Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 25

Yehova bağışlamağı bacaranlardan razıdır

Yehova bağışlamağı bacaranlardan razıdır

«Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlamalısınız» (KOL. 3:13).

NƏĞMƏ 130 Bir-birimizi bağışlayaq

İCMAL *

1. Yehova tövbə edən günahkara hansı əminliyi verir?

 YEHOVA Yaradanımız, Qanunverənimiz və Hakimimiz olmaqla yanaşı, məhəbbət dolu səmavi Atamızdır (Zəb. 100:3; Əşy. 33:22). Biz Yehovaya qarşı günah işləyəndə və səmimi-qəlbdən tövbə edəndə O, nəinki bizi bağışlamağa qadirdir, həm də bunu ürəkdən istəyir (Zəb. 86:5). Yehova Əşiya peyğəmbər vasitəsilə belə bir əminlik vermişdi: «Günahlarınız al-qırmızı olsa da, onları qar kimi ağappaq edəcəyəm» (Əşy. 1:18).

2. Başqaları ilə yaxın münasibətimizin olması üçün nə etməliyik?

2 Biz qeyri-kamil olduğumuz üçün istər-istəməz söz və hərəkətlərimizlə bir-birimizin qəlbinə dəyirik (Yaq. 3:2). Amma bu, o demək deyil ki, bizim aramızda yaxın münasibətlər ola bilməz. Əgər bağışlamağı bacarsaq, bu, mümkündür (Məs. 17:9; 19:11; Mət. 18:21, 22). Yehova istəyir ki, biz bir-birimizə qarşı kiçik səhvlər edəndə bir-birimizi bağışlayaq (Kol. 3:13). Bunu etmək üçün əsaslı səbəbimiz var. Axı Yehova bizi comərdliklə əfv edir (Əşy. 55:7).

3. Bu məqalədə nəyi araşdıracağıq?

3 Bu məqalədə növbəti sualları araşdıracağıq: «Qeyri-kamil insan Yehovadan bağışlamağı necə öyrənə bilər? Hansı günahları ağsaqqallara deməliyik? Nəyə görə Yehova bir-birimizi bağışlamağımızı istəyir? Başqalarının səhvləri ucbatından böyük zərər görmüş bəzi dindaşlarımızdan nə öyrənə bilərik?»

MƏSİHİ CİDDİ GÜNAH İŞLƏYƏNDƏ NƏ ETMƏLİDİR?

4. a) Ciddi günah işləyən məsihi nə etməlidir? b) Günah işləyən kəsin məsələsinə baxan ağsaqqalların məsuliyyəti nədən ibarətdir?

4 Ciddi günahları ağsaqqallara demək lazımdır. 1 Korinflilərə 6:9, 10 ayələrində bu günahların bəziləri yazılıb. Ciddi günah Allahın qanununun kobud şəkildə pozulmasıdır. Əgər məsihi ciddi günaha yol verərsə, o, Yehovaya dua etməlidir və bu günahı barədə ağsaqqallara deməlidir (Zəb. 32:5; Yaq. 5:14). Bu məqamda ağsaqqalların rolu nədən ibarətdir? Günahkarı tamamilə bağışlamağa yalnız Yehovanın səlahiyyəti var və O, bunu fidyə qurbanlığı əsasında edir *. Amma Yehova ağsaqqallara Müqəddəs Kitab əsasında günahkarın yığıncaqda qalıb-qalmayacağını müəyyən etmək səlahiyyəti verib (1 Kor. 5:12). Bunun üçün onlar müəyyən addımlar atırlar. Onlardan biri növbəti sualları müzakirə etməkdir: «O, bu günahı qəsdən, planlı şəkildə edib? O, uzun müddətdir bu günahı edir? Ən əsası, Yehovaya qarşı günah etdiyinə görə peşman olduğu aydın görünür? Yehovanın onu bağışladığı qənaətinə gəlməyə əsas var?» (Həv. 3:19).

