Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 7

NƏĞMƏ 51 Özümüzü Allaha həsr etdik!

Nəzirilərdən nə öyrənirik?

Nəzirilərdən nə öyrənirik?

«Bütün nəzirilik günləri ərzində o, Yehova üçün müqəddəsdir» (SAY. 6:8).

ƏSAS FİKİR

Nəzirilərin nümunəsi bizə Yehovanın yolunda qurbanlar verməyə və Ona cəsarətlə xidmət etməyə kömək edir.

1. Tarix boyu Yehovanın xidmətçilərində hansı gözəl düşüncə olub?

 YEHOVANI çox istəyirsiniz? Buna şübhə yoxdur. Elə qədim dövrdən bu yana sizin kimi Yehova ilə münasibətlərini qiymətləndirən çox adam olub (Zəb. 104:33, 34). Bəziləri Yehovaya ibadət etməkdən ötrü qurbanlar verib. Qədim İsraildə yaşamış nəziriləri buna misal çəkmək olar. Bəs onlar kimlər idi və onların nümunəsindən nə öyrənə bilərik?

2. a) Nəzirilər kimlər idi? (Saylar 6:1, 2). b) Nəyə görə bəzi israillilər nəziri əhdi verirdi?

2 Nəziri «seçilmiş», «ayrılmış», «həsr olunmuş» mənasını verən ibrani sözündən yaranıb. Nəzirilər Yehovaya xüsusi şəkildə xidmət etmək üçün müəyyən qurbanlar verən israillilər idi. Musanın qanununa əsasən kişi də, qadın da Yehova ilə xüsusi əhd bağlayıb bir müddət nəziri kimi yaşamağı seçə bilərdi a. (Saylar 6:1, 2 ayələrini oxuyun.) Bu əhdi verənlər digər israillilərdən tələb olunmayan qaydalara əməl etməli idi. Bəs onları belə bir əhd verməyə nə təşviq edirdi? Görünür, onlar bunu Yehovaya məhəbbətdən irəli gələrək edirdilər, verdiyi bol nemətlərə görə Ona minnətdarlıqlarını bildirmək istəyirdilər (Qan. 6:5; 16:17).

3. Bu gün Yehovanın xalqı nəzirilərə necə bənzəyir?

3 Musanın qanunu «Məsihin qanunu» ilə əvəz olunandan sonra nəziriliyə son qoyuldu (Qal. 6:2; Rom. 10:4). Bununla belə, bu gün Yehovanın xalqı qədimdəki nəzirilər kimi bütün qəlbləri, varlıqları, ağılları və var gücləri ilə Ona xidmət etmək istəyir (Mark 12:30). Biz özümüzü Yehovaya həsr edəndə Onunla əhd bağlayıb bu cür davranacağımıza söz veririk. Verdiyimiz əhdə uyğun yaşamaq üçün Yehovanın iradəsini yerinə yetirməli və müəyyən qurbanlar verməliyik. Gəlin görək nəzirilər əhdlərinə uyğun yaşamaq üçün nə edirdilər və biz onlardan öz əhdimizə uyğun yaşamaqla bağlı nə öyrənə bilərik b (Mət. 16:24).

QURBANLAR VERMƏYƏ HAZIR OLUN

4. Saylar 6:3, 4 ayələrinə əsasən nəzirilər hansı qurbanı verməli idi?

4 Saylar 6:3, 4 ayələrini oxuyun. Nəzirilər dillərinə kefləndirici içki vurmamalı, eləcə də meynənin məhsulu olan üzüm, kişmiş və sairə şeylər yeməməli idilər. Digər israillilər şərab da içirdi, üzümün bəhrəsini də yeyirdi. Burada qəbahət bir şey yox idi. Müqəddəs Kitabda yazılıb ki, şərab Allahın bəxşişidir və o, insanın ürəyini şənləndirir (Zəb. 104:14, 15). Amma nəzirilər özlərini bu təamlardan könüllü məhrum edirdilər c.

Nəzirilər kimi siz də qurbanlar verməyə hazırsınız? (4—6 abzaslara baxın)


5. Madian və Marsela hansı qurbanları vermək qərarına gəldi və nəyə görə?

5 Nəzirilər kimi bu gün biz də Yehovaya daha çox xidmət etmək üçün müəyyən qurbanlar veririk. Məsələn, götürək Madianla Marsela adlı ər-arvadı d. Onların çox komfortlu həyatı var idi. Madian yaxşı işdə işləyirdi, onlar gözəl mənzildə yaşayırdılar. Amma Madianla Marsela Yehovanın yolunda daha çox iş görmək istəyirdi. Bu məqsədə çatmaq üçün həyatlarında bəzi şeyləri dəyişdilər. Onlar deyir: «Biz xərclərimizi azaltdıq, maşınımızı satdıq və daha kiçik bir mənzilə köçdük». Madianla Marseladan bu cür qurbanlar vermək tələb olunmurdu. Amma onlar xidmətlərini genişləndirmək istədikləri üçün belə bir addım atdılar. Onlar verdikləri bu qərara görə özlərini çox məmnun və xoşbəxt hiss edirlər.

