Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 45

Ruhani məbəddə dəyərli yeriniz var

Ruhani məbəddə dəyərli yeriniz var

«Göyü, yeri, dənizi və bulaqları yaradana təzim edin» (VƏHY 14:7).

NƏĞMƏ 93 Görüşlərimizə xeyir-dua ver

İCMAL a

1. Bir mələk nə deyir və onun sözləri bizim üçün hansı əhəmiyyəti daşıyır?

 ƏGƏR sizinlə mələk danışsaydı, ona qulaq asardınız? Bu gün bir mələk «hər xalqa, tayfaya, dilə və ümmətə» car çəkib deyir: «Allahdan qorxun, Onu ucaldın... Göyü, yeri... yaradana təzim edin» (Vəhy 14:6, 7). Yehova tək gerçək Allahdır və hər kəs Ona ibadət etməlidir. O bizə böyük ruhani məbədində Ona ibadət etmək imkanı verib. Buna görə Yehovaya çox minnətdarıq!

2. Yehovanın ruhani məbədi nədir? (Həmçinin « Ruhani məbəd nə deyil?» adlı çərçivəyə baxın.)

2 Bəs ruhani məbəd nədir? Onun haqda daha ətraflı haradan öyrənə bilərik? Ruhani məbəd həqiqi tikili deyil. Ruhani məbəd Yehovanın İsa Məsihin fidyə qurbanlığı əsasında ibadət üçün təsis etdiyi quruluşdur. Həvari Bulus bu quruluş barədə ətraflı məlumat vermişdi. Onun birinci əsrdə yaşayan ibrani məsihilərə yazdığı məktubdan b bu haqda oxuya bilərik.

3, 4. Bulus Yəhudiyyədə yaşayan ibrani məsihilər üçün nəyə görə narahat idi və onlara necə kömək etdi?

3 Nəyə görə Bulus Yəhudiyyədə yaşayan ibrani məsihilərə məktub yazmışdı? Bunun iki səbəbi ola bilərdi. Birincisi, o həmin məsihiləri ruhlandırmaq istəyirdi. Onların əksəriyyəti yəhudi dinində böyümüşdülər. Bəlkə də keçmiş din xadimləri onları məsihiliyi qəbul etdiklərinə görə ələ salırdı. Çünki məsihilərin Allaha ibadət etmək üçün məbədi, qurban gətirmək üçün qurbangahı, onlara xidmət edən kahinləri yox idi. Bu vəziyyət Məsihin davamçılarının ruhdan düşməsinə, imanlarının zəifləməsinə gətirib çıxa bilərdi (İbr. 2:1; 3:12, 14). Hətta ola bilsin, kimsə iudaizmə geri dönməyi düşünürdü.

4 İkincisi, Bulus ibrani məsihilərə başa salmaq istəyirdi ki, onlar Allahın Kəlamındakı «bərk qida»nı — yeni və daha dərin həqiqətləri anlamağa cəhd etmirlər (İbr. 5:11—14). Görünür, məsihilərin bəziləri hələ də Musanın qanununa uyğun yaşayırdı. Bulus izah etdi ki, Musanın qanununun tələb etdiyi qurbanlar günahı tam şəkildə yuya bilməz. Qanun elə bu səbəbə görə ləğv olunmuşdu. Odur ki, Bulus onlara bəzi dərin həqiqətləri öyrətməyə başladı. Onlara xatırlatdı ki, Məsihin fidyə qurbanlığı əsasında «daha yaxşı ümid»ə sahibdirlər və bu ümid onları sözün əsl mənasında «Allaha yaxın» edə bilər (İbr. 7:18, 19).

5. «İbranilərə məktub»da yazılan hansı fikirləri başa düşməliyik və nəyə görə?

5 Həmçinin Bulus məsihilərin indiki ibadətinin əvvəlkindən qat-qat üstün olduğunu izah etdi. Keçmişdəki ibadət forması «gələcəkdəkilərin kölgəsi» idi, «gerçəklik isə Məsihdədir» (Kol. 2:17). Kölgə gerçək bir cismin özü deyil, onun ümumi formasının əksidir. Eynilə yəhudilərin əvvəlki ibadəti daha üstün ibadətin, yəni ruhani məbədin sadəcə kölgəsi idi. Ruhani məbədin təsis olunması sayəsində günahlarımız bağışlanır və ibadətimiz Allaha məqbul olur. Buna görə də Yehovanın birinci əsrdə təsis etdiyi məsihi ibadət formasını yaxşıca başa düşməliyik. Gəlin «İbranilərə məktub»da izah olunanlar əsasında qədimdə yəhudilərin etdiyi ibadətlə (kölgə) bu gün məsihilərin etdiyi ibadət (gerçəklik) arasındakı fərqə baxaq. Bunun sayəsində ruhani məbədin nə olduğunu və onun bizə aidiyyətini daha yaxşı başa düşəcəyik.