5. Ağsaqqalların gördüyü işin faydaları nələrdir?

5 Ağsaqqallar günah işləyən adamla söhbət edərkən məqsədləri artıq göydə verilmiş qərarla eyni qərarı verməkdir (Mət. 18:18). Bu tədbirin yığıncağa hansı faydası var? Bu, Yehovanın quzularını tövbə etməyən günahkarın pis təsirindən qoruyur (1 Kor. 5:6, 7, 11—13; Tit. 3:10, 11). Bu həmçinin günahkara kömək edə bilər ki, tövbə etsin və Yehovanın əfvini qazansın (Luka 5:32). Ağsaqqallar tövbə edən insan üçün dua edirlər və onun ruhən dirçəlməsi üçün Yehovadan kömək istəyirlər (Yaq. 5:15).

6. Əgər insan yığıncaqdan kənar edilərsə, Yehovanın onu bağışlayacağına ümid var? İzah edin.

6 Tutaq ki, insan ağsaqqallarla görüş zamanı tövbə etmir. Belə halda o, yığıncaqdan kənar ediləcək. Əgər o, dövlətin qanununu pozubsa, ağsaqqallar onu bunun nəticəsindən qorumayacaq. Yehova hökumət orqanlarına səlahiyyət verib ki, məsihinin tövbə edib-etməməsindən asılı olmayaraq, qanunu pozan istənilən kəsi mühakimə etsin və cəzalandırsın (Rom. 13:4). Amma həmin insan bir müddət sonra səhvini başa düşüb ürəkdən tövbə edirsə, düşüncə və əməllərini dəyişirsə, hətta o, ciddi günah etmiş olsa da, Yehova onu bağışlamağa hazırdır (2 Saln. 33:9, 12, 13; Luka 15:17—24; 1 Tim. 1:15).

7. Bizə qarşı günah işləyən insanı hansı mənada bağışlayırıq?

7 Nə yaxşı ki, günah işləyən insanın əfvə layiq olub-olmadığını biz qərarlaşdırmırıq. Bu qərarı Yehova verir. Amma bizim də qərar verməli olduğumuz bir məqam var. Söhbət nədən gedir? Olur ki, bizə qarşı ciddi günah edən insan bizdən üzr istəyir. Amma bəzən də elə olur ki, insan bizdən üzr istəmir. Hətta belə halda belə, ola bilsin, biz onu bağışlamaq qərarına gələcəyik, yəni ürəyimizdən kini və qəzəbi çıxarıb atacağıq. Düzdür, dərin qəlb yarası alanda bunu etmək asan olmur. Bunun üçün insan səy göstərməlidir və bir az vaxt lazım gələ bilər. «Gözətçi qülləsi» jurnalının 1994-cü il 15 sentyabr sayında deyilirdi: «Günahkarı bağışlamaq günaha göz yummaq demək deyil. Məsihi üçün bağışlamaq Yehovaya etibar edib, məsələni Onun öhdəsinə buraxmaq deməkdir. Yehova bütün Kainatın adil Hakimidir və vaxtı çatanda ədaləti bərqərar edəcək». Görəsən, Yehova nəyə görə buyurur ki, günahkarı bağışlayaq və məsələni ədalətli əllərə — Ona tapşıraq?

NƏYƏ GÖRƏ YEHOVA BİR-BİRİMİZİ BAĞIŞLAMAĞI BUYURUR?

8. Yehovanın mərhəmətini qiymətləndirdiyimizi necə göstərə bilərik?

8 Bağışlamaqla Yehovanın mərhəmətinə görə minnətdar olduğumuzu göstəririk. İsa Məsih bir məsəl çəkmişdi. Məsəldə bir ağa bir qulunun heç vaxt ödəyə bilməyəcəyi külli miqdarda borcunu bağışlayır. Amma həmin qul ona cüzi miqdarda borcu olan bir qulla rəhmsiz davranır (Mət. 18:23—35). İsa bu məsəllə bizə nə öyrətmək istəyirdi? Əgər biz Yehovanın bizə göstərdiyi mərhəməti həqiqətən qiymətləndiririksə, onda biz də başqalarını bağışlayacağıq (Zəb. 103:9). «Gözətçi qülləsi» jurnalında illər əvvəl belə sözlər deyilmişdi: «Bəşər övladı olan bizlər bir-birimizi nə qədər bağışlasaq da, bu, Yehovanın Məsihin fidyə qurbanlığı əsasında göstərdiyi mərhəmətin və əfvin böyüklüyünə çata bilməz».

