Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 9

Həyat ənamını qiymətləndirin

Həyat ənamını qiymətləndirin

«Biz Onun sayəsində yaşayırıq, hərəkət edirik və mövcuduq» (HƏV. 17:28).

NƏĞMƏ 141 Həyat bir möcüzə

İCMAL a

1. Həyatımız Yehova üçün nə dərəcədə dəyərlidir?

 TƏSƏVVÜR edin ki, dostunuz sizə köhnə, amma çox dəyərli bir şəkil hədiyyə edib. Bu, əsl sənət əsəridir! Şəklin bəzi yerlərində rənglər solub, ləkələr və çatlar əmələ gəlib. Bütün bu qüsurlara baxmayaraq, şəklin milyonlarla dollar qiyməti var. Təbii ki, siz bu hədiyyəyə görə minnətdar olacaqsınız və onu qoruyacaqsınız. Eynilə Yehova da bizə çox dəyərli bir hədiyyə verib. Bu bizim həyatımızdır. Yehova həyatımızın Onun üçün nə qədər dəyərli olduğunu Oğlunu bizim uğrumuzda qurban verməklə göstərdi (Yəh. 3:16).

2. 2 Korinflilərə 7:1 ayəsinə əsasən, Yehova bizdən nə gözləyir?

2 Yehova həyat Mənbəyidir (Zəb. 36:9). Həvari Bulus bunu növbəti sözlərlə ifadə etmişdi: «Biz Onun sayəsində yaşayırıq, hərəkət edirik və mövcuduq» (Həv. 17:25, 28). Əminliklə deyə bilərik ki, həyatımız Yehovadan bir ənamdır. O bizi yaşamaq üçün lazım olan hər bir şeylə təmin edib (Həv. 14:15—17). Bununla belə, O, həyatımızı möcüzəvi şəkildə qorumur. Əksinə, O bizdən gözləyir ki, fiziki və ruhani sağlamlığımızı qorumaq üçün əlimizdən gələni edək. (2 Korinflilərə 7:1 ayəsini oxuyun.) Nəyə görə həyatımızı, sağlamlığımızı qorumalıyıq və bunu necə edə bilərik?

HƏYAT ƏNAMINI QİYMƏTLƏNDİRİN

3. Sağlamlığımızı qorumağımızın səbəblərindən biri nədir?

3 Nəyə görə sağlamlığımızın qeydinə qalmalıyıq? Səbəblərdən biri odur ki, biz Yehovaya xidmətdə əlimizdən gələnin ən yaxşısını etmək istəyirik (Mark 12:30). İstəyirik ki, bədənimizi «diri, müqəddəs və məqbul qurban kimi Allaha təqdim [edək]» (Rom. 12:1). Ona görə də sağlamlığımıza xətər yetirəcək şeylərdən uzaq gəzirik. Bu o demək deyil ki, biz heç vaxt xəstələnməyəcəyik, amma yenə də, biz sağlamlığımızı qorumaq üçün əlimizdən gələni edirik. Çünki bununla səmavi Atamızın verdiyi həyat ənamını qiymətləndirdiyimizi göstəririk.

4. Davud padşah nə etməyə qətiyyətli idi?

4 Davud padşah Yehovanın verdiyi həyat ənamını nəyə görə bu qədər qiymətləndirdiyini belə izah etmişdi: «Ölsəm, qəbrə düşsəm, nə faydası? Torpaq Səni mədh edərmi? Sədaqətindən danışarmı?» (Zəb. 30:9). Ola bilsin, Davud bu sözləri həyatının sonuna yaxın qələmə almışdı. Amma o, Yehovanı mədh etmək üçün əlindən gələni edirdi ki, sağlamlığını qorusun və yaşasın. Şübhəsiz, biz də bunu istəyirik.

5. Qoca və ya xəstə olmağımızdan asılı olmayaraq, nə etməliyik?

5 Ola bilsin, xəstəlik və qocalıq ucbatından biz əvvəllər gördüyümüz işləri artıq görə bilmirik. Buna görə də kədərlənirik. Bununla belə, heç vaxt təslim olmamalıyıq və sağlamlığımıza barmaqarası baxmamalıyıq. Çünki nə qədər qoca, nə qədər xəstə olsaq da, Davud padşah kimi, Yehovaya həmdlər söyləyə bilərik. Qeyri-kamil olsaq da, Yehovanın bizə dəyər verdiyini bilmək bizə təsəlli verir (Mət. 10:29—31). Hətta ölsək də, O bizi dirildəcək (Əyy. 14:14, 15). Buna görə də sağ ikən sağlamlığımızı və həyatımızı qorumaq üçün əlimizdən gələni etməliyik.   

