiidir. Bəlkə də, əvvəl-əvvəl verilən qərarın səbəbini tam başa düşmürük, bəlkə də, onunla razı deyilik, yaxud əvvəlki günlərimiz üçün darıxırıq və ya düşünürük ki, indi Yehova üçün daha az iş görürük (Məs. 24:10). Zəkəriyyənin görüntüsü Yehovanın yolunda bundan sonra da əlimizdən gələni etməyə necə kömək edə bilər?

12. Zəkəriyyənin görüntüsü həyatımızda baş verən dəyişikliklərə baxmayaraq, sevincimizi qorumağa necə kömək edə bilər?

12 Vəziyyətə Yehovanın gözü ilə baxanda dəyişikliyə uyğunlaşmaq daha asan olur. Bu gün Yehova möhtəşəm işlər görür və bizim Onun əməkdaşı olmaq kimi müstəsna imkanımız var (1 Kor. 3:9). Təyinatlarımız dəyişə bilər, amma Yehovanın bizə olan məhəbbəti heç vaxt dəyişmir. Buna görə də təşkilatdakı dəyişiklik sizə də təsir edəndə «nə üçün?», «niyə?» kimi suallarla özünüzü yükləməyin. Əvvəlki günlərin xiffətini çəkməkdənsə, dua edib bu dəyişikliyin müsbət tərəflərini görməyə çalışın (Vaiz 7:10). Diqqətinizi daha edə bilmədiyiniz şeylərə cəmləməyin, edə biləcəyiniz şeylər haqda düşünün. Zəkəriyyənin görüntüsü müsbət əhvali-ruhiyyəni qorumağın vacibliyini göstərir. Bunun sayəsində vəziyyətimiz dəyişsə də, Yehovaya sədaqətlə və sevinclə xidmət etməyə davam edəcəyik.

GÖSTƏRİŞLƏRƏ RİAYƏT ETMƏYƏ KÖMƏK EDİR

13. Nəyə görə bəzi israillilər düşünə bilərdi ki, məbədin tikintisinə başlamaq ağıllı qərar deyil?

13 Məbədin tikintisi qadağan olunmuşdu. Buna baxmayaraq, Yehovanın rəhbərlik etmək üçün təyin etdiyi iki nəfər, baş kahin Yeşu (Yuşə) və vali Zərubabil Allahın evini tikməyə başladılar (Üzr. 5:1, 2). Kimlərsə bu qərarın yanlış olduğunu düşünə bilərdi. Çünki məbədin tikintisini düşmənlərdən gizlətmək mümkün deyildi. Onlar isə hər imkandan istifadə edib, bu işə mane olacaqdılar. Yeşu və Zərubabil arxayın olmalı idilər ki, Yehova onlara dayaq olacaq. Yehova da onları buna arxayın etdi. Gəlin görək necə.

14. Zəkəriyyə 4:12, 14 ayələrinə əsasən, Yehova baş kahin Yeşunu və vali Zərubabili nəyə arxayın etmişdi?

14 Zəkəriyyə 4:12, 14 ayələrini oxuyun. Görüntünün bu hissəsində mələk Yehovanın sadiq xidmətçisinə açıqlayır ki, iki zeytun ağacı «iki məsh olunmuşu», yəni Yeşu ilə Zərubabili təmsil edir. Onlar məcazi mənada «Xudavəndi-aləmin yanında» durmuşdular. Bu, çox böyük şərəf idi! Yehovanın onlara etibar etdiyini göstərirdi. Deməli, israillilər də onların verdiyi bütün qərarlara etibar etməli idilər. Çünki israillilərə rəhbərlik etmək üçün bu iki nəfəri Yehova seçmişdi.

15. Yehovanın Kəlamı vasitəsilə verdiyi göstərişlərə hörmət etdiyimizi necə göstərə bilərik?

15 Bu gün də Yehova xalqına yol göstərir və bunu Kəlamı vasitəsilə edir. Orada yazılan müqəddəs kəlmələrdən Yehovaya məqbul şəkildə ibadət etməyi öyrənirik. Yehovanın Kəlamı vasitəsilə verdiyi rəhbərliyə hörmət etdiyimizi necə göstərə bilərik? Onu diqqətlə oxumaqla və başa düşməyə vaxt ayırmaqla. Özümüzə növbəti sualları verə bilərik: «Mən Müqəddəs Kitabı və ya nəşrlərimizi oxuyanda dayanıb, onların üzərində düşünürəm? Müqəddəs Kitabdakı qəliz həqiqətlərin mənasını başa düşmək üçün axtarış aparıram? Yoxsa bu fikirləri ötəri oxuyub keçirəm?» (2 But. 3:16). Əgər Yehovanın bizə nə öyrətdiyini başa düşmək üçün vaxt ayırsaq, onda Onun verdiyi göstərişə uyğun davranacağıq və təbliğ işini başa çatdıracağıq (1 Tim. 4:15, 16).