6. Bu gün məsihilər nəyə görə qurbanlar verir? (Həmçinin şəklə baxın.)

6 Məsihilərə təşkilatın işlərində daha çox iştirak etmək üçün qurbanlar vermək xoşdur (1 Kor. 9:3—6). Əslində, Yehova bizdən bu cür qurbanlar verməyi tələb etmir və vaz keçdiyimiz şeylər də öz-özlüyündə pis bir şey deyil. Bəziləri bundan ötrü sevdikləri işdən, ev, heyvan sahibi olmaq imkanından keçib. Çoxları bir müddət subay qalmaq və ya dərhal uşaq sahibi olmamaq qərarına gəlib. Elələri də var ki, ailələrindən və dostlarından uzaq olsa da tələbat olan əraziyə köçüb. Biz bu qurbanları könüllü veririk, çünki Yehova üçün hər şeyin ən yaxşısını etmək istəyirik. Əmin olun ki, Yehova böyük və kiçik olmasından asılı olmayaraq, Onun yolunda verdiyiniz hər bir qurbanı qiymətləndirir (İbr. 6:10).

FƏRQLƏNMƏYƏ HAZIR OLUN

7. Əhdinə bağlı qalmaq nəziriyə nəyə görə çətin ola bilərdi? (Saylar 6:5). (Həmçinin şəklə baxın.)

7 Saylar 6:5 ayəsini oxuyun. Nəzirilər saçlarını kəsməməli idilər. Bununla Yehovaya tam tabe olduqlarını göstərirdilər. İsrailli xeyli vaxtdır nəzirilik edirdisə, artıq saçları uzanırdı və onun uzun saçı başqalarının diqqətindən yayınmırdı. Əgər ətrafındakı insanlar nəzirini əhdinə sadiq qalmağa təşviq edirdisə, nəziri olduğunun bilinməsi ona çətinlik yaratmırdı. Amma təəssüf ki, İsrail tarixində elə dövrlər olmuşdu ki, nəzirilərə dəyər verilmirdi, onlar dəstək görmürdü. Məsələn, Amus peyğəmbərin dövründə dönük israillilər «nəzirilərə şərab [içirdirdilər]» (Ams. 2:12). Görünür, onlar istəyirdilər ki, nəzirilər şərabdan uzaq duracaqlarına dair əhdlərini pozsunlar. Bəzən əhdlərinə bağlı qalmaq və başqalarından fərqlənmək üçün nəzirilərə böyük cəsarət lazım olurdu.

Əhdinə bağlı qalan nəziri başqalarından fərqlənməyə çəkinmirdi (7-ci abzasa baxın)


8. Bencaminin hadisəsi sizi necə ruhlandırır?

8 Yehovanın köməyi ilə biz də özümüzdə başqalarından fərqlənməyə cəsarət tapa bilərik, hətta təbiətcə utancaq olsaq da. Məsələn, Norveçdə yaşayan on yaşlı Bencamin adlı bir Yehovanın Şahidinin hadisəsinə baxaq. Ukraynada gedən müharibəyə görə onun məktəbində ukraynalılara dəstək tədbiri keçirilirdi. Şagirdlər Ukrayna bayrağının rənglərində paltar geyinməli və mahnı oxumalı idilər. Bencamin bu tədbirdə iştirak etmək istəmirdi, ona görə də tədbirin keçirildiyi yerdən bir az uzaqda dayanmışdı. Amma müəlliməsi onu görür və ucadan çağırıb deyir: «Gəl bura. Hamı səni gözləyir». Bencamin cəsarətlə müəlliməsinə yaxınlaşıb belə deyir: «Mən bitərəfəm və siyasi nümayişlərdə iştirak etmirəm. Amma bilin ki, nə qədər Yehovanın Şahidi müharibədə iştirak etmədiyi üçün həbsdədir». Müəllimə onun izahına anlayışla yanaşır və tədbirdə iştirak etməməyə icazə verir. Bununla belə, sinif yoldaşları ondan nəyə görə iştirak etmədiyini soruşurlar. Bencamin o qədər həyəcanlanır ki, az qalır ağlasın. Lakin müəlliməsinə dediklərini cəsarətlə bütün sinfin qarşısında təkrarlayır. Bencamin daha sonra valideynlərinə demişdi ki, həmin vaxt Yehovanın ona imanını müdafiə etməyə kömək etdiyini hiss edib.

