Kontentə keç

Mündəricatı göstər

Qadınlarla rəftarda Yehovadan örnək alın

Qadınlarla rəftarda Yehovadan örnək alın

BİZİM Yehovaya sədaqətlə qulluq edən çoxlu bacılarımız var. Onlarla əməkdaşlıq etmək böyük şərəfdir. Bu sədaqətli, zəhmətkeş bacılarımızın hər biri bizim üçün çox dəyərlidir! a Onları çox istəyirik. Buna görə də, əziz qardaşlar, bacılarımıza qarşı mehriban, ədalətli və hörmətcil olun. Təəssüf ki, qeyri-kamillik ucbatından bəzən belə davranmaq çətin olur. Bəzi qardaşlara isə başqa amillər də çətinlik yaradır.

Onların çoxunun böyüdüyü mədəniyyətdə qadınlara yuxarıdan aşağı baxılır. Məsələn, Boliviyada rayon nəzarətçisi kimi xidmət edən Hans qardaş deyir: «Bəzi kişilərə gözlərini açandan təlqin olunub ki, kişi sərt olmalıdır. Buna görə də bu cür mühitdə böyüyən kişi qadınlardan üstün olduğunu düşünür və onlara saymazyana yanaşır». Tayvanda yaşayan Şinkşyen adlı ağsaqqal isə belə deyir: «Yaşadığım ərazidə kişilər elə düşünür ki, qadın kişi işinə qarışmamalıdır. Kişi başqalarının yanında hansısa məsələ ilə bağlı qadının fikrini deyəndə hörmətdən düşə bilər». Bəzi kişilərin isə qadınlara qərəzli yanaşdığı başqa şeylərdən görünür. Məsələn, ola bilsin, onlar qadınları alçaldan zarafatlar edirlər.

Xoşbəxtlikdən, kişi böyüdüyü mədəniyyətdən asılı olmayaraq, dəyişə bilər. O öyrənə bilər ki, kişi və qadın bərabərdir (Efes. 4:22—24). Bunun üçün Yehovadan örnək götürmək lazımdır. Bu məqalədə üç sahəyə nəzər salacağıq. Görəcəyik ki, Yehova qadınlara necə yanaşır, qardaşlar Yehovadan örnək alaraq qadınlara necə yanaşmalıdır və ağsaqqallar bacılara hörmət qoymaqda başqalarına necə nümunə ola bilər.

YEHOVA QADINLARA NECƏ YANAŞIR?

Yehovanın qadınlarla rəftarı hamımız üçün gözəl nümunədir. O, rəhmli Ata kimi övladlarının hamısını sevir (Yəh. 3:16). Yehova sədaqətli bacılarımıza əziz qızları kimi yanaşır. O, qadınlara dəyər verdiyini hansı yollarla göstərir?

Yehova qadınlara qarşı ayrı-seçkilik etmir. O, kişini də, qadını da öz bənzərində yaradıb (Yar. 1:27). Yehova kişini qadından daha ağıllı, daha istedadlı yaratmayıb, nə də kişini qadından daha dəyərli saymır (2 Saln. 19:7). O, hər ikisini də elə yaradıb ki, onlar eyni dərəcədə Müqəddəs Kitab həqiqətlərini başa düşüb Onun gözəl keyfiyyətlərini əks etdirə bilsinlər. Həmçinin Yehovanın gözündə kişinin də, qadının da imanının dəyəri bərabərdir. O, yerdə əbədi yaşamaq ümidini və ya göydə padşah və kahin kimi xidmət etmək ümidini kişiyə də verib, qadına da (2 But. 1:1). Yehovanın qadınlara qərəzli yanaşmadığı gün kimi aydındır.

