Kontentə keç

Mündəricatı göstər

Narahatlığın öhdəsindən rahat gələ bilərsiniz

Narahatlığın öhdəsindən rahat gələ bilərsiniz

NARAHATLIQ ürəyimizdə daşıdığımız ağır yük kimidir (Məs. 12:25). Siz də nə vaxtsa həyatınızda narahatlığın verdiyi əzabı duymusunuz? Olub ki, bu narahatlıq hissinə ürəyinizin artıq tab gətirə bilməyəcəyini düşünmüsünüz? Əgər bu cür hisslər keçirmisinizsə, siz tək deyilsiniz. Aramızda kimisi xəstəyə qulluq edir, kimisinin əzizi vəfat edib, kimisi isə təbii fəlakətdən zərər çəkib və ya başqa problemlərlə üzləşib. Bütün bu şeylər bizi üzür, narahatlığımıza səbəb olur və bizi məyus edir. Bəs narahatlıq hissini necə dəf edə bilərik? a

Davud padşahın nümunəsi bizə bu sahədə kömək edə bilər. O, həyatda çoxlu çətinliklərlə üzləşmişdi. Hətta bir neçə dəfə ölümlə burun-buruna gəlmişdi (1 İşm. 17:34, 35; 18:10, 11). Bəs o, narahatlıq hissinə necə üstün gəldi? Biz ondan necə örnək ala bilərik?

DAVUD NARAHATLIQ HİSSİNƏ ÜSTÜN GƏLMİŞDİ

Davudun başı çox bəlalar çəkmişdi, bəzən də hər şey eyni anda baş verirdi. Məsələn, görək Talut padşahın əlindən qaçan vaxt o, daha nələrlə üzləşmişdi. Bir dəfə Davudla adamları döyüşdən evə qayıdanda gördülər ki, düşmənləri mal-mülklərini talan edib, ev-eşiklərini yandırıb, ailələrini isə əsir aparıb. Belə bir dəhşətli səhnəni görəndə o nə etdi? Davud və adamları «hönkürüb ağladı, o qədər ağladılar ki, axırda taqətləri qalmadı». Bu azmış kimi, Davudun öz adamları «onu daşqalaq etmək istəyirdilər» (1 İşm. 30:1—6). O, eyni anda üç böyük problemlə üz-üzə idi: ailəsi təhlükə altında idi, adamlarının onu öldürəcəyindən qorxurdu, üstəlik, Talut padşah hələ də onu axtarırdı. Davudun bu zaman nə qədər narahatlıq keçirdiyini adam heç ağlına da gətirə bilmir!

Belə bir məqamda Davud nə etdi? O, dərhal «Allahı Yehovadan qüvvət aldı». Görəsən o, bunu necə etdi? Ümumiyyətlə, Davud çətin vəziyyətdə Yehovaya dua edib kömək istəməyə və Onun keçmişdə ona necə kömək etdiyi barədə düşünməyə vərdiş etmişdi (1 İşm. 17:37; Zəb. 18:2, 6). Davud bilirdi ki, Yehovaya üz tutmalıdır və buna görə də nə etməli olduğu ilə bağlı Ondan məsləhət istədi. Sonra isə dərhal Onun dediyinə əməl etdi. Yehova onun və adamlarının işini avand etdi və onlar ailələrini və mal-mülklərini geri qaytardılar (1 İşm. 30:7—9, 18, 19). Diqqət yetirdinizsə, Davud üç addım atmışdı. Kömək üçün Yehovaya dua etdi, keçmişdə Yehovanın ona necə kömək etdiyi haqda düşündü və Yehovanın verdiyi göstərişə əməl etdi. Biz Davuddan necə örnək ala bilərik? Gəlin onun atdığı üç addıma nəzər salaq.

