Kontentə keç

Mündəricatı göstər

Bilirsiniz?

Bilirsiniz?

Nəyə görə Davud padşahın ordusunda yadellilər də xidmət edirdi?

DAVUD padşahın ordusunda yadelli əsgərlər də xidmət edirdi, məsələn, əmuni Saliq, het Uryay və muabi İsmah a (1 Saln. 11:39, 41, 46). Həmçinin orduda «kəritilər, fələslilər, cat»lılar da var idi (2 İşm. 15:18). Belə hesab olunur ki, kəritilər və fələslilər necəsə filiştlilərlə əlaqəsi olan xalqlar idi (Hizq. 25:16). Catlılar isə Filişt şəhəri Catın sakinləri idi (Yuş. 13:2, 3; 1 İşm. 6:17, 18).

Bəs Davud padşah orduya nəyə görə yadelliləri də götürmüşdü? Çünki onların həm ona, həm də ən əsası Yehovaya sədaqətindən arxayın idi. Məsələn, bir Müqəddəs Kitab lüğətində kəritilərlə fələslilər haqda belə sözlər yazılıb: «Onlar Davudun hakimiyyətinin ən ağır dönəmində belə ona sadiq qalmışdılar» («The New Interpreter’s Dictionary of the Bible»). Bəs bunu necə göstərmişdilər? «Bütün israillilər» Davudu atıb «Səba adında bir mərdimazar»ın dalınca gedəndə kəritilərlə fələslilər Davudun yanında qaldılar və Səbanın üsyanını yatırmağa kömək etdilər (2 İşm. 20:1, 2, 7). Bir dəfə isə Davudun oğlu Əduniyyə atasının taxtını ələ keçirməyə cəhd etmişdi. Amma kəritilərlə fələslilər Davuda sadiq qalıb Süleymanın taxta çıxmasına kömək etdilər. Çünki padşahın xələfi kimi Yehova Süleymanı seçmişdi (1 Pad. 1:24—27, 38, 39).

Davuda son dərəcə sadiq qalan digər yadelli isə catlı İttay idi. Absalam üsyan edəndə və israillilərin ürəyini ələ alıb onları Davuda qarşı qaldıranda İttay və onun 600 döyüşçüsü Davudun tərəfini tutmuşdu. İttay yadelli olduğu üçün Davud əvvəl-əvvəl ona döyüşə getməməyi məsləhət görmüşdü, amma o demişdi: «Yehovaya and olsun, padşahın canı haqqı, ölmək də varsa, qalmaq da varsa, səninlə gedəcəyəm!» (2 İşm. 15:6, 18—21).

İttay Yehovanın məsh etdiyi Davud padşaha sadiq idi

Kəritilər, fələslilər və catlılar yadelli olsalar da, Yehovanın var olan Allah olduğunu qəbul edirdilər və Davuda Yehovanın məsh edilmişi kimi baxırdılar. Yəqin, Davud yanında dağ kimi dayanan bu cür sadiq insanlara görə fərəhlənirdi.

a Qanunun təkrarı 23:3—6 ayələrində yazılmış qanun əmunilərin və muabilərin İsrail icmasına daxil olmasını qadağan edirdi. Görünür, bu o demək idi ki, onlar İsrailin tam hüquqlu üzvü ola bilməzdilər. Amma bu qanun onlara israillilərlə ünsiyyət qurmağı və onların arasında yaşamağı qadağan etmirdi. «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasının 1-ci cildinin 79-cu səhifəsinə (rus.) baxın.