Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 43

Yehova sizi güclü edəcək

Yehova sizi güclü edəcək

«[Yehova] təliminizi başa çatdıracaq, sizi güclü, mətin, sarsılmaz edəcək» (1 BUT. 5:10).

NƏĞMƏ 38 Allah səni güclü edəcək

İCMAL a

1. Qədimdə Allahın xidmətçiləri nəyin sayəsində güclü idilər?

 ALLAHIN KƏLAMINDA Onun sadiq xidmətçiləri güclü insanlar kimi təsvir olunub. Amma onların arasından ən güclüləri belə özlərini heç də həmişə güclü hesab etmirdilər. Məsələn, Davud padşah bəzən özünü «dağtək sarsılmaz» hiss edirdi, bəzən isə canına qorxu düşürdü (Zəb. 30:7). Yehovanın ruhu Şimşona qeyri-adi güc verirdi. Şimşon başa düşürdü ki, Yehovanın verdiyi güc olmasa, o, «gücdən düşüb adi adam kimi olar» (Hak. 14:5, 6; 16:17). Bu sadiq insanlar Yehovanın sayəsində güclü idi.

2. Nəyə görə həvari Bulus həm zəif, həm də güclü olduğunu demişdi? (2 Korinflilərə 12:9, 10).

2 Həvari Bulus Yehovadan gələn gücə ehtiyac duyduğunu başa düşürdü. (2 Korinflilərə 12:9, 10 ayələrini oxuyun.) Bizim kimi bəzən Bulus da səhhətindəki problemlərlə mübarizə aparırdı (Qal. 4:13, 14). Hərdən ona düzgün davranmaq çətin olurdu (Rom. 7:18, 19). Bəzən isə narahatlıq, naməlumluq onu sıxırdı (2 Kor. 1:8, 9). Amma Bulus zəif olanda güclü idi. Çünki Yehova ona ehtiyac duyduğu gücü verirdi.

3. Bu məqalədə hansı suallara cavab tapacağıq?

3 Yehova bizi də güclü edəcəyinə söz verir (1 But. 5:10). Amma əlimizi əlimizin üstünə qoyub Yehovanın bizə güc verəcəyinə ümid etməməliyik. Məsələn, mühərrik maşını hərəkətə gətirir. Amma maşını yerindən tərpətmək üçün sürücü gərək qaz pedalına bassın. Eynilə Yehova da bizə güc verməyə hazırdır, amma bizdən müəyyən addımlar atmaq tələb olunur. Bəs güclü olmağımız üçün Yehova bizə nələr verib? Bu gücü almaqdan ötrü biz nə etməliyik? Bu suallara cavab tapmaq üçün gəlin görək Yehova Yunus peyğəmbərə, İsanın anası Məryəmə və həvari Bulusa necə güc vermişdi. Görəcəyimiz kimi Yehova eyni üsullarla bu gün də xidmətçilərini gücləndirir.

DUA VƏ MÜTALİƏ SİZƏ GÜC VERƏCƏK

4. Hansı üsullarla Yehovadan güc ala bilərik?

4 Yehovadan güc almağın bir yolu dua etməkdir. Dualarımıza cavab olaraq Yehova bizə «insan gücündən üstün olan güc» verə bilər (2 Kor. 4:7). Biz həmçinin Onun Kəlamını oxuyub üzərində düşünəndə də güclənirik (Zəb. 86:11). Kəlamda yazılan sözlər «qüdrətlidir» (İbr. 4:12). Yehovaya dua edəndə və Kəlamını oxuyanda dözüm göstərmək, sevincimizi qorumaq, həmçinin çətin tapşırığın öhdəsindən gəlmək üçün güc tapırıq. Görək Yehova Yunus peyğəmbəri necə möhkəmləndirmişdi.