9. Yehovanın qəlbini necə sevindirə bilərik?

9 Biz Yehovanın iradəsinə uyğun yaşadığımız üçün bu dünyadakı insanlardan fərqlənirik. İşdə və ya məktəbdə Yehovanın Şahidi olduğumuzu demək üçün bizə cəsarət lazımdır. Bu dünyanın düşüncəsi və davranışı getdikcə korlanır. Buna görə də Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamaq və müjdəni insanlara danışmaq çətinləşir (2 Tim. 1:8; 3:13). Bununla belə, unutmayın ki, biz cəsarətli davranıb Yehovaya xidmət etməyən insanlardan fərqlənəndə Onun qəlbini sevindiririk (Məs. 27:11; Məl. 3:18).

SİZİN ÜÇÜN ƏN VACİB YEHOVA OLSUN

10. Saylar 6:6, 7 ayələrində yazılan əmrə uyğun davranmaq nəzirilərə nəyə görə çətin ola bilərdi?

10 Saylar 6:6, 7 ayələrini oxuyun. Nəzirilər heç bir ölüyə yaxın getməməli idilər. Həmin dövrdə insanın yaxın qohumu öləndə bu əmrə tabe olmaq olduqca çətin idi. Çünki dəfn adətlərini icra etmək üçün cəsədin yanında olmaq lazım idi (Yəh. 19:39, 40; Həv. 9:36—40). Nəziri əhdi verən insan isə bu cür adətlərdə iştirak edə bilməzdi. Hətta ailə üzvlərini itirmiş olsalar belə, onlar bu yaslı günlərində əhdlərinə uyğun davranıb böyük iman göstərirdilər. Sözsüz ki, Yehova bu sadiq xidmətçilərinə üzləşdikləri bu cür çətin vəziyyətlərə dözməyə güc verirdi.

11. Ailə məsələlərində qərar verərkən məsihi nə etməyə qətiyyətli olmalıdır? (Həmçinin şəklə baxın.)

11 Biz məsihilər Yehovaya həsr olunma əhdimizə ciddi yanaşırıq. Bu, ailə məsələləri ilə bağlı verdiyimiz qərarlara və davranışlarımıza da təsir edir. Düzdür, biz ailə məsuliyyətlərimizi canla-başla yerinə yetiririk. Amma ailəmizin istəklərini heç vaxt Yehovanın tələblərindən üstün tutmuruq (Mət. 10:35—37; 1 Tim. 5:8). Yehovanı razı salmaqdan ötrü bəzən qohumlarımızın xoşuna gəlməyəcək qərarlar verməyi gözə alırıq.

Həyatınızın ən ağır dönəmində belə sizin üçün ən vacibi Yehovanın fikridir? (11-ci abzasa baxın) e


12. Aleksandrunun ailəsində çətin vəziyyət yarananda o nə etdi və nə etmədi?

12 Aleksandru ilə arvadı Dorinanın hadisəsinə baxaq. Onlar Müqəddəs Kitabı öyrənməyə başlayandan bir il sonra Dorina dərsləri dayandırmaq qərarına gəlir və Aleksandrunun da dayandırmasını istəyir. Amma Aleksandru sakit və nəzakətli şəkildə ona bildirir ki, dərslərə davam edəcək. Bu, Dorinanın xoşuna gəlmir və o, yoldaşına mane olmaq üçün əlindən gələni edir. Aleksandru yoldaşının nəyə görə belə davrandığına anlayış göstərməyə çalışırdı, amma bu heç də asan olmurdu. Dorina onu tənqid etdiyi, sərt cavab verdiyi üçün bəzən Aleksandru təslim olmaq istəyirdi. Bununla belə, o yenə də Yehovanın fikrini üstün tuturdu, eyni zamanda arvadına məhəbbət və hörmət göstərirdi. Nəhayətdə, arvadı onun gözəl davranışlarını görüb dərsi bərpa etmək qərarına gəldi və daha sonra vəftiz olundu. (jw.org saytında «Həqiqət həyatları dəyişir» rubrikasında «Aleksandru və Dorina Vakar: “Məhəbbət səbirli və xeyirxahdır”» adlı videoya baxın.)

13. Yehovaya və ailəmizə sevgimizi necə göstərə bilərik?

13 Ailə quruluşunu Yehova təsis edib və O, ailəmizin xoşbəxt olmağını istəyir (Efes. 3:14, 15). Əgər həqiqətən də xoşbəxt olmaq istəyiriksə, hər şeyi Yehovanın buyurduğu tərzdə etməliyik. Əmin olun ki, Yehova Ona xidmət etmək üçün verdiyiniz qurbanları, eyni zamanda ailənizin qayğısına qalıb onlara məhəbbət və hörmət göstərməyinizi çox qiymətləndirir (Rom. 12:10).

