Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 19

NƏĞMƏ 22 Qoy Padşahlığın gəlsin!

Yehovanın gələcək hökmləri ilə bağlı nəyi bilirik?

Yehovanın gələcək hökmləri ilə bağlı nəyi bilirik?

«Yehova... heç kəsin məhv olmasını istəmir» (2 BUT. 3:9).

ƏSAS FİKİR

Əmin ola bilərik ki, Yehovanın gələcəkdə çıxaracağı hökmlər doğru və ədalətli olacaq.

1. Tarixin həyəcanlı bir dövründə yaşadığımızı nələr göstərir?

 BİZ tarixin çox həyəcanlı dövründə yaşayırıq! Müqəddəs Kitabdakı peyğəmbərliklər hər gün gözümüzün önündə yerinə yetirir. Məsələn, «şimal padşahı» ilə «cənub padşahı»nın dünyaya ağalıq etmək uğrunda bir-biri ilə çəkişdiyini görürük (Dən. 11:40). Allahın Padşahlığı haqqında müjdə görünməmiş miqyasda təbliğ olunur. Milyonlarla insan xoş xəbərə müsbət hay verir (Əşy. 60:22; Mət. 24:14). Həmçinin biz «vaxtlı-vaxtında» bol ruhani qida alırıq (Mət. 24:45—47).

2. Nəyi dəqiq bilirik və nəyi qəbul etmək lazımdır?

2 Çox tezliklə dünyada mühüm hadisələr baş verəcək. Yehova həmin hadisələri getdikcə daha aydın başa düşməyimizə kömək edir (Məs. 4:18; Dən. 2:28). Bir şey dəqiqdir: böyük müsibət başlamazdan əvvəl biz artıq biləcəyik, həmin çətin dövrdə sədaqət və dözüm göstərmək və birliyimizi qorumaq üçün nə etməliyik. Amma qəbul etmək lazımdır ki, yaxın gələcəyimizlə bağlı bilmədiyimiz şeylər də var. Bu məqalədə həmin hadisələrdən bəziləri haqda danışacağıq. Görək onlar haqda dediklərimizə nəyə görə düzəliş etmək lazım gəlib. Sonra gələcəyimizlə və Yehovanın görəcəyi işlərlə bağlı bildiyimiz bəzi hadisələri yadımıza salacağıq.

BİLMƏDİKLƏRİMİZ

3. Əvvəlki izahata əsasən insanların nə vaxta qədər Yehovaya iman gətirmək imkanı olacaqdı və nəyə görə belə düşünürdük?

3 Əvvəllər biz belə başa düşürdük ki, böyük müsibət başlayandan sonra imanda olmayan insanların artıq Yehovanın tərəfini tutmaq və Armageddondan xilas olmaq imkanı olmayacaq. Bəs nəyə görə belə düşünürdük? Çünki əvvəllər biz elə başa düşürdük ki, Nuhun Daşqını dövründə baş verənlər gələcəkdə olacaq hadisələrin timsalıdır. Məsələn, belə deyirdik: Daşqın başlamazdan əvvəl Yehova gəminin qapısını bağladığı kimi böyük müsibətin başlanğıcında da «qapını» Şeytan dünyasının üzünə bağlayacaq. Beləcə, daha heç kəsin xilas olmaq imkanı olmayacaq (Mət. 24:37—39).

4. Nəyə görə artıq Nuhun dövründə baş verənlərin gələcəkdəki hadisələrin timsalı olduğunu düşünmürük? İzah edin.

4 Bəs Nuhun Daşqınında baş verənlərin gələcəkdəki hadisələrin timsalı olduğunu düşünməliyik? Xeyr. Nəyə görə? Çünki Müqəddəs Kitab belə düşünməyə heç bir əsas vermir a. Düzdür, İsa öz hüzurunu «Nuhun vaxtı»na bənzətmişdi. Amma o deməmişdi ki, Daşqın dövründə baş verən hər bir şey gələcəkdəki hadisələrin timsalıdır, heç gəminin qapısının bağlanmasının da gələcəkdə xüsusi bir məna kəsb edəcəyini vurğulamamışdı. Amma bu o demək deyil ki, biz Nuh və Daşqınla bağlı hadisədən ümumiyyətlə heç nə öyrənə bilmərik.

5. a) Nuh peyğəmbər Daşqından əvvəl imanını necə göstərmişdi? (İbranilərə 11:7; 1 Butrus 3:20). b) Nuhun təbliğ etməsi ilə bu gün bizim təbliğ etməyimiz arasında hansı oxşarlıq var?

