Kontentə keç

Mündəricatı göstər

TƏLİM MƏQALƏSİ 24

NƏĞMƏ 24 Yehovanın dağına gəlin

Əbədiyyən Yehovanın qonağı olun!

Əbədiyyən Yehovanın qonağı olun!

«Ey Yehova, çadırında kim mehman olar?» (ZƏB. 15:1).

ƏSAS FİKİR

Öyrənəcəyik ki, həmişə Yehovanın dostu olmaq üçün nə etməliyik və Yehova Onun dostları ilə necə rəftar etməyimizi istəyir.

1. Zəbur 15:1—5 ayələri bizə hansı sahədə kömək edə bilər?

 ÖTƏN məqalədə öyrəndik ki, Yehovanın həsr olunmuş xidmətçiləri Onun məcazi çadırında qonaq ola bilər. Bunun üçün Yehova ilə möhkəm dostluq münasibəti qurmaq lazımdır. Bəs Onunla bu cür münasibəti necə qura bilərik? Bunu 15-ci məzmurdan öyrənmək olar. (Zəbur 15:1—5 ayələrini oxuyun.) Bu məzmurda Yehova ilə yaxın dost olmağın yolları açıqlanır.

2. Yehovanın çadırı deyəndə Davud nələri nəzərdə tutmuş ola bilərdi?

2 15-ci məzmur bu sözlərlə başlayır: «Ey Yehova, çadırında kim mehman olar? Müqəddəs dağında kim yaşayar?» (Zəb. 15:1). Davud Yehovanın «çadırı» deyəndə, ola bilsin, bir müddət Gibyonda olan Müqəddəs çadırı nəzərdə tuturdu. «Müqəddəs dağ» sözünü işlədəndə isə, görünür, Yerusəlimdəki Sion dağına işarə edirdi. Bu dağ Gibyondan təxminən 10 kilometr cənubda yerləşirdi. Orada Davud çadır qurmuşdu və məbəd tikilənə qədər əhd sandığını bu çadırda saxlayırdı (2 İşm. 6:17).

3. 15-ci məzmurdakı fikirləri nəyə görə başa düşmək istəyirik? (Həmçinin şəklə baxın.)

3 Düzdür, əksər israillilər Müqəddəs çadırda heç vaxt xidmət etməmişdi. Əhd sandığının olduğu çadıra isə barmaq sayı qədər adam daxil olmuşdu. Amma Yehovanın bütün sadiq xidmətçiləri Onun məcazi çadırının qonağı ola bilərdi. Bunun üçün onlar Yehova ilə dostluq münasibəti qurub, onu qorumalı idilər. Biz də buna can atırıq. 15-ci məzmurda Yehova ilə dost olmaq üçün lazım olan bəzi xüsusiyyətlər sadalanır.

Davudun dövründə israillilər Yehovanın çadırının qonağı olmağı təsəvvürlərində canlandıra bilirdilər (3-cü abzasa baxın)


KAMİLLİK YOLU İLƏ GEDİN VƏ ƏMƏLLƏRİNİZ DOĞRU OLSUN

4. Yehovanın dostu olmaq üçün nəyə görə vəftiz olunmaq kifayət deyil? (Əşiya 48:1).

4 Zəbur 15:2 ayəsində deyilir ki, Allahın dostu «kamillik yolu ilə gedir, əməlləri doğrudur». Bu sözlər davamlı prosesi göstərir. Bəs əməllərimizin daima doğru olması mümkündürmü? Bəli, mümkündür. Düzdür, heç bir insan günahsız deyil, amma əgər biz Yehovaya itaət etmək üçün əlimizdən gələni ediriksə, O bizə «əməlləri doğru» olan insan kimi baxacaq. Özümüzü Yehovaya həsr edib vəftiz olunanda Onunla dostluğun hələ təməlini qoyuruq. Bir məqam var ki, qədimdə insanın israilli olması onu avtomatik Allahın çadırının qonağı etmirdi. İsraillilərdən bəziləri Allahın adını çağırsa da, bunu «həqiqətə uyğun, salehliklə» etmirdilər. (Əşiya 48:1 ayəsini oxuyun.) Səmimi-qəlbdən Allahın qonağı olmaq istəyən israilli Onun əmrlərini öyrənməli və onlara əməl etməli idi. Eynilə, bu gün də sadəcə vəftiz olunmaq və Yehovanın Şahidi adlanmaq bəs deyil, biz kamillik yolu ilə getməli və əməllərimiz doğru olmalıdır. Buna necə nail ola bilərik?