9. Yehova kimlərə mərhəmət göstərir? (Mətta 6:14, 15).

9 Biz başqalarını bağışlasaq, Yehova da bizi bağışlayacaq. Yehova mərhəmətli olanlara mərhəmət göstərir (Mət. 5:7; Yaq. 2:13). İsa şagirdlərinə dua etməyi öyrədərkən bunu açıq şəkildə demişdi. (Mətta 6:14, 15 ayələrini oxuyun.) Hələ lap qədimdə Yehova sadiq bəndəsi Əyyuba bunun vacibliyini başa salmışdı. Əlifəz, Bildad və Söfər kəskin sözləri ilə Əyyubu çox incitmişdilər. Yehova Əyyuba tapşırmışdı ki, onlar üçün dua etsin. Əyyub bunu edəndən sonra Yehova ona nemətlər bəxş etdi (Əyy. 42:8—10).

10. Kin saxlamaq nəyə görə zərərlidir? (Efeslilərə 4:31, 32).

10 Kin saxlamaq çox zərərlidir. Kin, qəzəb ağır yük kimidir; Yehova istəyir ki, biz bunlardan qurtulub rahatlıq tapaq. (Efeslilərə 4:31, 32 ayələrini oxuyun.) O bizə deyir: «Qəzəbi burax, hiddətdən çəkin» (Zəb. 37:8). Bu məsləhətə əməl edən hikmətlə davranır. Xətrimizə dəyən insana qarşı acıqlı qalmaq bizə fiziki və emosional cəhətdən zərər vura bilər (Məs. 14:30). Zəhər içmək insanın özünə ziyan vurduğu kimi, kin saxlamaq da, xətrimizə dəyən insana yox, özümüzə ziyandır. Qarşı tərəfi bağışlamaq isə bizim xeyrimizədir (Məs. 11:17). Bu zaman qəlb rahatlığı duyuruq, sakitlik tapırıq və ibadətimizi davam etdirə bilirik.

11. Qisas almaqla bağlı Müqəddəs Kitabda nə deyilir? (Romalılara 12:19—21).

11 Qisas Yehovaya məxsusdur. Yehova bizə ixtiyar verməyib ki, bizə qarşı səhv edən adamdan qisas alaq. (Romalılara 12:19—21 ayələrini oxuyun.) Biz qeyri-kamilik və vəziyyəti hər tərəfli görmürük. Buna görə də Yehova kimi düzgün mühakimə yürütmək qabiliyyətimiz yoxdur (İbr. 4:13). Bəzən isə hisslərimiz düzgün düşünməyə mane olur. Yaqub Yehovanın ilhamı ilə növbəti sözləri yazmışdı: «İnsanın qəzəbi onu Allah qarşısında saleh etmir» (Yaq. 1:20). Əmin ola bilərik ki, Yehova salehliklə davranacaq və kamil ədaləti bərqərar edəcək.

Qəlbinizdəki qəzəb və kindən qurtulun. Məsələni Allahın öhdəsinə buraxın. O, günahın vurduğu bütün zərəri aradan qaldıracaq (12-ci abzasa baxın)

12. Yehovanın ədalətinə etibar etdiyimizi necə göstərə bilərik?

12 Bağışlamaqla Yehovanın ədalətinə etibar etdiyimizi göstəririk. Məsələni Yehovanın öhdəsinə buraxmaqla biz göstəririk ki, Yehovanın günahın vurduğu bütün zərəri aradan qaldıracağına inanırıq. Onun vəd etdiyi yeni dünyada əzablı xatirələr «yada düşməyəcək, daha xatırlanmayacaq» (Əşy. 65:17). Bəs ürəyimizdəki qəzəb və kindən indidən qurtulmaq mümkündür? Gəlin görək bəziləri bunu necə bacarıblar.

BAĞIŞLAMAĞIN XEYRİ

13, 14. Toni və Xosenin hadisəsindən bağışlamaqla bağlı nə öyrəndiniz?