MÜQƏDDƏS ÇADIR

6. Müqəddəs çadır necə istifadə olunurdu?

6 Kölgə. Bulus söhbətini müqəddəs çadır əsasında aparır. Bu çadırı Musa peyğəmbər eramızdan əvvəl 1512-ci ildə qurmuşdu. («Kölgə. Gerçəklik» adlı sxemə baxın.) Əvvəl-əvvəl israillilər hər dəfə köç edəndə çadırı özləri ilə daşıyırdılar. Çadır təxminən 500 il, ta Yerusəlimdə daimi məbəd tikilənə qədər istifadə olundu (Çıx. 25:8, 9; Say. 9:22). «Hüzur çadırı» xalqın Allaha yaxınlaşmasında vacib rol oynayırdı. Burada onlar Allaha ibadət edib Ona qurbanlar gətirirdilər (Çıx. 29:43—46). Həmçinin çadır məsihilər üçün gələcəkdə olacaq daha böyük bir şeyin kölgəsi idi.

7. Ruhani məbəd nə vaxtdan mövcuddur?

7 Gerçəklik. Müqəddəs çadır «səmavi şeylərin... kölgəsi» idi və Yehovanın böyük ruhani məbədini təmsil edirdi. Bulus demişdi: «Bu çadır indi baş verənlərin timsalı idi» (İbr. 8:5; 9:9). Bulus ibranilərə məktubunu yazanda ruhani məbəd artıq var idi. O, eramızın 29-cu ilində mövcud olmuşdu. Həmin il İsa vəftiz olundu, müqəddəs ruhla məsh edildi və ruhani məbəddə «ali baş kahin» kimi xidmətinə başladı c (İbr. 4:14; Həv. 10:37, 38).

BAŞ KAHİN

8, 9. İbranilərə 7:23—27 ayələrinə əsasən İsrailin baş kahinləri ilə ali baş kahinimiz İsa Məsih arasında hansı kəskin fərq var?

8 Kölgə. Qədimdə baş kahin xalqı Allahın önündə təmsil edirdi. Müqəddəs çadır təsis olunanda Yehova Harunu İsrailin ilk baş kahini təyin etdi. Lakin Bulusun dediyi kimi «ölüm kahinlərin vəzifədə qalmasına mane olduğundan çoxları kahin olub bir-birini əvəz etməli olurdu» d. (İbranilərə 7:23—27 ayələrini oxuyun.) Üstəlik, baş kahinlər qeyri-kamil idi və öz günahları üçün də qurban gətirməli idilər. Elə bu səbəbdən İsrailin baş kahinləri ilə ali baş kahin İsa Məsih arasında kəskin fərq var.

9 Gerçəklik. Baş kahinimiz İsa «insan əlinin deyil, Yehovanın qurduğu həqiqi çadırda» xidmət edir (İbr. 8:1, 2). Bulus izah etmişdi ki, İsa «əbədi yaşadığı üçün onu əvəz edən kahin olmayacaq». Həmçinin o, İsanın «pak, günahlılardan fərqlənən» baş kahin olduğunu demişdi. İsraildə xidmət edən baş kahinlərdən fərqli olaraq, onun öz «günahlarına görə hər gün qurban təqdim etməsinə ehtiyac yoxdur». İndi isə görək keçmişdəki qurbangahlar və qurbanlar indikindən nə ilə fərqlənir.

QURBANGAHLAR VƏ QURBANLAR

10. Mis qurbangahda gətirilən qurbanlar nəyə işarə edirdi?

10 Kölgə. Hüzur çadırının girişində mis qurbangah var idi. Orada Yehovaya heyvan qurbanları gətirilirdi (Çıx. 27:1, 2; 40:29). Amma bu qurbanlar xalqın günahını tam şəkildə yuya bilməzdi (İbr. 10:1—4). Hüzur çadırında müntəzəm gətirilən qurbanlar bəşəriyyətin günahını birdəfəlik yuyacaq bir qurbanı təmsil edirdi.

11. İsa Məsih öz həyatını hansı qurbangahda qurban vermək üçün təqdim etdi? (İbranilərə 10:5—7, 10).

11 Gerçəklik. Yehova İsa Məsihi yer üzünə göndərmişdi ki, o öz canını bəşəriyyət uğrunda qurban versin. İsa bunu bilirdi (Mət. 20:28). Buna görə də vəftiz olunaraq həyatını Yehovanın ixtiyarına verdi (Yəh. 6:38; Qal. 1:4). Bununla göstərdi ki, Allahın «iradə»sini təmsil edən qurbangahda öz həyatını qurban gətirməyə hazırdır. Yehovanın iradəsi Oğlunun kamil insan həyatını qurban verməsi idi. İsanın həyatı «birdəfəlik» qurban verildi ki, ona iman edən hər bir kəsin günahı həmişəlik silinsin. (İbranilərə 10:5—7, 10 ayələrini oxuyun.) Bəs müqəddəs çadırın içindəkilər nəyin timsalı idi? Gəlin baxaq.

