Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 23

NƏĞMƏ 28 Yehovanın dostu olaq

Yehova bizi çadırına dəvət edir

Yehova bizi çadırına dəvət edir

«Çadırım onlarla olacaq, Mən onların Allahı olacağam» (HİZQ. 37:27).

ƏSAS FİKİR

Görəcəyik ki, Yehovanın məcazi çadırında qonaq olmaq nə deməkdir və O, qonaqlarının qayğısına necə qalır.

1, 2. Yehovanın sadiq bəndələri hansı dəvəti alırlar?

 YEHOVA həyatınızda hansı rolu oynayır? Bəlkə də deyəcəksiniz: «O mənim Atam, Allahım və Dostumdur». Yaxud, ola bilsin, Onu təsvir edən başqa sözlərdən istifadə edəcəksiniz. Bəs Yehovanı sizi evinə qonaq dəvət edən Ev sahibi kimi təsəvvür edirsiniz?

2 Davud padşah Yehovanın Öz bəndələri ilə münasibətini ev sahibi ilə qonaq münasibətinə bənzətmişdi. O demişdi: «Ey Yehova, çadırında kim mehman olar? Müqəddəs dağında kim yaşayar?» (Zəb. 15:1). Bu sözlərdən görmək olar ki, biz Yehovanın mehmanı, yəni qonağı ola bilərik. Bəli, Yehova bizi Onunla dost olmağa dəvət edir. Bundan gözəl dəvət ola bilməz!

YEHOVA ÇADIRINDA MƏSKUNLAŞMAĞIMIZI İSTƏYİR

3. Yehovanın çadırının ilk qonağı kimi idi və qonağı ilə Yehova arasında hansı münasibət var idi?

3 Hər şeyi yaratmağa başlamazdan əvvəl Yehova tək idi, Ondan başqa heç kim yox idi. Amma sonra O, ilk Oğlunu xəlq etdi. O, Yehovanın çadırının ilk qonağı oldu. Ev sahibi olmaq Yehovaya çox xoş idi. Bunu Müqəddəs Kitabdan aydın görürük. Orada deyilir ki, Oğlu Onun «könlünü şad edirdi». Elə ilk qonağın özü də Yehovanın «hüzurunda hər zaman sevinirdi» (Məs. 8:30).

4. Yehova zaman keçdikcə çadırına daha kimləri dəvət etdi?

4 Yehova sonralar başqa ruhani varlıqlar da yaratdı və onları da çadırının qonağı etdi. Müqəddəs Kitabda bu ruhani varlıqlar «Allah oğulları» adlanır və Yehovanın yanında olmağın onlara sevinc gətirdiyi deyilir (Əyy. 38:7; Dən. 7:10). Uzun illər Yehovanın qonaqları Onunla birlikdə ruhani aləmdə yaşayanlardan ibarət idi. Amma sonra Yehova insanları da yaratdı və artıq onlar da bu çadırda qonaq oldu. Onun qonaqlarının sırasında Hənuq, Nuh, İbrahim və Əyyub da var idi. Onlar «Allahın yolu ilə» getdikləri üçün Onun dostları adlanırdı (Yar. 5:24; 6:9; Əyy. 29:4; Əşy. 41:8).

5. Hizqiyal 37:26, 27 ayələrindəki peyğəmbərlikdən nə öyrənirik?

5 Əsrlərdir ki, Yehova insanları Öz çadırına qonaq dəvət edir. (Hizqiyal 37:26, 27 ayələrini oxuyun.) Məsələn, Hizqiyalın yazdığı peyğəmbərlikdən öyrənirik ki, Yehova sadiq bəndələrinin Onunla sıx münasibətdə olmasını çox istəyir. Odur ki, onlarla «sülh əhdi» bağlayacağını vəd edir. Bu peyğəmbərlik hansı dövrə aiddir? Həm göydə, həm də yer üzündə yaşamağa ümid edən insanların Onun məcazi çadırında «bir sürüdə» birləşəcəyi dövrə (Yəh. 10:16). Biz hal-hazırda həmin dövrdə yaşayırıq!

HARADA OLURUQSA OLAQ, ALLAHIN ÇADIRI ALTINDAYIQ

6. İnsan nə zaman Yehovanın çadırının qonağı olur və Onun çadırı haradadır?

6 Qədimdə insanlar dincəlmək və ya pis havadan qorunmaq istəyəndə çadıra sığınırdı. Çadıra sığınan qonaq bilirdi ki, ev yiyəsi onun qulluğunda duracaq. Özümüzü Yehovaya həsr edəndə Onun məcazi çadırının qonağı oluruq (Zəb. 61:4). Bu çadır ruhani qida sarıdan boldur. Üstəlik, orada Yehovanın digər qonaqları ilə də dostlaşa bilirik. Amma Yehovanın çadırı hansısa konkret bir yerdə yerləşmir. Yəqin, başqa ölkəyə səyahət edəndə və xüsusi toplantıda iştirak edəndə Yehovanın çadırında olan digər insanlarla tanış olmusunuz. Bəli, Yehovanın çadırı itaətkar xidmətçilərinin olduğu yerdədir (Vəhy 21:3).

