Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 13

Yehovaya ibadət bizi xoşbəxt edir

Yehovaya ibadət bizi xoşbəxt edir

«Allahımız Yehova, Sən şana, şərəfə, qüdrətə layiqsən!» (VƏHY 4:11).

NƏĞMƏ 31 Rəbbin yoluyla daim get

İCMAL *

1, 2. Allah bizim ibadətimizi nə zaman qəbul edir?

 «İBADƏT» deyəndə təsəvvürünüzdə nə canlanır? Bəlkə də, təvazökar bir qardaşın yatağının yanında diz çökərək hərarətlə Yehovaya dua etməsi. Ya da mehriban bir ailənin birlikdə həvəslə Müqəddəs Kitabı araşdırması.

2 Hər iki vəziyyət ibadət sayılır. Bəs Yehova onların ibadətini qəbul edir? Əgər bu ibadət Yehovanın iradəsinə məqbuldursa, eləcə də məhəbbət və hörmətdən qaynaqlanırsa, bəli, qəbul edir. Biz Yehovanı çox sevirik. Bilirik ki, yalnız O, ibadətə layiqdir və çalışırıq, ibadətimiz ən yüksək səviyyədə olsun.

3. Bu məqalədə nəyi araşdıracağıq?

3 Bu məqalədə Yehovanın qədim dövrdə qəbul etdiyi ibadətdən danışacağıq və bu gün Ona məqbul olan ibadətin səkkiz sahəsinə toxunacağıq. Bu zaman düşünün görün ibadətinizi hansı sahələrdə yaxşılaşdıra bilərsiniz. Həmçinin öyrənəcəyik ki, nəyə görə Yehovaya düzgün şəkildə ibadət etmək bizə xoşbəxtlik gətirir.

QƏDİMDƏ YEHOVANIN QƏBUL ETDİYİ İBADƏT

4. Məsihilikdən əvvəl Yehovanın xidmətçiləri Ona məhəbbətlərini və ehtiramlarını necə göstərmişdilər?

4 Məsihilikdən əvvəl Habil, Nuh, İbrahim və Əyyub kimi sadiq insanlar Yehovaya ehtiram və məhəbbət təzahür etdirmişdilər. Onlar bunu Yehovaya itaət etməklə, iman gətirməklə və qurbanlar verməklə göstərmişdilər. Yehovanın onların necə ibadət etmələrini gözlədiyi ilə bağlı Müqəddəs Kitabda ətraflı heç nə deyilmir. Amma aydındır ki, onlar Yehovanı şərəfləndirmək üçün əllərindən gələni edirdilər, Yehova da onların ibadətini qəbul edirdi. Sonra Yehova Musa peyğəmbər vasitəsilə İbrahimin nəslinə qanunlar verdi. Bu qanunlara Yehovaya bəyəndiyi tərzdə ibadət etmək üçün konkret göstərişlər daxil idi.

5. Yehova məsihilərə necə ibadət etməyi buyurub?

5 İsa Məsihin dirilməsindən sonra Yehova artıq xidmətçilərindən Musanın qanununa riayət etməyi tələb etmirdi (Rom. 10:4). Məsihilər yeni bir qanuna, «Məsihin qanununa» riayət etməli idilər (Qal. 6:2). Onlardan bu qanunu əzbərləmək, qanunlar külliyyatına əməl etmək tələb olunmurdu. Məsihilər İsanın nümunəsini izləməli və onun öyrətdiklərinə əməl etməli idilər. Bu gün də məsihilər İsanın nümunəsini izləmək üçün əllərindən gələni edirlər. Bununla onlar Yehovanın razılığını qazanırlar və canları təravətlənir (Mət. 11:29).