MÜQƏDDƏS YER VƏ ƏN MÜQƏDDƏS YER

12. Müqəddəs çadırın hər otağına kimlər daxil ola bilərdi?

12 Kölgə. Müqəddəs çadırın və sonralar Yerusəlimdə tikilən məbədlərin iç quruluşu eyni idi. Hər birinin içində iki bölmə var idi: «Müqəddəs yer» və «Ən müqəddəs yer». Onları bir-birindən pərdə ayırırdı (İbr. 9:2—5; Çıx. 26:31—33). Müqəddəs yerdə qızıl çıraqdan, buxur qurbangahı və hüzur çörəyi üçün masa var idi. Yalnız «məsh edilmiş kahinlər» Müqəddəs yerə daxil olub öz müqəddəs vəzifələrini icra edə bilərdilər (Say. 3:3, 7, 10). Ən müqəddəs yerdə isə Yehovanın hüzurunu təmsil edən qızıl əhd sandığı var idi (Çıx. 25:21, 22). Pərdənin o tərəfinə — Ən müqəddəs yerə ildə bir dəfə kəffarə günü yalnız baş kahin daxil ola bilərdi (Lav. 16:2, 17). O, hər il ora həm özünün, həm də bütün xalqın günahını yumaq üçün heyvanların qanı ilə daxil olurdu. Sonralar Yehova müqəddəs ruhu ilə bütün bunların əsl mənasını açıqladı (İbr. 9:6—8).

13. Çadırın Müqəddəs yeri və Ən müqəddəs yeri hansı gerçəkliyin kölgəsi idi?

13 Gerçəklik. Məsihin davamçılarının məhdud sayı müqəddəs ruhla məsh olunub. Onların Yehova ilə xüsusi münasibəti var. Bu 144 000 nəfər göydə İsa ilə birgə kahin kimi xidmət edəcək (Vəhy 1:6; 14:1). Çadırın Müqəddəs yeri onların yer üzündə olarkən ruhani oğulluğa götürülmələrini təmsil edir (Rom. 8:15—17). Çadırın Ən müqəddəs yeri göyü — Yehovanın məskənini təmsil edir. Müqəddəs yeri Ən müqəddəs yerdən ayıran «pərdə» isə Məsihin insan bədəninin timsalıdır. Bu bədən ona ruhani məbədə ali baş kahin kimi daxil olmağa maneə idi. İsa Məsih öz bədənini bəşəriyyət uğrunda qurban verməklə bütün məsh olunmuş məsihilərin göylər həyatına daxil olması üçün yol açdı. Onlar cismani bədənlərini tərk edəndən sonra göylər mükafatını ala biləcəklər (İbr. 10:19, 20; 1 Kor. 15:50). İsa dirilib ruhani məbədin Ən müqəddəs yerinə daxil oldu. Sonda bütün məsh olunmuş məsihilər orada onun yanında olacaq.

14. İbranilərə 9:12, 24—26 ayələrinə əsasən ruhani məbəddəki ibadəti qədimdəki ibadətdən üstün edən nədir?

14 Yehovanın birinci əsrdə təsis etdiyi ibadətin qədimdəki ibadətdən nə qədər üstün olduğunu aydın görürük. Bu ibadətimiz Məsihin fidyə qurbanlığına və onun baş kahin kimi tutduğu mövqeyə əsaslanır. İsraildə baş kahin insan əli ilə düzəldilmiş Ən müqəddəs yerə heyvan qurbanlarının qanı ilə daxil olurdu. İsa isə bütün müqəddəs yerlərin ən müqəddəsinə — «göyə» daxil olub Allahın hüzuruna çıxdı. Orada İsa kamil insan həyatını Allaha təqdim etdi ki, onun qurbanlığı vasitəsilə günahlarımız yuyulsun. (İbranilərə 9:12, 24—26 ayələrini oxuyun.) İsanın qurbanlığı günahlarımızı birdəfəlik, əbədilik yuyur. İndi öyrənəcəyimiz kimi yer üzündə və ya göydə yaşamağa ümid etməyimizdən asılı olmayaraq hər birimiz Yehovanın ruhani məbədində Ona ibadət edə bilərik.

HƏYƏTLƏR

15. Çadırın həyətində kimlər xidmət edirdi?

