Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 26

NƏĞMƏ 8 Yehova pənahımızdır

Qoy Yehova Qayanız olsun

Qoy Yehova Qayanız olsun

«Allahımız kimi qaya yoxdur» (1 İŞM. 2:2).

ƏSAS FİKİR

Görün Yehova hansı mənada qaya adlanır və biz Onun qayayabənzər xüsusiyyətlərini necə əks etdirə bilərik.

1. Zəbur 18:46 ayəsində Davud padşah Yehovanı təsvir etmək üçün hansı bənzətmədən istifadə etmişdi?

 BU DÜNYADA qəfil başımıza hər şey gələ bilər. Nəticədə, həyatımız çətinləşər və ya ümumiyyətlə alt-üst olar. Nə yaxşı ki, belə məqamlarda Allahımız Yehovaya üz tuta bilirik. Ötən məqalədə öyrəndik ki, Yehova var olan Allahdır və dadımıza çatmağa hər zaman hazırdır. Yehovanın dəstəyini görəndə Onun «var olan» Allah olduğuna bir daha əmin oluruq. (Zəbur 18:46 ayəsini oxuyun.) Maraqlıdır ki, Davud padşah Yehovanın var olan Allah olduğunu deməklə yanaşı, Onu «Qayam» adlandırmışdı. Nəyə görə o, Yehovanı — yaşayan Allahı cansız cismə — qayaya bənzətmişdi?

2. Bu məqalədə hansı suallara cavab tapacağıq?

2 Bu məqalədə növbəti suallara cavab tapacağıq: «Yehova nəyə görə qaya adlanır? Bu metaforadan Yehova barədə nə öyrənirik? Yehovaya Qayamız kimi yanaşmağa nə kömək edə bilər? Yehovanın qayayabənzər xüsusiyyətlərini necə təzahür etdirə bilərik?»

NƏYƏ GÖRƏ YEHOVA QAYA ADLANIR?

3. Müqəddəs Kitabda çox vaxt «qaya» sözü necə istifadə olunur? (Şəklə baxın.)

3 Müqəddəs Kitabda Yehovanın bədii dillə «qaya»ya bənzədilməsi Onun bəzi xüsusiyyətlərini anlamağa kömək edir. Çox vaxt bu söz Yehovanın bənzərsiz xüsusiyyətlərinin vəsf olunduğu ayələrdə işlənir. İlk dəfə Yehova Qanunun təkrarı 32:4 ayəsində «Qaya» adlanır. Hənnə duasında demişdi ki, «Allahımız kimi qaya yoxdur» (1 İşm. 2:2). Həbquq Yehovaya «Qayam» deyə müraciət etmişdi (Həb. 1:12). 73-cü məzmurun yazarı Yehovanı «qəlbimin qayası» adlandırmışdı (Zəb. 73:26). Hətta Yehova Özü də Özünü qaya adlandırmışdı (Əşy. 44:8). Gəlin Yehovanın qayayabənzər üç cəhətinə nəzər salaq və görək Ona Qayamız kimi yanaşmağa nə kömək edə bilər (Qan. 32:31).

Allahın xalqının gözündə Yehova möhkəm qayadır (3-cü abzasa baxın)


4. Yehova sığınacaq olduğunu necə göstərir? (Zəbur 94:22).

4 Yehova sığınacaqdır. Şiddətli fırtına baş verəndə insan qorunmaq üçün böyük qayaya gizlənə bilər. Eynilə həyatımızda qopan fırtınalar zamanı Yehovaya sığınsaq, Onun müdafiəsini duya bilərik. (Zəbur 94:22 ayəsini oxuyun.) Yehova bizi əmin-amanlıq içində saxlayır, nəyinsə bizə sağalmaz yara vurmasına icazə vermir. Həm də bizə belə bir vəd verir: O, narahatlığımıza, əzablarımıza səbəb olan hər bir şeyi birdəfəlik məhv edəcək (Hizq. 34:25, 26).

5. Yehovanın sığınacağımız olması üçün nə etməliyik?

5 Qayamız Yehovaya sığınmağın bir yolu Ona dua etməkdir. Biz dua edəndə Yehova bizə Öz sülhünü bəxş edir. Bu sülh ürəyimizi və fikirlərimizi qoruyur (Filip. 4:6, 7). Gəlin əqidəsinə görə həbs olunan Artyom qardaşın nümunəsinə baxaq. Onu dəfələrlə sorğu-sual edən sərt bir müstəntiq həmişə ona təzyiq göstərir və onu alçaldırdı. Artyom deyir: «Hər dəfə müstəntiqin yanına gedəndə məni həyəcan basırdı... Həmişə Yehovaya dua edirdim. Ondan qəlb rahatlığı və hikmət istəyirdim. Müstəntiqin əl atdığı hiylələr heç bir nəticə vermədi... Yehova dağ kimi arxamda dururdu».