5 Nuh Yehovanın xəbərdarlıq sözlərini eşidəndə gəmi tikməyə başladı. Beləcə, imanlı insan olduğunu göstərdi. (İbranilərə 11:7; 1 Butrus 3:20 ayələrini oxuyun.) Eynilə, bu gün də Allahın Padşahlığı haqqında müjdəni eşidən insanlar imanlarını əməldə göstərməlidirlər (Həv. 3:17—20). Həvari Butrus Nuhu «salehlik carçısı» adlandırmışdı (2 But. 2:5). Amma ötən məqalədə də araşdırdığımız kimi biz dəqiq bilmirik, Nuh Daşqından əvvəl yer üzündə yaşayan bütün insanlara bir-bir təbliğ edib, ya yox. Bu gün biz dünyanın dörd tərəfində yaşayan hər bir insana təbliğ etməyə can atırıq, bunun üçün əlimizdən gələni edirik. Amma nə qədər çalışırıqsa çalışaq, son gələnə qədər yer üzündə yaşayan hər bir insana təbliğ edə bilmərik. Niyə?

6, 7. Son gəlməzdən əvvəl xoş xəbəri yer üzündə yaşayan hər bir insana çatdıra bilməyəcəyimizi nəyə əsasən deyə bilərik? İzah edin.

6 İsa Məsih təbliğ işi ilə bağlı peyğəmbərlik edib demişdi: «Müjdə xalqların hamısına şəhadət olsun deyə bütün yer üzündə təbliğ ediləcək» (Mət. 24:14). Bu gün bu peyğəmbərlik görünməmiş miqyasda yerinə yetir. Padşahlıq haqqında xəbər 1000-dən çox dildə dərc edilir və jw.org saytımız vasitəsilə Yer kürəsində yaşayan insanların əksəriyyətinin bu xəbəri öyrənmək imkanı var.

7 Bununla yanaşı, İsa şagirdlərinə demişdi: «[Şəhərlərin] hamısını gəzib qurtarmamış insan Oğlu gələcək» (Mət. 10:23; 25:31—33). Bu o demək idi ki, şagirdləri hər bir insana təbliğ etməyi çatdırmayacaqlar. Bu gün milyonlarla insan təbliğ işinin sərt qadağa altında olduğu ərazilərdə yaşayır. Bundan əlavə, hər dəqiqədə yüzlərlə uşaq dünyaya gəlir. Biz xoş müjdəni «hər xalqa, tayfaya, dilə» təbliğ etmək üçün var gücümüzlə çalışırıq (Vəhy 14:6). Amma bir reallıq var ki, biz son gəlməzdən əvvəl yer üzündə yaşayan hər bir insana təbliğ etməyi çatdıra bilməyəcəyik.

8. Yehovanın gələcək hökmləri ilə bağlı bizdə hansı sual yarana bilər? (Həmçinin şəkillərə baxın.)

8 Təbii olaraq belə bir sual yaranır: Böyük müsibət başlayana qədər xoş xəbəri eşitmək imkanı olmayan insanların aqibəti necə olacaq? Yehova və Onun insanlara hökm çıxarmaq üçün təyin etdiyi Oğlu İsa Məsih hansı qərarı verəcək? (Yəh. 5:19, 22, 27; Həv. 17:31). Məqalənin əsas ayəsindən bizə bir şey məlumdur: Yehova «heç kəsin məhv olmasını istəmir, əksinə, istəyir ki, hamı tövbəyə gəlsin» (2 But. 3:9; 1 Tim. 2:4). Bununla belə, biz hələ bilmirik ki, Yehova xoş xəbəri eşitmək imkanı olmayan insanlarla bağlı hansı hökmü çıxaracaq. Sözsüz, O bizə etdiyi və edəcəyi işlərlə bağlı açıqlama verməyə borclu deyil.

Yehova böyük müsibət başlayana qədər xoş xəbəri eşitmək imkanı olmayan insanlarla bağlı hansı hökmü çıxaracaq? (8-ci abzasa baxın) c


9. Yehova Kəlamı vasitəsilə bizə nəyi açıqlayır?

9 Yehova Kəlamı vasitəsilə bizə gələcəkdə görəcəyi bəzi işləri açıqlayır. Məsələn, Müqəddəs Kitabda deyilir ki, Yehova «qeyri-salehləri» həyata qaytaracaq. Onların müjdəyə hay vermək və həyatlarında dəyişiklik etmək imkanı olmayıb (Həv. 24:15; Luka 23:42, 43). Amma ortaya başqa suallar çıxır.