5. Hər sahədə Yehovaya itaət etmək deyiləndə nə nəzərdə tutulur?

5 Yehovanın gözündə «kamillik yolu ilə» getmək, doğru əməl sahibi olmaq təkcə müntəzəm ibadət evinə gedib-gəlmək deyil (1 İşm. 15:22). Biz həyatımızın hər sahəsində, tək olanda da Yehovaya itaət etməyə çalışmalıyıq (Məs. 3:6; Vaiz 12:13, 14). Xırda görünən məsələlərdə belə Yehovaya itaət etməyimiz çox vacibdir. Bundan görünəcək ki, biz Yehovanı həqiqətən sevirik və beləcə, Onun da bizə məhəbbəti aşıb-daşacaq (Yəh. 14:23; 1 Yəh. 5:3).

6. İbranilərə 6:10—12 ayələrinə əsasən keçmişdə etdiyimiz yaxşı əməllərdən daha vacib olan nədir?

6 Yehova keçmişdə Onun yolunda gördüyümüz işlərə çox dəyər verir. Amma daima Yehovanın qonağı olmaq üçün keçmişdə gördüyümüz saleh işlər kifayət deyil. İbranilərə 6:10—12 ayələrindən bu aydın görünür. (Ayələri oxuyun.) Yehova vaxtilə etdiyimiz yaxşı əməllərimizi unutmur, amma O istəyir ki, biz «axıradək» bütün qəlbimizlə Ona ibadət edək. Əgər «taqətdən düşməsək», O bizimlə əbədiyyən dost olacaq (Qal. 6:9).

ÜRƏYİNİZDƏ HƏQİQƏTİ DANIŞIN

7. Ürəyimizdə həqiqəti danışmaq nə deməkdir?

7 Yehovanın çadırında qonaq olmaq istəyən insan «ürəyində həqiqəti» danışmalıdır (Zəb. 15:2). Amma bu, sadəcə yalan danışmamaq demək deyil. Dediyimiz hər kəlmə, atdığımız hər addım dürüst olmalıdır (İbr. 13:18). Bu, çox vacibdir, çünki «Yehova fitnəkardan ikrah edər, amma saleh adamla dostluq edər» (Məs. 3:32).

8. Hansı hərəkətlərdən uzaq olmalıyıq?

8 Əgər insan camaat içində olanda itaətkarlıq göstərirsə, amma gizlində Allahın qanunlarını pozursa, demək olarmı ki, o, «ürəyində həqiqəti» danışır? (Əşy. 29:13). Əlbəttə yox. Bəs məsihinin bu cür ikiüzlü davranmasına nə gətirib çıxara bilər? Ola bilsin, o, Allahın bəzi qanunlarının hikmətli olduğuna şübhə ilə yanaşmağa başlayıb (Yaq. 1:5—8). Bəlkə də vacib saymadığı məsələlərdə Yehovaya itaətsizlik edir, sonra isə itaətsizliyinin pis nəticəsini görməyib, Yehovanın başqa qanunlarını da pozmağa özündə cürət tapır. Beləcə, onun ibadəti Allahın gözündə iyrənc olur (Vaiz 8:11). Biz isə hər sahədə dürüst olmaq istəyirik.

9. İsa Məsihin Natanaillə ilk görüşündən nə öyrənirik? (Həmçinin şəklə baxın.)

9 Dürüst olmağın vacibliyini İsa Məsihin Natanaillə ilk görüşündən öyrənə bilərik. Filip dostu Natanaili İsa Məsihlə görüşdürəndə maraqlı bir şey baş verdi. İsa bu vaxta qədər Natanaillə tanış olmasa da, onun haqqında belə demişdi: «Budur, zərrə qədər də bicliyi olmayan əsl israilli!» (Yəh. 1:47). Düzdür, İsanın gözündə o biri şagirdləri də dürüst idi, amma Natanaildə gördüyü dürüstlük qeyri-adi idi. Natanail də bizim kimi günahlı insan idi, amma onda zərrə qədər də olsun ikiüzlülük, nadürüstlük yox idi. İsa üçün bu, dəyərli xüsusiyyət idi və buna görə onu tərifləmişdi. Hamımız istəyərdik ki, İsa bizim haqqımızda da eyni şeyi desin!