PİS VƏRDİŞLƏRDƏN UZAQ DURUN

6. Yeyib-içmək məsələlərində Yehova bizdən nə gözləyir?

6 Müqəddəs Kitab sağlamlığa qulluq və ya düzgün qidalanma haqqında kitab olmasa da, orada Yehovanın bu məsələlərə dair nöqteyi-nəzəri əks olunub. Məsələn, orada Yehova məsləhət görür ki, bədənimizə zərər yetirəcək şeyləri özümüzdən uzaqlaşdıraq (Vaiz 11:10). Müqəddəs Kitab bizə həm qarınqululuqdan, həm də sərxoşluqdan uzaq durmağı buyurur, çünki bu cür şeylər sağlamlığımıza zərər yetirə və hətta ölümümüzə səbəb ola bilər (Məs. 23:20). Yehova istəyir ki, biz nə və nə qədər yeyib-içəcəyimizə qərar verərkən özümüzə hakim olmağı bacaraq (1 Kor. 6:12; 9:25).

7. Məsəllər 2:11 ayəsindəki məsləhət bizə sağlamlığımızla bağlı düzgün qərar verməyə necə kömək edir?

7 Düşünülmüş, düzgün qərarlar verməklə biz Yehovanın verdiyi həyat ənamını qiymətləndirdiyimizi göstəririk (Zəb. 119:99, 100; Məsəllər 2:11 ayəsini oxuyun). Məsələn, nə yediyimizə fikir verməliyik. Ola bilsin, hansısa yeməyi xoşlayırıq, amma o, sağlamlığımıza pis təsir edir. Bu zaman biz hikmətli davranaraq həmin yeməkdən imtina edəcəyik. Həmçinin kifayət qədər yatmaqla, mütəmadi idman etməklə, gigiyenamızın qeydinə qalmaqla və evimizi təmiz saxlamaqla da sağlamdüşüncəli olduğumuzu göstərəcəyik.

TƏHLÜKƏLƏRDƏN QAÇIN

8. Təhlükəsizliyimizin Yehova üçün önəmli olduğu Müqəddəs Kitabdan necə görünür?

8 Yehova İsrail xalqını evdə və işdə yarana biləcək təhlükəli vəziyyətlərdən qorumaq üçün müəyyən göstərişlər vermişdi (Çıx. 21:28, 29; Qan. 22:8). Kimisə bilmədən öldürən insan bunun acı nəticələrini biçirdi (Qan. 19:4, 5). Hələ doğulmamış uşağa bilmədən xətər yetirən şəxs Qanuna əsasən, cəzalandırılmalı idi (Çıx. 21:22, 23). Müqəddəs Yazılardan aydın görünür ki, Yehova bizim təhlükəsizlik qaydalarına riayət etməyimizi istəyir.

Bu vəziyyətlərdə həyata hörmət etdiyimizi necə göstərə bilərik? (9-cu abzasa baxın)

9. Təhlükədən qaçmaq üçün nə etməliyik? (Həmçinin şəkillərə baxın.)

9 Yehovanın verdiyi həyat ənamına dəyər verdiyimizi evdə və işdə təhlükəsizlik qaydalarına riayət etməklə göstərmiş oluruq. Məsələn, biz iti əşyaları, zəhərli kimyəvi maddələri və dərmanları təhlükəsiz şəkildə atırıq və uşaqların əli çatan yerlərdə saxlamırıq. Alov, qaynar maye və elektrik cihazları ilə işləyərkən ehtiyatı əldən vermirik, onları nəzarətsiz qoymuruq. Diqqəti və çevikliyi azaldan dərman vasitələrindən, spirtli içkilərdən istifadə edərkən, eləcə də yuxusuz olarkən avtomobili idarə etməməliyik. Həmçinin biz bir əlimizdə telefonla maşını idarə etməməliyik.

