Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 5

NƏĞMƏ 27 Allahın oğulları aşkara çıxır

«Səni heç vaxt atmaram»!

«Səni heç vaxt atmaram»!

«Allah deyib: “Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm”» (İBR. 13:5b).

ƏSAS FİKİR

Allahın yer üzündəki xidmətçiləri əmin ola bilər ki, məsh olunmuşların yer üzündə qalan hissəsi göyə aparılanda da onlar tərk edilməyəcəklər.

1. Bütün məsh olunmuşlar nə zaman göyə qalxacaq?

 UZUN illər əvvəl Allahın xalqını bir sual düşündürürdü: «Görəsən, məsh olunmuşların axırıncısı göyə nə vaxt aparılacaq?» Əvvəllər elə düşünürdük ki, Armageddon müharibəsindən sonra onlardan bəziləri bir müddət bizimlə birlikdə Cənnətdə yaşayacaq. Amma «Gözətçi qülləsi»nin 2013-cü il 15 iyul sayında bu məsələyə aydınlıq gətirildi. Orada deyilirdi ki, Armageddon müharibəsi başlamazdan əvvəl yer üzündə qalan məsh olunmuşların hamısı göyə qaldırılacaq (Mət. 24:31).

2. Bizdə hansı sual yarana bilər və bu məqalədə nə haqda danışacağıq?

2 Bununla belə, bəzilərimizdə belə bir sual yaranır: «Bəs “böyük müsibət” vaxtı Yehovaya sədaqətlə xidmət edən Məsihin “başqa qoyunları” ilə nə baş verəcək?» (Yəh. 10:16; Mət. 24:21). Bu gün bəzi dindaşlarımız narahatdır ki, məsh olunmuş əziz dindaşları göyə qaldırılandan sonra onlar özlərini tərk edilmiş hiss edəcəklər. Bəlkə də onların bu cür düşünməyinə səbəb Müqəddəs Kitabda olan iki hadisədir. Gəlin həmin hadisələri araşdıraq. Sonra isə müzakirə edək görək qorxmamaq üçün hansı səbəblərimiz var.

NƏ BAŞ VERMƏYƏCƏK?

3, 4. Bəzilərində hansı qorxu var və nəyə görə?

3 Bəziləri qorxur ki, Rəhbərlik Şurasının üzvləri artıq olmasa, başqa qoyunlar Yehovadan uzaqlaşacaq. Bəlkə də onlar Müqəddəs Kitabdakı bəzi hadisələrə görə belə düşünürlər. Gəlin bu hadisələrdən ikisinə nəzər salaq. Birinci hadisə baş kahin Yəhyadayla bağlıdır. O, çox imanlı insan idi. Arvadı Yəhusəbatla birgə Yuəs adlı oğlanı qorumuşdu, ona yaxşı, sədaqətli padşah olmağa kömək etmişdi. Nə qədər ki Yəhyaday sağ idi, Yuəs də yaxşı idi. Yəhyadayın ölümündən sonra isə Yuəs korlandı. O, pis Yəhuda əmirlərinə qoşuldu və Yehovadan uzaqlaşdı (2 Saln. 24:2, 15—19).

4 Növbəti hadisə ikinci əsrdəki məsihilərlə bağlıdır. Yəhya sağ qalan axırıncı həvari idi. O, məsihilərə Yehovaya sadiq qalmağa kömək edirdi (3 Yəh. 4). İsanın digər sadiq həvariləri kimi, o da uzun illər dönüklüyə qarşı mübarizə aparmışdı (1 Yəh. 2:18; 2 Salon. 2:7). Amma Yəhya öləndən sonra dönüklük meşə yanğını kimi yayıldı. Növbəti illər ərzində məsihi yığıncağı yalan təlimlərlə tamamilə zəhərləndi.

5. Araşdırdığımız iki hadisədən hansı qənaətə gəlməməliyik?

5 Müqəddəs Kitabdakı bu hadisələr o deməkdirmi ki, məsh olunmuşlar göyə qaldırılandan sonra İsanın başqa qoyunları Yuəs kimi pis işlər görməyə başlayacaq, yaxud ikinci əsrdəki əksər məsihilər kimi dönük olacaq? Xeyr. Bu, qətiyyən belə olmayacaq! Əmin ola bilərik ki, məsh olunmuşlar artıq yer üzündə olmayanda başqa qoyunlar yenə də Allaha məqbul şəkildə ibadət edəcək və Yehovanın qayğısını duyacaqlar. Buna nəyə görə əmin ola bilərik?