7. Ölən sadiq insanların hələ də Yehovanın çadırında qonaq olduğunu nəyə əsasən deyə bilərik? (Həmçinin şəklə baxın.)

7 Həyata gözünü yuman sadiq insanlar barədə nə demək olar? Onlar hələ də Yehovanın çadırında qonaqdırlar? Bəli! Nəyə əsasən belə deyirik? Çünki onlar Yehovanın yaddaşındadırlar. İsa Məsih demişdi: «O ki qaldı ölülərin dirilməsinə, bunu hətta Musa kol haqqındakı əhvalatında Yehovanı “İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı” adlandırmaqla göstərib. O, ölülərin yox, dirilərin Allahıdır, çünki Onun üçün onların hamısı sağdır» (Luka 20:37, 38).

Həyata gözlərini yummuş sadiq insanlar hələ də Yehovanın çadırının qonaqlarıdır (7-ci abzasa baxın)


QONAQ OLMAĞIN ÜSTÜNLÜKLƏRİ VƏ MƏSULİYYƏTLƏRİ

8. Yehovanın çadırında olmağın hansı üstünlüyü var?

8 Necə ki çadırda insan istirahət edir və pis havadan qorunur, eləcə də Yehovanın məcazi çadırında da biz ruhani zərərdən və ümidsizlikdən qorunuruq. Nə qədər ki Yehova ilə möhkəm münasibətimiz var, Şeytan bizə sağalmaz yara vura bilməyəcək (Zəb. 31:23; 1 Yəh. 3:8). Yeni dünyada isə Yehova sadiq dostlarını təkcə ruhani zərərdən yox, həm də ölümdən qoruyacaq (Vəhy 21:4).

9. Yehova qonaqlarının necə davranmasını istəyir?

9 Yehovanın çadırında qonaq olmaq, həqiqətən də, böyük şərəfdir! Bizim Onunla möhkəm dostluq münasibətimiz var və bu münasibət əbədiyyən davam edə bilər. Yehovanın çadırında qalmaq istəyiriksə, necə davranmalıyıq? Kimsə sizi evinə qonaq dəvət edəndə onun sizdən razı qalmasını istəyərdiniz. Məsələn, evə girəndə ayaqqabılarınızı çıxarmağı xahiş etsə, yəqin, etiraz etməzsiniz. Eynilə, biz də bilmək istəyirik ki, Yehova Onun çadırında qalmaq istəyən insanlardan nə gözləyir. Yehovaya məhəbbətimiz bizi əlimizdən gələn hər şeyi edib «Onu tam razı» salmağa təşviq edir (Kol. 1:10). Düzdür, Yehova bizim Dostumuzdur, amma eyni zamanda başa düşürük ki, O həm də bizim Allahımız və Atamızdır. Buna görə də O, hörmətə layiqdir (Zəb. 25:14). Bunu nəzərə alaraq Yehovaya həmişə dərin ehtiram bəsləməliyik. Onun kim olduğunu unutmamalıyıq. Beləcə, Yehovanı kədərləndirəcək hərəkətlərə yol verməyəcəyik və hər zaman Onun «önündə təvazökarlıqla» yeriyəcəyik (Mik. 6:8).

YEHOVA İSRAİLLİLƏR ARASINDA AYRI-SEÇKİLİK ETMİRDİ

10, 11. Yehovanın israillilər arasında ayrı-seçkilik etmədiyini nə göstərir?

10 Yehova qonaqları arasında ayrı-seçkilik etmir (Rom. 2:11). Bu Onun Sina səhrasında israillilərlə rəftarından aydın görünür.

11 Yehova xalqını Misir əsarətindən qurtarandan sonra çadırda xidmət etmələri üçün kahinlər təyin etdi. Başqa işləri görmək üçün isə lavililər təyin olundu. Bəs demək olarmı ki, Yehova çadırda xidmət edənlərə və ya ora yaxın düşərgə salanlara daha çox qayğı göstərirdi? Xeyr! Yehova ayrı-seçkilik etməyən Allahdır.

12. Yehovanın gördüyü hansı tədbirlər Onun israillilər arasında ayrı-seçkilik etmədiyini göstərirdi? (Çıxış 40:38). (Həmçinin şəklə baxın.)