6. Nəyə görə Yehovaya həmişə etibar edə bilərik? (Əşiya 26:3, 4).

6 Yehova etibarlıdır. Nəhəng qayanı tərpətmək mümkün deyil, o, hər zaman öz yerində durur. Eynilə Yehova da hər zaman yanımızdadır. Biz Ona etibar edə bilərik, çünki O, «əbədi qayadır». (Əşiya 26:3, 4 ayələrini oxuyun.) O, həmişə var olduğu üçün vədlərini yerinə yetirəcək, dualarımızı eşidəcək və bizə dayaq olacaq. Yehovaya güvənmək üçün daha bir səbəbimiz var: O Öz xidmətçilərinə qarşı sadiqdir (2 İşm. 22:26). Yehova Onun yolunda gördüyümüz işləri heç vaxt unutmayacaq və bizi mükafatsız qoymayacaq (İbr. 6:10; 11:6).

7. Yehovaya güvənsək, bunun hansı xeyrini görəcəyik? (Həmçinin şəklə baxın.)

7 Yehovanın bizim Qayamız olması üçün Ona tam etibar etməliyik. Biz arxayınıq ki, hətta həyatımızın ən çətin anında belə Yehovaya itaət etsək, bunun böyük xeyrini görəcəyik (Əşy. 48:17, 18). Onun dəstəyini gördükcə isə Ona etibarımız daha da artacaq. Onda biz qarşıdakı sınaqlara daha hazırlıqlı olacağıq; o sınaqlara ki yalnız Yehovanın sayəsində tab gətirə bilərik. Bəzən elə vəziyyətlə üzləşirik ki, heç kimdən kömək istəyə bilmirik. Çox vaxt belə məqamlarda Yehovanın nə qədər etibarlı olduğunu başa düşürük. Vladimir qardaş deyir: «İstintaq təcridxanasında keçirdiyim vaxt Allahla münasibətlərim üçün ən yaxşı vaxt idi. Düşdüyüm vəziyyətlə təkbətək qalmışdım və onu dəyişə bilməzdim, ona görə də Yehovaya daha çox güvənməyi öyrəndim».

Yehovaya etibar edəndə O bizim Qayamız olur (7-ci abzasa baxın)


8. a) Nəyə əsasən deyə bilərik ki, Yehova dəyişməzdir? b) Yehovanın Qayamız olmasının hansı xeyrini görürük? (Zəbur 62:6, 7).

8 Yehova sabit Allahdır. Necə ki nəhəng qaya illər keçsə də olduğu kimi möhkəm qalır, Yehova da sarsılmaz və dəyişilməzdir. O həmişə eynidir və niyyətindən dönmür (Məl. 3:6). Ədən bağında üsyan qalxanda Yehova geri çəkilmədi. Həvari Bulusun qeyd etdiyi kimi Yehova «özünü dana bilməz» (2 Tim. 2:13). Bu o deməkdir ki, nə baş verirsə versin, başqaları nə edirsə etsin, Yehova heç vaxt Öz təbiətinin, niyyətinin və normalarının ziddinə getməz. Yehova dəyişməz Allah olduğu üçün əminik ki, həyatımızda sərt küləklər əsəndə Yehova bizi qoruyacaq, gələcəkdə isə bizə qurtuluş verəcək. (Zəbur 62:6, 7 ayələrini oxuyun.)

9. Tatyananın hadisəsindən nə öyrənirsiniz?

9 Yehovanın Qayamız olması üçün başqa nə etməliyik? Daima Yehovanın xüsusiyyətləri və bəşəriyyətlə, Yer kürəsi ilə bağlı niyyəti barədə düşünməliyik. Bunun sayəsində sınaqlar zamanı emosional sabitliyimizi qoruyacağıq (Zəb. 16:8). Belə bir şey Tatyana adlı bacının həyatında da baş vermişdi. O, etiqadına görə ev dustaqlığına məhkum olunmuşdu. Bacı deyir: «Sözün əsl mənasında tək qalmışdım... Əvvəl-əvvəl mənə çox çətin idi. Tez-tez ruhdan düşürdüm». Amma bacı sınağının Yehova ilə və Onun niyyəti ilə bağlı olduğunu başa düşəndə sakitliyini qoruya bildi və sınağa tab gətirmək üçün emosional gücü oldu. Tatyana deyir: «Nəyə görə bu vəziyyətə düşdüyüm barədə fikirləşəndə başa düşdüm ki, bu şeyləri Yehovanın uğrunda yaşayıram. Məhz bu mənə diqqətimi özümə cəmləməməyə kömək etdi».