Filip Natanaili İsa ilə tanış edəndə İsa onda zərrə qədər də bicliyin olmadığını demişdi. Bizim haqda da eyni şeyi demək olar? (9-cu abzasa baxın)


10. Nəyə görə dediyimiz sözlərə fikir vermək vacibdir? (Yaqub 1:26).

10 15-ci məzmurda sadalanan tələblərin əksəriyyəti başqaları ilə rəftarımızla bağlıdır. Zəbur 15:3 ayəsində Yehovanın çadırının qonağı barədə deyilir ki, onun «dilindən böhtan çıxmaz, başqasına pislik etməz, dostuna qara yaxmaz». Kiməsə böhtan atsaq, ona ağır zərbə vurmuş olarıq və artıq Yehova bizi çadırının qonağı kimi görmək istəməz. (Yaqub 1:26 ayəsini oxuyun.)

11. Böhtan nədir və tövbə etməyən böhtançı barədə hansı tədbir görülür?

11 Məzmurçu böhtan sözünü xüsusilə vurğulayır. Bəs böhtan nədir? Ümumi desək, böhtan — kiminsə adını ləkələmək üçün onun haqqında deyilən yalan məlumatlardır. Başqasına böhtan atıb tövbə etməyən insan yığıncaqdan kənar edilir (Ərm. 17:10).

12, 13. Hansı vəziyyətlərdə biz özümüz də bilmədən dostumuza qara yaxmış ola bilərik? (Həmçinin şəklə baxın.)

12 Həmçinin Zəbur 15:3 ayəsində qeyd olunur ki, Yehovanın çadırının qonağı «başqasına pislik etməz, dostuna qara yaxmaz». Bəs bura nələr daxildir?

13 Kiminsə haqqında mənfi məlumatlar yaymaqla özümüz də bilmədən ona qara yaxmış ola bilərik. Məsələn, 1) bacı öncül xidmətini dayandırır; 2) ər-arvad daha Beyteldə xidmət etmir; 3) qardaş artıq ağsaqqal və ya yığıncaq xidmətçisi deyil. Əgər düşünsək ki, həmin dəyişikliyə səbəb onların hansısa səhvidir və bu fərziyyələrimizi başqalarına yaysaq, nə dərəcədə düzgün olar? Onların xidməti bizim bilmədiyimiz səbəblərə görə dayanmış ola bilər. Doğrudan da, Yehovanın çadırının qonağı «başqasına pislik etməz, dostuna qara yaxmaz».

Ehtiyatlı olmasaq, başqaları haqda asanlıqla mənfi məlumatlar yayarıq, bu da böhtana gətirib çıxarar (12 və 13-cü abzaslara baxın)


YEHOVADAN QORXANLARA HÖRMƏT EDİN

14. Hansı mənada Yehovanın dostlarının «alçaq adamı görən gözü yoxdur»?

14 Zəbur 15:4 ayəsində yazılıb ki, Yehovanın dostunun «alçaq adamı görən gözü yoxdur». Bəs kimin belə insan olduğunu nədən bilmək olar? Bunu öz fikirlərimizlə, öz meyarlarımızla ölçə bilmərik. Çünki günahlı olduğumuz üçün, ola bilsin, xasiyyəti ürəyimizə yatan insanlardan xoşumuz gəlir, hərəkəti bizi qıcıqlandıran insanları isə bəyənmirik. Buna görə də biz Yehovanın alçaq, mənfur hesab etdiyi insanlardan uzaq durmalıyıq (1 Kor. 5:11). Belə insanların sırasına pis işlər görüb tövbə etməyənlər, imanımıza, etiqadımıza hörmətsiz yanaşanlar və Yehova ilə münasibətimizi korlamağa çalışanlar daxildir (Məs. 13:20).

15. «Yehovadan qorxanlara» hörmət etməyin bir yolu hansıdır?

15 Zəbur 15:4 ayəsində eyni zamanda deyilir ki, biz «Yehovadan qorxanlara hörmət» etməliyik. Biz də hər fürsətdən istifadə edib Yehovanın dostlarına xeyirxahlıq edirik və hörmət göstəririk (Rom. 12:10). Zəbur 15:4 ayəsində bunu etməyin bir yolu vurğulanır. Orada deyilir ki, Yehovanın çadırının qonağı «zərərinə olsa belə, əhdindən dönməz». Verdiyimiz sözün üstündə durmasaq, insanların qəlbini yaralaya bilərik (Mət. 5:37). Məsələn, Yehova istəyir ki, ərlə arvad nikah əhdini pozmasın. Eynilə, valideynlər də uşaqlarına verdikləri sözün üstündə durmaq üçün əllərindən gələni edəndə bu, Yehovaya xoş gedir. Yehovaya və insanlara sevgi bizi sövq edir ki, sözümüzün üstündə durmaq üçün əlimizdən gələni edək.

