Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 18

Məqsədlər qoyun və onlara nail olun

Məqsədlər qoyun və onlara nail olun

«Bütün bunlar barəsində dərindən düşün və özünü bunlara tamamilə həsr et ki, hamı səndəki inkişafı aydın görsün» (1 TİM. 4:15).

NƏĞMƏ 84 Təbliğ işinə can yandıraq

İCMAL a

1. Hansı ruhani məqsədləri qoya bilərik?

 BİR məsihi kimi biz Yehovanı çox sevirik. İstəyirik ki, Ona xidmətdə əlimizdən gələni edək. Bunun üçün qarşımıza ruhani məqsədlər qoymalıyıq. Məsələn, hansısa məsihi xüsusiyyətini yetişdirmək, müəyyən bacarığa yiyələnmək və ya dindaşlarımıza kömək etmək üçün yollar axtarmaq olar b.

2. Nəyə görə ruhani məqsədlər qoymalı və onlara çatmağa can atmalıyıq?

2 Nəyə görə biz ruhani cəhətdən inkişaf etməyə can atmalıyıq? Birincisi, istəyirik ki, məhəbbətli Allahımızın rəğbətini qazanaq. Öz bacarığımızı, istedadımızı Yehovaya xidmətdə tam istifadə edəndə O, çox sevinir. İkincisi isə bacı-qardaşlarımıza daha çox kömək etmək istəyirik (1 Salon. 4:9, 10). Nə qədər müddətdir həqiqətdə olmağımızdan asılı olmayaraq, hər birimiz ruhani cəhətdən inkişaf etməyi qarşımıza məqsəd qoya bilərik. Gəlin görək bunun üçün hansı addımları atmaq olar.

3. 1 Timutiyə 4:12—16 ayələrində həvari Bulus Timutini nəyə təşviq etmişdi?

3 Həvari Bulus Timutiyə birinci məktubunu yazanda bu cavan oğlan artıq təcrübəli ağsaqqal idi. Bununla belə, Bulus Timutini təşviq etmişdi ki, ruhən inkişaf etməyə davam etsin. (1 Timutiyə 4:12—16 ayələrini oxuyun.) Bulusun sözlərindən görmək olar ki, o, Timutinin iki sahədə inkişaf etməsini istəyirdi. Birincisi, məhəbbət, iman, paklıq kimi məsihi xüsusiyyətlərini inkişaf etdirməsini, ikincisi, oxumaq, öyüd-nəsihət və təlim vermək bacarığını yaxşılaşdırmasını. Timutinin nümunəsi əsasında gəlin görək əlçatan məqsədlər qoymaq ruhani cəhətdən inkişaf etməyimizə necə kömək edə bilər. Həmçinin xidmətimizi genişləndirməyin bəzi yollarını araşdıraq.

MƏSİHİ XÜSUSİYYƏTLƏRİNİ YETİŞDİRİN

4. Filippililərə 2:19—22 ayələrinə əsasən, Timutini Yehovaya xidmətdə yararlı edən nə idi?

4 Timutini Yehovaya xidmətdə yararlı edən nə idi? Sahib olduğu gözəl məsihi xüsusiyyətləri. (Filippililərə 2:19—22 ayələrini oxuyun.) Bulusun sözlərindən görmək olar ki, Timuti təvazökar, çalışqan, sadiq, etibarlı insan idi. O, çox mehriban idi, bacı-qardaşlarla maraqlanırdı. Buna görə də Bulus onu çox istəyirdi və ona böyük məsuliyyətlər həvalə edirdi (1 Kor. 4:17). Eynilə, biz də Yehovaya məqbul xüsusiyyətlər yetişdirəndə Ona daha əziz oluruq və yığıncağa daha çox xeyrimiz dəyir (Zəb. 25:9; 138:6).

Özünüzdə hansı məsihi xüsusiyyətini inkişaf etdirmək istəyərdiniz? (5 və 6-cı abzaslara baxın)

5. a) Hansı xüsusiyyəti yetişdirməli olduğunuzu necə müəyyən edə bilərsiniz? b) Şəkildə təsvir olunan cavan bacı dindaşlarına daha çox şəfqət göstərmək məqsədinə çatmaq üçün nə edir?