10. Başqa hansı suallar yaranır?

10 Böyük müsibət zamanı ölənlərin hamısı birdəfəlik məhv olacaq və onların dirilməsinə daha ümid olmayacaq? Müqəddəs Kitabda aydın yazılıb ki, Yehovanın əleyhinə çıxan və Onun və ordusunun Armageddon müharibəsində məhv etdiyi insanlar dirilməyəcək (2 Salon. 1:6—10). Bəs digər insanlar haqda nə demək olar? Məsələn, ola bilsin, təbii fəlakət və ya bədbəxt hadisə nəticəsində ölən, yaxud qətlə yetirilən insanların axırı necə olacaq? (Vaiz 9:11; Zək. 14:13). Yeni dünyada «qeyri-salehlər» dirilən zaman onlardan da dirilənlər olacaq? Bilmirik.

BİLDİKLƏRİMİZ

11. Armageddonda insanlara hökm çıxarılarkən nə əsas götürüləcək?

11 Gələcəkdə baş verəcək bəzi hadisələr haqda məlumatımız var. Məsələn, bilirik ki, Armageddonda insanlara hökm çıxarılarkən onların Məsihin qardaşlarına necə münasibət göstərdikləri əsas götürüləcək (Mət. 25:40). Məsh olunmuşları və Məsihi dəstəkləyənlərə «qoyun» hökmü çıxarılacaq. Həmçinin bilirik ki, böyük müsibət başlayandan sonra Məsihin qardaşlarından bəziləri hələ də yer üzündə olacaq. Onlar göyə Armageddon müharibəsi başlamazdan qısa müddət əvvəl qaldırılacaq. Məsihin qardaşları yer üzündə olduqları müddətdə, ola bilsin, səmimi-qəlbli insanların onları və gördükləri işi dəstəkləmək imkanı olsun (Mət. 25:31, 32; Vəhy 12:17). Bunlar nəyə görə vacib məlumatlardır?

12, 13. Bəziləri «Böyük Babil»in məhvini görüb hansı qərara gələ bilər? (Həmçinin şəkillərə baxın.)

12 Hətta böyük müsibət başlayandan sonra, ola bilsin, kimlərsə «Böyük Babil»in məhv olduğunu görüb Yehovanın Şahidlərinin uzun illərdir bu barədə danışdığını xatırlasın. Ola bilərmi ki, bu hadisələri görən insanlardan bəziləri Yehovaya iman gətirsin? (Vəhy 17:5; Hizq. 33:33).

13 Belə bir şey olsa, bu, Musa peyğəmbərin dövründə Misirdə baş verənlərə oxşayacaq. Yadınızdadırsa, israillilər Misiri tərk edəndə «əcnəbilərdən ibarət izdiham» onlara qoşulmuşdu (Çıx. 12:38). Görünür, bəziləri Musa peyğəmbərin 10 bəla ilə bağlı dediklərinin doğru çıxdığını görəndə Yehovaya iman gətirmişdi. Eyni şey Böyük Babil məhv olunanda baş versə, buna necə yanaşacağıq? İnsanların sona az qalmış bizə qoşulduğunu görüb bunu haqsızlıq hesab edəcəyik? Təbii ki, yox. Biz səmavi Atamıza bənzəmək istəyirik. O, «rəhmli və mərhəmətli, səbirli, məhəbbəti bol, həqiqəti əngin olan» Allahdır b (Çıx. 34:6).

Kimlərsə «Böyük Babil»in məhv olduğunu görüb Yehovanın Şahidlərinin uzun illərdir bu barədə danışdığını xatırlayacaq (12 və 13-cü abzaslara baxın) d


14, 15. İnsanın əbədi həyat ümidi onun nə vaxt ölməsindən və ya harada yaşamasından asılıdır? İzah edin (Zəbur 33:4, 5).

14 Kiminsə Yehovaya qulluq etməyən yaxını vəfat edəndə belə fikir eşidirik: «Yaxşı ki, o, böyük müsibət başlamazdan əvvəl öldü, indi heç olmasa, dirilməsinə ümid var». Təbii ki, onlar bunu yaxşı niyyətdən irəli gələrək deyirlər. Amma demək olmaz ki, insanın əbədi yaşaması onun nə vaxt ölməyindən asılıdır. Yehova kamil Hakimdir, Onun hər bir qərarı doğru və adildir. (Zəbur 33:4, 5 ayələrini oxuyun.) Əmin ola bilərik ki, «bütün dünyanın Hakimi» ədalətlə davranacaq (Yar. 18:25).

