Kontentə keç

Məcdəlli Məryəm kim olub?

Məcdəlli Məryəm kim olub?

Müqəddəs Kitabın cavabı

 Məcdəlli Məryəm İsa Məsihin sadiq davamçısı olub. Görünür, o, bir müddət Cəlilə dənizinin yaxınlığında yerləşən Məcdəl (ehtimal ki, Məcdən) şəhərində yaşadığı üçün belə adlanırdı.

 Məcdəlli Məryəm İsa və şagirdləri ilə birlikdə şəhərbəşəhər gəzib, onlara qulluq edən qadınlardan biri idi (Luka 8:1—3). O, İsanın edam olunmasının şahidi olmuşdu, həmçinin İsa diriləndən sonra onu ilk görənlərdən biri idi (Mark 15:40; Yəhya 20:11—18).

 Məcdəlli Məryəm fahişə olub?

 Müqəddəs Kitabda deyilmir ki, Məcdəlli Məryəm fahişə olub. Onun keçmişi barədə tək o deyilir ki, İsa Məsih onu yeddi cindən azad etmişdi (Luka 8:2).

 Bəs nəyə görə çoxları onun İsanın şagirdi olmazdan əvvəl fahişə olduğunu fikirləşir? Məryəmin ölümündən əsrlər sonra belə bir fərziyyə irəli sürülmüşdü ki, o, İsanın ayağını göz yaşları ilə yuyub, saçları ilə qurulayan və adı çəkilməyən (ehtimal ki, fahişə) qadın olub (Luka 7:36—38). Lakin bu fikir Müqəddəs Kitabda öz təsdiqini tapmır.

 Məcdəlli Məryəm «həvarilərin həvarisi» olub?

 Xeyr. Katolik kilsəsi Məryəmi «Müqəddəs Məcdəlli Məryəm», həmçinin «həvarilərin həvarisi» adlandırır, çünki İsanın dirilməsi xəbərini həvarilərə ilk olaraq o çatdırmışdı (Yəhya 20:18). Amma bu onu həvari adlandırmağa əsas vermir. Müqəddəs Kitabın heç bir yerində Məryəm həvari adlanmır (Luka 6:12—16).

 Müqəddəs Kitab eramızın I əsrinin sonunda tamamlanıb. Amma kilsə rəhbərləri VI əsrdə Məcdəlli Məryəmi yüksək mövqeyə ucaldıblar. II—III əsrə aid olan və Müqəddəs Yazılara daxil olmayan yazılarda İsanın həvarilərindən bəzilərinin Məryəmə paxıllıq etdiyi yazılıb. Lakin bu əhvalatlar Müqəddəs Kitaba əsaslanmır, uydurmadır.

 Məcdəlli Məryəm İsa Məsihin arvadı olub?

 Xeyr. Müqəddəs Kitabda aydın yazılıb ki, İsa Məsih axıra qədər subay qalıb a.