6. Bu məqalə bizə hansı sahədə kömək edə bilər?

6 İbadətimizə daxil olan hər sahəni nəzərdən keçirərkən özünüzə növbəti sualı verin: «Bu sahədə hansı inkişafa nail olmuşam»? Həmçinin özünüzə növbəti sualı verə bilərsiniz: «İbadətimi necə yaxşılaşdıra bilərəm?» Sözsüz ki, etdiyiniz inkişafa baxanda qəlbiniz sevinir. İnkişaf etməli olduğunuz sahələri görmək üçün isə siz Yehovaya dua edib kömək istəyə bilərsiniz.

BİZİM İBADƏTİMİZƏ NƏLƏR DAXİLDİR?

7. Yehova bizim ürəkdən gələn dualarımıza necə yanaşır?

7 Yehovaya dua edərkən Ona ibadət edirik. Allahın Kəlamında bizim dualarımız buxura bənzədilir. Müqəddəs çadırda və məbəddə təqdim etmək üçün buxur xüsusi hazırlanırdı. (Zəb. 141:2). Bu buxurun Allaha xoş gələn ətri var idi. Eynilə Yehova bizim də ürəkdən gələn dualarımızdan xoşlanır, hətta sadə sözlərdən istifadə etsək belə (Məs. 15:8; Qan. 33:10). Məhəbbətimizi və minnətdarlığımızı ifadə edən dualarımızı eşitmək Yehovanın qəlbini sevindirir. Yehova istəyir ki, biz qayğılarımız, ümidimiz və arzularımız haqqında Onunla bölüşək. Ürəyinizi Yehovaya boşaltmazdan əvvəl nə deyəcəyiniz barədə düşünün. Onda siz səmavi Atanıza ən yaxşı «buxuru» təqdim edəcəksiniz.

8. Yehovanı mədh etmək üçün hansı gözəl imkanımız var?

8 Biz insanların qarşısında Yehovanı mədh edərkən Ona ibadət edirik (Zəb. 34:1). Başqalarına Yehovanın füsunkar keyfiyyətlərinə və gördüyü işlərə valeh olduğumuz haqda danışanda Yehovanı mədh edirik. Mədh sözləri şükranla dolu ürəkdən qaynaqlanır. Vaxt ayırıb Yehovanın bizim üçün etdiyi xeyirxah işlər barədə düşünsək, Onu mədh etmək üçün həmişə çoxlu səbəblərimiz olacaq. Təbliğ işi bizə xüsusilə gözəl imkan yaradır ki, «Allaha mədh qurbanı, Onun adını bəyan edən dilimizin bəhrəsini təqdim edək» (İbr. 13:15). Yehovaya dua etməmişdən əvvəl nə deyəcəyimiz barədə diqqətlə düşünürük. Eynilə təbliğ edəcəyimiz insanlara nə deyəcəyimiz barədə də qabaqcadan yaxşıca düşünməliyik. Biz istəyirik ki, gücümüz çatan ən yaxşı «mədh qurbanı»nı təqdim edək. Buna görə də xidmətdə həqiqəti başqaları ilə bölüşəndə ürəkdən danışırıq.

9. İbadət görüşlərində iştirak etmək Allahın xalqına hansı faydanı gətirir? Öz nümunənizi çəkin.

9 Yığıncaqlarda iştirak edərkən Yehovaya ibadət edirik. Yehova israillilərə buyurmuşdu: «İldə üç dəfə... bütün kişilər Allahınız Yehovanın seçdiyi yerdə Onun hüzuruna gəlməlidir» (Qan. 16:16). Həmin vaxt onlar evlərini, əkin-biçin sahələrini nəzarətsiz qoymalı olurdular. Amma Yehova onlara vəd etmişdi: «İldə üç dəfə Allahınız Yehovanın hüzuruna gedəndə sizin torpaqlarınıza göz dikən olmayacaq» (Çıx. 34:24). İsraillilər Yehovaya bütün qəlbləri ilə iman etdikləri üçün hər il bu bayramlarda iştirak edirdilər. Bununla onların bolluca nemətlər almaq imkanı yaranırdı. Məsələn, Qanunu daha dərindən öyrənirdilər, Allahın kəraməti barədə düşünürdülər, Allahı sevənlərlə birgə ruhlandırıcı ünsiyyət edirdilər (Qan. 16:15). Biz də ibadət görüşlərində iştirak etmək üçün əlimizdən gələni edəndə eyni nemətləri alırıq. Üstəlik, biz yığıncaqda qısa və mənalı şərhlər vermək üçün hazırlaşanda görün Yehova necə sevinir!