5 Qarşınıza konkret məqsəd qoyun. Dua edərək düşünün görün özünüzdə nələri yaxşılaşdırmalısınız. Bir xüsusiyyəti seçin və diqqətinizi ona cəmləyin. Məsələn, bəlkə, daha şəfqətli olmalısınız və ya bacı-qardaşlara kömək etmək istəyinizi artırmalısınız? Yaxud daha sülhpərvər olmalısınız və bağışlamağı öyrənməlisiniz? Yaxın dostunuzdan hansı sahədə inkişaf etməli olduğunuzu soruşa bilərsiniz (Məs. 27:6).

6. Hansısa xüsusiyyəti yetişdirmək istəyirsinizsə, məqsədinizə necə çata bilərsiniz?

6 Məqsədinizə çatmağa çalışın. Bunu necə edə bilərsiniz? Məsələn, yaxşılaşdırmaq istədiyiniz xüsusiyyət haqda dərin mütaliə edə bilərsiniz. Tutaq ki, sizə başqalarını bağışlamaq çətindir və bunun üzərində işləmək istəyirsiniz. Müqəddəs Kitabdan başqalarını həm bağışlayanlar, həm də bağışlamayanlar haqda oxuyub, nəticə çıxara bilərsiniz. Məsələn, İsanın necə davrandığı haqda düşünün. O, insanları tərəddüd etmədən bağışlayırdı (Luka 7:47, 48). Həmçinin fikrini insanın keçmişdəki səhvlərinə yox, gələcəkdə yaxşı işlər görə biləcəyinə cəmləyirdi. Fərisilər isə başqalarını heç sayırdılar (Luka 18:9). Bu nümunələr üzərində düşünəndən sonra növbəti sualları özünüzə verin: «Mən başqalarına baxanda nə görürəm? Onların hansı xüsusiyyətlərinə fikrimi cəmləyirəm?» Kimisə bağışlamaq çətindirsə, həmin insanın yaxşı xüsusiyyətlərini bir vərəqə yazın, bacardığınız qədər çox xüsusiyyət yazmağa çalışın. Sonra düşünün: «İsanın gözündə o, necə bir insandır? İsa onu bağışlayardı?» Bu cür mütaliə düşüncəmizi dəyişməyə kömək edə bilər. Ola bilsin, xətrinizə dəyən insanı bağışlamaq üçün əvvəl-əvvəl çox çalışmalı olacaqsınız. Amma bunun üzərində işləsəniz, vaxt keçdikcə başqalarını bağışlamaq sizə daha asan olacaq.

XİDMƏTDƏ FAYDALI OLACAQ BACARIQLARA YİYƏLƏNİN

İbadət evinin təmir-bərpası ilə bağlı işləri öyrənmək istəyinizi bildirin (7-ci abzasa baxın) e

7. Məsəllər 22:29 ayəsi işində usta olan adamların əməyindən Yehovanın yararlandığını necə göstərir?

7 Həmçinin siz hansısa bacarığa yiyələnməyi qarşınıza məqsəd qoya bilərsiniz. Bir düşünün, Beytel binalarının, Toplantı zallarının, ibadət evlərinin tikintisində nə qədər insanın əməyi keçib. Onların əksəriyyəti peşəkar bacı-qardaşların yanında işləyə-işləyə hansısa bacarıqlara yiyələniblər. Şəkildən gördüyümüz kimi, həm qardaşlar, həm də bacılar Toplantı zallarının və ibadət evlərinin yaxşı vəziyyətdə saxlanılmasına kömək etmək üçün müəyyən işlər öyrənirlər. Beləcə, «əbədiyyət Hökmdarı» Yehova Allah və «padşahlar Padşahı» İsa Məsih işində usta olan adamlar vasitəsilə möhtəşəm işlər həyata keçirir (1 Tim. 1:17; 6:15; Məsəllər 22:29 ayəsini oxuyun). Biz zəhmətkeş olmaq və bacarıqlarımızla özümüzü yox, Yehovanı şərəfləndirmək istəyirik (Yəh. 8:54).