PAK İBADƏT LƏKƏLƏNMƏYƏCƏK

6. Hansı üç vaxt kəsiyindən danışacağıq?

6 Nəyə görə əmin ola bilərik ki, hətta qarşıdakı çətin vaxtlarda da pak ibadət ləkələnməyəcək? Müqəddəs Kitabdan yaşadığımız dövrlə bağlı öyrəndiklərimiz bu cür düşünməyə əsas verir. İndiki dövrlə qədim israillilərin və ikinci əsrdəki məsihilərin yaşadığı vaxt arasında böyük fərq var. Gəlin bu üç vaxt kəsiyi haqqında ətraflı danışaq: 1) qədimdə israillilərin yaşadığı vaxt, 2) həvarilərin ölümündən sonrakı vaxt, 3) bizim yaşadığımız vaxt, yəni «hər şeyin bərpa ediləcəyi vaxt» (Həv. 3:21).

7. Qədim İsraildə padşahlar və xalq şər işlər görəndə nəyə görə sadiq insanlar ruhdan düşmədi?

7 Qədimdə israillilərin yaşadığı vaxt. Musa peyğəmbər ölümündən bir az əvvəl israillilərə belə demişdi: «Bilirəm ki, mən öləndən sonra azğınlaşacaq, sizə buyurduğum yoldan dönəcəksiniz» (Qan. 31:29). Musa həm də xalqa xəbərdarlıq etmişdi ki, üsyan etsələr, əsirliyə aparılacaqlar (Qan. 28:35, 36). Onun dediyi kimi də oldu. Əsrlər ərzində padşahların çoxu Allahın bəyənmədiyi kimi davranıb xalqı da yoldan çıxarırdılar. Nəticədə, Yehova şər iş görənləri cəzalandırdı və israilli padşahlara daha hakimiyyət sürməyə izin vermədi (Hizq. 21:25—27). Allaha sadiq olan israillilər isə Yehovanın dediklərinin yerinə yetdiyini görəndə ürəklənirdilər (Əşy. 55:10, 11).

8. Nəyə görə ikinci əsrdəki məsihilərin ibadətinin ləkələnməsi bizi təəccübləndirmir? İzah edin.

8 Həvarilərin ölümündən sonrakı vaxt. İkinci əsrdəki məsihilərin də ibadətlərinin ləkələnməsi bizi təəccübləndirmir. Çünki dönüklüyün baş qaldıracağını İsa qabaqcadan demişdi (Mət. 7:21—23; 13:24—30, 36—43). Həvari Bulus, Butrus və Yəhya İsanın peyğəmbərliyinin eramızın birinci əsrində artıq yerinə yetməyə başladığını təsdiq etmişdilər (2 Salon. 2:3, 7; 2 But. 2:1—3, 17—19; 1 Yəh. 2:18). İkinci əsrdə məsihi yığıncağı ləkələndi. Axırıncı həvarinin ölümündən çox keçməmiş dönük məsihilər yalan dinin dünya imperiyası olan Böyük Babilin bir hissəsinə çevrildilər. Hər şey yenə də deyildiyi kimi oldu.

9. Bizim yaşadığımız vaxt qədim israillilərin yaşadığı və ikinci əsrdə dönüklüyün baş qaldırdığı vaxtdan nə ilə fərqlənir?