13 Bir çox məsihilər kimlərinsə hərəkətlərindən böyük zərbə alsalar da, sonra onları bağışlayıblar. Onlar bunun hansı xeyrini görüblər?

14 Gəlin Filippində yaşayan Toni * adlı bir qardaşın hadisəsinə baxaq. O, Yehovanın Şahidi olmamışdan xeyli əvvəl Xose adlı bir şəxs onun böyük qardaşlarından birini qətlə yetirmişdi. Bundan xəbər tutan Toni qəzəb və qisas hissi ilə alışıb-yanırdı. Törətdiyi cinayətə görə Xose həbs olundu. Xose həbsdən çıxandan sonra Toni özünə söz verdi ki, onu tapıb öldürəcək. Hətta bundan ötrü silah aldı. Həmin vaxtlarda Toni Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı. O deyir: «Müqəddəs Kitab dərsləri keçdikcə öyrəndim ki, mən xasiyyətimi və hərəkətlərimi dəyişməliyəm. Eləcə də qəzəb hissindən qurtulmalıyam». Toni vəftiz olundu. Bir müddətdən sonra isə yığıncaqda ağsaqqal təyin olundu. Bir gün Toni öyrəndi ki, Xose də Yehovanın Şahidi olub. Görün indi o necə təəccüblənmişdi! Onlar üz-üzə gələndə bərk-bərk qucaqlaşıb görüşdülər və Toni Xoseyə dedi ki, onu bağışlayıb. Toni qeyd edir: «Xoseni bağışlayanda daxilimdə elə böyük sevinc duydum ki, bu möhtəşəm hissi sözlə ifadə etmək mümkün deyil». Bəli, Yehova Toninin bu davranışını mükafatsız qoymadı.

Piterlə Syunun nümunəsindən gördüyümüz kimi, qəzəbi və kini ürəyimizdən çıxara bilərik (15 və 16-cı abzaslara baxın)

15, 16. Piterlə Syudan bağışlamaqla bağlı nə öyrəndiniz?

15 1985-ci ildə Piterlə Syu ibadət evində görüşdə olarkən qəfil böyük bir partlayış baş vermişdi. Bir kişi ibadət evinin içinə bomba yerləşdirmişdi! Bu partlayış nəticəsində Syu ağır yaralanmışdı, onun görmə və eşitmə qabiliyyətinə qalıcı xəsarət dəymişdi. Həmçinin o, iybilmə qabiliyyətini itirmişdi *. Piter və Syu hey fikirləşirdilər: «Nə cür insan olasan ki, belə bədxahlıq edəsən?!» Yehovanın Şahidi olmayan bu cinayətkar illər sonra həbs olundu və ona ömürlük həbs cəzası kəsildi. Piter və Syudan onu bağışlayıb-bağışlamadıqlarını soruşanda onlar belə demişdi: «Yehova öyrədir ki, qəzəb və kin bəsləmək insanın özünə fiziki, emosional və əqli cəhətdən zərər yetirə bilər. Buna görə də biz elə ilk vaxtlardan Yehovaya dua etdik ki, qəzəbi, kini ürəyimizdən silməyə və həyatımızı qəlb rahatlığı ilə yaşamağa kömək etsin».

16 Onlar üçün bağışlamaq və ürəklərindən qəzəbi çıxarmaq həmişə asan olub? Heç də yox. Pitergil deyir: «Syu aldığı xəsarətlərdən əziyyət çəkəndə bəzən içimizdə qəzəb yenidən alovlanır. Amma çalışırıq bu barədə çox düşünməyək, onda bu hisslər tez ötüb keçir. Tam səmimiyyətlə deyə bilərik ki, əgər bir gün həmin adam bizim qardaşımız olsa, biz onu ürəkdən qəbul edərik. Bu hadisədən öyrəndik ki, Müqəddəs Kitab prinsipləri insana əsl azadlıq bəxş edir. Onlara əməl etməyin sayəsində təsəvvür belə etmədiyimiz sahələrdə azadlıq duyduq. Həmçinin Yehovanın tezliklə bütün zərərləri aradan qaldıracağını bilmək bizə təsəlli verir».