12 Düşərgədə hər kəsin Yehova ilə dostluq etmək üçün eyni dərəcədə imkanı var idi. Bu, insanın çadırda xidmət etməsindən, yaxud onun yaxınlığında yaşamasından asılı deyildi. Məsələn, Yehova elə etmişdi ki, Müqəddəs çadırın üzərindəki bulud və alov sütununu bütün xalq görə bilsin. (Çıxış 40:38 ayəsini oxuyun.) Bulud sütunu yeni bir istiqamətə doğru hərəkət edəndə, hətta çadırdan ən uzaq məsafədə düşərgə salanlar da onu görə bilirdi. Bu zaman onların yır-yığış etmək, çadırlarını sökmək və bütün xalqla birlikdə oranı tərk etmək imkanı olurdu (Say. 9:15—23). Bundan başqa, gümüşdən olan iki kərənay çalınanda hər kəs onun gur, aydın səsini eşidib yola düşürdü (Say. 10:2). Aydındır ki, insanın çadıra yaxın yaşaması onun Yehovaya daha yaxın olduğunun göstəricisi deyildi. Hər bir israillinin imkanı var idi ki, Yehovanın qonağı olsun, Ondan göstəriş alsın və Onun müdafiəsinə sığınsın. Eyni şey bizə də aiddir. Dünyanın harasında yaşayırıqsa yaşayaq, Yehovanın məhəbbətini, qayğısını və müdafiəsini duya bilərik.

Müqəddəs çadırın düşərgənin mərkəzində qurulması Yehovanın ayrı-seçkilik etmədiyini sübut edirdi (12-ci abzasa baxın)


YEHOVA BU GÜN DƏ AYRI-SEÇKİLİK ETMİR

13. Yehovanın bu gün də ayrı-seçkilik etmədiyini nə göstərir?

13 Bu gün Allahın xidmətçilərindən bəziləri baş idarəmizin və ya filiallarımızın yaxınlığında yaşayır. Başqaları isə həmin binalarda xidmət edirlər. Bunun sayəsində onlar həmin yerlərdə təşkil olunan bir çox tədbirlərdə iştirak edə bilirlər və rəhbərlik edən qardaşlarla şəxsən ünsiyyətdə olurlar. Bir başqaları səyyar nəzarətçi kimi xidmət edir və ya xüsusi tamvaxtlı xidmətin digər növlərində iştirak edir. Əksəriyyət kimi siz də bu bacı-qardaşların sırasında olmasanız belə əmin ola bilərsiniz ki, Yehovanın əziz qonağısınız və O hər birinizi çox sevir. Yehova ayrı-ayrılıqda hər bir qonağının qeydinə qalır (1 But. 5:7). O, bütün xidmətçilərinə ruhani qida verir, yol göstərir və onları hifz edir.

14. Yehovanın qonaqları arasında ayrı-seçkilik etmədiyini daha nə göstərir?

14 Yehovanın Öz qonaqları arasında ayrı-seçkilik etmədiyini göstərən başqa bir nümunə də var: bu gün Onun Kəlamını dünyanın dörd tərəfində yaşayan bütün insanlar oxuya bilər. Düzdür, Yehova Kəlamını ibrani, arami və yunan dillərində yazdırmışdı. Bəs bu o deməkdir ki, onu bu dillərdə oxuya bilən insanların Yehova ilə münasibəti daha möhkəmdir? Xeyr, bu belə deyil (Mət. 11:25).

15. Yehovanın ayrı-seçkilik etmədiyinə dair başqa hansı sübut var? (Həmçinin şəklə baxın.)

15 Yehova təkcə ali təhsilli, ya da yuxarıda sadalanan dilləri bilən insanları çadırına qonaq qəbul etmir. Ali savadlı olub-olmamasından asılı olmayaraq, bütün dünyadakı insanlar Yehovanın hikmətinə yiyələnə bilər. Onun Kəlamı — Müqəddəs Kitab minlərlə dilə tərcümə olunub. Bunun sayəsində bütün bəşəriyyət oradakı təlimləri oxuyub, Onunla dost olmağın yollarını öyrənə bilər (2 Tim. 3:16, 17).

Müqəddəs Kitabın çoxlu dillərə tərcümə edilməsi Allahın ayrı-seçkilik etmədiyini necə sübut edir? (15-ci abzasa baxın)


YEHOVANIN RAZILIĞINI İTİRMƏYİN

16. Həvarilərin işləri 10:34, 35 ayələrinə əsasən Yehovanın çadırında qalmaq üçün nə edə bilərik?

16 Yehovanın çadırında qonaq olmaq çox böyük şərəfdir. O, təsəvvür edə biləcəyimiz ən xeyirxah, ən məhəbbətli, ən qonaqpərvər Ev sahibidir. Üstəlik, O, ayrı-seçkilik etmir. Yehova üçün insanın harada yaşaması, mənşəyi, təhsili, irqi, milləti, yaşı və ya cinsi önəm daşımır, O hər kəsin üzünə qapısını açır. Amma bir şərt var: Yehovanın qonağı Onun qayda-qanunlarına əməl etməlidir. (Həvarilərin işləri 10:34, 35 ayələrini oxuyun.)

17. Növbəti məqalədə nə haqda danışacağıq?

17 Zəbur 15:1 ayəsində Davud soruşur: «Ey Yehova, çadırında kim mehman olar? Müqəddəs dağında kim yaşayar?» Sonra o, Yehovanın ilhamı ilə bu suallara cavab verir. Növbəti məqalədə görəcəyik ki, Yehovanın razılığını itirməmək üçün hansı tələblərə cavab verməliyik.

NƏĞMƏ 32 Yehovanın tərəfini tut!