NARAHATLIQ KEÇİRƏRKƏN DAVUD KİMİ DAVRANIN

1. Dua edin. Hər dəfə ürəyimizdə narahatlıq baş qaldıranda Yehovaya dua edib Ondan hikmət və kömək istəyə bilərik. Belə vaxtlarda uzun-uzun dua edib, hər dərdimizi Yehova ilə bölüşmək olar. Yaxud elə ola bilər ki, vəziyyətimizdən dolayı ürəyimizdə qısaca dua edək. Hər dəfə Yehovadan kömək istəyəndə Davudun əminliklə dediyi sözlərə şərik oluruq: «Yehova yalçın qayam, istehkamımdır, mənim nicatımdır. Allahım qayamdır, Ona sığınıram» (Zəb. 18:2). Dua, doğrudanmı, kömək edir? Kaliya adlı bir öncül bacı deyir: «Duadan sonra ürəyim rahatlaşır. Dua mənə kömək edir ki, vəziyyətə Yehova kimi baxım və Ona daha çox etibar edim». Həqiqətən də, dua Yehovanın bizə verdiyi möhtəşəm ənamdır. Onun vasitəsilə Yehova bizə narahatlığımızı dəf etməyə kömək edir.

2. Düşünün. Həyatınızda elə çətinliklər olubmu ki, onlara yalnız Yehovanın köməyi sayəsində tab gətirə bilmisiniz? Yehovanın şəxsən bizə, həmçinin keçmişdəki xidmətçilərinə dayaq olduğu haqda düşünəndə özümüzdə güc tapırıq və Yehovaya etibarımız artır (Zəb. 18:17—19). Coşua adlı bir ağsaqqal deyir: «Yehova dualarıma cavab verdikcə onları bir siyahıya yazıram. Bu mənə kömək edir ki, Yehovanın konkret dualarıma necə dəqiqliklə cavab verdiyi vaxtları unutmayım». Doğrudan da, Yehovanın bizdən ötrü indiyə qədər etdikləri haqda düşünəndə narahatlığa üstün gəlmək üçün yenidən güc tapırıq.

3. Əməl edin. Hansısa vəziyyətdə necə davranacağımıza qərar verməzdən öncə ən etibarlı məsləhəti almaq üçün Allahın Kəlamına üz tutmalıyıq (Zəb. 19:7, 11). Çoxları fikir verib ki, hansısa ayə ilə bağlı ətraflı axtarış aparanda bu ayəni həyatlarında necə tətbiq edə biləcəklərini daha yaxşı başa düşürlər. Carod adlı bir ağsaqqal bununla bağlı deyir: «Axtarış aparmağımın sayəsində mən ayənin mənasını hərtərəfli anlayıram. Yehovanın mənə nə dediyini başa düşürəm. Beləcə, oxuduğum beynimə batır və buna uyğun davrana bilirəm». Doğrudan da, Yehovanın bizə yol göstərməsi üçün Onun Kəlamına üz tutanda və göstərdiyi yolla gedəndə biz narahatlığın öhdəsindən daha yaxşı gəlirik.

YEHOVANIN KÖMƏYİ İLƏ SƏDLƏR AŞARSINIZ

Davud bilirdi ki, narahatlığın öhdəsindən gəlmək üçün Yehovanın köməyinə ehtiyacı var. Yehovanın dəstəyinə görə Davud o qədər minnətdar idi ki, belə demişdi: «Allahın gücü ilə sədlər aşaram Belimi qüvvətlə qurşayan Allahdır» (Zəb. 18:29, 32). Bəzən bizə də elə gələ bilər ki, problemlərimiz aşılmaz bir sədd kimidir. Amma Yehovanın köməyi ilə biz sədd kimi qarşımızda duran istənilən problemi aşa bilərik! Doğrudan da, əgər Yehovaya dua edib kömək istəyiriksə, Onun bizə indiyə qədər etdikləri haqda düşünürüksə və göstərişlərinə əməl ediriksə, əmin ola bilərik ki, O bizə narahatlığımızın öhdəsindən rahat gəlmək üçün güc və hikmət verəcək!

a Şiddətli narahatlıq hissi keçirən insana tibbi kömək lazım gələ bilər.