5. Nəyə görə Yunus peyğəmbərə güc lazım idi?

5 Yunus peyğəmbərdə cəsarət çatışmırdı. O, Yehovanın ona verdiyi tapşırıqdan qorxub başqa istiqamətə qaçmışdı. Bunun ucbatından o, az qala güclü fırtınada həyatını itirəcəkdi. Üstəlik, Yunus gəmidə onunla birlikdə olanların da həyatını təhlükəyə atmışdı. Dənizçilər onu gəmidən dənizə atanda nəhəng bir balıq onu uddu. Yunus heç vaxt belə bir qorxunc yerdə olmamışdı. Sizcə, həmin vaxt o hansı hissləri keçirirdi? Bəlkə də elə bu balığın qarnındaca öləcəyini, ya da Yehovanın ondan üz döndərdiyini fikirləşirdi. Yəqin, Yunusun içi içini yeyirdi.

Çətinliklər zamanı Yunus peyğəmbər kimi haradan güc tapa bilərik? (6—9 abzaslara baxın)

6. Yunus 2:1, 2, 7 ayələrinə əsasən balığın qarnında olarkən Yunusa nə güc vermişdi?

6 Yunus tək-tənha balığın qarnında olan vaxt özündə güc tapmaq üçün nə etdi? O, dua etdi. (Yunus 2:1, 2, 7 ayələrini oxuyun.) Yunus Yehovanın sözündən çıxsa da, əmin idi ki, Yehova bu peşman bəndəsinin duasını dinləyəcək. Həmçinin o, Allahın Kəlamında yazılanlar barədə düşünürdü. Bunu nəyə əsasən deyə bilərik? «Yunus» kitabının ikinci fəslində onun duası yazılıb. Həmin duada o, «Zəbur» kitabında olan sözləri və ifadələri işlətmişdi. (Məsələn, Yunus 2:2, 5 ayələrini Zəbur 69:1; 86:7 ayələri ilə əlaqələndirin.) Bu, aydın göstərir ki, Yunus həmin ayələri yaxşı bilirdi. Həyatının bu çətin anlarında o həmin ayələr barədə düşünüb Yehovanın ona kömək olacağına əmin olurdu. Yehova Yunusu balığın qarnından qurtardı, artıq o, aldığı tapşırığı yerinə yetirməyə hazır idi (Yun. 2:10—3:4).

7, 8. Tayvandan olan bir qardaşa sınaqlara dözməyə nə güc vermişdi?

7 Biz müxtəlif sınaqlarla üzləşirik və bu zaman Yunusun nümunəsi bizə çox kömək ola bilər. Məsələn, Tayvandan olan Zamiq b qardaşın səhhətində ciddi problemlər var. Bir tərəfdən də ailəsi Yehovaya imanına görə ona zülm verir. Zamiq dua və mütaliə vasitəsilə Yehovadan güc alır. O belə deyir: «Düzünü desəm, bəzən problem yarananda o qədər fikir çəkirəm ki, sakitləşib mütaliə belə edə bilmirəm». Amma Zamiq qoymur ki, bu ona mütaliə etməyə mane olsun. O deyir: «Əvvəlcə mən Yehovaya dua edirəm. Sonra qulaqcığımı taxıb nəğmələrimizi dinləyirəm. Hərdən hətta onları zümzümə də edirəm, ta ki sakitləşənə qədər. Sonra da mütaliə etməyə başlayıram».

8 Fərdi mütaliə Zamiqə ağlına belə gəlməyən tərzdə güc verib. Məsələn, bir dəfə o, ciddi əməliyyat keçirmişdi. Tibb bacısı ona demişdi ki, əməliyyatdan sonra orqanizmin bərpa olunması üçün ona qan köçürülməlidir, çünki qırmızı qan hüceyrələrinin sayı çox aşağı idi. Əməliyyatdan əvvəlki gecə Zamiq eyni əməliyyat keçirmiş bir bacı haqda oxumuşdu. Bacının qırmızı qan hüceyrələrinin sayı Zamiqinkindən də aşağı düşmüşdü. Amma bacı buna baxmayaraq, yenə də qanköçürməyə razı olmamışdı və sonra sağalmışdı. Bu hadisə Zamiqə Yehovaya sadiq qalmaq üçün güc verdi.