10. Nəyə görə nəğmə oxumaq ibadətdə vacib yer tutur?

10 Biz nəğmə oxuyarkən Yehovaya ibadət edirik (Zəb. 28:7). İsraillilər üçün həmd nəğməsi ifa etmək ibadətdə önəmli yer tuturdu. Davud padşah məbəddə məzmur oxumaq üçün 288 lavili təyin etmişdi (1 Saln. 25:1, 6—8). Bu gün də biz həmd nəğmələri oxuyarkən Yehovaya məhəbbətimizi ifadə edirik. Səsimizin gözəl olub-olmaması vacib deyil. Bir məqam üzərində düşünün: danışarkən hər birimiz «dəfələrlə səhv edirik», amma bu bizim yığıncaqda və xidmətdə danışmağımıza maneə deyil (Yaq. 3:2). Eynilə səsimizin gözəl olmadığını düşündüyümüzə görə Yehovanı nəğmələrdə tərənnüm etməkdən çəkinməməliyik.

11. Zəbur 48:13 ayəsində yazılanlara əsasən, nəyə görə ailəmizlə birgə Müqəddəs Kitabı mütaliə etməyə vaxt ayırmalıyıq?

11 Biz Müqəddəs Kitabı mütaliə edərkən və uşaqlarımıza Yehova haqda öyrədərkən Yehovaya ibadət edirik. Şənbə günü qanunu imkan yaradırdı ki, israillilər gündəlik işlərini bir kənara qoyub, Yehova ilə münasibətlərini möhkəmləndirsinlər (Çıx. 31:16, 17). Onların arasındakı imanlı insanlar övladlarına Yehova haqda, Onun xeyirxahlığı haqda öyrədirdilər. Biz də məsuliyyət daşıyırıq ki, Allahın Kəlamını dərindən mütaliə etmək üçün vaxt ayıraq. Bu, ibadətimizin bir hissəsidir və Yehovaya yaxınlaşmağımıza kömək edir (Zəb. 73:28). Biz ailəmizlə birgə Müqəddəs Kitabı mütaliə edəndə yeni nəslə — uşaqlarımıza Yehova ilə aralarında möhkəm bağların yaranmasına kömək edirik. (Zəbur 48:13 ayəsini oxuyun.)

12. Yehova müqəddəs çadırın əşyalarını hazırlayanların işinə necə yanaşırdı və biz bundan nə öyrənirik?

12 İbadət yerlərinin tikintisində və təmir-bərpasında iştirak edərkən Yehovaya ibadət edirik. Allahın Kəlamında deyilir ki, müqəddəs çadırın tikintisi və onun əşyalarının düzəldilməsi «müqəddəs iş» idi (Çıx. 36:1, 4). Bu gün də Yehova ibadət evlərinin və digər teokratik binaların tikintisinə müqəddəs xidmət kimi baxır. Bəzi bacı-qardaşlar bu işlərə çoxlu vaxt sərf edirlər. Onların Padşahlıq işinə verdikləri bu mühüm töhfəni qiymətləndirməmək olar?! Əlbəttə ki, onlar təbliğ işində də iştirak edirlər. Ola bilər ki, onlardan bəziləri hətta öncül kimi xidmət etmək istəsin. Ağsaqqallar bu zəhmətkeş bacı-qardaşları, tələblərə cavab verirlərsə, öncül kimi təyin etməyə tərəddüd etməyəcəklər. Bununla da tikinti işlərini dəstəklədiklərini göstərəcəklər. Fərqi yoxdur, bizim tikinti işindən başımız çıxır, ya yox, hər birimiz bu binaların təmiz və yaxşı vəziyyətdə qalmasına kömək edə bilərik.