Yehova qadınları dinləyir. Yehova onların hisslərinə, narahatçılıqlarına biganə deyil. Məsələn, Yehova Rəhilənin və Hənnənin dualarına qulaq asıb cavab vermişdi (Yar. 30:22; 1 İşm. 1:10, 11, 19, 20). Həmçinin O, Müqəddəs Kitaba kişilərin qadının sözünə qulaq asdığı hadisələri yazdırıb. Məsələn, İbrahim peyğəmbər Yehovanın göstərişi ilə arvadı Saranın dediyini etmişdi (Yar. 21:12—14). Davud padşah Abiqayilin sözünə qulaq asmışdı. Davud hesab edirdi ki, Abiqayili onun yanına Yehova göndərib (1 İşm. 25:32—35). Yehovanın xüsusiyyətlərini mükəmməl surətdə əks etdirən İsa Məsih isə anası Məryəmin sözünə qulaq asmışdı (Yəh. 2:3—10). Bu nümunələrdən aydın olur ki, Yehovanın qadınları dinləməsi onlara hörmət etdiyinin bir göstəricisidir.

Yehova qadınlara etibar edir. Məsələn, Yehova Həvvaya bütün Yer kürəsinin qayğısına qalmağı etibar etmişdi (Yar. 1:28). O bununla göstərmişdi ki, Həvvaya Adəmdən aşağı səviyyəli biri kimi yox, onu tamamlayan bir köməkçi kimi yanaşır. Həmçinin Yehova Dəburə və Hülda adlı qadın peyğəmbərlərə bütün xalqa, o cümlədən bir hakimə və padşaha məsləhət verməyi həvalə etmişdi (Hak. 4:4—9; 2 Pad. 22:14—20). Bu gün Yehova məsihi bacılarımıza da Öz işini etibar edib. Bu sadiq bacılarımız təbliğçi, öncül, xüsusi təyinatlı müjdəçi kimi xidmət edirlər. Onlar ibadət evlərinin və filialların dizaynına, tikintisinə və təmirinə kömək edirlər. Onlardan bəziləri Beyteldə, bəziləri isə tərcümə ofislərində xidmət edir. Bu qadınlar Yehovanın iradəsini yerinə yetirmək üçün yığdığı bir ordudur (Zəb. 68:11). Bəli, Yehova qadınları zəif, bacarıqsız hesab etmir.

QARDAŞLAR YEHOVADAN ÖRNƏK ALARAQ QADINLARA NECƏ YANAŞMALIDIR?

Əziz qardaşlar, məsihi qadınlara Yehova kimi yanaşıb-yanaşmadığınızı necə öyrənə bilərsiniz? Bunun üçün düşüncə və davranışlarınızı dürüstcəsinə yoxlamalısınız. Bunu kiminsə köməyi ilə etmək olar. Rentgen aparatı insanın ürəyinin sağlamlığını yoxladığı kimi, yaxşı bir dostunuz və Allahın Kəlamı da sizə qadınlarla bağlı mənfi düşüncənizin olub olmadığını üzə çıxarmağa kömək edəcək. Bəs bu köməkdən necə yararlana bilərsiniz?

Dostunuzun fikrini öyrənin (Məs. 18:17). Etibar etdiyiniz mehriban və dərrakəli bir bacıya və ya qardaşa bu sualları verə bilərsiniz: «Səncə, mən bacılarla necə rəftar edirəm? Bacıların fikrincə, onlara hörmət edirəm? Onlarla rəftarımda nələrisə yaxşılaşdırmağıma ehtiyac var?» Dostunuz düzəltməli olduğunuz hansısa sahələri vurğulasa, özünüzə haqq qazandırmağa çalışmayın. Əksinə, dərhal lazım olan dəyişiklikləri edin.

Allahın Kəlamını mütaliə edin. Bacılarla necə rəftar etdiyinizi bilməyin ən yaxşı yolu Müqəddəs Kitab vasitəsilə düşüncə və davranışlarınızı yoxlamaqdır (İbr. 4:12). Orada qadınlarla həm yaxşı, həm də pis rəftar edən kişilər haqda yazılıb. Onların hərəkətlərini öz hərəkətlərinizlə müqayisə edin. Həmçinin ehtiyatlı olun ki, Müqəddəs Kitabdan bir ayəni görüb onun qadınlar haqda yanlış fikri dəstəklədiyini düşünməyəsiniz. Əksinə, kontekstə və digər ayələrə nəzər salıb kişinin qadınla necə rəftar etməli olduğuna baxın. Məsələn, 1 Butrus 3:7 ayəsində deyilir ki, «qadın daha zəif varlıq olduğu üçün» əri ona hörmət qoymalıdır b. Bəs bu o deməkdir ki, qadın kişidən daha aşağıdır, avamdır, bacarıqsızdır? Bu, qətiyyən belə deyil. Butrusun sözlərini Qalatiyalılara 3:26—29 ayələri ilə tutuşdurun. Orada görürük ki, Yehova İsa ilə birgə göydə hakimiyyət sürmək üçün kişilərlə yanaşı, qadınları da seçib. Bəli, Allahın Kəlamını mütaliə edəndə, dostunuzdan qadınlara necə yanaşdığınızla bağlı fikrini soruşanda bacılarımıza lazımınca hörmət etməyin yollarını öyrənəcəksiniz.

