Kontentə keç

Mündəricatı göstər

Rəhbərlik Şurasının iki yeni üzvü

Rəhbərlik Şurasının iki yeni üzvü

18 YANVAR 2023-cü il, çərşənbə günü jw.org saytında xüsusi bir elan yerləşdirildi: Qeyc Fliql və Cefri Vinder qardaş Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının yeni üzvləri təyin olundular. Qardaşların hər ikisi uzun illərdir Yehovaya sədaqətlə xidmət edir.

Qeyc Fliql və həyat yoldaşı Nadya

Qeyc Fliql qardaş ABŞ-nin Pensilvaniya ştatının qərbində Yehovaya ibadət edən bir ailədə böyüyüb. O, yeniyetmə olanda ailəsi təbliğçilərə tələbatın böyük olduğu kiçik şəhərə köçür. Bundan qısa müddət sonra, 20 noyabr 1988-ci ildə Qeyc qardaş vəftiz olunur.

Qardaşın valideynləri onu həmişə tamvaxtlı xidmətə təşviq edirdi. Onlar tez-tez evlərinə rayon nəzarətçilərini və beytelliləri dəvət edirdilər. Qeyc qardaş onların necə xoşbəxt olduqlarını görürdü. Qardaş vəftizindən çox keçməmiş, 1 sentyabr 1989-cu ildə öncül xidmətinə başlayır. Bundan iki il sonra o, 12 yaşında olarkən qoyduğu məqsədinə — Beyteldə xidmət etmək məqsədinə çatır. Qeyc qardaş 1991-ci ilin oktyabrında Bruklindəki Beyteldə xidmət etməyə başlayır.

Qeyc qardaş Beyteldə səkkiz il cildləmə sexində xidmət edib. Daha sonra o, Xidmət şöbəsinə təyin olunub. Həmin vaxtlar qardaş bir neçə il rusdilli yığıncaqda xidmət edib. 2006-cı ildə o, Nadya adlı bir bacımızla ailə qurdu. Evləndikdən sonra Nadya da Beyteldə xidmət etməyə başladı. Onlar birlikdə portuqaldilli yığıncaqda və 10 ildən çox ispandilli yığıncaqda xidmət ediblər. Uzun illər Xidmət şöbəsində çalışan Qeyc qardaş sonralar Təlim komitəsinə, daha sonra Xidmət komitəsinə təyin olundu. 2022-ci ilin martında isə o, Rəhbərlik Şurasının Xidmət komitəsinin köməkçisi təyin edildi.

Cefri Vinder və həyat yoldaşı Anjela

Cefri Vinder qardaş ABŞ-nin Kaliforniya ştatının Marieta şəhərində məsihi ailəsində böyüyüb. O, 29 mart 1986-cı ildə vəftiz olunub. Elə növbəti ay köməkçi öncül xidmətinə başlayıb. Bu xidmət onun o qədər xoşuna gəlib ki, davam etdirmək istəyib. Qardaş bir neçə ay köməkçi öncül kimi xidmət edəndən sonra 1 oktyabr 1986-cı ildə öncül xidmətinə başlayıb.

Cefri qardaş yeniyetmə olanda Beyteldə xidmət edən iki böyük qardaşını ziyarət etmişdi. Bu ziyarətdən sonra onun ürəyində Beyteldə xidmət etmək istəyi yarandı. 1990-cı ilin mayında Cefri qardaş Volkildəki Beyteldə xidmət etməyə dəvət olundu.

Cefri qardaş Beyteldə müxtəlif şöbələrdə, məsələn, Təmizlik şöbəsində, Ferma şöbəsində və Beytel bürosunda çalışıb. O, 1997-ci ildə Anjela adlı bir bacımızla ailə qurub. O vaxtdan bəri onlar Beyteldə xidmət edirlər. 2014-cü ildə Cefri ilə Anjela Vorvikə təyin olundu. Cefri qardaş orada baş idarənin binalarının tikintisi işinə kömək etdi. 2016-cı ildə onlar Patersonda yerləşən Gözətçi Qülləsinin Təlim Mərkəzinə köçdülər. Cefri qardaş orada Audio/Video Xidmətləri şöbəsində işləyirdi. Dörd ildən sonra isə onlar Vorvikə geri qayıtdılar və qardaş Kadrlar komitəsi ilə əməkdaşlıq etməyə başladı. 2022-ci ilin mart ayında isə Cefri qardaş Rəhbərlik Şurasının Kadrlar komitəsinin köməkçisi təyin olundu.

Bizə «insan timsalında hədiyyələr» verdiyi üçün Allahımıza minnətdarıq. Dua edirik ki, Yehova Padşahlıq yolunda can qoyan bu qardaşlara bol bərəkət versin (Efes. 4:8).