9 «Hər şeyin bərpa ediləcəyi vaxt». Bizim yaşadığımız vaxt qədim israillilərin yaşadığı və ikinci əsrdə dönüklüyün baş qaldırdığı vaxtdan xeyli fərqlənir. Bəs bizim yaşadığımız dövr necə adlanır? Adətən biz bu dövrü «axırzaman» adlandırırıq (2 Tim. 3:1). Amma Müqəddəs Kitabda deyilir ki, axırzamanla yanaşı daha uzun, daha əlamətdar bir dövr də başladı. Bu dövr «hər şeyin bərpa ediləcəyi vaxt» adlanır (Həv. 3:21). O, 1914-cü ildən başlayıb Allahın Padşahlığının bəşəriyyəti kamilliyə çatdıracağı və yer üzünü cənnətə çevirəcəyi vaxta qədər davam edəcək. Bəs bu vaxt kəsiyi başlayandan nələr bərpa olunub? İsa Məsih göydə Padşah təyin olunub. Beləcə, yenə Davudun nəslindən Yehovanı təmsil edən bir padşah var. Amma Yehova təkcə bu padşahlığı bərpa etməyib. Bundan dərhal sonra Yehova pak ibadəti də dirçəltməyə başladı (Əşy. 2:2—4; Hizq. 11:17—20). Bəs pak ibadət yenidən ləkələnəcək?

10. a) Müqəddəs Kitabda bizim dövrümüzdəki pak ibadətlə bağlı qabaqcadan nə deyilmişdi? (Əşiya 54:17). b) Nəyə görə bu cür peyğəmbərliklər bizə sakitlik verir?

10 Əşiya 54:17 ayəsini oxuyun. Bu peyğəmbərlik haqda bir düşünün: «Sənə qarşı düzəldilən heç bir silah kara gəlməyəcək». Allahın ilhamı ilə yazılmış bu sözlər hal-hazırda yerinə yetir. Bizim dövrümüzə aid başqa ürəkaçan peyğəmbərlik də var: «Bütün oğulların Yehovadan elm alacaq, oğullarının əmin-amanlığı bitib-tükənməyəcək. Salehlikdə bərqərar olacaqsan... Qorxu, dəhşət üçün bir səbəb olmayacaq, onlar artıq sənə yaxın gəlməyəcək» (Əşy. 54:13, 14). Hətta «bu dövrün allahı» Şeytan Yehovanın xalqının apardığı təlim işini dayandıra bilməz. O bunun qarşısında acizdir (2 Kor. 4:4). Pak ibadət bərpa olunub və bir daha ləkələnməyəcək, o, əbədilik qalacaq. Ona qarşı düzəldilən heç bir silah kara gəlməyəcək!

NƏ BAŞ VERƏCƏK?

11. Məsh olunmuşlar göyə qalxanda böyük izdihamın başsız qalmayacağını nəyə əsasən demək olar?

11 Məsh olmuşlar göyə qalxandan sonra nə baş verəcək? Unutmayın ki, bizim Çobanımız İsadır. Yığıncağın başı odur. O özü də aydın şəkildə demişdi: «Bir Rəhbəriniz var, o da Məsihdir» (Mət. 23:10). Hal-hazırda hakimiyyət sürən Padşahımız İsa Məsih öz işini bundan sonra da layiqincə yerinə yetirəcək. Bizim Rəhbərimiz Məsih olduğu üçün qorxmağa heç bir əsasımız olmayacaq. Düzdür, həmin vaxt Məsihin öz davamçılarına necə rəhbərlik edəcəyi ilə bağlı bütün təfərrüatları bilmirik. Amma Müqəddəs Kitabdakı bəzi hadisələr bizdə müəyyən təsəvvür yarada bilər.

12. a) Yehova Musa peyğəmbər öləndən sonra xalqının qeydinə necə qalmışdı? b) İlyas peyğəmbər yeni təyinat alandan sonra Yehova xalqının qeydinə necə qalmışdı? (Həmçinin şəklə baxın.)