9. Çətinliklər zamanı özünüzü zəif hiss edirsinizsə, nə edə bilərsiniz? (Həmçinin şəkillərə baxın.)

9 Olub ki, çətinliyiniz olan zaman narahatlıqdan duada nə deyəcəyinizi bilməmisiniz, ya da mütaliə etməyə taqətiniz olmayıb? Unutmayın ki, Yehova sizin vəziyyətinizi çox yaxşı başa düşür. Həmin vaxt qısa dua etsəniz də, əmin ola bilərsiniz ki, Yehova sizə lazımi köməyi göstərəcək (Efes. 3:20). Əgər fiziki və ya emosional ağrıya görə oxumaq, mütaliə etmək çətindirsə, Müqəddəs Kitabın və ya ona əsaslanan nəşrlərin audioyazısına qulaq asın. Həmçinin jw.org saytından hansısa mahnını dinləyə və ya videoya baxa bilərsiniz. Dua edəndə və nəşrlərimizdən duanıza cavab axtaranda sanki Yehovaya deyirsiniz: «Məni güclü et».

DİNDAŞLARINIZ SİZƏ GÜC VERƏCƏK

10. Dindaşlarımız bizi necə möhkəmləndirir?

10 Yehova bizi iman bacı-qardaşlarımız vasitəsilə möhkəmləndirə bilər. Sınaqlarla üzləşəndə və ya təyinatımızı yerinə yetirməyə çətinlik çəkəndə onlar bizə «dayaq» ola bilər (Kol. 4:10, 11). Əsas da «dar gün»də dostlara ehtiyac duyuruq (Məs. 17:17). Zəif vaxtlarımızda dindaşlarımız bizim ehtiyacımızı ödəyə bilər, təsəlli verə bilər və Yehovaya sadiq qalmağa təşviq edə bilər. Gəlin görək Yehova xidmətçiləri vasitəsilə Məryəmi necə gücləndirmişdi.

11. Nəyə görə Məryəmin gücə ehtiyacı var idi?

11 Məryəmə Yehovanın iradəsini yerinə yetirmək üçün güc lazım idi. Cəbrayıl mələk ona ağır bir tapşırıq vermişdi. Təsəvvür edirsiniz, o bu tapşırığı alanda nə qədər həyəcan keçirmişdi?! O, ərdə olmaya-olmaya hamilə qalacaqdı. Məryəm indiyə kimi uşaq böyütməmişdi, amma indi gələcək Məsihi böyütməli idi. Üstəlik, o heç vaxt cinsi əlaqədə olmamışdı. Görəsən, Məryəm nişanlısı Yusifə hamilə olacağını necə açıqlayacaqdı? (Luka 1:26—33).

12. Luka 1:39—45 ayələrinə əsasən Məryəmə nə güc verdi?

12 Məryəm qeyri-adi və olduqca məsuliyyətli olan bu təyinatını yerinə yetirmək üçün haradan güc tapdı? O başqalarının köməyinə üz tutdu. Məsələn, Cəbrayıl mələkdən bu tapşırıqla bağlı əlavə məlumat istədi (Luka 1:34). Bundan bir az sonra Yəhudanın dağlıq bölgəsində yaşayan qohumu İlsəbagilə getdi. Ora getməyə dəyərdi! İlsəba Məryəmi təriflədi və onun hələ dünyaya gəlməmiş övladı barədə Yehovanın ilhamı ilə peyğəmbərlik söylədi. (Luka 1:39—45 ayələrini oxuyun.) Bu peyğəmbərlik Məryəmi çox ruhlandırdı. Məryəm dedi ki, Yehova «qolunun qüvvəti ilə böyük işlər gördü» (Luka 1:46—51). Beləliklə, Yehova Cəbrayıl mələk və İlsəba vasitəsilə Məryəmə güc verdi.