AĞSAQQALLAR BACILARA HÖRMƏT QOYMAQDA BAŞQALARINA NECƏ NÜMUNƏ OLA BİLƏR?

Yığıncaqdakı qardaşlar bacılara hörmət qoymağı ağsaqqalların nümunəsindən də öyrənə bilərlər. Ağsaqqallar bu məsələdə onlara hansı nümunəni qoyur? Gəlin konkret sahələrə baxaq.

Ağsaqqallar bacıları tərifləyir. Həvari Bulus ağsaqqallara gözəl nümunə qoyub. O, Romadakı yığıncağa yazdığı məktubunda bir neçə bacını tərifləmişdi (Rom. 16:12). Təsəvvür edirsiniz, bu məktub yığıncaqda oxunanda həmin bacılar nə qədər sevinmişdi?! Eynilə ağsaqqallar da bacıları gözəl xüsusiyyətlərinə və Yehovanın yolunda gördüyü işlərə görə ürəkdən tərifləyirlər. Bununla bacılara nə qədər hörmət etdiklərini, dəyər verdiklərini göstərirlər. Ağsaqqalların ruhlandırıcı sözləri bacılara Yehovaya xidmətlərini sədaqətlə davam etdirməyə kömək edə bilər. Həmin bacıların ən çox ehtiyac duyduqları şey elə bu ola bilər (Məs. 15:23).

Təriflə

Ağsaqqallar bacıları konkret şeyə görə tərifləyirlər və bunu səmimi-qəlbdən edirlər. Cesika bacı deyir: «Qardaşlardan “afərin” sözünü eşitmək xoşdur. Amma qardaş adamı konkret şeyə görə tərifləyəndə bu lap xoş olur. Məsələn, uşağımıza yığıncaqda sakit oturmağı öyrətdiyimizə görə, ya da Müqəddəs Kitab şagirdimizi yığıncağa gətirməyə vaxt ayırdığımıza görə tərifləyəndə». Ağsaqqalların konkret tərif sözləri bacılara özlərini yığıncaqda lazımlı və dəyərli hiss etdirir.

Ağsaqqallar bacılara qulaq asır. Təvazökar ağsaqqallar başa düşür ki, yaxşı fikirlər təkcə onların ağlına gəlmir. Buna görə də onlar bacıların da fikrini soruşurlar və bacılar danışanda diqqətlə qulaq asırlar. Bu həm bacıları ürəkləndirir, həm də ağsaqqalların özlərinə xeyir gətirir. Nəyə görə belə demək olar? Beyteldə xidmət edən Herardo adlı ağsaqqal deyir: «Bacıların fikrini öyrənmək mənə işimi daha keyfiyyətli görməyə kömək edir. Çünki bacılar hansısa işi əksər qardaşlardan daha uzun müddətdir ki görürlər». Yığıncaqda çox bacı öncül kimi xidmət edir. Buna görə də onlar yerli ərazinin insanları barədə çox şey bilirlər. Brayn adlı ağsaqqal deyir: «Bacılarımızın təşkilata lazım olan bacarıqları, gözəl xüsusiyyətləri o qədər çoxdur ki! Buna görə də onların təcrübəsindən yararlanın».

Qulaq as

Hikmətli ağsaqqallar bacıların təkliflərini rədd etməyə tələsmir. Edvard adlı ağsaqqal belə sözlər deyir: «Bacıların fikirləri və təcrübələri qardaşa məsələni daha ətraflı görməyə və başqalarına qarşı daha anlayışlı olmağa kömək edə bilər» (Məs. 1:5). Hətta ağsaqqal bacının təklif etdiyi kimi davranmasa da, yenə də ona təklifinə və dərrakəsinə görə minnətdarlığını bildirə bilər.