12 İsraillilər Vəd edilmiş diyara daxil olmazdan əvvəl Musa peyğəmbər ölür. Bəs Allahın xalqı ilə nə baş verir? Artıq Musa olmadığı üçün onlar başsız qalırlar? Əlbəttə ki, yox. Nə qədər ki onlar sadiq idilər, Yehova onların qeydinə qalırdı. Musa ölməzdən əvvəl Yehova ona tapşırmışdı ki, xalqa rəhbərlik etmək üçün Yuşəni təyin etsin. Musa Yuşəyə uzun illər təlim vermişdi (Çıx. 33:11; Qan. 34:9). Bundan əlavə, hər min, yüz, əlli və on nəfərin üzərində xalqa başçılıq edən bacarıqlı kişilər var idi (Qan. 1:15). Allahın xalqı qayğı ilə əhatə olmuşdu. Digər hadisə isə İlyas peyğəmbərlə bağlıdır. O, israillilərin Allaha pak şəkildə ibadət etməsi üçün uzun illər ərzində çox çalışmışdı. Amma bir müddət sonra Yehova ona başqa təyinat verir — onu Yəhudanın cənubuna göndərir (2 Pad. 2:1; 2 Saln. 21:12). Bəs on qəbiləli İsrail padşahlığındakı sadiq insanlar başsız qalır? Yox. İlyas uzun illər Əlyəsəyə təlim keçmişdi. Həmçinin orada «peyğəmbər oğulları» da var idi. Görünür, onlar məktəb kimi bir yerdə təlim alan insanlar idi (2 Pad. 2:7). Deməli, Allahın xalqına rəhbərlik etməyə kömək edəcək çoxlu sadiq kişilər var idi. Yehova sadiq xidmətçilərinin qeydinə qalmaqla bu niyyətini yerinə yetirməyə davam edirdi.

Musa (soldakı şəkil) və İlyas (sağdakı şəkil) onlardan sonra Allahın xalqına rəhbərlik edəcək kəslərə təlim vermişdi (12-ci abzasa baxın)


13. İbranilərə 13:5b ayəsində Yehova bizi nəyə arxayın edir? (Həmçinin şəklə baxın.)

13 Bu nümunələri nəzərə alaraq necə düşünürsünüz, yer üzündəki ən axırıncı məsh olunmuş göyə qalxandan sonra nə baş verəcək? Cavabı çox düşünməyə ehtiyac yoxdur. Müqəddəs Kitabda çox sadə, aydın bir həqiqət yazılıb: Yehova yer üzündəki xidmətçilərini heç vaxt tərk etməyəcək. (İbranilərə 13:5b ayəsini oxuyun.) Musa ilə İlyas kimi bu gün də rəhbərlik edən məsh olunmuş qardaşlar başa düşürlər ki, başqalarına təlim vermək lazımdır. Rəhbərlik Şurası uzun illərdir Allahın xalqının qeydinə qalmaları üçün böyük izdihamdan olan qardaşlara təlim verir. Məsələn, onlar ağsaqqalların, səyyar nəzarətçilərin, filial komitəsi üzvlərinin, Beyteldəki nəzarətçilərin, xüsusi təyinatlı müjdəçilərin və digərlərinin təlim alması üçün çoxlu məktəblər təşkil edirlər. Bundan əlavə, Rəhbərlik Şurası şəxsən Şuranın müxtəlif komitələrinin köməkçilərinə təlim verir. Bu köməkçilər artıq indidən təşkilatda böyük məsuliyyət yükü daşıyır. Onlar məsh olunmuşlar göyə qalxandan sonra da Məsihin davamçılarının qeydinə qalmağa tam hazırdırlar.

Rəhbərlik Şurası əlindən gələni edib köməkçilərinə təlim verir, eləcə də bütün dünyadakı ağsaqqallara, səyyar nəzarətçilərə, filial komitəsi üzvlərinə, Beyteldəki nəzarətçilərə və xüsusi təyinatlı müjdəçilərə təlim vermək üçün məktəblər təşkil edir (13-cü abzasa baxın)


14. Müzakirəmizin məğzi nədir?

14 Deməli, müzakirəmizin məğzi budur: böyük müsibətin sonuna yaxın məsh olmuşların sonuncusu göyə qalxandan sonra Allahın xidmətçiləri yenə də Ona pak şəkildə ibadət edəcəklər. Bu, Rəhbərimiz İsa Məsihin sayəsində olacaq. Düzdür, həmin vaxt millətlər birliyi olan Məcuc ölkəsindən Yəcuc Allahın xalqına hücum edəcək (Hizq. 38:18—20). Amma bu qısa və uğursuz hücum olacaq. O, böyük izdihama Allaha ibadət etməyə mane ola bilməyəcək. Yehova xalqını xilas edəcək! Həvari Yəhya görüntüdə Məsihin davamçılarından ibarət «böyük bir izdiham» görmüşdü və ona deyilmişdi ki, bu izdiham «böyük müsibətdən çıxanlardır» (Vəhy 7:9, 14). Bəli, Yehova xalqını qoruyacaq!