8. Hansı bacarığa yiyələnməli olduğunuzu necə müəyyən edə bilərsiniz?

8 Qarşınıza konkret məqsəd qoyun. Hansı bacarığa yiyələnə bilərsiniz? Bununla bağlı yığıncağınızdakı ağsaqqallarla, bəlkə də, rayon nəzarətçisi ilə məsləhətləşə bilərsiniz. Əgər onlar sizə məsləhət görsə ki, natiqlik və təlim vermək bacarığınızı yaxşılaşdırasınız, onda konkret nəyin üzərində işləməli olduğunuzu soruşun. Sonra isə bu bacarığınızı yaxşılaşdırmaq üçün əlinizdən gələni edin. Gəlin görək nələr edə bilərsiniz.

9. Hansısa bacarığa yiyələnmək istəyirsinizsə, məqsədinizə necə çata bilərsiniz?

9 Məqsədinizə çatmağa çalışın. Tutaq ki, siz təlim vermək bacarığınızı yaxşılaşdırmaq istəyirsiniz. «Özünü oxumağa və təlim verməyə həsr et» broşürünü dərindən mütaliə edə bilərsiniz. Həftəiçi görüşdə hansısa bəndiniz olanda səriştəli qardaşdan xahiş edə bilərsiniz ki, tapşırığınıza qabaqcadan qulaq assın və sizə lazımi məsləhət versin. Tapşırığınıza əvvəlcədən hazırlaşın ki, çalışqan və məsuliyyətli bir insan kimi tanınasınız (Məs. 21:5; 2 Kor. 8:22).

10. Hansısa sahədə püxtələşmək istəyiriksə, məqsədimizə necə çata bilərik? Nümunə çəkin.

10 Bəs əgər sizə xüsusilə çətin olan bir sahədə püxtələşmək istəyirsinizsə, onda necə? Tez təslim olmayın. Qari adlı bir qardaş üzündən səlis oxuya bilmirdi. O deyir ki, əvvəllər yığıncaqda nəyisə ucadan oxumağa çalışanda çox utanırdı. Amma o, üzərində işləməyə davam etdi. İndi o deyir ki, təcrübəli qardaşlardan aldığı təlim sayəsində yığıncaqlarda və böyük toplantılarda nitqlər söyləyir!

11. Əlavə məsuliyyətlər icra etməyə yararlı olmaq üçün biz də Timuti kimi nə etməliyik?

11 Görəsən, Timuti sayılıb-seçilən natiq və məharətli bir müəllim oldu? Müqəddəs Kitabda bununla bağlı heç nə deyilmir. Amma Bulusun məsləhətinə əməl etdikcə, şübhə yoxdur ki, o, tədricən məsuliyyətlərini daha yaxşı icra edirdi (2 Tim. 3:10). Eynilə, biz də bacarıqlarımızı püxtələşdirsək, əlavə məsuliyyətlər icra etmək üçün daha yararlı olacağıq.

DİNDAŞLARINIZA KÖMƏK ETMƏK ÜÇÜN YOLLAR AXTARIN

12. Bacı-qardaşlar sizə hansı köməyi göstərib?

12 Hər birimiz dindaşlarımızın köməyini görmüşük. Xəstəxanada olanda Xəstəxanalarla əlaqə komitəsində və Xəstələrə ziyarət qrupunda olan ağsaqqallar bizə baş çəkəndə çox minnətdar oluruq. Həyatımızda hansısa çətinliklə üzləşəndə ağsaqqalların vaxt ayırıb bizi dinləməsini, bizə təsəlli verməsini çox qiymətləndiririk. Yaxud təcrübəli öncülün bizə kömək etmək üçün şagirdimizin dərsində iştirak etməsi, bizə lazımi məsləhətlər verməsi bizə çox xoş olur. Bacı-qardaşların hər biri bizə sevə-sevə kömək edirlər. Əgər dindaşlarımıza kömək etməyə can atsaq, biz də bu sevinci dadacağıq. İsa Məsih də demişdi ki, «vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həv. 20:35). Əgər siz də bu və ya digər sahələrdə xidmətinizi genişləndirmək istəyirsinizsə, məqsədinizə çatmaq üçün nə edə bilərsiniz?

13. Qarşınıza məqsəd qoyanda hansı məqamı unutmamalısınız?

13 Ümumi məqsədlər qoymayın. Məsələn, ola bilsin, belə deyirsiniz: «İstəyirəm, yığıncaqda daha çox iş görüm». Belə məqsədlər qoysanız, onda bilməyəcəksiniz ona necə nail ola bilərsiniz və ya nə vaxt nail oldunuz. Odur ki, qarşınıza aydın, konkret məqsəd qoyun. Hətta bu məqsədinizi və ona nail olmağın yolunu bir vərəqə yaza bilərsiniz.