Ağsaqqallar bacılara təlim verir. Hikmətli ağsaqqallar fürsət yarananda bacılara nəsə öyrətməyə çalışır. Məsələn, onlar bacılara, vəftiz olunmuş qardaş olmayanda təbliğ görüşünü necə aparacaqlarını öyrədirlər. Həmçinin bacılarımıza təşkilatımızın təmir və tikinti layihələrində kömək edə bilmələri üçün lazımi avadanlıqlarla işləməyi öyrədə bilərlər. Yaxud da Beyteldə nəzarətçilər bacılara təmir, alış-veriş, mühasibatlıq, kompüter proqramlaşdırması və digər sahələrlə bağlı təlim keçirlər. Ağsaqqallar bacılara təlim verməklə göstərirlər ki, onların bacarıqlı, etibara layiq olduğuna əmindirlər.

Təlim ver

Əksər bacılar ağsaqqallardan aldıqları təlimi başqalarının xeyri üçün istifadə edirlər. Məsələn, bəzi bacılar tikintidə qazandıqları təcrübə sayəsində təbii fəlakətdən zərərçəkənlərə evlərini bərpa etməyə kömək edirlər. Başqa bacılar isə ictimai şahidliklə bağlı öyrəndiklərini digər bacılarla bölüşürlər və onlar da bu xidmət növündə iştirak edə bilirlər. Bacılarımız onlara təlim verən ağsaqqallara necə yanaşır? Cenifer bacı deyir: «Bir ibadət evinin tikintisində işləyəndə nəzarətçi vaxt ayırıb mənə təlim vermişdi. O, gördüyüm işə fikir verib məni tərifləyirdi. Həmin qardaşla işləmək mənə çox xoş idi. Çünki onun mənə dəyər verdiyini, etibar etdiyini hiss edirdim».

YIĞINCAQDAKI BACILARA DOĞMANIZ KİMİ YANAŞIN

Yehova kimi biz də sədaqətli bacılarımızı çox sevirik! Buna görə də onlara öz ailə üzvümüz kimi yanaşırıq (1 Tim. 5:1, 2). Onlarla çiyin-çiyinə əməkdaşlıq etmək bizim üçün şərəfdir və bununla qürur duyuruq. Bacıların sevgimizi, dəstəyimizi hiss etdiyini bilmək bizi çox sevindirir. Vanessa bacı deyir: «Yehovanın təşkilatında çox qardaş var. Onlar məni o qədər ruhlandırıb ki! Belə bir təşkilatda mənə yer verdiyi üçün Yehovaya hədsiz minnətdaram». Tayvanda yaşayan bir bacı isə belə deyir: «Yehova və təşkilatı qadınlara, onların hisslərinə böyük dəyər verir. Bunlara görə Allahıma şükür olsun. Bu mənim imanımı möhkəmləndirir və Yehovanın təşkilatında olmağın qədrini daha da çox bilirəm».

Yehova məsihi qardaşların qadınlara Onun kimi dəyər verdiyini, hörmət etdiyini görəndə qürur duyur! (Məs. 27:11). Şotlandiyada ağsaqqal kimi xidmət edən Bencamin qardaş deyir: «Bu dünyada qadınlara hörmət qoyulmur. Buna görə də istəyirik ki, bacılarımız ibadət evinə gələndə tamamilə fərqli münasibət görsünlər». Odur ki, gəlin hər birimiz Yehovadan örnək alaraq bacılarımıza layiq olduqları sevgini və hörməti göstərək (Rom. 12:10).

a Bu məqalədə «bacı» deyiləndə insanın doğma bacısı yox, məsihi bacılar nəzərdə tutulur.

b «Gözətçi qülləsi»nin 2006-cı il 15 may sayında yerləşən «Dəyərli olan “daha zəif varlıq”» adlı məqalədə (türk.) və 2005-ci il 1 may sayında yerləşən «Ər-arvadlar üçün müdrik nəsihətlər» adlı məqalədə «daha zəif varlıq» ifadəsi ilə bağlı ətraflı məlumat tapa bilərsiniz.