13. Boliviyadan olan bir bacı dindaşlarından kömək istəməyin hansı xeyrini gördü?

13 Məryəm kimi siz də dindaşlarınızdan güc ala bilərsiniz. Boliviyada yaşayan Dasuri bacının belə bir gücə ehtiyacı var idi. Onun atası ölümcül xəstəliyə tutulmuşdu və xəstəxanaya yerləşdirilmişdi. Dasuri atasının yanında olub canla-başla onun qeydinə qalırdı (1 Tim. 5:4). Amma bu, həmişə asan olmurdu. Dasuri deyir: «Dəfələrlə olub ki, daha bacarmayacağımı düşünmüşəm». Bəs o kimdənsə kömək istəyirdi? Əvvəl-əvvəl yox. Dasuri sözünə əlavə edir: «Heç kimə əziyyət vermək istəmirdim. Düşünürdüm ki, nə kömək lazımdırsa, Yehova Özü edəcək. Amma sonra başa düşdüm ki, özümü başqalarından təcrid etməklə problemlərimi təkbaşına həll etməyə çalışıram» (Məs. 18:1). Dasuri bir neçə dostuna məktub yazıb hansı vəziyyətdə olduğunu onlara bildirdi. O deyir: «Əziz dindaşlarımın məni necə möhkəmləndirdiyini heç bir sözlə ifadə edə bilmərəm. Onlar xəstəxanaya yemək gətirirdilər, ruhlandırıcı ayələr bölüşürdülər. Tək olmadığımızı bilmək çox gözəl hissdir. Biz Yehovanın böyük ailəsinin bir hissəsiyik. O ailə ki çətin anında sənə kömək əli uzatmağa, səninlə birlikdə ağlamağa, səninlə bərabər mübarizə aparmağa hazırdır!»

14. Nəyə görə ağsaqqalların köməyini qəbul etməliyik?

14 Yehovanın bizi möhkəmləndirmək üçün istifadə etdiyi bir mənbə də ağsaqqallardır. Onlar təravət və güc tapmağımız üçün bizə verilən bir hədiyyədir (Əşy. 32:1, 2). Ona görə də nəyinsə fikrini çəkəndə dərdinizi ağsaqqallara danışın. Onlar sizə kömək təklif edəndə bunu qəbul edin. Yehova onların vasitəsilə sizi güclü edəcək.

GƏLƏCƏYƏ ÜMİD SİZƏ GÜC VERƏCƏK

15. Bütün məsihilərin hansı ümidi var?

15 Müqəddəs Kitabdakı vədlərə ümidimiz bizə güc verir (Rom. 4:3, 18—20). Bizim ya yer üzündə cənnətdə, ya da səmavi Padşahlıqda əbədi yaşamaq imkanımız var. Ümidimiz bizə sınaqlara dözməyə, xoş müjdəni təbliğ etməyə və yığıncaqda müxtəlif tapşırıqları yerinə yetirməyə güc verir (1 Salon. 1:3). Bu ümid həvari Bulusu da gücləndirmişdi.

16. Nəyə görə həvari Bulusun gücə ehtiyacı var idi?

16 Bulusa çətinliklərə dözmək üçün güc lazım idi. O, korinflilərə məktubunda özünü zərif saxsı qaba bənzətmişdi. O yazmışdı ki, «çaşqınlıq» içindədir, onu «sıxışdırırlar», «təqib edirlər», «vurub yerə səriblər», hətta bəzən həyatı ipdən asılı olub (2 Kor. 4:8—10). Bulus bu sözləri üçüncü təbliğ səyahəti zamanı yazmışdı. Həmin vaxt heç xəbəri də yox idi ki, qarşıda onu nə qədər bəla gözləyir. O, kütlənin hücumuna məruz qaldı, tutuldu, gəmi qəzasına uğradı və həbs olundu.

17. 2 Korinflilərə 4:16—18 ayələrinə əsasən Bulusa sınaqlara dözməyə nə güc verdi?

17 Ümidi barədə düşünmək Bulusa güc verirdi. (2 Korinflilərə 4:16—18 ayələrini oxuyun.) O, korinflilərə demişdi ki, bədəni «zahirən solsa» da, buna görə ruhdan düşməyəcək. Bulus fikrini gələcəyə cəmləmişdi. Göydə əbədi yaşamaq ümidi onun üçün möhtəşəm calal idi, bundan ötrü istənilən çətinliyə dözməyə dəyərdi. Bulus bu ümidi barədə çox düşünürdü, bunun da sayəsində «günbəgün yeniləşir»di.