15 Onda məntiqli olaraq belə bir qənaətə də gəlirik: insanın əbədi həyat ümidi onun harada yaşamasından da asılı deyil. Elə ərazilər var ki, orada yaşayan insanların heç vaxt Padşahlıq haqda xəbəri öyrənməyə imkanı olmayıb. Ola bilməz ki, Yehova milyonlarla bu cür insana avtomatik «keçi» damğası vursun (Mət. 25:46). Bütün dünyanın ədalətli Hakimi bu cür insanları bizim düşündüyümüzdən də çox düşünür. Biz bilmirik, böyük müsibət vaxtı Yehova hadisələrə necə istiqamət verəcək. Yehova bütün xalqlara Öz müqəddəsliyini göstərəndə, ola bilsin, həmin insanlardan bəziləri böyük müsibət zamanı baş verənləri görüb Ona iman gətirsin (Hizq. 38:16).

Böyük müsibət başlayandan sonra... ola bilərmi ki, bu hadisələri görən insanlardan bəziləri Yehovaya iman gətirsin?

16. Yehova haqda nələri bilirik? (Həmçinin şəklə baxın.)

16 Biz Müqəddəs Kitabdan Yehovanın insan həyatına çox böyük dəyər verdiyini öyrənmişik. Əbədi yaşaya bilək deyə O Öz Oğlunu uğrumuzda qurban verib (Yəh. 3:16). Onun sevgisini, şəfqətini hər birimiz duymuşuq (Əşy. 49:15). Yehova hamımızı adbaad tanıyır. O bizi o qədər yaxşı tanıyır ki, hətta ölsək də, bizi yenidən yaratmağa qadirdir. Çünki bizimlə bağlı hər bir xırda detal, yaşadığımız hər bir xatirə Onun hafizəsindədir! (Mət. 10:29—31). Buna görə də tamamilə arxayın ola bilərik ki, Yehova hər bir insanla bağlı qərar verərkən tarazlı, ədalətli və mərhəmətli olacaq (Yaq. 2:13).

Tamamilə arxayın ola bilərik ki, Yehova hər bir insanla bağlı qərar verərkən tarazlı, ədalətli və mərhəmətli olacaq (16-cı abzasa baxın)


17. Növbəti məqalədə hansı suallara cavab tapacağıq?

17 Təlimlərimizə gətirilən yeni izahatdan sonra başa düşürük ki, bu gün təbliğ işimiz həmişəkindən daha təcilidir. Bunu nəyə əsasən deyirik? Xoş xəbəri durmadan təbliğ etməyə bizi nə təşviq edir? Növbəti məqalədə bu sualları təfsilatı ilə araşdıracağıq.

NƏĞMƏ 76 Nə hiss edirsən sən?

a Bu dəyişikliyə nəyə görə ehtiyac yarandığını öyrənmək üçün «Gözətçi qülləsi»nin 2015-ci il 15 mart sayının 7—11 səhifələrində yerləşən «“Sən belə məsləhət bildin”» adlı məqaləyə baxın.

b Böyük Babil məhv olandan sonra Məcuc ölkəsindən olan Yəcucun hücumu zamanı Yehovanın bütün xidmətçilərinin imanı sınanacaq. Böyük Babilin məhvini görüb Allahın xalqına qoşulan insanlar da sınanacaq.

c ŞƏKLİN İZAHI. Növbəti üç səhnədə görmək olar ki, təbliğ işi bütün dünyada getsə də, nəyə görə bəzi insanlar xoş xəbəri eşitməyib: 1) Bacının yaşadığı ərazidəki dini vəziyyətə görə orada təbliğ eləmək təhlükəlidir, 2) bir ər-arvadın yaşadığı ölkədəki siyasi vəziyyətə görə orada təbliğ etmək qanunsuz və təhlükəlidir, 3) bir oğlanın yaşadığı ərazi coğrafi baxımdan hədsiz dərəcədə ucqar və əlçatmazdır.

d ŞƏKLİN İZAHI. Həqiqətdən uzaqlaşan bir qadın Böyük Babilin məhvi ilə bağlı öyrəndiklərini xatırlayır. O, Yehovaya geri dönüb məsihi valideynlərinin yanına qayıdır. Belə bir şey baş versə, biz istəyirik ki, göydəki Allahımız kimi mərhəmətli və rəhmli olaq və günahkarın geri qayıtmasına görə sevinək.