13. Yehovanın yolunda etdiyimiz ianələrə necə yanaşmalıyıq?

13 Padşahlıq işini dəstəkləmək üçün ianə edərkən Yehovaya ibadət edirik. İsraillilər Yehovanın hüzuruna əliboş gəlməməli idilər (Qan. 16:16). Onlar imkanlarının yol verdiyi qədər bəxşiş gətirməli idilər. Bununla onlar ruhani cəhətdən möhkəm qalmaları üçün Yehovanın gördüyü tədbirlərə minnətdarlıqlarını bildirirdilər. Bəs biz Yehovaya məhəbbətimizi və aldığımız ruhani nemətlərə görə minnətdarlığımızı necə ifadə edə bilərik? Bunun bir yolu yığıncağımızı və ümumdünya işini imkanımız çərçivəsində maddi cəhətdən dəstəkləməkdir. Həvari Bulus bunu belə ifadə etmişdi: «Ürəkdən verilən bəxşiş Allaha xüsusilə xoşdur, çünki O, insandan gücü çatanı gözləyir, gücü çatmayanı yox» (2 Kor. 8:4, 12). Yehova ürəkdən verdiyimiz istənilən ianəni, hətta xırda bir şeyi də qiymətləndirir (Mark 12:42—44; 2 Kor. 9:7).

14. Məsəllər 19:17 ayəsinə əsasən, Yehova bizim dindaşlarımıza kömək etməyimizə necə yanaşır?

14 Ehtiyacı olan dindaşlarımıza yardım əli uzadarkən Yehovaya ibadət edirik. Yehova söz vermişdi ki, israillilər kasıb soydaşlarına səxavət göstərəndə əvəzini Özü verəcək (Qan. 15:7, 10). Bəli, biz hər dəfə ehtiyacı olan dindaşımıza əl tutanda Yehova bunu Ona verilmiş bəxşiş kimi qəbul edir. (Məsəllər 19:17 ayəsini oxuyun.) Məsələn, Bulus həbsdə olarkən Filippidəki məsihilər ona hədiyyələr göndərmişdi. Bulus bunu «Allaha xoş gedən, Ona məqbul olan qurban» adlandırmışdı (Filip. 4:18). Yığıncağınıza göz gəzdirin və özünüzə növbəti sualı verin: «Kimin köməyə ehtiyacı var?» Yehova görəndə ki, vaxtımızı, gücümüzü, bacarığımızı və maddi vəsaitimizi ehtiyacı olanlara kömək etmək üçün istifadə edirik, qəlbi şad olur. O, bunu ibadətimizin bir hissəsi hesab edir (Yaq. 1:27).

YEHOVAYA İBADƏT BİZƏ XOŞBƏXTLİK GƏTİRİR

15. Yehovaya ibadət vaxt və güc tələb etsə də, nəyə görə ağır deyil?

15 Pak ibadət vaxt və güc tələb edir. Amma bu, ağır deyil (1 Yəh. 5:3). Çünki biz Yehovanı sevdiyimiz üçün Ona ibadət edirik. Gəlin belə bir nümunəyə baxaq. Bir uşaq atasına nəsə hədiyyə etmək istəyir. O oturub şəkil çəkir. Onun buna saatlarla vaxtı getsə də, buna görə peşman deyil. Çünki atasını sevir və atasına bu hədiyyəni vermək onu sevindirir. Eynilə biz də Yehovanı sevdiyimiz üçün böyük məmnuniyyətlə vaxtımızı və gücümüzü ibadətə həsr edirik.

16. İbranilərə 6:10 ayəsinə əsasən, Yehova Onun qəlbini sevindirmək üçün hər xidmətçisinin çəkdiyi zəhmətə necə yanaşır?