Sadiq və ağıllı nökərin göstərişlərinə etibar edin (16-cı abzasa baxın) *

16. Sadiq və ağıllı nökərin göstərişlərini tam başa düşməsək də, onlara riayət etməyə bizə nə kömək edə bilər?

16 Bu gün Yehova bizə həmçinin «sadiq və ağıllı nökər» vasitəsilə göstərişlər verir (Mət. 24:45). Ola bilər ki, sadiq nökərin verdiyi göstərişləri bəzən tam başa düşməyək. Məsələn, ola bilsin, təbii fəlakətə hazırlaşmaq üçün bizə konkret göstərişlər verilsin. Lakin biz düşünürük ki, çətin ki bizim ərazimizdə belə fəlakət baş versin. Yaxud bizə elə gələ bilər ki, sadiq nökər pandemiya dövründə hədsiz ehtiyatla davranır. Aldığımız göstərişlər bizə ağlabatan gəlməyəndə nə etməliyik? İsrailliləri yadımıza sala bilərik. Onlar Yehovanın Yeşu və Zərubabil vasitəsilə verdiyi göstərişə uyğun davranmağın xeyrini gördülər. Həmçinin Müqəddəs Kitabdan oxuduğumuz digər hadisələr haqda düşünə bilərik. Olub ki, insan baxışı ilə ağlabatan görünməyən hansısa göstəriş həyatları xilas edib (Hak. 7:7; 8:10).

ZƏKƏRİYYƏNİN GÖRDÜYÜNÜ GÖRÜN

17. Çıraqdan və iki zeytun ağacı ilə bağlı görüntü yəhudilərə necə təsir etdi?

17 Zəkəriyyənin gördüyü beşinci görüntü qısa olsa da, yəhudilərə yeni nəfəs verdi. İşlərinə və ibadətlərinə münasibətlərini dəyişdi. Onlar Zəkəriyyənin görüntüdə gördüyünə uyğun davranmağa başlayanda Yehovanın dəstəyini və onlara istiqamət verdiyini hiss etdilər. Yehova onlara qüdrətli müqəddəs ruhu ilə işlərini davam etdirməyə və yenidən sevinc duymağa kömək etdi (Üzr. 6:16).

18. Zəkəriyyənin görüntüsü həyatınıza necə təsir edə bilər?

18 Zəkəriyyənin çıraqdan və iki zeytun ağacı ilə bağlı gördüyü görüntü bizim üçün böyük əhəmiyyət daşıyır. Öyrəndik ki, bu görüntü bizə təqiblərə dözməyə güc verə bilər, dəyişikliklərə baxmayaraq, sevinc hissini qorumağa kömək edə bilər və kömək edə bilər ki, başa düşmədiyimiz göstərişi alanda buna etibar edib əməl edək. Deməli, həyatınızda hansısa çətinlik baş verəndə nə etməlisiniz? Əvvəla, Zəkəriyyənin gördüyünü, Yehovanın Öz xalqının qeydinə qaldığını görün. Sonra isə gördüyünüzə uyğun davranın: Yehovaya etibar edin və bütün qəlbinizlə Ona ibadətinizi davam etdirin (Mət. 22:37). Onda Yehova sizə əbədiyyət boyu Ona sevinclə xidmət etməyinizə kömək edəcək (Kol. 1:10, 11).

NƏĞMƏ 7 Yehova gücümüz, qüvvətimiz

^ Yehova Zəkəriyyə peyğəmbərə bir neçə möhtəşəm görüntü göstərmişdi. Zəkəriyyənin gördüyü görüntülər həm ona, həm də Yehovanın xalqına pak ibadəti bərpa edərkən üzləşdiyi çətinlikləri aşmağa güc vermişdi. Bu görüntülər bizə də kömək edə bilər ki, çətinliklərə rəğmən Yehovaya sədaqətlə xidmət edək. Bu məqalədə Zəkəriyyənin gördüyü görüntülərin birindən, çıraqdan və iki zeytun ağacı ilə bağlı görüntüdən danışacağıq.

^ İllər sonra vali Nəhəmyanın dövründə Artakserks adlı başqa bir şəxs yəhudilərlə çox mərhəmətlə davrandı.

^ ŞƏKLİN İZAHI. Qardaş yaşa dolub və səhhəti zəifləyib. Buna görə də həyatındakı bu dəyişikliklərə uyğunlaşmalı olduğunu başa düşür.

^ ŞƏKLİN İZAHI. Bacı Yehovanın Yeşuya və Zərubabilə dayaq olduğu kimi, bu gün də sadiq və ağıllı nökərə dayaq olduğu üzərində düşünür.