14. Nəyə görə məqsəd qoyarkən vəziyyətə uyğunlaşmağı bacarmaq lazımdır?

14 Qarşımıza məqsəd qoyarkən vəziyyətə uyğunlaşmağı bacarmalıyıq. Çünki bizdən asılı olmayan vəziyyətlər yarana bilər. Məsələn, həvari Bulusun başına gələnləri yadımıza salaq. O, Saloniki şəhərində yeni yığıncağın yaranmasına kömək etmişdi. Təbii ki, onun məqsədi orada qalıb, yeni məsihilərə dəstək olmaq idi. Amma o, təqiblə üzləşdi və şəhəri tərk etməli oldu (Həv. 17:1—5, 10). Əgər Bulus orada qalsa idi, bacı-qardaşları təhlükə altına atardı. Bununla belə, Bulus onlara kömək etmək cəhdlərinə son qoymadı. O, yaranan vəziyyətə uyğunlaşdı. Salonikidə yeni imana gələnləri möhkəmləndirmək üçün ora Timutini göndərdi (1 Salon. 3:1—3). Yəqin, Salonikidəki məsihilər çox sevinirdilər ki, köməyə ehtiyac olan əraziyə getməyə hazır olan Timuti kimi qardaşlar var!

15. Bizdən asılı olmayan vəziyyətlər məqsədlərimizə necə təsir edə bilər? Nümunə çəkin.

15 Bulusun Salonikidəki hadisəsindən özümüz üçün çox şey öyrənə bilərik. Ola bilsin, hansısa xidmət növünə can atırıq, amma bizdən asılı olmayan səbəblərə görə bu məqsədimizə çata bilmirik (Vaiz 9:11). Sizinlə də belə bir şey baş veribsə, vəziyyətinizə uyğun başqa bir məqsəd qoyun. Ted və Haydi adlı bir ər-arvad məhz belə etmişdi. Sağlamlıqla bağlı yaranan problemə görə onlar Beytel xidmətlərini dayandırmalı oldular. Amma Yehovaya sevgidən irəli gələrək onlar xidmətlərini başqa sahələrdə genişləndirməyə can atdılar. Əvvəlcə, onlar öncül xidmətinə başladılar. Bir müddət sonra xüsusi öncül təyin olundular və Ted qardaş rayon nəzarətçisinin köməkçisi olmaq üçün təlim aldı. Sonra rayon nəzarətçiləri üçün yaş həddi dəyişdirildi. Tedlə Haydi başa düşdü ki, artıq bu xidmət növündə iştirak edə bilməyəcəklər. Buna görə məyus olsalar da, başa düşürdülər ki, Yehovaya başqa sahələrdə xidmət edə bilərlər. Ted deyir: «Biz öyrəndik ki, bir xidmət növündən tutub-durmaq olmaz».

16. Qalatiyalılara 6:4 ayəsindən nə öyrənirik?

16 Biz həyatımızda baş verən hər şeyi nəzarət altında saxlaya bilmərik. Buna görə də vacibdir ki, Yehovanın bizə təyinatımıza görə dəyər verdiyini düşünməyək, yaxud öz təyinatlarımızı başqalarınkı ilə müqayisə etməyək. Haydi bacı bununla bağlı belə deyir: «İnsan öz həyatını başqalarının həyatı ilə müqayisə edəndə sevinci yoxa çıxır». (Qalatiyalılara 6:4 ayəsini oxuyun.) Yaxşı olar ki, Yehovaya xidmət etmək və dindaşlarımıza kömək etmək üçün yollar axtaraq c.