15 Kölgə. Müqəddəs çadırın bir həyəti var idi. Bu, hasara alınmış böyük bir ərazi idi. Burada kahinlər öz vəzifələrini icra edirdilər. Həyətdə yandırma qurbanı təqdim etmək üçün böyük mis qurbangah var idi. Həmçinin orada içi su ilə dolu mis çən var idi. Kahinlər müqəddəs xidmətlərini icra etməzdən əvvəl onun suyu ilə yuyunurdular (Çıx. 30:17—20; 40:6—8). Sonralar tikilən məbədlərin isə çöl həyəti də var idi və kahin olmayanlar da orada Allaha ibadət edə bilərdilər.

16. Ruhani məbədin hər həyətində kimlər xidmət edir?

16 Gerçəklik. Məsh olunmuşların yer üzündə qalan hissəsi gələcəkdə İsa ilə göydə kahin kimi xidmət edəcək. O vaxta qədər isə onlar ruhani məbədin içəri həyətində Allaha sədaqətlə qulluq edirlər. Həyətdə böyük su çəninin olması məsh olunmuşlara və onların da simasında bütün məsihilərə əxlaqi və ruhani təmizliyi qorumağın vacibliyini xatırladır. Bəs Məsihin məsh olunmuş qardaşlarına sədaqətlə dəstək olan «böyük izdiham» Allaha harada ibadət edir? Həvari Yəhya görmüşdü ki, onlar «Allahın taxtı qarşısındadırlar və gecə-gündüz Onun məbədində Ona qulluq edirlər» (Vəhy 7:9, 13—15). Böyük izdiham bunu ruhani məbədin çöl həyətində — yer üzündə edir. Yehovaya şükürlər olsun! Ona ibadət edə bilməyimiz üçün böyük ruhani məbədində bizə yer ayırıb!

YEHOVAYA İBADƏT ETMƏK İMKANINI QİYMƏTLƏNDİRİRİK

17. Yehovaya hansı qurbanları gətirmək imkanımız var?

17 Bu gün bütün məsihilər Allaha qurban gətirə bilər. Necə? Vaxtımızı, gücümüzü və maddi vəsaitimizi Allaha ibadətə sərf etməklə. Həvari Bulusun ibrani məsihilərə dediyi kimi biz «hər zaman Allaha mədh qurbanı, Onun adını bəyan edən dilimizin bəhrəsini təqdim edə» bilərik (İbr. 13:15). Yehovaya ən yaxşı qurbanları verməklə göstəririk ki, Ona ibadət etmək bizim üçün böyük şərəfdir.

18. İbranilərə 10:22—25 ayələrinə əsasən nələrə barmaqarası yanaşmamalıyıq və nəyi heç vaxt unutmamalıyıq?

18 İbranilərə 10:22—25 ayələrini oxuyun. Həvari Bulus ibranilərə məktubunun sonuna yaxın ibadətimizə aid olan bəzi sahələri vurğulayır və göstərir ki, onlara barmaqarası yanaşmamalıyıq. Bura Yehovaya dua etmək, ümidimizi aləmdə bəyan etmək, yığıncaq görüşlərində iştirak etmək və Yehovanın gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha da çox ruhlandırmaq daxildir. «Vəhy» kitabının sonlarına yaxın Yehovanın mələyi düz iki dəfə deyir: «Allaha səcdə qıl» (Vəhy 19:10; 22:9). Gəlin Yehovanın böyük ruhani məbədi ilə bağlı dərin həqiqətləri heç vaxt unutmayaq və Ulu Allahımız Yehovaya ibadət etmək imkanını hər zaman qiymətləndirək!

NƏĞMƏ 88 Mənə yollarını öyrət

a Allahın Kəlamındakı dərin həqiqətlərdən biri Onun böyük ruhani məbədi ilə bağlıdır. Bəs ruhani məbəd nədir? «İbranilərə məktub»da bu məbədlə bağlı müəyyən təfsilatlar yazılıb. Bu məqalədə onları araşdıracağıq. Ümid edirik ki, öyrəndikləriniz sayəsində Yehovaya ibadət etmək imkanını daha da qiymətləndirəcəksiniz.

b Ətraflı məlumat almaq üçün jw.org saytında yerləşən «“İbranilərə” kitabı ilə tanışlıq» adlı videoya baxın.

c İncildə İsa Məsih yalnız «İbranilərə məktub»da baş kahin adlanır.

d Bir mənbəyə əsasən Yerusəlimdəki məbəd eramızın 70-ci ilində məhv olmazdan öncə orada 84 baş kahin olub.

e «Pak ibadət dirçəlir!» kitabının 240-cı səhifəsinə baxın.

f «Gözətçi qülləsi» jurnalının 2010-cu il 15 iyul sayının 22-ci səhifəsində yerləşən «Müqəddəs ruh ruhani məbədin nə olduğunu necə açıqlayıb?» adlı çərçivəyə baxın.