10. Yehovanın indidən Qayamız olması üçün nə etməliyik?

10 Qarşıda bizi çox ağır sınaqlar gözləyir. Həmin vaxt Yehovaya həmişəkindən daha çox etibar etmək lazım gələcək. Buna görə də biz indidən Yehovaya etibarımızı möhkəmləndirməliyik və tamamilə əmin olmalıyıq ki, O, istənilən vəziyyətdə Ona sadiq qalmağımıza kömək edəcək. Bəs buna necə nail ola bilərik? Müqəddəs Kitabdakı əhvalatları və bizim dövrümüzdəki Yehovanın Şahidlərinin hadisələrini oxumaqla. Bu zaman fikir verin ki, Yehova xidmətçilərinə dayaq olmaq üçün qayayabənzər xüsusiyyətlərini necə təzahür etdirmişdi. Bu hadisələrin üzərində dərin düşünün. Bunun sayəsində Yehova sizin də Qayanız olacaq.

YEHOVANIN QAYAYABƏNZƏR XÜSUSİYYƏTLƏRİNİ TƏZAHÜR ETDİRİN

11. Nəyə görə Yehovanın qayayabənzər xüsusiyyətlərini təzahür etdirmək istəyirik? (Həmçinin « Gənc qardaşlar üçün məqsəd» adlı çərçivəyə baxın.)

11 Biz Yehovanın qayayabənzər xüsusiyyətlərindən danışdıq. İndi isə gəlin görək biz bu xüsusiyyətləri necə təzahür etdirə bilərik. Çünki onları nə qədər yaxşı təzahür etdirsək, bir o qədər çox yığıncaqdakı bacı-qardaşları möhkəmləndirə biləcəyik. Misal üçün, İsa Şimona Kifa (yunanca Butrus) adını vermişdi. Bu adın mənası «daş», «qaya parçası» deməkdir (Yəh. 1:42). Bu ona işarə idi ki, Butrus yığıncaqdakı bacı-qardaşlara təsəlli verəcək və onların imanını möhkəmləndirəcək. Müqəddəs Kitabda yığıncaqdakı ağsaqqallar «nəhəng qaya kölgəsi»nə bənzədilir. Bu onu göstərir ki, onlar bacı-qardaşları qoruyurlar (Əşy. 32:2). Əslində, hamımız — qardaşlar da, bacılar da Yehovanın qayayabənzər xüsusiyyətlərini təzahür etdirib bir-birimizi ruhlandıra bilərik (Efes. 5:1).

12. Biz hansı yollarla bacı-qardaşlarımız üçün sığınacaq ola bilərik?

12 Sığınacaq olun. Bəzən biz təbii fəlakətdən zərər çəkən və ya vətəndaş iğtişaşlarına, müharibəyə görə evlərindən didərgin düşən bacı-qardaşlara evimizin qapısını açıb sığınacaq veririk. Yaşadığımız bu «axırzamanda» vəziyyət getdikcə pisləşir, buna görə də bacı-qardaşlara kömək əli uzatmaq üçün daha çox imkanımız olacaq (2 Tim. 3:1). Bundan əlavə, biz onlara ruhani və emosional sığınacaq da ola bilərik. Bunu etməyin bir yolu ibadət evində onlara xoş münasibət göstərməkdir. Beləcə, yığıncaqda mehriban ab-hava olacaq. Bu dünya çox qəddar, soyuq, streslə doludur. Buna görə də əlimizdən gələni edirik ki, bacı-qardaşlar yığıncaq görüşlərinə gələndə sevildiklərini hiss etsinlər, təravətlənsinlər və rahatlıq tapsınlar.

13. Ağsaqqallar bacı-qardaşlara çətin anlarında necə sığınacaq ola bilər? (Həmçinin şəklə baxın.)

13 Ağsaqqallar həm hərfi, həm də məcazi fırtınalarla üzləşən bacı-qardaşlara əsl sığınacaq ola bilərlər. Təbii fəlakət baş verəndə və ya bacı-qardaşların təcili tibbi yardıma ehtiyacı olanda ağsaqqallar onlara kömək etmək üçün dərhal tədbir görür. Həmçinin onlar ruhani cəhətdən də kömək edirlər. Əgər ağsaqqal həlim, canıyanan və dinləməyə hazırdırsa, yığıncaqdakılara ona yaxınlaşmaq asan olacaq. Bu keyfiyyətlərin sayəsində bacı-qardaşlar sevildiklərini hiss edəcəklər və onlara ağsaqqalların Müqəddəs Kitab əsasında verdiyi göstərişlərə əməl etmək daha asan olacaq (1 Salon. 2:7, 8, 11).

