Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Yer üzündə kimlər diriləcək və onların qarşısında hansı imkan açılacaq?

Gəlin görək Müqəddəs Kitabda bununla bağlı nə deyilir.

Həvarilərin işləri 24:15 ayəsində yazılıb ki, «[Allah] həm salehləri, həm də qeyri-salehləri [dirildəcək]». Salehlər sağ ikən Allaha itaət edən kəslərdir, buna görə də onların adı həyat kitabına yazılıb (Məl. 3:16). Qeyri-salehlərə isə Yehovanı yaxından tanımaq imkanı olmadan ölən insanlar daxildir, onların adı həyat kitabına yazılmayıb.

Yəhya 5:28, 29 ayələrində Həvarilərin işləri 24:15 ayəsində qeyd olunan həmin iki qrup insandan danışılır. İsa Məsih demişdi ki, «yaxşı əməl sahibləri dirilib həyata qovuşacaq, pis əməl sahibləri isə dirilib mühakimə olunacaqlar». Salehlər ölməzdən əvvəl «yaxşı əməl sahibləri» olan insanlardır. Onların adı həyat kitabına yazıldığı üçün dirilib həyata qovuşacaqlar. Qeyri-salehlər isə sağlıqlarında «pis əməl sahibləri» olan insanlardır. Onların adı həyat kitabında yoxdur. Buna görə də onlar dirilib mühakimə olunacaqlar, yəni sınaq dövrü yaşayacaqlar. Bu vaxt ərzində onların Yehova haqqında öyrənmək və adlarını həyat kitabına yazdırmaq imkanı olacaq.

Vəhy 20:12, 13 ayələrində izah olunur ki, dirilənlərin hamısından tumarlarda yazılanlara əməl etmək gözləniləcək. Bu tumarlarda yeni dünyada verilən yeni qanunlar yazılacaq. Qanunlara əməl etməyənlər məhv olacaq (Əşy. 65:20).

Dənyal 12:2 ayəsində peyğəmbərlik olunub ki, ölüm yuxusuna gedənlərdən «kimisi əbədi həyat üçün, kimisi isə rüsvayçılıq və əbədi həqarət üçün» diriləcək. Bu ayədə dirilənlərlə bağlı veriləcək son hökmdən danışılır. Bu, ya «əbədi həyat», ya da «əbədi həqarət» olacaq. Deməli, min ilin sonunda bəziləri əbədi həyat alacaq, bəziləri isə əbədilik məhv olacaqlar (Vəhy 20:15; 21:3, 4).

Yer üzündə diriləcək bu iki qrup insanı başqa ölkədə yaşamaq istəyən əcnəbilərə bənzətmək olar. Salehlər, bir növ, iş vizası və ya daimi yaşayış üçün viza alanlar kimidir, onların müəyyən azadlıqları və hüquqları var. Qeyri-salehləri isə müvəqqəti yaşayış üçün viza alan və ya turist vizası alan əcnəbiyə bənzətmək olar. Bu cür əcnəbilər yeni ölkədə yaşamağa davam etmək üçün müəyyən tələblərə cavab verməlidirlər. Eynilə qeyri-salehlər də Cənnətdə qalmaq üçün Yehovanın qanunlarına əməl etməli və saleh olmalıdırlar. Amma kimin hansı növ vizası olmasından asılı olmayaraq, ola bilər ki, bəzi əcnəbilər nəhayətdə vətəndaşlıq alsın, bəziləri isə ölkədən deportasiya olunsun. Nəticə onların yeni ölkədə özlərini necə aparmalarından və qanunlara əməl edib-etməmələrindən asılı olacaq. Yehova da bütün dirilənlər barədə son qərarı onların yeni dünyada göstərdikləri sədaqətə və əməllərinə əsasən verəcək.

Yehova rəhmli olmaqla yanaşı, həmçinin ədalətlidir, nahaq iş görməyən Allahdır (Qan. 32:4; Zəb. 33:5). O, məhəbbətdən irəli gələrək həm salehləri, həm də qeyri-salehləri dirildəcək. Eyni zamanda O, qoyduğu yüksək əxlaq normalarının pozulmasına göz yummayacaq. Yalnız Yehovanı sevən və Onun qayda-qanunlarına itaət edən insanlara yeni dünyada yaşamağa izin veriləcək.