16. Yehovanın dostlarına başqa hansı yolla hörmət göstərə bilərik?

16 Yehovanın dostlarına hörmət etməyin digər yolu qonaqpərvər və əliaçıq olmaqdır (Rom. 12:13). Asudə vaxtlarımızda bacı-qardaşlarla birgə olanda həm onlarla, həm də Yehova ilə dostluğumuzu möhkəmləndiririk. Bundan başqa, qonaqpərvərlik göstərəndə Yehovanın nümunəsini izləmiş oluruq.

PULPƏRƏSTLİYƏ YER VERMƏYİN

17. Nəyə görə 15-ci məzmurda pul mövzusuna toxunulur?

17 Zəbur 15:5 ayəsində deyilir ki, Yehovanın çadırının qonağı «sələmlə pul verməz, günahsızın əleyhinə rüşvət almaz». Nəyə görə belə bir qısa məzmurda pul mövzusuna toxunulur? Çünki pul insanın gözünü elə tuta bilər ki, o, başqalarının hisslərini nəzərə almaz, hətta Allahla da münasibəti korlanar (1 Tim. 6:10). Müqəddəs Kitabın yazıldığı dövrdə bəziləri kasıb soydaşlarına borca pul verəndə maddi maraq güdürdülər, onlara pulu sələmlə verirdilər. Bundan əlavə, bəzi hakimlər rüşvət alıb günahsız insana ədalətsiz hökm çıxarırdılar. Yehova bu cür hərəkətlərə nifrət edir (Hizq. 22:12).

18. Hansı suallar pula münasibətimizi yoxlamağa kömək edə bilər? (İbranilərə 13:5).

18 Yaxşı olardı ki, hər birimiz pula münasibətimizi götür-qoy edək. Bu suallar üzərində düşünün: «Pul haqda, ona nələr ala biləcəyim barədə tez-tez düşünürəm? Borca pul götürəndə həmin insanın pula ehtiyacı olmadığını sanıb onu gec qaytarıram? İmkanım yaxşı olanda başqalarına yuxarıdan aşağı baxıram? Bu zaman mənə əliaçıq olmaq çətin olmur ki? Maddi vəziyyəti yaxşıdır deyə həmin bacının və ya qardaşın pulpərəst olduğunu düşünürəm? Kasıb bacı-qardaşlara laqeyd yanaşıb, yalnız varlılarla dostluq edirəm?» Bu sualların üzərində düşünmək çox vacibdir, çünki Yehova bizə çadırının qonağı olmaq imkanı verib. Əgər həyatımızda pulpərəstliyə yer verməsək, həmişə Yehovanın çadırının qonağı olacağıq. Onda Yehova da bizi heç vaxt tərk etməyəcək. (İbranilərə 13:5 ayəsini oxuyun.)

YEHOVA DOSTLARINI SEVİR

19. Yehovanın qanunlar verməsinin əsas səbəbi nədir?

19 15-ci məzmur bu vədlə bitir: «Bu cür adam əsla sarsılmaz» (Zəb. 15:5). Burada məzmurçu Yehovanın verdiyi qanunların əsas səbəbini açıqlayır. Yehova bizim xoşbəxt olmağımızı istəyir. Odur ki, Onun buyruqlarına əməl etsək, həyatımız daha gözəl olacaq və Yehovanın çadırı altında hifz olunacağıq (Əşy. 48:17).

20. Yehovanın qonaqları nəyi səbirsizliklə gözləyir?

20 Yehovanın çadırının qonaqlarını qarşıda gözəl gələcək gözləyir. Məsh olunmuş məsihilər göydə yaşayacaqlar, İsa onlar üçün «yer» hazırlayıb (Yəh. 14:2). Yer üzündə yaşamağa ümidi olanlar isə Vəhy 21:3 ayəsindəki vədin yerinə yetməsini səbirsizliklə gözləyirlər. Biz fəxr edirik ki, Yehova bizi Özü ilə dost olmağa, çadırının əbədi qonağı olmağa dəvət edib!

NƏĞMƏ 39 Yaxşı ad sahibi olaq