17. Hansısa təyinata yararlı olmaq üçün nə edə bilərsiniz?

17 Sadə həyat sürsəniz və lazımsız borclara girməsəniz, Yehovaya daha çox xidmət etmək imkanınız olacaq. Həmçinin böyük məqsədlərə çatmaq üçün kiçik məqsədlər qoyun. Məsələn, əgər sizin məqsədiniz öncül olmaqdırsa, bu məqsədə çatmaq üçün hər ay köməkçi öncül kimi xidmət edə bilərsiniz? Yaxud əgər məqsədiniz yığıncaq xidmətçisi olmaqdırsa, sahə xidmətində iştirak etmək, yığıncaqdakı yaşlı və xəstə bacı-qardaşları ziyarət etmək üçün daha çox vaxt ayıra bilərsiniz? Hazırda qazandığımız təcrübə gələcəkdə hansısa xidmət növlərinə qapı aça bilər. Sizə verilən istənilən təyinatı canla-başla yerinə yetirin (Rom. 12:11).

Qarşınıza nail ola biləcəyiniz konkret məqsəd qoyun (18-ci abzasa baxın) f

18. Şəkildən göründüyü kimi, Beverli bacı hansı sahədə gözəl örnəkdir?

18 Heç vaxt düşünməməliyik ki, yaşımız artıq o yaş deyil, daha qarşımıza ruhani məqsədlər qoya bilmərik. 75 yaşlı Beverli bacı bu sahədə bizə gözəl örnəkdir. Ciddi xəstəliyi ucbatından ona yerimək çox çətin idi. Lakin o, çox istəyirdi ki, Məsihin anma mərasimi ilə bağlı kampaniyada tam iştirak etsin. Buna görə də o, qarşısına konkret məqsədlər qoydu. Bacı kampaniya ilə bağlı qoyduğu məqsədlərinə çatanda sevincinin həddi-hüdudu yox idi. Onun belə əzmli olması başqalarını da xidmətdə əllərindən gələni etməyə təşviq etdi. Yehova yaşlı dindaşlarımızın zəhmətini çox qiymətləndirir. Hətta şəraitləri ucbatından çox şey edə bilməsələr də (Zəb. 71:17, 18).

19. Qarşımıza hansı ruhani məqsədlər qoya bilərik?

19 Qarşınıza nail ola biləcəyiniz məqsədlər qoyun. Yehovanın rəğbətini qazandıran xüsusiyyətlər inkişaf etdirin. Yehovanın yolunda və təşkilatının işlərində daha çox fayda gətirəcəyiniz bacarıqlara yiyələnin. Bacı-qardaşlara daha çox kömək etmək üçün yollar axtarın d. Timutinin inkişafını hamı aydın gördüyü kimi, Yehovanın köməyi ilə sizin də inkişafınızı hamı aydın görəcək (1 Tim. 4:15).

NƏĞMƏ 38 Allah səni güclü edəcək

a Timuti xoş xəbərin məharətli təbliğçisi idi. Bununla belə, Bulus onu təşviq edirdi ki, daima ruhani cəhətdən inkişaf etsin. Bulusun məsləhətinə əməl etməklə Timuti Yehovaya xidmətdə daha yararlı olacaqdı və bacı-qardaşlarına daha çox kömək edəcəkdi. Bəs sizdə Timuti kimi, Yehovaya və bacı-qardaşlara daha çox xidmət etmək istəyi var? Şübhəsiz ki, var. Buna nail olmaq üçün qarşınıza hansı məqsədləri qoya bilərsiniz? Bu məqsədləri qoyarkən nələri nəzərə almaq lazımdır və onlara necə çata bilərsiniz?

b BƏZİ İFADƏLƏRİN İZAHI. Ruhani məqsədlər deyiləndə Yehovaya daha çox xidmət etmək və Onun qəlbini sevindirmək üçün etdiyimiz hər bir şey nəzərdə tutulur.

c «Allahın iradəsini yerinə yetirən təşkilat» kitabında «Xidmətinizi necə genişləndirə bilərsiniz?» adlı 10-cu fəslin 6—9 abzaslarına baxın.

d «Əbədi xoşbəxt həyat!» kitabında «Yehova ilə əbədiyyən dost olun» adlı 60-cı dərsə baxın.

e ŞƏKLİN İZAHI. Bir qardaş təmir-bərpa işləri ilə bağlı iki bacıya təlim keçir. Sonra bacılar bu yeni bacarıqlarından istifadə edirlər.

f ŞƏKLİN İZAHI. Evdən çölə çıxa bilməyən bacı telefon vasitəsilə şahidlik verərək insanları anma mərasiminə dəvət edir.