BİR-BİRİNİZİ NƏZİRİLƏR KİMİ OLMAĞA TƏŞVİQ EDİN

14. Xüsusilə kimləri sözlərimizlə ürəkləndirməliyik?

14 Yehovaya xidmət etməyə qərar verən hər bir insan Ona sevgidən irəli gələrək qurbanlar verməyə hazır olmalıdır. Bu, bəzən elə də asan olmur. Bəs onda belə davranmağa bir-birimizə necə kömək edə bilərik? Ruhlandırıcı sözlərimizlə (Əyy. 16:5). Yığıncağınızda elələri varmı ki, teokratik işlərdə daha çox iştirak etmək üçün həyatlarını sadələşdirməyə çalışırlar? Elə gənclər tanıyırsınız ki, onlara nə qədər çətin olsa da, cəsarət göstərib məktəbdə başqalarından fərqlənirlər? Bəs ailədəki təqiblərə baxmayaraq, sadiq qalmağa çalışan dindaşlarınız və ya Müqəddəs Kitab şagirdləri var? Fürsət düşən kimi bu əziz bacı-qardaşları ruhlandırın. Onların cəsarətinə valeh olduğunuzu, Yehovanın yolunda verdiyi qurbanları qiymətləndirdiyinizi bildirin (Flm. 4, 5, 7).

15. Bəziləri tamvaxtlı xidmətdə olanlara necə dəstək olur?

15 Bəzən isə tamvaxtlı xidmətdə olan dindaşlarımıza əl tuta bilərik (Məs. 19:17; İbr. 13:16). Bu, Şri-Lankada yaşayan yaşlı bir bacının da ürəyindən keçirdi. Onun təqaüdünü artırmışdılar və o, öncül kimi xidmət edən iki gənc bacıya maddi sıxıntılarına baxmayaraq, xidmətlərini davam etdirməyə kömək etmək istəyirdi. Buna görə də onların telefon xərclərini qarşılamaq üçün bu yaşlı bacımız hər ay müəyyən məbləğdə pul ayırmaq qərarına gəlir. Onun necə də gözəl ürəyi var!

16. Qədimdəki nəziri əhdindən nə öyrənirik?

16 Gördüyümüz kimi qədimdə yaşayan nəzirilər bizim üçün gözəl nümunədirlər. Bununla belə, nəzirilik əhdindən Yehova barədə də çox şey öyrənmək olar. Məsələn, Yehova əmindir ki, biz Onu razı salmağı ürəkdən istəyirik və həsr olunma əhdimizə uyğun yaşamaq üçün qurbanlar verməyə hazırıq. Üstəlik, Yehova Ona olan sevgimizi göstərməyə imkan yaratmaqla hər birimizə hörmət göstərir (Məs. 23:15, 16; Mark 10:28—30; 1 Yəh. 4:19). Nəzirilik əhdindən görmək olar ki, Yehova Onun yolunda verdiyimiz qurbanları görür və qiymətləndirir. Odur ki, gəlin Yehovaya bundan sonra da xidmət etməyə əzmli olaq və can-dildən Onun yolunda hər şeyin ən yaxşısını verək.

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Nəziri olmaq istəyənlərin fədakar və cəsarətli olduğu nələrdən görünürdü?

  • Biz bir-birimizi nəzirilər kimi olmağa necə təşviq edə bilərik?

  • Nəzirilik əhdindən Yehovanın Öz xidmətçilərinə münasibəti barədə nə öyrənirik?

NƏĞMƏ 124 Sədaqətli olaq

a Yehova tərəfindən tək-tük israilli nəziri seçilmişdi. Görünür, əksər israillilər özləri bir müddət nəziri olmağa qərar verirdilər. (« Yehovanın təyin etdiyi nəzirilər» adlı çərçivəyə baxın.)

b Bəzən nəşrlərimizdə nəzirilər tamvaxtlı xidmətdə olanlara aid edilir. Bu məqalədə isə Yehovanın bütün həsr olunmuş xidmətçilərinin nəzirilərə necə bənzəyə biləcəyindən danışacağıq.

c Ümumi götürdükdə, görünür, nəzirilərdən əhdlərini yerinə yetirmələri üçün əlavə bir öhdəçilik, yəni hər hansı bir iş görmələri gözlənilmirdi.

d jw.org saytında «Yehovanın Şahidlərinin həyatından əhvalatlar» silsiləsində yerləşən «Həyatımızı sadələşdirməyə qərar verdik» adlı məqaləyə baxın.

e ŞƏKLİN İZAHI. Nəziri damın başından ailə üzvünün dəfn mərasiminə baxır. O, əhd bağladığı üçün mərasimdə yaxın məsafədən iştirak edə bilmir.