Bacı-qardaşların həyatında hərfi və məcazi fırtınalar qopanda ağsaqqallar onlara sığınacaq olur (13-cü abzasa baxın) a


14. Etibarlı insan olduğumuzu necə göstərə bilərik?

14 Etibarlı olun. Biz istəyirik, bacı-qardaşlar hər zaman, əsas da çətin anlarında bizə güvənə biləcəklərini bilsinlər (Məs. 17:17). Bəs etibarlı insan adını necə qazana bilərik? Bunun üçün Yehovanın bəyəndiyi xüsusiyyətləri həmişə əks etdirməyə çalışmalıyıq. Məsələn, sözümüzün üstündə durmalıyıq və punktual olmaq üçün əlimizdən gələni etməliyik (Mət. 5:37). Ehtiyacı olanlara kömək əli uzatmalıyıq. Bundan əlavə, yığıncaqda aldığımız tapşırıqları verilən göstərişlərə uyğun yerinə yetirməliyik.

15. Ağsaqqalların etibarlı olması yığıncağa hansı xeyri gətirir?

15 Ağsaqqalların etibarlı olmasının yığıncağa böyük xeyri var. Hansı mənada? Təbliğçilər biləndə ki, köməyə ehtiyac duyanda rahatlıqla ağsaqqalla, məsələn, təbliğ qrupu nəzarətçisi ilə əlaqə saxlaya bilər, daha az narahatlıq keçirirlər. Həmçinin təbliğçilər ağsaqqalların onlara kömək etməyə hazır olduğunu görəndə qayğı ilə əhatə olunduqlarını hiss edirlər. Ağsaqqallar məsləhətlərini öz fikirlərinə əsasən yox, Müqəddəs Kitaba və sadiq nökərin nəşrlərinə əsasən verəndə dindaşlarının etibarını qazanırlar. Bacı-qardaşlar görəndə ki, ağsaqqallar onların şəxsi məsələlərini məxfi saxlayır, verdikləri sözün üstündə durur, onlara daha da etibar edirlər.

16. Biz imanda sabit olanda bunun həm özümüzə, həm də başqalarına hansı xeyri olur?

16 Sabit olun. Biz hər sahədə Yehovanın bəyəndiyi kimi davransaq və qərarlarımızın əsasında Müqəddəs Kitab prinsipləri dayansa, başqaları üçün gözəl nümunə olacağıq. İmanımız artdıqca, biliyimiz dərinləşdikcə həqiqətdə daha möhkəm duracağıq. Yalan təlimlərə və dünyanın düşüncəsinə asanlıqla uymayacağıq, qətiyyətsiz, səbatsız olmayacağıq (Efes. 4:14; Yaq. 1:6—8). Yehovaya və Onun vədlərinə imanımız bizi bəd xəbər eşidəndə sarsılmağa qoymayacaq (Zəb. 112:7, 8). Həm də sınaqlarla üzləşənlərə kömək əli uzada biləcəyik (1 Salon. 3:2, 3).

17. Ağsaqqallar bacı-qardaşlara imanlarını sabit saxlamağa necə kömək edir?

17 Ağsaqqallar hər şeydə həddi bilən, sağlam düşüncəli, nizam-intizamlı və dərrakəli olmalıdır. Onlar bacı-qardaşlara imanda sabit qalmağa kömək edirlər və «Allahın etibara layiq sözünə bağlı» qalmaqla yığıncağı möhkəmləndirirlər (Tit. 1:9; 1 Tim. 3:1—3). Ağsaqqallar öz nümunələri və göstərdikləri ruhani köməklə təbliğçilərə müntəzəm olaraq ibadət görüşlərinə qatılmağa, təbliğdə iştirak etməyə və mütaliə etməyə kömək edirlər. Hansısa problem bacı-qardaşları narahat edəndə ağsaqqallar onları Yehovaya güvənməyə və fikirlərini Onun niyyətinə cəmləməyə təşviq edirlər.

18. Nəyə görə Yehovanı həmd etmək və Ona daha da yaxın olmaq istəyirik? (Həmçinin « Yehovaya daha da yaxın olmağın yolu» adlı çərçivəyə baxın.)

18 Yehovanın valehedici xüsusiyyətlərini araşdırandan sonra biz də Davud padşah kimi deyə bilərik: «Qayam Yehovaya alqış olsun!» (Zəb. 144:1). Yehova heç vaxt bizim etibarımızı sarsıtmayacaq. Bütün həyatımız boyu, hətta yaşa dolanda da arxayınlıqla «O, mənim qayamdır» deyə bilərik. Çünki ruhani cəhətdən bar verməyimiz üçün Onun bizə hər zaman dayaq olacağına əminik (Zəb. 92:14, 15).

NƏĞMƏ 150 Xilas üçün Yehovaya sığın

a ŞƏKLİN İZAHI. İbadət evində olan bir bacı çəkinmədən, rahatlıqla iki ağsaqqala yaxınlaşır.