FƏLAKƏT BAŞ VERƏNDƏ DÜZGÜN DAVRANIN

10. Fəlakətdən əvvəl və fəlakət zamanı nə edə bilərik?

10 Bəzən həyatımız üçün təhlükə yaradan hadisələrin qarşısını ala bilmirik, xüsusilə də təbii fəlakətlərin, epidemiyaların və şiddətli münaqişələrin. Fəlakət baş verən zaman komendant saatlarına, evakuasiya göstərişlərinə və fövqəladə vəziyyətlə bağlı qoyulan məhdudiyyətlərə əməl etməklə riski azalda, təhlükəsizliyimizi qoruya bilərik (Rom. 13:1, 5—7). Bəzi fəlakətlərin baş verəcəyini əvvəlcədən bilmək olur. Belə hallarda hökumətin verdiyi göstərişlərə riayət etmək hikmətli hərəkət olardı. Yaxşı olardı ki, ehtiyatda su, tez xarab olmayan qida saxlayaq, ilk tibbi yardım çantası hazırlayaq.

11. Yoluxucu xəstəlik yayılan zaman nə etməliyik?

11 Bəs yaşadığımız ərazidə yoluxucu xəstəlik yayılan zaman nə etməliyik? Dövlətin verdiyi təhlükəsizlik qaydalarına əməl etməliyik. Məsələn, əllərimizi yumalıyıq, fiziki məsafə saxlamalıyıq, maska taxmalıyıq və karantin qaydalarına riayət etməliyik. Bu qaydalara əməl etməklə Allahın verdiyi həyat ənamını qiymətləndirdiyimizi göstəririk.

12. Məsəllər 14:15 ayəsindəki prinsip fəlakət zamanı eşitdiyimiz xəbərlərlə bağlı seçici olmağa necə kömək edə bilər?

12 Fövqəladə vəziyyət zamanı biz dostlarımızdan, qonşularımızdan, kütləvi informasiya vasitələrindən dəqiq olmayan məlumatlar eşidirik. Odur ki, eşitdiyimiz «hər sözə» inanmaq əvəzinə, hökumətin və səhiyyə işçilərinin verdiyi məlumatı ən düzgün şəkildə çatdıran etibarlı mənbələrə qulaq asmalıyıq. (Məsəllər 14:15 ayəsini oxuyun.) Rəhbərlik Şurası və filiallar yığıncaq görüşləri, təbliğ işi ilə bağlı göstəriş verməzdən əvvəl dəqiq məlumat almaq üçün əllərindən gələni edirlər (İbr. 13:17). Onların verdiyi göstərişlərə əməl etməklə həm özümüzü, həm də başqalarını təhlükədən qoruya bilərik. Üstəlik, bu cür davranışımız insanlarda Yehovanın Şahidləri haqda müsbət fikir yaradacaq (1 But. 2:12).

QANDAN UZAQ DURUN

13. Qanla bağlı məsələlərdə həyat ənamını qiymətləndirdiyimizi necə göstəririk?

13 Yehovanın Şahidləri qanın müqəddəsliyinə hörmət etmələri ilə tanınırlar. Biz hətta təcili tibbi yardım zamanı qanköçürmədən imtina etməklə Yehovanın qanla bağlı qanununa tabe oluruq (Həv. 15:28, 29). Amma bu o demək deyil ki, biz ölmək istəyirik, əksinə, biz Allahın verdiyi həyat ənamını qiymətləndiririk. Qanköçürmə ilə bağlı olmayan müalicə üsulları təqdim edən həkimlərin köməyinə üz tuturuq.

14. Ciddi müalicəyə ehtiyacımızın olmaması üçün nə edə bilərik?

14 Bu məqalənin əvvəlində qeyd olunan təhlükəsizliklə bağlı tövsiyələrə əməl etsək, ciddi müalicəyə bir o qədər ehtiyacımız olmayacaq. Sağlam olsaq, hətta əməliyyat keçirməli olsaq belə tez sağalacağıq. Biz həmçinin evdə və işdə təhlükəsizlik tədbirlərinə, eləcə də yol hərəkəti qaydalarına riayət etsək, gözlənilməz təcili əməliyyatlara ehtiyac olmayacaq.

Həyat ənamına hörmət etdiyimiz üçün «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə» sənədini doldururuq və onu həmişə yanımızda saxlayırıq (15-ci abzasa baxın) d

15. a) «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə» sənədini həmişə yanımızda saxlamaq nəyə görə vacibdir? (Həmçinin şəklə baxın.) b) Videoda göstərildiyi kimi, qanla bağlı qərar verərkən haradan məlumat tapa bilərik?