16 Məhəbbətli valideyn uşaqlarının hamısından eyni hədiyyəni gözləmir. O başa düşür ki, hər uşaq fərqlidir və onların qabiliyyətləri də fərqlidir. Eynilə səmavi Atamız da hər birimizin vəziyyətindən agahdır. Ola bilsin, siz tanıdığınız və ya sevdiyiniz bir çox adamdan daha çox şey etməyi bacarırsınız. Yaxud da başqaları qədər çox şey edə bilmirsiniz. Bəlkə də, yaşınız, səhhətiniz, ailə məsuliyyətiniz buna yol vermir. Belə vəziyyətdə ruhdan düşməyin (Qal. 6:4). Yehova sizin zəhmətinizi unutmayacaq. Əgər siz Yehovaya var gücünüzlə və düzgün niyyətlə xidmət edirsinizsə, O sizdən razı qalacaq. (İbranilərə 6:10 ayəsini oxuyun.) O hətta xidmətlə bağlı ürəyinizdən keçənləri görür. Yehova istəyir ki, gücünüz çatan qədər etdiyiniz xidmət sizə sevinc və məmnunluq gətirsin.

17. a) İbadətin hansısa sahələrində çətinliyimiz varsa, hansı addımları ata bilərik? b) « Xoşbəxtliyinizə xoşbəxtlik qatın» çərçivəsindəki hansı sahənin sizə köməyi dəyib və necə?

17 Əgər bizim ibadətimizin hansısa sahəsində, məsələn, mütaliə etmək və ya təbliğ etmək sahəsində çətinliyimiz varsa, nə edə bilərik? Bu işlərə nə qədər çox vaxt ayırsaq, bir o qədər çox zövq alacağıq və daha çox xeyrini görəcəyik. İbadətimizi müəyyən fəaliyyət növünə, məsələn, idman etməyə və ya musiqi alətində məşq etməyə bənzətmək olar. Əgər biz bunu hərdən bir etsək, böyük inkişafa nail olmayacağıq. Amma bunu hər gün etməyə qərar versək, nəticə fərqli olacaq. Əvvəlcə bunu az-az edə bilərik, tədricən vaxtı artırmaq olar. Zəhmətimizin bəhrəsini gördükcə biz həmin vaxtı səbirsizliklə gözləyəcəyik və bu işdən böyük zövq alacağıq. Bəs eyni şeyi ibadətinizə tətbiq edə bilərsiniz?

18. Allahın bizi yaratma məqsədinə uyğun davranmaq üçün nə etməliyik və bunun bizə hansı xeyri olacaq?

18 Biz Yehovaya bütün qəlbimizlə ibadət etməliyik, Yehova bizi bunun üçün yaradıb. Belə etdikdə biz xoşbəxt və mənalı həyat sürürük və Yehovaya əbədiyyən xidmət etmək ümidimiz olur (Məs. 10:22). Bizim artıq indidən qəlb rahatlığımız var. Çünki bilirik ki, Yehova xidmətçilərinə problemlərlə üzləşəndə kömək edir (Əşy. 41:9, 10). Doğrudan da, Yehovaya ibadət etdiyimiz üçün xoşbəxt olmağa çoxlu əsasımız var. O, bütün xilqəti tərəfindən şərəflənməyə layiq Allahdır! (Vəhy 4:11).

NƏĞMƏ 24 Yehovanın dağına gəlin

^ Yehova Yaradan olduğu üçün yalnız Ona ibadət etməliyik. O, ibadətimizi qəbul etsin deyə əmrlərinə riayət etməli, qoyduğu prinsiplərə uyğun yaşamalıyıq. Bu məqalədə ibadətimizə daxil olan səkkiz sahəni müzakirə edəcəyik. Görün bu sahələrdə nələri yaxşılaşdıra bilərsiniz və onlar xoşbəxtliyinizi necə artıra bilər.