Kontentə keç

Mündəricatı göstər

Yehova əbədiyyət boyu adını ucaldacaq

Oxucuların sualları

Oxucuların sualları

«Gözətçi qülləsi» jurnalının 2020-ci il iyun sayında yerləşən «Qoy adın müqəddəs tutulsun» məqaləsində Yehovanın adı və hakimiyyəti ilə bağlı məsələyə hansı aydınlıq gətirilmişdir?

Həmin məqalədə öyrənmişdik ki, bütün insanlara aid bir mühüm məsələ var: Yehovanın adının müqəddəs tutulması. Hakimiyyət məsələsi, yəni Yehovanın idarəetmə tərzinin ən ali olması bu mühüm məsələnin bir yönüdür. Həmçinin insanların Yehovaya sadiq qalıb-qalmaması da bu məsələnin yönlərindən biridir.

Nəyə görə deyə bilərik ki, ən mühüm məsələ Yehovanın adı və onun müqəddəs tutulmasıdır? Gəlin bunun üç səbəbinə baxaq.

Şeytan Ədən bağındakı üsyandan bəri Allahın adına qara yaxır

Birincisi, Ədən bağında Şeytan Yehovanın adını bədnam etdi. O, Həvvaya hiyləgər bir sual verdi: «Doğrudanmı, Allah sizə deyib ki, bağdakı hər ağacın meyvəsindən yeməyəsiniz?» (Yar. 3:1). O bununla demək istəyirdi ki, Yehova səxavətli deyil və bəndələrinə yersiz məhdudiyyətlər qoyub. Şeytan Yehovanın hər dediyinin əksini söyləyib bir növ Onu yalançı adlandırdı. Bununla da o, Yehovanın adına böhtan atdı və nəticədə «böhtançı» mənasını verən «İblis» adlanmağa başladı (Yəh. 8:44). Həvva Şeytanın yalanlarına inandığı üçün Yehovaya itaətsizlik etdi və bununla da Onun hakimiyyətinə qarşı çıxdı (Yar. 3:2—6). Şeytan bu günə kimi Yehovanın necə bir Varlıq olduğu ilə bağlı yalanlar yayaraq Onun adına qara yaxır. Bu yalanlara inananların Yehovaya itaətsizlik etmək ehtimalı daha çoxdur. Buna görə də Yehovanın müqəddəs adına atılan böhtanlar Onun xalqı üçün ən böyük haqsızlıqdır. Dünyadakı əzab-əziyyətin və pisliyin kökündə elə bu durur.

İkincisi, bütün şüurlu varlıqların xeyri naminə Yehova Öz adına bəraət qazandıracaq, onu bütün böhtanlardan təmizləyəcək. Bu, Yehova üçün ən ümdə məsələdir. Elə buna görə də O deyir: «Ulu adımın müqəddəsliyini göstərəcəyəm» (Hizq. 36:23). Həmçinin İsa demişdi: «Qoy adın müqəddəs tutulsun» (Mət. 6:9). Bu zaman göstərmişdi ki, bu, Yehovanın sadiq xidmətçilərinin duasının əsas mövzusu olmalıdır. Müqəddəs Kitabda Yehovanın adının ucalmasının vacibliyi dəfələrlə vurğulanır. Həmin ayələrdən bəziləri bunlardır: «Yehovaya adına layiq şərəf verin!» (1 Saln. 16:29; Zəb. 96:8). «Onun şanlı adına nəğmələr oxu» (Zəb. 66:2). «Əbədiyyən adını mədh edəcəyəm» (Zəb. 86:12). Bir dəfə Yerusəlimdə məbəddə İsa Yehovaya belə demişdi: «Ata, Öz adını ucalt». Yehova da göydən şəxsən Özü danışaraq belə cavab vermişdi: «Ucaltmışam, yenə də ucaldacağam» (Yəh. 12:28) a.