15, 16. Vəhy 17:14 ayəsinə əsasən Armageddon müharibəsi zamanı Məsihin məsh olunmuş qardaşları nə edəcək və nəyə görə bunu bilmək bizi ruhlandırır?

15 Amma yenə də kimsə düşünə bilər: «Bəs məsh olunmuşlar necə? Onlar göyə qalxandan sonra nə edəcəklər?» Müqəddəs Kitab bu suala konkret cavab verir. Orada deyilir ki, bu dünyanın siyasi qüvvələri «Quzu ilə vuruşacaqlar». Amma təbii ki, qalib gələ bilməyəcəklər. Müqəddəs Kitabdan oxuyuruq: «Quzu... onları məğlub edəcək». Bəs Quzuya kimsə kömək edəcək? Bəli. Ayədə deyilir ki, «çağırılmışlar, seçilmişlər və sadiqlər» onun yanında olacaqlar. (Vəhy 17:14 ayəsini oxuyun.) Onlar kimlərdir? Dirilmiş məsh olunmuş məsihilər. Deməli, böyük müsibətin sonuna yaxın onlardan axırıncısı da göyə qalxanda alacaqları ilk tapşırıq döyüşmək olacaq. Bu necə də fərqli tapşırıqdır! Bəzi məsh olunmuş məsihilər Yehovanın Şahidi olmazdan əvvəl döyüşkən olub, hətta elələri də var ki, orduda xidmət edib. Amma sonradan onlar əsl məsihi oldular və başqaları ilə sülh içində yaşamağı öyrəndilər (Qal. 5:22; 2 Salon. 3:16). Həmçinin müharibələri dəstəkləməyə son qoydular. Bununla belə, məsh olunmuş məsihilər göyə qalxandan sonra Məsihlə və onun müqəddəs mələkləri ilə birlikdə Allahın düşmənlərinə qarşı sonuncu müharibədə döyüşəcəklər.

16 Bir düşünün: Yer üzündə yaşayan məsh olunmuşların bəziləri çox yaşlıdır, taqətdən düşüb. Amma göydə yaşamaq üçün diriləndə onlar qüdrətli, ölməz ruhani varlıqlar olacaqlar, Cəngavər Padşah İsa Məsihlə birlikdə vuruşacaqlar. Armageddon müharibəsi bitəndən sonra isə İsa ilə çiyin-çiyinə xidmət edib insanlara kamilləşməyə kömək edəcəklər. Onlar göydə olanda dəyərli bacı-qardaşlarına yer üzündə olduqları vaxtdan qat-qat daha çox kömək edə biləcəklər.

17. Allahın Armageddon müharibəsi zamanı xidmətçilərini qoruyacağını haradan bilirik?

17 Siz yer üzündə yaşamağa ümid edirsiniz? Elədirsə, həlledici Armageddon müharibəsi başlayanda sizə nə etmək lazım gələcək? Çox sadə bir şey — Yehovaya güvənib Onun dediklərini etmək. Məsələn, bu nə ola bilər? Müqəddəs Kitabda bizə qəlb rahatlığı verən növbəti sözlər yazılıb: «İçəri otaqlarınıza girin, arxanızca qapıları bağlayın. Qəzəb keçənəcən, qısa müddətə gizlənin» (Əşy. 26:20). Həmin vaxt Yehova həm göydəki, həm də yer üzündəki sadiq xidmətçilərini qoruyacaq. Həvari Bulus kimi biz də əminik ki, «nə hakimiyyətlər, nə indiki şeylər, nə gələcək şeylər» bizi «Allahın məhəbbətindən ayıra bilməz» (Rom. 8:38, 39). Bu fikri qulağınıza sırğa edin: Yehova sizi sevir və O sizi heç vaxt atmaz!

SONUNCU MƏSH OLUNMUŞ MƏSİHİ GÖYƏ QALXANDA...

  • nə baş verməyəcək?

  • nəyə görə əmin ola bilərik ki, pak ibadət ləkələnməyəcək?

  • nəyə görə əmin ola bilərik ki, Yehova xalqının qeydinə qalacaq?

NƏĞMƏ 8 Yehova pənahımızdır