15 Həyat ənamını qiymətləndirdiyimiz üçün biz «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə» b sənədini doldururuq və onu həmişə yanımızda saxlayırıq. Bu sənəddə qanköçürmə və digər müalicə üsulları ilə bağlı mövqeyimizi qeyd edirik. Bəs sizin «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə» sənədinizdəki məlumatları yeniləməyə ehtiyac var? Əgər siz bu sənədi doldurmalı və yaxud yeniləməlisinizsə, bunu gecikdirməyin. Mövqeyimizi aydın şəkildə yazsaq, həkimlər təcili tibbi müdaxilə zamanı vaxt itirmədən bizə kömək edə biləcəklər. Bundan əlavə, tibb işçiləri hansı müalicə üsulunun və dərmanların bizim üçün təhlükəli olduğunu biləcək və ondan istifadə etməyəcək c.

16. «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə» sənədini necə dolduracağınızı bilmirsinizsə, nə edə bilərsiniz?

16 Nə qədər gənc, sağlam olmağımızdan asılı olmayaraq, qəzalar, xəstəliklər qaçınılmazdır (Vaiz 9:11). Ona görə də «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə» sənədini doldurmaq ağıllı hərəkət olardı. Əgər bu sənədi necə dolduracağınızı dəqiq bilmirsinizsə, ağsaqqallarınızdan kömək istəyin. Onlar sizə bu sənədi necə doldurmalı olduğunuzu izah edəcəklər, amma hansı müalicə üsulunu seçəcəyinizi siz özünüz qərarlaşdırmalısınız. Bu sizin məsuliyyətinizdir (Qal. 6:4, 5). Bununla belə, qardaşlar sizə kömək edəcək ki, tibbi prosedurları başa düşəsiniz və seçiminizi yazılı şəkildə, aydın ifadə edə biləsiniz.

DƏRRAKƏLİ OLUN

17. Sağlamlıq məsələlərində dərrakəli olduğumuzu necə göstərə bilərik?

17 Sağlamlıqla, müalicələrlə bağlı qərarların çoxunu Müqəddəs Kitabla tərbiyə olunmuş vicdanımız əsasında veririk (Həv. 24:16; 1 Tim. 3:9). Qərar verərkən, bunu başqaları ilə müzakirə edərkən yaxşı olardı ki, Filippililərə 4:5 ayəsindəki prinsipi tətbiq edək. Ayədə yazılıb: «Qoy hamı sizi dərrakəli adam kimi tanısın». Dərrakəli olsaq, sağlamlığımıza görə həddən artıq narahat olmayacağıq və başqalarını məcbur etməyəcəyik ki, hansısa tibbi prosedurlarla bağlı bizimlə eyni fikirdə olsunlar. Bacı-qardaşlarımızın verdiyi qərarlar bizimkindən fərqli olsa da, biz onları sevirik, qərarlarına hörmət edirik (Rom. 14:10—12).

18. Həyat ənamına görə minnətdar olduğumuzu necə göstərə bilərik?

18 Biz həyat mənbəyi olan Yehovaya minnətdar olduğumuzu Onun üçün əlimizdən gələnin ən yaxşısını etməklə və həyatımızı qorumaqla göstəririk (Vəhy 4:11). Düzdür, indi xəstəliklər, fəlakətlər qaçınılmazdır. Amma unutmamalıyıq ki, Yaradanımızın bizimlə bağlı niyyəti bu deyildi. Tezliklə, O bizə ağrı-acının, ölümün olmadığı əbədi həyat bəxş edəcək (Vəhy 21:4). Bu vaxt ərzində isə sağlamlığımızın qeydinə qalıb, səmavi Atamız Yehovaya xidmət etmək necə də xoşdur!

NƏĞMƏ 140 Nəhayət, sonsuz həyat!

a Bu məqalə bizə Allahın verdiyi həyat ənamını daha çox qiymətləndirməyə kömək edəcək. Görəcəyik ki, fəlakət baş verəndə sağlamlığımızı və həyatımızı qorumaq üçün, eləcə də təhlükəli vəziyyətlərdən qaçmaq üçün hansı addımları ata bilərik. Həmçinin müzakirə edəcəyik ki, təcili tibbi müdaxiləyə hazır olmaq üçün nələr edə bilərik.

b Bu sənəd həmçinin «Qan olmaz» adlanır.

c jw.org saytında «Müalicə zamanı qanla bağlı necə qərar verməli?» adlı videoya baxın.

d ŞƏKLİN İZAHI. Gənc qardaş «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə» sənədini doldurur və onu özü ilə götürür.