Üçüncüsü, Yehovanın niyyəti odur ki, müqəddəs adı əbədiyyət boyu uca tutulsun. Gəlin düşünək: Məsihin minillik hakimiyyəti və sonuncu sınaq bitəndən sonra vəziyyət necə olacaq? Ən mühüm məsələyə, Yehovanın adının müqəddəs tutulması məsələsinə görə şüurlu varlıqlar arasında yenə də haçalanma olacaq? Bu suala cavab vermək üçün gəlin bu mühüm məsələnin iki yönünü yadımıza salaq: insanların sədaqəti və ali hakimiyyət məsələsi. Artıq Yehovaya sadiq olduğunu sübut etmiş insanlar yenə də sədaqətlərini sınayan vəziyyətlərlə üzləşəcəklər? Xeyr. Onlar artıq kamil və tam sınanmış olacaqlar. Qarşıda onları əbədi həyat gözləyəcək. Bəs ali hakimiyyət məsələsi barədə nə demək olar? Bu məsələ də öz həllini tapacaq. Çünki göydə və yerdə bütün xilqət arasında birlik olacaq. Allahın idarəetmə tərzinin adil və ali olduğu birdəfəlik sübut olunacaq. Bəs həmin vaxt Yehovanın adı ilə bağlı məsələ hələ də ən mühüm məsələ olaraq qalacaq?

Yehovanın adı ona atılan ləkədən birdəfəlik təmizlənəcək. Amma Yehovanın göydə və yerdə olan bütün xidmətçiləri üçün Onun adının müqəddəsliyi yenə də mühüm məsələ olacaq. Çünki Yehova möhtəşəm işlər görməyə davam edəcək. Bir düşünün: İsa təvazökarlıqla bütün hakimiyyəti Yehovaya verəcək və Yehova «hər kəs üçün hər şey» olacaq (1 Kor. 15:28). Bundan sonra yer üzündəki bütün insanlar «Allahın övladlarının şanlı azadlığına» qovuşacaq (Rom. 8:21). Nəhayət, Yehovanın göydə və yerdə olan xidmətçilərini bir ailədə birləşdirmək niyyəti tamamilə gerçəkləşəcək (Efes. 1:10).

Bütün bu baş verənlərdən sonra Yehovanın göydəki və yerdəki ailəsi hansı hissləri keçirəcək? Söz yox ki, biz daima Allahın o gözəl adını şərəfləndirmək istəyi ilə alışıb-yanacağıq. Məzmurçu Davud yazmışdı: «Alqış olsun, Yehova Allaha… Alqış olsun, daima Onun uca adına» (Zəb. 72:18, 19). Bütün əbədiyyət boyu Yehovanın adını ucaltmaq üçün həmişə yeni, bizi cuşa gətirən səbəblərimiz olacaq.

Yehovanın adı Onun haqda hər şeyi ehtiva edir. Deməli, Yehovanın adı haqda düşünəndə ilk olaraq ağlımıza Onun məhəbbəti gəlir (1 Yəh. 4:8). Biz həmişə xatırlayacağıq ki, Yehova məhəbbətdən irəli gələrək bizi yaradıb, məhəbbətdən irəli gələrək fidyə qurbanlığı verib və məhəbbətdən irəli gələrək idarəetmə tərzinin ədalətli olduğunu sübut edib. Bununla yanaşı, biz Yehovanın məhəbbətini üzərimizdə hiss etməyə davam edəcəyik. Əbədiyyət boyu bizim ürəyimizdə Atamıza yaxınlaşmaq və Onun şanlı adına nəğmələr ucaltmaq istəyi olacaq (Zəb. 73:28).

a Müqəddəs Kitabdan görürük ki, Yehova «Öz adı naminə» nə lazımdırsa edir. Məsələn, O, xalqına rəhbərlik edir, kömək edir, onları xilas edir, bağışlayır və canlarını qoruyur. Bütün bunları ulu adı — Yehova adı naminə edir (Zəb. 23:3; 31:3; 79:9; 106:8; 143:11).