17. Mayradan bağışlamaqla bağlı nə öyrəndiniz?

17 Mayra həqiqəti öyrənəndə artıq ailəli idi və iki balaca övladı var idi. Onun əri həqiqəti qəbul etmədi. Bir müddət sonra o zina etdi və ailəsini tərk etdi. Mayra deyir: «Ərim məni və iki uşağımı atıb gedəndə çox sarsılmışdım. Özümü qınayırdım. Daxilimdə etibarsızlıq, kədər, peşmançılıq, qəzəb kimi hisslər baş qaldırmışdı. Bu hisslər əzizləri tərəfindən xəyanətə uğrayan çoxlarına yaxşı tanışdır». Nikahlarına son qoyulsa da, xəyanətin ağrısı hələ keçməmişdi. Mayra sözünə davam edir: «Bu hisslər mənə aylarla aman vermirdi və mən görürdüm ki, bu mənim Yehova ilə, başqaları ilə münasibətimə pis təsir edir». Mayra indi deyir ki, artıq o, keçmiş həyat yoldaşına qarşı acıqlı deyil, heç onun pisliyini belə istəmir. Ümid edir ki, bir gün o da Yehovanın xidmətçisi olacaq. Artıq Mayra diqqətini gələcəyə cəmləməyi bacarır. O, təkcanına iki övladını Yehovanın yolunda böyüdüb. Hal-hazırda Mayra övladları və onların ailələri ilə birlikdə Yehovaya sevinc içində xidmət edir.

YEHOVA MÜKƏMMƏL HAKİMDİR

18. Nəyə görə Ali Hakim olan Yehovaya etibar edə bilərik?

18 Nə yaxşı ki, bizim kiminləsə bağlı hökm çıxarmaq kimi ağır məsuliyyətimiz yoxdur. Ali Hakim olan Yehova bu işi Öz öhdəsinə götürüb (Rom. 14:10—12). Biz tamamilə arxayın ola bilərik ki, Yehova həmişə nəyin pis, nəyin yaxşı olduğuna dair qoyduğu mükəmməl qanunları əsasında hökm çıxarır (Yar. 18:25; 1 Pad. 8:32). O, heç vaxt haqsızlıq etmir!

19. Yehovanın kamil ədaləti sayəsində nələr mümkün olacaq?

19 Biz Yehovanın qeyri-kamilliyin və günahın bütün pis təsirlərini tamamilə aradan qaldıracağı vaxtı səbirsizliklə gözləyirik. Həmin vaxt bütün fiziki və mənəvi yaralarımız həmişəlik sağalacaq (Zəb. 72:12—14; Vəhy 21:3, 4). Onlar daha heç vaxt yadımıza düşməyəcək. O möhtəşəm dövrə qədər isə bir şeyə şükür edirik: nə yaxşı ki, Yehova bizə Ondan örnək götürüb bir-birimizi bağışlamaq qabiliyyəti verib.

NƏĞMƏ 18 Fidyəyə görə minnətdarlıq

^ Yehova tövbə edən günahkarı bağışlamağa həmişə hazırdır. Bir məsihi kimi, biz də istəyirik ki, Yehovaya bənzəyək və qəlbimizə dəyən insanı bağışlayaq. Bu məqalədən görəcəyik ki, hansı səhvləri özümüz bağışlaya bilərik və hansı səhvləri ağsaqqallara bildirməliyik. Həmçinin müzakirə edəcəyik ki, Yehova nəyə görə bizim bir-birimizi bağışlamağımızı istəyir və bağışlamağın bizə hansı xeyri var.

^ «Gözətçi qülləsi»nin 1996-cı il 15 aprel sayında yer alan «Oxucuların sualları» məqaləsinə (rus.) baxın.

^ Bəzi adlar şərtidir.

^ «Oyanın!» jurnalının 1992-ci il 8 fevral sayının 9—13 səhifələrinə (rus.), həmçinin JW televiziyasında «Piter və Syu Şulç. Aldığımız travmanın öhdəsindən gəldik» adlı videoya (türk.) baxın.