18. Gələcəyə ümid Tixomirə və ailəsinə necə güc verir?

18 Gələcəyə ümid Bolqarıstanda yaşayan Tixomir qardaşa da güc verir. Bir neçə il bundan əvvəl onun kiçik qardaşı Zdravko avtomobil qəzasında həyatını itirib. Tixomir bir müddət özünə gələ bilmədi. Bu faciəyə dözmək üçün o, həyat yoldaşı və oğlu ilə birgə dirilməni təsəvvüründə canlandırır. Tixomir bölüşür: «Biz Zdravko ilə harada görüşəcəyimizi, ona hansı yeməkləri bişirəcəyimizi, o qayıdanda ilk qonaqlığa kimləri çağıracağımızı və ona axırzamanla bağlı nələri danışacağımızı müzakirə edirik». Tixomir deyir ki, bu ümid sayəsində onlar özlərində dözmək üçün güc tapırlar və qardaşının diriləcəyi günü səbirlə gözləyə bilirlər.

Yeni dünyada həyatınızı necə təsəvvür edirsiniz? (19-cu abzasa baxın) c

19. Ümidinizi necə möhkəmləndirə bilərsiniz? (Həmçinin şəklə baxın.)

19 Bəs siz ümidinizi necə möhkəmləndirə bilərsiniz? Əgər yer üzündə əbədi yaşamağa ümid edirsinizsə, Müqəddəs Kitabdan Cənnətlə bağlı yazılanları oxuyun və bu barədə düşünün (Əşy. 25:8; 32:16—18). Yeni dünyadakı həyatı xəyalınızda canlandırın. Elə təsəvvür edin ki, sanki oradasınız. Ətrafınızda kimlər var? Hansı səsləri eşidirsiniz? Nə hiss edirsiniz? Fantaziyanızı artırmaq üçün nəşrlərimizdə Cənnətin təsvir olunduğu şəkillərə baxın, yaxud «Yeni dünya yaxın», «Cənnətə səyahət» və «Yeni dünya yaxındır» adlı musiqili videolara da baxa bilərsiniz. Əgər gələcəyə ümidimiz daim ağlımızda olsa, indiki problemlərimiz bizim üçün «qısamüddətli və yüngül» görünəcək (2 Kor. 4:17). Yehova verdiyi ümid vasitəsilə sizi güclü edəcək.

20. Zəif olsaq da, haradan güc tapa bilərik?

20 Biz zəif olsaq da, «Allahdan güc» alacağıq (Zəb. 108:13). Yehova bu gücü almağımız üçün lazım olan hər şeyi verib. Ola bilər ki, təyinatınızı yerinə yetirmək, sınağa tab gətirmək, ya da sevincinizi qorumaq sizə çətin olsun. Bu zaman Yehovaya hərarətlə dua edin və Onun köməyini görmək üçün fərdi mütaliə edin. Bacı-qardaşların dəstəyini qəbul edin. Ümidinizi ağlınızda daima canlı tutun. Onda «hər şeyə sevinclə və səbirlə tab gətirmək üçün Onun şanlı qüdrətindən böyük güc» alacaqsınız (Kol. 1:11).

NƏĞMƏ 33 Qayğı yükünü Yehovaya ver

a Bu məqalə özlərini sınaqlar qarşısında aciz hiss edən, ya da aldığı tapşırığı yerinə yetirə bilməyəcəyini düşünən kəslər üçün nəzərdə tutulub. Məqalədən görəcəyik ki, Yehova bizi necə gücləndirir və Onun köməyini almaq üçün biz nə etməliyik.

b Bəzi adlar şərtidir.

c ŞƏKLİN İZAHI. Eşitmə qüsurlu bir bacı Müqəddəs Kitabdakı vədlər barədə düşünür və yeni dünyada həyatın necə olacağını daha canlı təsəvvür etmək üçün musiqili videoya baxır.